SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə İtaliya nümayəndə heyəti arasında görüş

SOCAR İtaliya şirkətləri ilə sazişlər imzalayıb

19
(Yenilənib 15:05 03.02.2021)
NEZ-in yenidən qurulması dizel yanacağının və benzinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq "Avro-5" standartına uyğunlaşdıracaq.

BAKI, 3 fevral — Sputnik. SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernizasiya və yenidənqurma layihəsi çərçivəsində "Maire Tecnimont S.p.A." qrupunun törəmələri olan "Tecnimont S.p.A." və "KT-Kinetics Technology S.p.A." şirkətləri ilə 2 mühəndislik, təchizat və tikinti (EPC) sazişi imzalanıb.

SOCAR-dan Sputnik Azərbaycan-a bildirilib ki, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari, "Maire Tecnimont" qrupunun idarə heyətinin sədri və əsas səhmdarı Fabrizio Di Amato, "Maire Tecnimont" qrupunun baş icraçı direktoru Pierroberto Folgiero və şirkətlərin digər rəhbər şəxsləri iştirak ediblər.

Sazişlər Heydər Əliyev adına NEZ-də istehsal olunan benzinin keyfiyyətinin "Avro-5" standartına yüksəldilməsində həlledici əhəmiyyətə malik Katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi qurğusunun və LPG (maye qaz) merkaptan oksidləşdirici qurğusunun, Aminlə təmizlənmə və LPG-nin ilkin emalı qurğularının quraşdırılmasını əhatə edir.

Qeyd edək ki, "Tecnimont" və "KT-Kinetics Technology" şirkətləri digər qurğulara dair tenderin qalibi seçilərək 2018-ci ildə imzalanmış EPC sazişinə əsasən artıq bu zavodun modernizasiyası layihəsində birgə fəaliyyət göstərir.

Ümumi dəyəri təxminən 160 milyon ABŞ dolları olan yeni EPC sazişləri üzrə işlərin müvafiq olaraq 33 və 26 ay ərzində başa çatacağı gözlənilir.

Bu, "Maire Tecnimont" qrupunun əsas fəaliyyət sahəsində mühüm bir mərhələdir, belə ki, sazişlər qrupun Azərbaycan bazarında və emal sektorunda mövqeyinin möhkəmlənməsinə imkan verir. Bundan əlavə, qrupun unikal qabiliyyətlərinin, texnoloji təcrübəsinin və EPC podratçılar arasındakı sinerjisinin gücləndirilməsi istiqamətində fəaliyyətini təsdiqləyir.

R.Abdullayev deyib: "SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu Cənubi Qafqaz regionunda yeganə neft emalı kompleksi kimi böyük rol oynayır. Zavod regionun yanacaq təchizatını həyata keçirir və SOCAR-ın neft-kimya müəssisələrini xammal ilə təmin edir. NEZ-in yenidən qurulması dizel yanacağının və benzinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq "Avro-5" standartına uyğunlaşdıracaq, eyni zamanda, Azərbaycanın neft-kimya sənayesi üçün davamlı və səmərəli xammal bazası yaradacaq. Yenidənqurma işləri iqtisadi və ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır və şəhərlərimizdə həyat keyfiyyətinin yüksəldilməsi üçün vacibdir. Biz dəfələrlə dost münasibətini gördüyümüz İtaliyanın yaradıcı və istedadlı ruhunu özündə daşıyan tanınmış "Maire Tecnimont" qrupu ilə bu alicənab məqsəd naminə əməkdaşlıq etməkdən məmnunuq".

"Maire Tecnimont"un baş icraçı direktoru P.Folgiero qeyd edib: "Texnoloji təcrübəmizi bir daha SOCAR kimi tarixi və nüfuzlu bir sifarişçinin xidmətinə təqdim etməkdən şərəf duyuruq. Bu nailiyyət qarşılıqlı faydalı münasibətlərimizi genişləndirməyə imkan verir və texnologiyaya əsaslanan strategiyamızın etibarlılığını təsdiq edəcək gələcək inkişafa yol açır".

Milan Fond Birjasında qeydə alınmış "Maire Tecnimont S.p.A." təbii ehtiyatların emalı üzrə qlobal sənayenin (texnoloji və icra təcrübəsinə malik daunstrim neft və qaz mühəndisliyi) lideri olan bir qrupa başçılıq edir. Onun törəməsi olan "NextChem" enerji keçidinin dəstəklənməsi istiqamətində ekoloji təmiz kimyəvi maddələr və texnologiyalar sahəsində fəaliyyət göstərir. "Maire Tecnimont" qrupu özündə 45 ölkədə fəaliyyət göstərən 50 şirkəti birləşdirir. Qrupun 9100 əməkdaşı var.

19
Neft buruğu, arxiv şəkli

Neft ölkələri üçün sevindirici xəbər

13
(Yenilənib 15:56 01.03.2021)
Fevral ayında neftin qiymətləri pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. "Brent" markalı neftin qiyməti keçən ilin yanvarından bəri ilk dəfə 67 dolları keçib.

BAKI, 1 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1 dollar artaraq 65,42 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,99 dollar bahalaşaraq 62,49 dollar olub.

Qeyd edək ki, neft qiymətləri fevral ayını artımla tamamlayıb. Ay ərzində qiymətlər pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Belə ki, "Brent" markalı neftin qiyməti keçən ilin yanvarından bəri ilk dəfə 67 dolları ötüb.

13
Azərbaycan manatı, arxiv şəkli

Sahibkarlar maliyyə mənbələrinə çıxışda problem yaşayırlar

19
(Yenilənib 15:02 01.03.2021)
KOBİA: "Sahibkarların fəaliyyətini daha da yaxşılaşdırmaq üçün qanunvericilik və tənzimləmə istiqamətləri üzrə sorğu keçirilir. Sahibkarlar kredit imkanlarının sadələşdirilməsini və banklar tərəfindən tələb edilən sənədlərin azaldılmasını istəyirlər".

BAKI, 1 mart — Sputnik. Sahibkarlar daha çox maliyyə resurslarına çıxışlarda problemlə üzləşir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov deyib.

"Sahibkarların fəaliyyətini daha da yaxşılaşdırmaq üçün qanunvericilik və tənzimləmə istiqamətləri üzrə sorğu keçirilir. Sorğu zamanı sahibkarların ən çox üzləşdiyi problem maliyyə resurslarına çıxışla bağlı olub. Belə ki, sahibkarlar kredit imkanlarının sadələşdirilməsini və banklar tərəfindən tələb edilən sənədlərin azaldılmasını istəyirlər"- deyə o qeyd edib.

O bildirib ki, cari ildə ölkə regionları üzrə "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur: "Sahibkarların maraqlarının müdafiəsi, maarifləndirilməsi, investisiya təşəbbüslərinin reallaşdırılması üçün onlara yerində dəstək və xidmətlər göstərən "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər 2020-ci ildə də davam etdirilib. Dördü ötən il olmaqla KOB dostlarının sayı ümumilikdə 25-ə çatdırılıb".

19
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0