Sumqayıt Kimya Sənaye Parkı

Dördüncü Sənaye İnqilabı - Dünya sürətlə dəyişir

324
(Yenilənib 10:09 18.02.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Dördüncü Sənaye İnqilabının əhəmiyyətindən, əmək bazarına təsirindən, bu istiqamətdə Azərbaycanda atılacaq addımlardan və digər məsələlərdən danışıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Prezident İlham Əliyev bu ilin yanvarın 6-da "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxs yaradılıb. Mərkəz Azərbaycan ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə Sputnik Azərbaycan-a müsahibəsində Dördüncü Sənaye İnqilabının əhəmiyyətindən, əmək bazarına təsirindən, bu istiqamətdə Azərbaycanda atılacaq addımlardan və digər məsələlərdən danışıb. Müsahibəni təqdim edirik:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
© Photo : UNEC
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə

- Elşən müəllim, Dördüncü Sənaye İnqilabının mahiyyəti və əhəmiyyəti nədir?

-Dördüncü Sənaye İnqilabının mahiyyətini daha yaxşı anlamaq üçün ilk növbədə ondan əvvəl baş verən üç sənaye inqilabına qısa nəzər salmağa ehtiyac olduğunu düşünürəm. Birinci Sənaye İnqilabı dedikdə, 18-ci əsrin ikinci yarısından etibarən Avropada ortaya çıxan, buxar və su enerjisinə əsaslanan və manufaktura istehsalının mexanikləşdirilməsini doğuran sənaye inqilabı nəzərdə tutulur. Bu, şübhəsiz ki, böyük bir inqilab idi və dünya iqtisadiyyatında sənayeləşmə prosesinin də təməlində dayanır. İkinci Sənaye İnqilabı dedikdə, 20-ci əsrin birinci yarısından etibarən elektrik enerjisinə əsaslanan konveyerli kütləvi istehsalın ortaya çıxması nəzərdə tutulur. 20-ci əsrin ikinci yarısında elektronikanın, proqramlaşdırılan məntiqi nəzarətçilərin (PLC), informasiya-kommunikasiya sistemlərinin və robotların inkişafı Üçüncü Sənaye İnqilabını doğurdu. Bu inqilab qeyd edilən nailiyyətlərə əsaslanaraq istehsalın avtomatlaşdırılmasını təmin etdi.

Dördüncü Sənayə İnqilabı isə 21-ci əsrin əvvəllərindən başlayaraq rəqəmsal texnologiyaların nailiyyətlərinə əsaslanaraq ortaya çıxıb. Bu inqilab, istehsalda bulud texnologiyasına əsaslanan maşın öyrənməsi vasitəsilə kiber-fiziki sistemlərin avtonom qərar qəbulunu nəzərdə tutur. Bu, bazar araşdırması, istehsal və satışla bağlı qərarları avtonom şəkildə verə bilən "ağıllı fabrik"lərin ortaya çıxmasına şərait yaradır. Dördüncü Sənaye İnqilabı maşın öyrənməsi, süni intellekt, üçölçülü çapetmə (3D printer), robotlar, pilotsuz uçuş aparatları və nəqliyyat vasitələri, blokçeyn texnologiyası, neyrotexnologiyalar, implantasiya oluna bilən texnologiyalar, bulud texnologiyaları və digər inqilabi texnologiyalar hesabına ortaya çıxıb.

Şübhəsiz ki, bu texnologiyaların hər birinin məişət və iqtisadiyyat baxımından əhəmiyyətini burada açıqlamaq imkanımız yoxdur. Ancaq bir məqamı vurğulamağı vacib hesab edirəm. Belə ki, Dördüncü Sənaye İnqilabında bu inqilabi texnologiyalar bir araya gələrək, əvvəllər görünməmiş dərəcədə inqilabi xarakterli yeni texnologiyaların ortaya çıxmasına səbəb olurlar və bu proses fasiləsiz olaraq davam edir. Heç də təsadüfi deyil ki, artıq dünya Beşinci Sənaye İnqilabı, "sənaye 5.0" və ya "cəmiyyət 5.0" anlayışlarını müzakirə etməyə başlayıb. Bu anlayış isə artıq insanlarla maşınların birgə əməkdaşlığına əsaslanan istehsalın və cəmiyyətin formalaşmasını nəzərdə tutur. Belə bir cəmiyyət o qədər də uzaqda deyil və yaxın 10 ildə artıq bu istiqamətdə ciddi nəticələrə şahid olacağımızı dünüşürəm.

- Dördüncü Sənaye İnqilabının çağırışları əsasən nədən ibarətdir və Azərbaycanda hansı addımlar atılmalıdır?

- Dördüncü Sənaye İnqilabı bizi cəmiyyət həyatının demək olar ki, bütün sahələrində önəmli çağırışlarla üz-üzə qoyur desək yanılmarıq. Bu gün insan-insan, insan-hökumət və insan-təbiət münasibətlərinin hər biri üzrə bu inqilabın doğurduğu çağırışları görməmək mümkün deyil. Təsadüfi deyil ki, artıq "ağıllı hökumət", "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı fabrik", "ağıllı avtomobil", "ağıllı telefon" kimi konsepsiyalar həyatımızda daha çox görünməyə başlayıb və bunların sürətlə yayıldığına şahidlik edirik.

Burada ən ümumi çağırış ondan ibarətdir ki, ayrı-ayrı komponentlərini idxal etmək mümkün olsa da, bütövlükdə "sənaye 4.0"ı idxal etmək mümkün deyil. "Ağıllı hökumət"i, "ağıllı şəhər"i, "ağıllı kənd"i, "ağıllı fabrik"i idxal etmək mümkün deyil. Bunlar ölkənin özündə formalaşmalıdır. Bunun üçün də həmin ölkənin fiziki infrastrukturu, insan kapitalı və institusional infrastrukturu buna imkan verməlidir. Azərbaycan gənclər ölkəsidir, yeniliyə açıq cəmiyyətdir. Bu, bizim üçün böyük fürsətdir. Ancaq qeyd etdiyim kimi, Dördüncü Sənaye İnqilabının ölkədə kök salması üçün daha çox amilin bir araya gəlməsinə ehtiyac var. Düşünürəm ki, Qarabağın qarşıdakı illərdə bərpası və yenidən qurulması prosesi də bizim üçün bu baxımdan böyük bir fürsətdir. Bu, Dördüncü Sənaye İnqilabının nailiyyətlərini tətbiq etmək baxımından bizə böyük bir test imkanı yaradır. Bildiyiniz kimi, artıq Azərbaycan hökuməti də Qarabağı "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" kimi konsepsiyalar əsasında cənnətə çevirəcəyini bəyan edib.

- Dördüncü Sənaye İnqilabının əmək bazarına təsiri?

- Bu inqilabın əhəmiyyətli çağırışlarının ortaya çıxdığı sahələrdən biri də məhz əmək bazarıdır. Bu texnologiyalar mövcud peşələrin sürətlə və əhəmiyyətli dərəcədə köhnəlməsinə, bir çoxlarının isə tamamilə sıradan çıxmasına səbəb olur. Eyni zamanda texnologiyanın əməyi sürətlə əvəzləməsi işsizlik problemini də artıq gündəmə gətirib. Hətta robortların insanları iş yerlərindən sıxışdırıb çıxardığı təqdirdə, istehsal olunmuş mal və xidmətləri kimin və hansı pulla alacağı da müzakirə edilir. Çünkü robotlar, maşınlar nə əmək haqqı alır, nə də istehsal olunmuş mal və xidməti istehlak edir.

Ancaq nəzərə almaq lazımdır ki, bu inqilab yeni peşələr də ortaya çıxarır və bu peşələr üzrə kadr hazırlığını zəruri edir. Məsələn, bir tədqiqat 150-ə qədər yeni peşə növlərinin ortaya çıxdığını göstərir. Ağıllı ev dizayn meneceri, elmi etika mütəxəssisi, texnologiya vəkili, rəqəmsal marketinq meneceri, vertikal kənd təsərrüfatı məsləhətçisi, dron standartları mütəxəssisi, rəqəmsal dərzi, süni intellekt texniki, üçölçülü çapetmə texniki və s. yeni peşələri misal göstərmək mümkündür. Ona görə bu dövrdə təhsil sistemlərindən, peşə hazırlığı şəbəkələrindən də yüksək çeviklik tələb olunur ki, əmək bazarının tələblərinə sürətlə uyğunlaşa bilsinlər. Eyni zamanda nəzərə almaq lazımdır ki, mövcud peşələr sürətlə köhnəldiyindən təhsilə yanaşma da köklü dəyişir. Artıq ömürboyu təhsil konsepsiyası sözün həqiqi mənasında həyatımıza yerləşib. Bu, təhsilin distant formalarının sürətlə yayılmasını da qaçılmaz edir.

Hazırkı pandemiya artıq uzun zamandır müzakirə edilən iş yeri anlayışını da dəyişdirdi. Doğrudur, rəqəmsal texnologiyalar pandemiyaya qədər məsafədən işləmək (tele-iş) imkanı verirdi. Ancaq bu pandemiya artıq evdən işin kütləviliyinin mümkünlüyünü də sübut etdi. Bu çox böyük bir yenilikdir və qarşıdakı illərdə əmək bazarının inklüzivliyinin artmasına çox ciddi təsir göstərəcəyini düşünürəm.

- Dördüncü Sənaye İnqilabının əsas hansı nəticələri olacaq?

- Şübhəsiz ki, biliyin və texnologiyaların hakim olduğu bir cəmiyyətə doğru gedirik. İnsanların kütləvi şəkildə həm iş həyatında, həm də məişət həyatında fiziki, təkrarlanan işlərdən qurtularaq yaradıcı işlərə doğru yönəldiyi bir cəmiyyətə doğru addımlayırıq. Bu isə, daha yükək məhsuldarlıqlı iqtisadiyyata sahib cəmiyyət deməkdir.

Ancaq nəzərə almaq lazımdır ki, bu inqilab və onun nailiyyətləri əvvəlki sənaye inqilablarında olduğu kimi yenə də mövcud inkişaf etmiş ölkələrin inhisarında qalacaqsa, bu dəfə dünya iqtisadiyyatında gəlir bərabərsizliyinin daha da dərinləşməsi ilə qarşı-qarşıya qala bilərik. Çünkü haqqında bəhs etdiyimiz bu texnologiyalar artıq bir çox inkişaf etməkdə olan ölkənin ucuz işçi qüvvəsi ilə rəqabət etmə imkanını əlindən almağa başlayacaq. İstehsalda fiziki əmək texnologiya ilə əvəz edildikcə, ucuz işçi qüvvəsinə əsaslanan rəqabət imkanları da tükənir. Məsələn, qarşıdakı illərdə üçölçülü çapetmə ilə istehsalını genişləndirən "Nike", "Adidas", "Reebok" kimi markalar ucuz işçi qüvvəsi olan Vyetnam, Banqladeş, İndoneziya kimi ölkələrdə istehsala maraq göstərməyə bilərlər. Bu kimi köklü nəticələrə gətirib çıxaracaq dəyişikliklərdən çox danışmaq olar. Ancaq gəlinən önəmli nəticə odur ki, baş verən bu texnoloji yeniliklərdən kənarda qalmaq ölkələrə heç də yaxşı gələcək vəd etmir.

324
Vüqar Hüseynov

Vüqar Hüseynov: “Vahid massivlərdə vahid bitkinin əkilməsi daha çox xeyir verə bilər”

10
(Yenilənib 10:05 07.03.2021)
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur
Vüqar Hüseynov: “Bu səbəbdən fermerlər lazım olan qədər gəlir əldə edə bilmirlər”

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:

“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Supermarket, arxiv şəkli

Türkiyədə qida məhsulları kəskin bahalaşıb - SİYAHI

16
(Yenilənib 20:36 06.03.2021)
Məsələn, keçən ilin fevral ayında bir litri 10 lirə 90 quruşa satılan günəbaxan yağının qiyməti bu ilin fevral ayında 55,4 faiz artaraq 16 lirə 97 quruşa qalxıb.

BAKI, 6 mart — Sputnik. Türkiydədə qida məhsullarının qiyməti bahalaşıb.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Türkiyənin Statistika Komitəsi son bir ildə qida məhsullarının qiyməti ilə bağlı statistikanı açıqlayıb.

Keçən ilin fevralından bu ilin fevralına qədər 50-dən çox əsas qida məhsulu üzrə qiymətlər artıb. Yalnız son bir ildə qiymətləri olduqca yüksək olan kartof və soğan kimi məhsullarda bir qədər ucuzlaşma olub.

Məsələn, keçən ilin fevral ayında bir litri 10 lirə 90 quruşa satılan günəbaxan yağının qiyməti bu ilin fevral ayında 55,4 faiz artaraq 16 lirə 97 quruşa qalxıb.

1 ədədi keçən il 54 quruşa satılan yumurta bu ilin fevral ayında 52 faiz artaraq 82 quruşa çatıb. Mərciməyin kilosu təxminən 7 lirədən 11 lirəyə, portağalın kilosu isə 3 lirədən 5 lirəyə çatıb.

Ən çox bahalaşan məhsullardan - günəbaxan yağını, portağalı, yumurtanı, mərcini, kəvəri, toyuq ətini, margarini, qırmızı turpu, düyünü, unu, südü, çörəyi və s. göstərmək olar.

16
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0