Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 1 fevral — Sputnik. Azərbaycan Prezidenti "Dövlət Neft Şirkətinin (SOCAR) idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb. Sənədə əsasən, Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına şirkətin uzunmüddətli inkişaf strategiyasını, xərclər və gəlirlər smetasını təsdiq etmək, onun icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətlər verilib.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan Prezidentinin 2020-ci il 5 noyabr tarixli fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə bir sıra dövlət şirkətləri, o cümlədən SOCAR da daxil edilib: "İnvestisiya Holdinqinin həmin dövlət şirkətlərinin izafi xərclərdən qurtulması, xərclərə və investisiyalara nəzarət, idarəetmənin optimallaşdırılması, gəlirlə işləmək ilə bağlı görəcəyi işlər olmalıdır. Paralel olaraq SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Bu, yəqin ki, ilkdir. İnvestisiya Holdinqinin idarəetməsinə daxil olan digər dövlət şirkətləri ilə bağlı da bənzər addımların atılması gözlənilir".
O bildirib ki, yəqin Müşahidə Şurası yaradıldıqdan sonra SOCAR-ın idarəedilməsi ilə bağlı optimallaşma addımları atılacaq: "SOCAR-ın strukturları ilə bağlı problemlər var. SOCAR neft-qaz çıxartmaqdan, neft emalından və benzin satışından başqa digər sahələr ilə də məşğuldur, çoxlu törəmə şirkətləri var. Bu da SOCAR-ın effektiv idarəedilməsinə imkan vermir, yəni kifayət qədər problemlər yaradır. Ola bilər Müşahidə Şurası tərəfindən SOCAR-ın bəzi törəmə şirkətləri və bəzi aktivləri ilə bağlı qərarlar verilsin. Ümumiyyətlə, SOCAR-ın idarəedilməsinin optimallaşdırılması ilə bağlı müəyyən qərarların alınması gözlənilir".
"Səlahiyyət bölgüsü ilə bağlı növbəti addımların atılması gözlənilir. Yəqin ki, Müşahidə Şurası tərəfindən yaxın zamanlarda səlahiyyətlərin sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı da qərar olacaq. Əsas məqsəd SOCAR-ın gəlirlə işləməsinə, SOCAR-ın izafi xərclərinin qarşısının alınmasına və s. yönəlib. SOCAR-ın fəaliyyətinə birbaşa aidiyyəti olmayan, lakin qurumun balansında olan sahələr özəlləşdirilə bilər və yaxud da digər qurumlar yaradılaraq onların idarəetməsinə verilə bilər", - deyə iqtisadçı əlavə edib.
Qeyd edək ki, "Azərbaycan İnvestisiya Holdinqi" publik hüquqi şəxs Azərbaycan Prezidentinin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılıb və Nizamnaməsi təsdiq edilib.
BAKI, 25 fevral — Sputnik. Yanvarda Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qərarlaşıb.
Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ay ərzində ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 30 milyon ABŞ dolları, Səudiyyə Ərəbistanı ilə 1,8 milyon dollar, BƏƏ ilə 1 milyon dollar olub. İran və Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq ayına nisbətən artıb, BƏƏ ilə azalıb.
Bu ölkələr, eyni zamanda Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 28,3 milyon dollar, Səudiyyə Ərəbistanından 1,7 milyon dollar, BƏƏ-dən isə 885 min dollar təşkil edib. İran və Səudiyyə Ərəbistanı ilə idxal əməliyyatları artıb, BƏƏ ilə isə azalıb.
BAKI, 25 fevral — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumuna əsasən "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən İşçi Qrupun yaradılması barədə" sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası Sazişin layihəsinin hazırlanması və razılaşdırılması məqsədilə Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibdə İşçi Qrup yaradılıb:
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının energetika naziri
İşçi Qrupun üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika üzrə vitse-prezidenti.
Energetika və Xarici İşlər nazirlikləri bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
BAKI, 26 fevral - Sputnik. Twitter sosial şəbəkəsində Super Follow funksiyası yaradılır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə 9To5Mac yazır. Funksiya eksklüziv kontentə görə izləyicilərdən pul almağa imlan verəcək.
“$4,99/month - Cancel anytime”: Twitter arbeitet an einer “Super Follow”-Funktion, mit der man direkt auf der Plattform Geld verdienen kann. Hier sind die ersten Screenshots, via @TwitterIR: pic.twitter.com/hPiq27Ov5U
— Martin Hoffmann (@martinhoffmann) February 25, 2021
Qiymət formalaşdırılması mexanizmi dəqiqləşdirilməyib. Təqdimatın slaydlarından birində ay ərzində 4,99 dollar göstərilsə də, bu sadəcə nümunə olub. Həmçinin bu sosial şəbəkədə qrup yaratmaq imkanı da olacaq.
Yeni funksiyanın nə vaxt işə düşəcəyi barədə şirkətdən məlumat verilməyib.
The Verge yazır ki, Twitter cümə axşamı "Analitika günü"ndə həmçinin narahat edən hesabların avtomatik bloklanması imkanını yaradacağını da bəyan edib. Yeni "təhlükəsizlik rejimində" bir keçid olacaq, oraya basdığınız təqdirdə belə yazı görəcəksiniz: "Twitter qaydalarını pozduğu güman edilən hesabları avtomatik olaraq blok edin və təhqir, ağır söz və ya nifrət dolu ifadələrdən istifadə edən hesabları səssizləşdirin".
Yeni təhlükəsizlik rejimi ilə Twitter avtomatik olaraq “təhqiramiz və ya spam xarakterli ola biləcək” hesabları aşkarlayacaq və bu hesabların yeddi gün ərzində sizin hesabınızdakı paylaşımlarla əlaqələrini məhdudlaşdıracaq.