Sumqayıt Kimya Sənaye Parkı, arxiv şəkli

Hamısını bir əl idarə edəcək. Bunun nəyi yaxşıdır?

145
(Yenilənib 19:41 26.01.2021)
Ekspertlər yeni agentliyin yaradılmasının ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcəyini vurğulayırlar

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. Prezident İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əsasında İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, agentliyin yaradılmasında məqsəd əksər sənaye parkları, sənaye məhəllələri və aqroparkların fəaliyyətinin daha təkmil şəkildə qurulmasına, eyni zamanda innovativ metodlardan istifadə edilməsinə nail olmaqdır: "Əsas məqsəd dövlət dəstəyinin gücləndirilməsi ilə bağlıdır. Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların bir agentlik tərəfindən idarə olunması və nəzarətin həyata keçirilməsi həm də dövlət dəstəyinin gücləndirilməsi baxımından çox vacibdir. Bu, nəticədə imkan verəcək ki, bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi həyata keçirilsin".

Deputat bildirib ki, yeni agentlik həm sənayedə, həm də aqrar sektorda daha innovativ hesab olunan məhsulların istehsalına, dövlət-özəl tərəfdaşlığının və dövlət dəstəyinin gücləndirilməsinə xidmət edəcək:

"O baxımdan, yeni agentliyin yaradılması təqdirəlayiqdir. Bu, birmənalı şəkildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsinə imkan yaradacaq. Xüsusən də kənd təsərrüfatında emaledici məhsulların istehsalında artımlar müşahidə olunacaq".

"Gözlənilir ki, yeni agentliyin formalaşması daha çevik və təkmil idarəetmənin qurulmasına imkan yaratmaqla sənaye və emaledici kənd təsərrüfatı məhsullarının istehsalının artmasına gətirib çıxaracaq", - deyə millət vəkili əlavə edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibov da bildirib ki, sənaye parkları, sənaye məhəllələri və aqroparkların işinin səmərəli və yeni tənzimləyici və idarəetmə çərçivəsində təşkili ölkəyə sərmayə axını, ixracın genişlənməsi və iş yerlərinin yaradılması prosesini müsbətə doğru tətikləyəcək: "4-cü sənaye inqilabının texnologiyalarının ölkəyə transfer edilməsi baxımından da yeni islahat tədbiri mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqində yeni agentlik və formalaşmış qanunvericilik bazası mühüm rol oynayacaq. Agentliyin yaranması ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək üçün əhəmiyyət kəsb edir".

145
Vüqar Hüseynov

Vüqar Hüseynov: “Vahid massivlərdə vahid bitkinin əkilməsi daha çox xeyir verə bilər”

10
(Yenilənib 10:05 07.03.2021)
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur
Vüqar Hüseynov: “Bu səbəbdən fermerlər lazım olan qədər gəlir əldə edə bilmirlər”

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:

“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Supermarket, arxiv şəkli

Türkiyədə qida məhsulları kəskin bahalaşıb - SİYAHI

16
(Yenilənib 20:36 06.03.2021)
Məsələn, keçən ilin fevral ayında bir litri 10 lirə 90 quruşa satılan günəbaxan yağının qiyməti bu ilin fevral ayında 55,4 faiz artaraq 16 lirə 97 quruşa qalxıb.

BAKI, 6 mart — Sputnik. Türkiydədə qida məhsullarının qiyməti bahalaşıb.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Türkiyənin Statistika Komitəsi son bir ildə qida məhsullarının qiyməti ilə bağlı statistikanı açıqlayıb.

Keçən ilin fevralından bu ilin fevralına qədər 50-dən çox əsas qida məhsulu üzrə qiymətlər artıb. Yalnız son bir ildə qiymətləri olduqca yüksək olan kartof və soğan kimi məhsullarda bir qədər ucuzlaşma olub.

Məsələn, keçən ilin fevral ayında bir litri 10 lirə 90 quruşa satılan günəbaxan yağının qiyməti bu ilin fevral ayında 55,4 faiz artaraq 16 lirə 97 quruşa qalxıb.

1 ədədi keçən il 54 quruşa satılan yumurta bu ilin fevral ayında 52 faiz artaraq 82 quruşa çatıb. Mərciməyin kilosu təxminən 7 lirədən 11 lirəyə, portağalın kilosu isə 3 lirədən 5 lirəyə çatıb.

Ən çox bahalaşan məhsullardan - günəbaxan yağını, portağalı, yumurtanı, mərcini, kəvəri, toyuq ətini, margarini, qırmızı turpu, düyünü, unu, südü, çörəyi və s. göstərmək olar.

16
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0