CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dollar ucuzlaşır, bitkoin rekord vurur - kriptovalyuta biznesinə girişməyə dəyərmi?

© AFP 2023 / YURI CORTEZДоллары США, фото из архива
Доллары США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı: "Kriptovalyutalar gələcəyin ödəniş vasitəsidir. Yaxın 10 ildə kriptovalyutaların dünya ölkələrinin əksəriyyətində ciddi şəkildə tətbiq olunan ödəniş alətlərindən birinə çevriləcəyi gözlənilir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 38 min dollara qalxaraq rekordu təzələyib.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadla xəbər verir ki, bitkoinin qiyməti ABŞ-dakı son etirazlar fonunda tarixi maksimumunu yeniləyib. Kriptovalyutanın dəyəri 8.82 faiz artaraq 37 min 994 dollar olub. ABŞ Prezidenti Donald Trampın tərəfdarlarının seçkilərin nəticələrinə etiraz olaraq Konqres binasına daxil olması bitkoinin məzənnəsinin kəskin qalxmasına səbəb olub. Dekabr ayında dünyada təxminən 19 milyon bitkoin olub və 2021-ci ildə onların sayının 21 milyona çatacağı gözlənilir. Bununla birlikdə, tələb təklifi üstələməyə və kriptovalyuta bahalaşmağa davam edəcək.

Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Bəs kriptovalyutaların, o cümlədən bitkoinin perspektivləri varmı? Kriptovalyuta Azərbaycanda geniş şəkildə tətbiq edilə bilərmi?

"İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, bitkoinin arxasında hər hansı bir iqtisadi və siyasi sistem, institusional sistem dayanmır: "Bitkoin sadəcə blokçeyn texnologiyaları əsasında yaradılan alətdir. Hazırda müxtəlif biznes subyektləri, investorlar bu prosesdə maraqlıdırlar və bitkoinə yatırımlar edirlər. Onlar bitkoindən həmçinin ödəniş aləti kimi istifadə edirlər".

O bildirib ki, bir çox səbəblər bitkoinin bahalaşmasını şərtləndirib:

"2020-ci ildə dünyada vergi ödəyicilərinin imkanları əhəmiyyətli səviyyədə məhdudlaşıb, onların maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri pisləşib. Beləcə onlar yayınma üsullarından istifadə edərək öz dövriyyələrini həyata keçirməyə cəhd göstəriblər. Bu kimi cəhdlər qiymətin kəskin şəkildə artmasını şərtləndirir. Bitkoin bazarı çox böyük deyil, 300-400 milyardlıq bazardır. Digər tərəfdən, dolların ucuzlaşması tendensiyası var. İnvestorlar qısa müddətli dövrlərdə bitkoin bazarında olan dəyişmələrdən gəlir əldə etmək istəyirlər. Yəni buna qısamüddətli yatırım vasitəsi kimi də baxırlar".

"Kriptovalyutalar gələcəyin ödəniş vasitəsidir. Yaxın 10 ildə kriptovalyutaların dünya ölkələrinin əksəriyyətində ciddi şəkildə tətbiq olunan ödəniş alətlərindən birinə çevriləcəyi gözlənilir. Mərkəzi banklar bu istiqamətdə mövqe ortaya qoymağa başlayıblar. Əksər mərkəzi banklar artıq faktiki olaraq kriptovalyuta emissiyasını ya araşdırır, ya da bununla bağlı hüquqi mühitin formalaşması istiqamətində işlər görürlər. Azərbaycanda da bu istiqamətdə araşdırma və təhlillərin aparılmasına başlanılıb. Başqa sözlə, kriptovalyuta növbəti 10 ildə dünya üçün əsas ödəniş alətərindən biri olacaq", - deyə ekspert qeyd edib.

Virtual pul vahidi bitkoin - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Kriptovalyuta rekord vurur - "Vəziyyətin bir qədər düzələcəyini gözləyirdik"

İqtisadçının sözlərinə görə, kriptovalyutaların bir çox üstünlükləri var: "Burada əlavə xərclərə, nominalların, əsginasların emissiyasına ehtiyac olmur və sürət həddindən artıq yüksəkdir. Bu gün bankların nəzarəti və s. səbəblərdən bəzi hallarda pul köçürmələri 2-3 gün vaxt aparır. Kriptovalyuta ilə ödənişlər anında olan ödənişlərdir və ona görə də biznesin, hətta böyük oyunçuların belə ("BP", "Tesla" şirkətləri və s.) çox diqqətini çəkir. Sonrakı mərhələdə digital texnologiyaların geniş şəkildə tətbiqi kriptovalyutanın da əsas alət kimi istifadəsinə gətirib çıxaracaq".

Onun fikrincə, Azərbaycan da bu prosesə qoşulmaq məcburiyyətindədir: "Yaxın gələcəkdə Azərbaycanda da biznes subyektləri üçün buna zərurət yaranacaq. Kriptovalyutalarda əsas narahatlıq nəzarət imkanlarının məhdud olmasıdır. Əgər kütləvi şəkildə kriptovalyuta tətbiq edilərsə, bunu tənzimləmək üçün hüquqi əsaslar yaradılmalıdır. Biz bu istiqamətdə hüquqi bazanın yaradılması üçün böyük ehtimal qabaqcıl ölkələrin (Böyük Britaniya və s.) əldə etdiyi nəticələrə uyğun hərəkət edəcəyik".

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, bitkoin spekulyativ məhsuldur: "Ona görə də bitkoinin geniş vüsət alması maliyyə bazarlarında ciddi problemlərə səbəb ola bilər. Amma bu, o demək deyil ki, biz rəqəmsal valyutaların tətbiqindən uzaqlaşmalıyıq. Əksinə, bu təcrübə rəqəmsallaşma maliyyə bazarlarında geniş tətbiq olunmalıdır. Lakin emissiya dövlət tərəfindən həyata keçirilməlidir ki, spekulyativ qaydada maliyyə bazarında qeyri-sabitlik meyillərinin qarşısı alınsın".

Qeyd edək ki, ötən aylarda mətbuatda gedən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, biz kriptovalyuta mövzusunu yaxından izləyirik və Azərbaycan Mərkəzi Bankı ilə bu istiqamətdə işləyirik: "Maliyyə sistemimizin və iqtisadiyyatımızın xüsusiyyətlərindən irəli gələrək Azərbaycan burada daha mühafizəkar siyasətə üstünlük verir. Xüsusilə, tənzimləmə ilə bağlı, mənim fikrimcə, əsas suallar irəlidədir və bu məsələnin siyasi aspektinin kökü dövlətlərin gələcəkdə verəcəkləri qərardan asılı olacaq.

Ödəniş vasitəsi üzərində dövlətin inhisarının əldən verilməsi həddindən artıq həssas və mürəkkəb qərardır. Onun fəsadlarının hamısının hesablanması və nəzərə alınması çox kompleks bir prosesdir. Məhz bu səbəbdən dünyada fərqli yanaşmalar mövcuddur və vahid mövqe formalaşmayana qədər burada sağlam mühafizəkarlığa üstünlük verilməlidir. Hesab edirəm ki, biz bir kateqoriyadan çıxış etməliyik. Əgər özəl investorlardırsa, özəl tələblərdirsə, prinsip etibarilə bu sahəni izləmək vacibdir. Kriptovalyuta bazarını yüksək riskli aktivlər siyahısına aid edərdim".

Xatırladaq ki, 2008-ci ildə yaradılan bu valyuta qlobal bazarlarda dollar və avroya alternativ olaraq təqdim edilir. Bitkoinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, Mərkəzi Bank da daxil olmaqla hər hansı bir dövlət qurumu tərəfindən idarə olunmur. Ona görə də valyutaların qiymət hərəkəti bitkoinə heç vaxt təsir etmir. Onun dəyəri bazarda tələb və təklif şərtləri ilə müəyyən edilir.

Xəbər lenti
0