Uşaq əllərini yuyur, arxiv şəkli

Azərbaycanda suyun qiyməti qalxdı

178
Tarif dəyişikliyinin aylıq istehlak səbətinə 2,50 manat, bir abonentin aylıq xərcinə isə təxminən 5 manat təsir edəcəyi proqnozlaşdırılır.

BAKI, 31 yanvar - Sputnik. Yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir.

Məmurlar, arxiv şəkli
© Mark Wilson / Getty Images / AFP

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılmasına səbəb kimi son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərclərinin artması, həmçinin Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlərin fəaliyyət üzrə xərcləri qarşılamaması göstərilib. Bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, istehlakçıların keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunması, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə dövlət büdcəsindən hər il olaraq investisiya şəklində maliyyə vəsaiti ayrılır. Tarif tənzimlənməsində tariflərin mümkün olan aşağı səviyyədə saxlanılması, əhalinin optimal qiymətlərlə su ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb.

“Azərsu” ASC-nin xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya ayrılır (2021-ci ildə 45 milyon manat).

Tarif tənzimlənməsi “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılmasına imkan yaradacaq. Həmçinin fasiləsiz su təminatının əhatə dairəsinin daha da genişlənməsinə şərait yaranacaq, Səhmdar Cəmiyyətin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə imkanlar formalaşacaq. Dövlət büdcəsindən “Azərsu” ASC-yə vəsait ayrılması dayandırılacaq və bu vəsaitin sərbəstləşməsinə imkan yaranacaq.

Tarif tənzimlənməsi ilə əlaqədar dövlət büdcəsində sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq sosialyönümlü tədbirlərə yonəldiləcək.

Son tarif tənzimlənməsi 2016-cı il mayın 13-də aparılıb. Ötən müddət ərzində abonentlərin sayı 200 mindən çox artıb. “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsi 50%-dən 70%-ə, fasiləsiz su təchizatı isə 65,6%-dən 70,5%-ə yüksəlib. 2016-2020-ci illərdə orta aylıq əməkhaqqı 41%, pensiya 69% artıb. Hazırda orta aylıq əməkhaqqı 703,5 manat təşkil edir. Qeyd edək ki, bundan əvvəlki tarif dəyişikliyi aparılmış 2016-cı ildə orta aylıq əməkhaqqı 500 manat idi.

Tənzimləmədən sonra belə, tariflər bir sıra MDB ölkələrində olduğundan aşağıdır. Belə ki, əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətinin birlikdə tarifi Moskvada (Rusiya) 1,70 manat/kubmetr, Kiyevdə (Ukrayna) 1,42 manat/kubmetr, Minskdə (Belarus) 1,17 manat/kubmetr, Ankarada (Türkiyə) isə 0,64-1,28 manat/kubmetr təşkil edir.

Tarif dəyişikliyi məhdud su ehtiyatlarından daha səmərəli və qənaətlə istifadəyə sövq edəcək.

Tarif dəyişikliyinin aylıq istehlak səbətinə 2,50 manat, bir abonentin aylıq xərcinə isə təxminən 5 manat təsir edəcəyi proqnozlaşdırılır.

178
Teqlər:
Tarif Şurası, qiymət, su
Mövzu:
Tarif Şurasının sürprizləri (14)
Neft buruğu, arxiv şəkli

Pandemiyadan sonra ilk dəfə neft 70 dollarlıq psixoloji həddə yaxınlaşır

8
(Yenilənib 19:34 05.03.2021)
Deputat: "2021-ci ilin dövlət büdcəsində neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq.

BAKI, 5 mart — Sputnik. "Səudiyyə Ərəbistanı ilə "OPEC+" ölkələrinin bu ilin aprel ayında da hasilatın artırılmaması ilə bağlı ilkin anlaşma müzakirələri neftin dünya bazar qiymətinə təsirsiz ötüşmədi".

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, artıq "Brent" markalı neftin bir barelinin qiyməti 67 dollardan baha satılır: "Pandemiyadan sonra ilk dəfə neftin qiyməti 70 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır. Aydındır ki, hətta "OPEC+" ölkələri tərəfindən aprel ayından gündəlik neft hasilatı 1,4 milyon barrel artırsa da belə bazarda təklifi kəskin artırmayacaq. Bu isə həmin halda belə qiymət tarazlığının qorunub saxlanmasına imkan verəcək".

Deputat qeyd edib ki, gündəlik neft ixracı 688,8 min barel təşkil edən Azərbaycan üçün neftin dünya bazar qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan arzuolunandır: "2021-ci ilin dövlət büdcəsində bir barel neftin qiymətinin 40 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Öncə də qeyd etdiyimiz kimi, bütün bununla yanaşı, "OPEC+" anlaşmasına rəğmən neftin qiymətinin 2021-ci ildə necə dəyişməsi birbaşa pandemiyanın miqyasından asılı olacaq".

8
Prezident İlham Əliyev YAP-ın qurultayında, 05 mart 2021-ci il

Azərbaycan Prezidenti: "Biz reallıqlar yaradan ölkəyik"

8
(Yenilənib 15:40 05.03.2021)
Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir

 

BAKI, 5 mart — Sputnik. Bu gün yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqlar yaradan ölkəyik və bundan əvvəlki dövrlərdə də bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında bildirib.

"Eyni zamanda, bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmışdır, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir", - deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, bizim siyasətimizlə bağlı son vaxtlar dünyada aparılan düzgün təhlillər və fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir və ikinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaradıb. Bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər, eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb.

8

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür

0
(Yenilənib 00:30 06.03.2021)
Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

BAKI, 6 mart - Sputnik. Bu gün dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatından 66 il ötür.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

0