İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Prezidentdən SOCAR barədə mühüm qərar - Şirkətə bu struktur nəzarət edəcək

94
(Yenilənib 10:01 24.01.2021)
Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) yaradılır.

BAKI, 23 yanvar - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərman qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə imzalanıb.

Fərmanda bildirilir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti yarandığı dövrdən böyük inkişaf yolu keçərək ölkənin sosial-iqtisadi tərəqqisində mühüm rol oynayıb.

Ümummilli lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən uğurlu neft strategiyası Azərbaycan Respublikasının beynəlxalq iqtisadiyyata inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb edilməsində müstəsna rol oynamaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində mühüm dəyişikliklərlə müşayiət olunub. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənilməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə bağlanılmış “Əsrin müqaviləsi” respublikanın neft-qaz sənayesinin inkişafında yeni mərhələ olmuşdur. Hazırda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti neft-qaz hasilatı, nəqli və emalı ilə məşğul olan müəssisədən transmilli şirkətə çevrilərək, iştirakçısı olduğu beynəlxalq layihələrdə Azərbaycan Respublikasını uğurla təmsil edir, ölkənin iqtisadi potensialının güclənməsinə, sosial-iqtisadi tərəqqisinə, eləcə də milli maraqlarımızın həyata keçirilməsinə mühüm töhfə verir.

Qlobal iqtisadiyyatda, o cümlədən xarici neft bazarında baş verən prosesləri və qeyri-müəyyənlikləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korporativ idarəetmə sisteminin və biznes modelinin təkmilləşdirilməsi yolu ilə onun beynəlxalq mühitdə rəqabətədavamlılığı, orta və uzunmüddətli perspektivdə maliyyə dayanıqlığı, idarəetmənin, habelə sərmayələrin effektivliyinin və aktivlərinin dəyərinin əhəmiyyətli dərəcədə artırılması əsas çağırışa çevrilmişdir.

Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) yaradılır.

Müəyyən edilib ki, Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarətdir.

3. SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. SOCAR-ın yenidən təşkili və ləğvi;

3.1.2. SOCAR-ın Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

3.2.1. SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

3.2.2. SOCAR-ın illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

3.2.3. SOCAR-ın dividend siyasətinin təsdiq edilməsi;

3.2.4. SOCAR-ın qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

3.2.5. SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

4. Müəyyən edilsin ki, SOCAR-ın Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

4.1. SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

4.2. SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

4.3. SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı ümumi yığıncağa təkliflər vermək;

4.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

4.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

4.6. fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

4.7. SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

4.8. SOCAR-ın Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.9. bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, SOCAR-ın nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

5. Azərbaycan İnvestisiya Holdinqi:

5.1. SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə SOCAR-ın idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

5.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. SOCAR-ın Müşahidə Şurasının yaradılması ilə əlaqədar onun nizamnaməsinin 4-cü və 5-ci hissələrinin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

94
Vüqar Hüseynov

Vüqar Hüseynov: “Vahid massivlərdə vahid bitkinin əkilməsi daha çox xeyir verə bilər”

10
(Yenilənib 10:05 07.03.2021)
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov deyir ki, belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur
Vüqar Hüseynov: “Bu səbəbdən fermerlər lazım olan qədər gəlir əldə edə bilmirlər”

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə “Vahid sahədə vahid əkin” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi vahid massivdə yerləşən torpaq sahələrində vahid bitkinin becərilməsini təşviq etməkdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən illərin də təcrübəsi bölgü aparılmış vahid massivlərdə fermerlərin fərqli bitkilər əkdiyini göstərir:

“Fərqli bitkilər fərqli aqrotexniki qulluq qaydaları, fərqli dərmanlar tələb edir, istər əkin, istər səpin, istərsə məhsul yığımı vaxtı fərqli texnika tələb olunur. Bu səbəbdən fermerlər kənd təsərrüfatı fəaliyyətindən lazım olan qədər gəlir əldə edə bilmirlər. Apardığımız təhlillər göstərir ki, vahid massivlərdə vahid bitkinin əkilməsi fermerə daha çox xeyir verə bilər. Belə olan halda fermerin texnika, suvarma, işçi qüvvəsi problemi həll olunur”.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10
Supermarket, arxiv şəkli

Türkiyədə qida məhsulları kəskin bahalaşıb - SİYAHI

16
(Yenilənib 20:36 06.03.2021)
Məsələn, keçən ilin fevral ayında bir litri 10 lirə 90 quruşa satılan günəbaxan yağının qiyməti bu ilin fevral ayında 55,4 faiz artaraq 16 lirə 97 quruşa qalxıb.

BAKI, 6 mart — Sputnik. Türkiydədə qida məhsullarının qiyməti bahalaşıb.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Türkiyənin Statistika Komitəsi son bir ildə qida məhsullarının qiyməti ilə bağlı statistikanı açıqlayıb.

Keçən ilin fevralından bu ilin fevralına qədər 50-dən çox əsas qida məhsulu üzrə qiymətlər artıb. Yalnız son bir ildə qiymətləri olduqca yüksək olan kartof və soğan kimi məhsullarda bir qədər ucuzlaşma olub.

Məsələn, keçən ilin fevral ayında bir litri 10 lirə 90 quruşa satılan günəbaxan yağının qiyməti bu ilin fevral ayında 55,4 faiz artaraq 16 lirə 97 quruşa qalxıb.

1 ədədi keçən il 54 quruşa satılan yumurta bu ilin fevral ayında 52 faiz artaraq 82 quruşa çatıb. Mərciməyin kilosu təxminən 7 lirədən 11 lirəyə, portağalın kilosu isə 3 lirədən 5 lirəyə çatıb.

Ən çox bahalaşan məhsullardan - günəbaxan yağını, portağalı, yumurtanı, mərcini, kəvəri, toyuq ətini, margarini, qırmızı turpu, düyünü, unu, südü, çörəyi və s. göstərmək olar.

16
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0