BAKI, 13 yanvar — Sputnik. 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 673,1 milyon manat, xərcləri isə 26 417,1 milyon manat təşkil edib.
Sputnik Azərbycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 1,9% və 8,2% çoxdur.
Dövlət büdcəsinin kəsiri 1 744 mln. manat və ya ümumi daxili məhsulun (ÜDM) 2,4%-ni təşkil edib.
2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun həcmi 2019-cu il ilə müqayisədə 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7 262,8 manata bərabər olub və bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5% azalıb.
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.
Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.
BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.
O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.