CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Manat üçün real təhlükə varmı: dollara tələb niyə artıb?

© Sputnik / Murad OrujovДоллары США и азербайджанские манаты
Доллары США и азербайджанские манаты - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Bank manatın ucuzlaşması ilə bağlı məlumatların əsassız olduğunu bildirir, ekspertlər isə iddia edirlər ki, manatın məzənnəsini dəstəkləyən addımlar atılmalıdır.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Son günlər valyuta hərracında dollara tələbdə artım müşahidə edilir. Yanvarın 12-də keçirilən valyuta hərracında tələb 142,2 mln. ABŞ dolları olub və bu da ondan əvvəlki tələblə müqayisədə 2 dəfə çoxdur. Mərkəzi Bankın açıqlamasına əsasən nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək.

Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

"Əkrəm Həsənov və partnyorları" hüquq şirkətinin direktoru, maliyyəçi Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, son günlər nağd dollara tələbin artmasının heç bir obyektiv əsası yoxdur: "Çünki hazırda dövriyyədə olan manat kütləsi azdır. Mərkəzi Bankın siyasəti dövriyyədə olan manat kütləsinin azaldılmasına və iqtisadiyyatın kobud şəkildə desək, pulsuz qoyulmasına yönəlib. Məqsəd devalvasiya və inflyasiya ilə mübarizədir. Ancaq bunun nə dərəcədə doğru olub-olmaması başqa məsələdir. Yəni hər bir halda iqtisadiyyata pul lazımdır. Pulsuz iqtisadiyyat qansız bədən kimidir".

O bildirib ki, hazırda dövriyyədə manat az olduğu üçün dollara tələb elə də yüksək ola bilməz: "Burada daha çox psixoloji amillər var. Kimlərsə təlaş, ajiotaj yaradırlar ki, dollara tələbat olsun. Böyük ehtimalla onlar "qara bazar"ı stimullaşdırmaq istəyirlər. Bəlkə də elə "qara bazar"ın sahibləri bunu edirlər ki, hamı bunlardan dollar alsın. Çünki ola bilərdi ki, ilin əvvəlinə bəzi banklarda dollar kifayət qədər olmasın. Dollar alanların tələbatı təmin ediləcəksə, problem olmayacaq və dediyim kimi, obyektiv olaraq belə bir məsələ də yoxdur".

İqtisadçının fikrincə, əgər Mərkəzi Bank bu siyasətini davam etdirsə, manatın məzənnəsi sabit qalacaq: "Çünki dövriyyədə manat azdırsa, deməli, onun sabit qiyməti də saxlanacaq.

Mərkəzi Bank manatın kütləsini azaldıb, banklara kifayət qədər kredit vermir. Buna görə banklar da iqtisadiyyatı kreditləşdirmirlər. Belə olanda da iqtisadiyyat pulsuzluqdan "boğulur" və iqtisadi aktivlik aşağı düşür. Bu zaman təbii ki, manatın məzənnəsi sabit olacaq. Lakin bunun nə dərəcədə iqtisadiyyata xeyirli olması başqa məsələdir. Təəssüf ki, Mərkəzi Bankın son illərdəki siyasəti budur".

Qeyd edək ki, Mərkəzi Bank da manatın ucuzlaşması ilə bağlı məlumatların əsassız olduğunu bildirir. Mətbuata verilmiş açıqlamada deyilir ki, neft qiymətlərinin sabitləşməsi, həmçinin Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertləri manatın ucuzlaşmasına imkan verməyəcək. Buna təsir edən amillər sırasına sonuncu OPEC+ toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunmasını, həmçinin COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını da aid etmək olar.

Доллары США, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dollar ucuzlaşır, bitkoin rekord vurur - kriptovalyuta biznesinə girişməyə dəyərmi?

İqtisadçı Natiq Cəfərlinin fikrincə, Mərkəzi Bank israrla manatın məzənnəsi ilə bağlı heç bir problemin olmayacağını söyləyirsə, bunu dəstəkləyən bəzi qərarlar da almalıdır. İqtisadçı Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə iqtisadi fəallıq artacaqsa, dollara da tələb artacaq: "Azərbaycan da məhdudiyyətləri aradan qaldırsa, karantin tədbirləri başa çatsa, dollara tələb artacaq. Mərkəzi Bank valyuta bazarında satış həcmi ilə bağlı məhdudiyyətlər qoyub. Bu məhdudiyyətlərin olması ajiotaja səbəb olur. Son zamanlar ümumiyyətlə banklarda dollar satışı çox axsayır. Bütün bu məhdudiyyətlər, çətinliklər şayiələrin və gözləntilərin də artmasına səbəb olur".

Natiq Cəfərli onu da əlavə edib ki, dövlətin kifayət qədər vəsaiti var ki, manatın məzənnəsini bu il ərzində sabit saxlasın.

Öz növbəsində Mərkəzi Bank bildirir ki, son günlər bəzi internet səhifələrində guya bankların qeyri-nağd ABŞ dolları satışlarında problem olduğunu və bunun valyuta hərracları ilə bağlı olduğunu iddia edən fikirlər də əsassızdır.

"Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə (çərşənbə axşamı və cümə axşamı) keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir. Bir daha vurğulamaq istərdik ki, 2017-ci ildən başlayaraq artıq 4 il ərzində milli valyutanın məzənnəsi sabitdir və cari ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaq".
Xəbər lenti
0