Tovuzda arıçılıq təsərrüfatı

Bal tutub, barmaq yalaya bilməyənlər - "Azərbaycana məhsul satılmır" - FOTO

417
(Yenilənib 00:24 07.02.2021)
Azərbaycana məhsuldar arı növlərinin gətirilməsində problem var. Onların vasitəsilə məhsuldarlığı artırmaq olar, amma qanun icazə vermir

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Qarşıdan yaz mövsümü gəlir. Yazda işlər çox olduğundan təcrübəli arıçılar indidən çərçivə, mum, seleksiya işləri ilə məşğul olaraq mövsümə hazırlaşırlar. Lakin müəyyən problemlər var ki, təcrübəli arıçıların indidən narahatlığına səbəb olur. Bu, ölkəyə daha məhsuldar ana növlərinin gətirilməsi ilə bağlıdır. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Tovuz rayon arıçıları eyni zəhmətlə daha çox məhsul əldə etməyin mümkünlüyünü bildirirlər.

Tovuz rayon Arıçılar Birliyinin sədri Qabil Hacıyev kifayət qədər müasir arıçılıq texnologiyaları ilə məşğul olur. Onun sözlərinə görə, dünyada bir çox arı cinsləri var ki, bunlar yerli Boz Qafqaz arısından dəfələrlə məhsuldar, saxlanılma baxımdan rahat və xəstəliyə davamlıdırlar. Bunlardan İtaliya, Belfast, Karnika kimi növlərin adını sadalayan tovuzlu arıçı onların ölkəyə gətirilməsində maneə olduğunu söyləyir:

© Sputnik / Ilham Mustafa
Tovuzda arıçılıq təsərrüfatı
“Təmiz qanlı məhsuldar ana arıları xaricdən alırıq. Lakin onu gömrükdən keçirməkdə çətinliklər yaranır. Məsələn, internet üzərindən ana arı almaq istəsək, "Azərbaycana məhsul satılmır" cavabını alarıq. Xaicdən gətirilən ana növləri bir ayda bütün ailəni dəyişir və artıq həmin ailə Boz Qafqaz yox, misal üçün, Karnika olur. Azı iki il o ana bir çox istiqamətdə öz fərqini göstərir. Lakin yenə almaq lazım olanda çətinliklə üzləşirik”.

Q.Hacıyevin sözlərinə əsasən, buna səbəb yerli arı növünü qoruyub saxlamaq məqsədilə Azərbaycan Respublikasının "Arıçılıq haqqında" qanununda bu haqda maddənin olmasıdır. Bu maddəyə görə, ölkəyə digər arı növlərinin gətirilməyi məhdudlaşdırılır. Lakin arıçı gəlirliliyinə görə ölkəyə gətirilən tərəvəz, heyvan və bitki növləri kimi arının da gətirilməsinə qoyulan qadağanın götürülməsini istəyir. Yerli arı növünün yox olmaması üçünsə müəyyən bölgə ayrılmasının mümkünlüyünü deyir.

  • Tovuzda arıçılıq təsərrüfatı
    © Sputnik / Ilham Mustafa
  • Tovuzda arıçılıq təsərrüfatı
    © Sputnik / Ilham Mustafa
  • Tovuzda arıçılıq təsərrüfatı
    © Sputnik / Ilham Mustafa
  • Qabil Hacıyev
    © Sputnik / Ilham Mustafa
  • Xəyal Qarayev
    © Sputnik / Ilham Mustafa
  • Tovuzda arıçılıq təsərrüfatı
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Tovuzda arıçılıq təsərrüfatı

Təsərrüfatında yüzdən çox arı ailəsi saxlayan Xəyal Qarayev də bu gün yerli arıçıların ana arı probleminin olduğunu bildirir.

“Azərbaycanda tam tələbatı ödəyən ana arı yetişdirmə mərkəzi yoxdur. Düzdür, kimlərsə bu sistemi hazırlayıb yetişdirə bilirlər. Amma bu, arıçıların tələbatını tam yerinə yetirə bilmir. Ona görə ana yetişdirmə mərkəzləri açılsa, arıçılar lazımi vaxtda o arılardan alıb anaları yeniləsələr, xaricdən gələn ana arı asılılığından qurtarmaq olar”, - o deyir.
© Sputnik / Ilham Mustafa
Tovuzda arıçılıq təsərrüfatı

Təcrübəli arıçıların bir istəyi də yerli televiziya kanallarının hər hansı birində arıçılıq verilişinin olmasıdır. Bu halda yerli arıçılar dilini tam anlaya bilmədiyi Rusiya və Türkiyə TV kanallarından deyil, yerli televiziyalardan arıçılığın sirlərini öyrənə bilərlər.

417
Teqlər:
Tovuz, problem, gömrük, idxal, arı, bal, arıçılıq məhsulları, arıçılıq
Natiq Heydərov, KOB departament rəhbəri

Departament müdiri sahibkarlar üçün elan edilən müsabiqənin şərtlərini açıqlayır

10
(Yenilənib 20:13 05.03.2021)
KOBİA-nın departament müdiri Natiq Heydərov deyir ki, müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər
Natiq Heydərov: “Layihələrin maliyyələşdirilməsi KOBİA tərəfindən həyata keçiriləcək”

“Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydalara uyğun olaraq, KOB subyektlərinin inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqə yolu ilə KOBİA tərəfindən həyata keçiriləcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu KOBİA-nın departament müdiri Natiq Heydərov açıqlayıb.

“Müsabiqəyə sənədlərin qəbulu fevralın 17-dən martın 18-dək həyata keçiriləcək. Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqə çərçivəsində hər bir şəxs yalnız bir layihə təqdim edə bilər. Layihələrin icrası 3 aydan az, 12 aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirmə 20 min manat məbləğində müəyyən edilib”, - deyə N.Heydərov bildirib.

10
Vüqar Hüseynov

Vüqar Hüseynov: “Vahid massivlərdə vahid bitkinin əkilməsi daha çox xeyir verə bilər”

10
(Yenilənib 10:05 07.03.2021)
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur
Vüqar Hüseynov: “Bu səbəbdən fermerlər lazım olan qədər gəlir əldə edə bilmirlər”

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:

“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Gülsurə İbadova

Kişilərlə yarışa girib: "Beş yüz min manatlıq maşından əvvəl ehtiyat edirdim" - FOTO

0
(Yenilənib 17:00 08.03.2021)
Üç qız, üç oğul anası olan Gülsurə İbadovaya həyat yoldaşı və ailəsi dəstək olur. On yeddi yaşında ailə quran müsahibimiz bildirir ki, həyat yoldaşı indiyədək heç vaxt işdən evə gec gəldiyinə görə ona irad bildirməyib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Hər gün sübh tezdən yuxudan oyanır. Həyət-bacada işlərini sahmana salıb, tarlaya yollanır. Texnikanın hər tərəfini yoxlayır, sazlığına əmin olandan sonra kombaynı işə salır. Düz otuz ildən çoxdur ki, kombaynçı işləyən pambıqçı-mexanizator Gülsurə İbadovanın günü belə başlayır. 16 yaşından kombayn sürücüsü işləyən bu qadın 60 yaşı olmasına baxmayaraq, bu gün də işinin başındadır. Sputnik Azərbaycan bir çox kişinin bacarmadığı ağır işin ödəsindən ustalıqla gələn zərif cinsin nümayəndəsini oxucularına təqdim edir. 

Sabirabad rayonunun Kürkəndə kəndindən olan Gülsurə İbadova 8-ci sinfi bitirib bir il Texniki Peşə məktəbində təhsil aldıqdan sonra pambıqçılıq sahəsində işə başlayır. Ona köməkçi kimi işləmək tövsiyə olunsa da, G.İbadova Sevil Qazıyevanın başına gələnlərdən sonra buna razı olmur. Özünün dediyinə görə, pambıq sahəsində işə becərmədən başlayır. Sonra ona sürmək üçün traktor verirlər. Elə həmin ilin avqust ayında yeni pambıqdərən kombayn idarə edir. Sovet dövründə qabaqcıl sürücü-mexanik kimi dəfələrlə mükafatlara layiq görülür. Hətta Ulu öndər Heydər Əliyevlə də görüşərək ondan mükafat alır. Həmin illəri xatırlayan Gülsurə İbadova Heydər Əliyevin onun saçına sığal çəkərək tövsiyə verdiyini də unutmayıb: "Mənim uzun saçım vardı. Heydər Əliyev saçıma sığal çəkib mənə dedi ki, pambıq yığanda mütləq saçımı yığım. O mənə Sevil Qazıyevanın başına gələnləri xatırlatdı".

© Photo : Courtesy of Gyulsura Ibadova
Sabirabad rayonunun Kürkəndə kəndindən olan Gülsurə İbadova 8-ci sinfi bitirib

Sovetlər Birliyi dağıldıqdan sonra bir müddət bələdiyyədə çalışan G.İbadova 2019-cu ildən yenidən sevimli peşəsini davam etdirir. Həmsöhbətimiz deyir ki, Şirvan Şəhər Kənd Təsərrüfatı İdarəsi ona rayona gələn yeni kombaynı sürməyi təklif edir. G.İbadova Kənd təsərrüfatı naziri İnam Kərimovla görüşdə bu istəyini səsləndirir. Nazirin tapşırığı ilə ona yeni gətirilən pambıqdərən kombaynı idarə etmək həvalə olunur. G.İbadova nazirin kənd təsərrüfatı sahəsində çalışanlara qayğısından da ağızdolusu danışır.

Yeni pambıqdərən kombaynın sovet dövründəki kombayndan fərqli olduğunu söyləyən G.İbadova çətin olsa da, bu işin də öhdəsindən gəlir:

"Yeni kombaynı idarə etmək üçün sürücülük vəsiqəm köhnə idi. Bu kombaynı sürmək üçün imtahandan keçib 5 kateqoriyalı sürücülük vəsiqəsi aldım. Kombaynı Şirvandan sürüb Sabirabada gətirdim. Əlbəttə ki, bu  texnika müasir olduğundan, sovet dövründəki kombayndan çox fərqlənir. Bu texnikanın 17 ton ağırlığı var. 500 min manat qiyməti olan texnikanı idarə edəndə əvvəlcə ehtiyat edirdim. Hətta iki gün idi işə çıxmışdım ki, kombaynda şlanq partladı.

Yoldaşım çilingər olduğundan mayenin axmaması üçün "salnik" (kipgəc) qoydu. Kombaynı sürüb Məmişlər kəndinə getdim. Oraya çatmışdım, yenə problem yarandı. Texniki dəstək üçün mühəndisə müraciət etdim. O bildirdi ki, xamutu açıb boşaltmaq lazımdır. Bundan sonra  bəzi xırda detalları özüm bağlamağı öyrəndim. Amma sovet kombaynını sıfırdan - mühərrikinə qədər - özüm yığa bilirdim. Bu kombayn bahalı olduğu üçün problem olanda əlimi vurmağa çəkinirəm. Problem yarananda servisə zəng edirik, gəlib həll edir. Amma yeni kombaynlarda hələ ki ciddi problem yaranmayıb".

© Photo : Courtesy of Gyulsura Ibadova
Gülsurə İbadova

Həmsöhbətimiz deyir ki, sovet dövründəki kombaynlarda yerə şeh düşən kimi pambıqdərənin "şpindeli" (oxu) tutulurdu: "Amma yeni kombaynlar şampunla özü yuyub-təmizlədiyi üçün problem yaranmır".

İşinin incəliklərindən danışan G.İbadova bununla belə, şeh olanda pambıq yığımının çətin olduğunu söyləyir: "Sentyabrın sonuna qədər şeh olmur. Biz o vaxtdan səmərəli istifadə edirik. Elə vaxt olub ki, bir həftə evə getməmişəm. Gecə-gündüz pambıq yığmışam. Elə şam yeməyimizi də sahədə yemişik. Yuxusuz işləmək çətin olsa da, pambıq mövsümündə bu əziyyətə qatlaşmalısan. Çünki sentyabrın sonunda bəzən yağışlar yağmağa başlayır. İnsanların əməyi itməsin deyə biz çalışırıq ki, sahələrdə məhsulu yağış yağanadək yığıb qurtaraq".
  • Gülsurə İbadova kollektivlə
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Heydər Əliyev Gülsurə İbadovaya mükafat verib
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Gülsurə İbadova
    © Photo : Courtesy of Gyulsura Ibadova
  • Gülsurə İbadova kollektivlə
    © Photo : Courtesy of Gyulsura Ibadova
1 / 4
© Photo : Courtesy of Gyulsura Ibadova
Gülsurə İbadova kollektivlə

Çox məhsul yığımının onların qazancına da təsir etdiyini söyləyən G.İbadova  sentyabrın 13-dən noyabrın sonuna qədər 380 hektardan pambıq yığdığını, 2600 manata qədər pul qazandığını söyləyir: "Pambıq əsasən yayda yığılır. Saat 6-da yuxudan durub, evdə işləri sahmana salıb, "VAZ 2106" ilə "Aqroservis"ə gedirəm. Pambıqdərənin yağına, mühərrikinə baxıb, avtoyuyucuda aparatını  yuyub-təmizləyirəm. Sonra hansı sahəyə göndərirlərsə, oraya gedirəm. Son illər pambıq istehsalında məhsuldarlıq artıb. Elə vaxt olub ki, 80 hektar sahədən 300 ton pambıq yığmışıq. Bir həftə ərzində bu işə üç kombayn cəlb olunub. Məhsulun çoxluğu həm də bizim qazancımıza təsir edir".

© Photo : Courtesy of Gyulsura Ibadova
İbadova 2019-cu ildən yenidən sevimli peşəsini davam etdirir

G.İbadova bildirir ki, pambıq yığımından qazandığı pulu ailəsinə xərcləyir. Üç qız, üç oğul anası olan G.İbadovaya həyat yoldaşı və ailəsi də dəstək olur. On yeddi yaşında ailə quran müsahibimiz bildirir ki, həyat yoldaşı indiyədək heç vaxt işdən evə gec gəldiyinə görə ona irad bildirməyib: "Yoldaşım narşərab zavodunda çilingər işləyirdi.  Qohumluğumuz olsa da sevib ailə qurmuşuq. Hər ikimiz torpağa bağlı, zəhmətsevər insanlarıq. Övladlarımızı da belə tərbiyə etmişik".

G.İbadova 60 yaşında kombayn sürməyin heç də çətin olmadığını söyləyir. Onun sözlərinə görə, əksinə, bu yaşda işləmək  ona zövq verir. "İş adamı gümrah saxlayır. Bəlkə, elə mənim gümrah qalmağımın səbəbi işimdir", - deyir kombaynçı müsahibimiz.

0
Teqlər:
müsahibə, sürücü, pambıq, kombayn, qadın