Neft buruğu, arxiv şəkli

Neft daha qədər bahalaşa bilər? Biriləri ona güvənməsə, yaxşıdır

37
(Yenilənib 21:31 10.02.2021)
Nə qədər ki, təyyarə və gəmilər alternativ enerji mənbələri ilə işləmir, neftin başqa yanacaq növü ilə əvəzlənməsindən söhbət gedə bilməz.

BAKI, 10 fevral — Sputnik, İrina Badmayeva. Neft bazarında nikbinlik hökm sürür. Bir barelin qiyməti 61 dolları keçib. Neft sənayesi böhran ilindən sonra bərpa olunur. Analitiklər artan tələbin fonunda yaşıl enerjiyə keçməyə tələsməyən Asiya ölkələri səbəbindən artımın yumşaq xarakter daşıyacağını təxmin edirlər, ancaq Avropa İttifaqı və Yaponiya vəziyyəti dəyişə bilər. Hadisələrin necə inkişaf edəcəyi barədə - RİA Novosti-nin növbəti məqaləsində.

Pandemiyanın "qara qızıl"a vurduğu zərbə

Pandemiya neft sənayesinə ağır zərbə vurdu. Sənaye müəssisələri işini dayandırdı, nəqliyyat və hava daşımaları azaldı. Əsas neft məhsulu olan yanacağa tələbat kəskin şəkildə aşağı düşdü. Buna görə də OPEC+ ölkələri neft hasilatını azaltmaq qərarına gəldi. Məsələn, Rusiya 8,5 faiz. Bu barədə Baş nazirin müavini Aleksandr Novak Vladimir Putinlə görüşündə məlumat vermişdi. Əvəzində aprelin axırından iyunun ortalarına kimi neftin bir barelinin qiyməti 20 dollardan 40 dollara qalxdı. OPEC+ ölkələri ilə yanaşı, İran da Amerika sanksiyaları ucbatından hasilatı sutkalıq 2,8 milyon bareldən 0,3 milyona qədər azaltdı.

Dekabrda artıq neftin bir bareli 52 dollara satılırdı. Sonra koronavirusun yeni ştammı və karantin tədbirləri ilə bağlı xəbərlər qiyməti yenidən aşağı saldı. İndi təkrar bərpa dövrü başlayıb. Fevral ayı boyunca qiymət sabit şəkildə artır. "Brent" plankanı 61 dollara qədər qaldırıb. Sonuncu dəfə bu rəqəm ötən ilin yanvar ayının 7-də qeydə alınmışdı.

Hər şey OPEC-dən asılıdır

Bununla belə, OPEC tələb və təklifi nəzərə alaraq hər ay kvotalara yenidən baxır.

"Bu yanaşma bazar iştirakçılarına sakitləşdirici təsir göstərir. Onlar peyvəndin təsirsiz qalması şəraitində kartelin dəstəyinə ümid bəsləyirlər", – deyə Ali Maliyyə İdarəetməsi Məktəbinin Analitik tədqiqatlar bölməsinin rəhbəri Mixail Koqan vurğulayır.

OPEC+ ölkələri yanvar ayından etibarən hasilatın gündəlik iki milyon barel artırılması təklifini rədd etdilər. Ancaq Rusiya və Qazaxıstana istehsalı bir qədər artırmağa icazə verildi. Qalanları könüllü olaraq fevral-mart aylarında gündəlik 1,425 milyon barel nefti bazardan çıxaracaq. Üstəlik, bu yanacağın bir milyonu Səudiyyə Ərəbistanının payına düşür. Bu vədlərin fonunda isə neft bahalaşmağa davam edir.

Bununla belə, analitiklər kəskin qiymət artımı proqnozlaşdırmır. İlk növbədə ona görə ki, əvvəlki kimi neft ehtiyatları kifayət qədərdir – bütün dünya üzrə bir milyard bareldən çox. Üstəlik, Liviya da tədarükü artırır. İranın da bazara neft çıxaracağı istisna olunmur. "Liviya nefti artan tələbi "udmağa" qadirdir. İran nefti isə OPEC+ ölkələrinin neft siyasətində düzəlişlər etməsinə səbəb ola bilər. Ancaq bu Vaşinqtonla Tehranın mövcud fikir ayrılığını aradan qaldırarsa, baş verə bilər", – deyə Koqan qeyd edir.

Onun fikrincə, yaxın aylar ərzində neftin qiyməti 52-64 dolar arasında olacaq.

Asiyalılar neft bazarını dəstəkləyəcəklər

İqtisadiyyatının daha sürətlə bərpa olunduğu Asiya ölkələri neft bazarına daha çox dəstək verəcək. Beynəlxalq Enerji Agentliyi 2021-ci ildə Çində tələbin gündə 745 min, Hindistanda 380 min barel artacağını proqnozlaşdırır.

Üstəlik, Çin və Hindistan neftayırma zavodlarına gözləniləndən daha çox yanacaq lazım gələ bilər. Bu ölkələr heç də "yaşıl enerji"yə keçməyə tələsmirlər.

"Nə qədər ki, təyyarə və gəmilər alternativ enerji mənbələri ilə işləmir, neftin başqa yanacaq növü ilə əvəzlənməsindən söhbət gedə bilməz. Buna görə də ABŞ Enerji Nazirliyinin 2050-ci ilə qədər xammal qiymətlərinin 173 dollara yüksəlməsi ilə bağlı proqnozu xeyli real görünür. Bu, 2008-ci ildəki ən yüksək göstəricidən belə çoxdur (147). Düzdür, ən yaxşı ssenari bir barel üçün 95 dollar, ən pis ssenari isə 48 dolları nəzərdə tutur. "Yaşıl enerjinin" yayılması ilə, istənilən halda, karbohidrogenlərə olan tələbat tədricən azalacaq", – bu isə "Fond Kapitalı" investisiya şirkətinin analitiki Daniil Bolotskixin fikridir.

Dollar, arxiv şəkli
© AP Photo / Mark Lennihan

Beləliklə, Almaniya 2030-cu ilə qədər enerji sektorundakı bərpa olunan mənbələrin payını iki dəfə artırmağı planlaşdırır. Yaponiya 2025-ci ilə qədər daxili yanma mühərriklərini elektrik mühərrikləri ilə əvəzləməyə hazırlaşır.

Odur ki, hər ehtimala qarşı Rusiya neftin qiymətinin artmasına güvənməsə, yaxşıdır. Digər tərəfdən, qiymət 173 dollara qalxsa belə, sanksiyalar qüvvədə qalacaq. Buna görə də on illərdir müzakirə olunan iqtisadiyyatın şaxələndirilməsi məsələsi hələ də aktuallığını qoruyub saxlayır.

37
Teqlər:
bazar, Asiya, OPEC, qiymət, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (76)
SOCAR işçisi, arxiv şəkli

Yayadək artıq neft tükənəcək, tədarük çətinləşəcək. SOCAR düşünür?

70
(Yenilənib 16:26 24.02.2021)
Dövlət Neft Şirkətindən bildirilib ki, Azərbaycanda neft hasilatı səviyyəsinin artırılması məsələsi OPEC+ təşəbbüsü çərçivəsində həll ediləcək.

BAKI, 24 fevral — Sputnik, Aygül Tağıyeva. Dünya bazarlarında neft qiymətlərinin sıçrayışına hazırlaşmaq məqsədilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hasilatı dayandırılmış quyularda və yataqlarda işi yenidən bərpa edə bilər. Bunu Sputnik Azərbaycan-a Dövlət Neft Şirkətinin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdir müavini İbrahim Əhmədov deyib.

Bakıda neft buruqları, arxiv şəkli
© AFP 2020 / MLADEN ANTONOV

"OPEC-lə neft hasilatının azaldılmasına dair razılaşma çərçivəsində bəzi yataqlarda hasilatı dayandırmışdıq. Ancaq neftin həcmini artırmaq üçün işlərin müvəqqəti dayandırıldığı yataqlarda da istehsala başlayacağıq", - deyə Əhmədov bildirib.

O, neft hasilatı səviyyəsinin artırılması məsələsinin gündəmə gələcəyi təqdirdə bunun OPEC+ təşəbbüsü çərçivəsində həll ediləcəyini qeyd edib.

Bir qədər bundan əvvəl Azərbaycanın "SOCAR Trading" şirkətinin ticarət məsələləri üzrə direktoru Xəyal Əhmədzadə tələbin yenidən artması və istehsalçıların bazarı lazımi həcmdə neft məhsulları ilə təmin edə bilməməsi şəraitində 2021-ci ildə neftin bir barelinin qiymətinin 80 dollara çatacağını bildirmişdi.

Onun sözlərinə görə, 2020-ci ildə pandemiya səbəbindən tələbin azalması ilə yaranan artıq neft bu ilin yay aylarına kimi tamamilə tükənəcək. Eyni zamanda, borularda, quyularda və fitinqlərdə istifadə olunan poladın qiymətinin həddən artıq artması nəticəsində neftə olan tələb yenidən yüksəlsə belə, tədarükün çətinləşməsinə səbəb olacaq. Əhmədzadə bu fikirdədir ki, bütün bunlar dünya bazarında "qara qızıl"ın çatışmazlığına gətirib çıxara bilər.

Qeyd edək ki, keçən ilin aprel ayında OPEC və bu quruma üzv olmayan ölkələr 2020-ci il mayın 1-dən 2022-ci il aprelin 30-na kimi neft hasilatını azaltmaq barədə yeni razılaşmanın şərtlərini qəbul etdilər. Razılaşma ölkələrin gündəlik hasilatının 9,7 milyon barelə qədər məhdudlaşdırılmasını nəzərdə tuturdu. 

1 avqust tarixindən etibarən əməliyyat tərəfləri şərtlərə düzəliş edərək 2020-ci ilin sonuna kimi bu rəqəmi 7,7 milyon barelə qədər endirmək barədə razılığa gəldilər. Əvvəllər OPEC+ tərəfindən müəyyən edilmiş plana görə, 1 yanvar 2021 - 30 aprel 2022 tarixləri arasında neft hasilatının gündəlik 5,8 milyon barelə qədər aşağı salınması nəzərdə tutulmuşdu.

2021-ci ilin yanvar ayının əvvəllərində isə OPEC+ ölkələri fevral və mart ayları üçün istehsal parametrləri barədə razılığa gəldilər. Bu razılaşmaya əsasən, Rusiya və Qazaxıstan iki ay ərzində gündəlik neft hasilatını 150 min barel artıra biləcək, Səudiyyə Ərəbistanı və bütün digər OPEC+ üzvləri isə əksinə, ümumilikdə hasilatı gündəlik 1,4 milyon barelə qədər məhdudlaşdıracaqlar.

70
Teqlər:
SOCAR, tədarük, qiymət, azalma, hasilat, neft

Professor: “Kommunikasiyaların açılması dialoqa imkan verəcək”

15
(Yenilənib 16:14 24.02.2021)
UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Elşad Məmmədov deyir ki, münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxmından əhəmiyyət kəsb edir
Elşad Məmmədov: “Münaqişə post-sovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı”

“Üçtərəfli bəyanatın imzalanması regionda yeni iqtisadi-siyasi reallıqların formalaşmasını şərtləndirir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan video-körpüdə UNEC-in professoru, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini, Elşad Məmmədov deyib.

Professor bildirib ki, kommunikasiyaların açılması hər zaman prioritet olub:

“Biz kommunikasiyaların açılması ilə iqtisadi qazanc əldə etməklə yanaşı, həm də siyasi və sosial dialoqun formalaşmasının şahidi ola bilərik. Bu münaqişə post-sovet məkanında dağıdıcı proseslərə zəmin yaratdı və inteqrasiya prosesinə də mənfi təsirini göstərdi. Ona görə də münaqişənin həlli bölgəmizin sabitlik və inkişafa istiqamətlənməsi baxmından əhəmiyyət kəsb edir”.

Elşad Məmmədovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

15
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0