Mənzilin giriş qapısı, arxiv şəkli

Fil, üstündə bülbül - Ev alanda üç yüz manatına qıymayan sonra başına döyür

167
(Yenilənib 16:51 07.01.2021)
E.Fərzəliyev qeyd edib ki, bu səbəbdən vətəndaşlar mənzil alqı-satqısı zamanı hüquqşünasa müraciət etməli və hüquqi əsaslarla alqı-satqı etməlidirlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 7 yanvar — Sputnik. Ötən il pandemiya ilə əlaqədar olaraq, bütün sahələrdə olduğu kimi daşınmaz əmlak bazarında da durğunluq müşahidə edildi. Alqı-satqı prosesləri azaldı.

Mütəxəssislərin fikrincə, vətəndaşlar ötən il ala bilmədikləri mənzillərə bu il sahib olmağa çalışacaqlar.

Biz bu rəngi sevmirik? Bakı bir ovuc yaşıllığa möhtac qalıb>>

Bəs mənzil alarkən nəyə diqqət etmək lazımdır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mənzillər satışa çıxarışla, müqavilə ilə qeydiyyat yolu və ya sənədsiz olaraq çıxarılır.

"Çıxarışlı mənzil alarkən vətəndaş mənzilin sənədlərini yoxlatdırmalıdır. Mənzil kimin adınadır, sahibi sağdırmı, evi satırmı, qeydiyyatda neçə nəfər var, qeydiyyatda olan şəxslər mənzilin satılmasına razıdırmı və s. bu suallara cavab tapmalıdır. Düzdür, mənzilin sənədlərində hansısa bir problem olduğu zaman notarius alqı-satqı prosesini reallaşdırmır. Ancaq burada başqa bir problemli məsələ var. Ev satılır, amma evdə qeydiyyatda adamlar qalır. Vətəndaş evi alır, aylar-illər keçsə də, qeydiyyatda olan şəxslər qeydiyyatdan çıxmırlar. Bu halda vətəndaş məcbur qalıb həmin şəxsləri məhkəməyə verir və uzun sürən məhkəmə proseslərindən sonra onlar qeydiyyatdan çıxarılırlar. Bu isə əlavə vaxt itkisi, əlavə xərc deməkdir", - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, vətəndaş ev alarkən evdə qeydiyyatda heç kimin qalmamasına önəm verməlidir.

Mütəxəssis qeyd edir ki, adətən ev alarkən qeydiyyatda olan şəxslər varsa, alan şəxslər qeydiyyatda olan şəxslərin evdən qeydiyyatdan çıxmasına qədər müəyyən qədər pul saxlayırlar: "Əgər çıxarış vətəndaşın adınadırsa, qeydiyyatda olan şəxslərin heç bir hüququ olmamalıdır. Bu baxımdan müştəri ev alarkən bu məsələləri araşdırmalıdır. Yaxşı olar ki, vətəndaşlar çıxarışın surətini notarial qaydada yoxlatsınlar".

Vətəndaş MTK-dan müqavilə əsasında mənzil alırsa, o zaman ancaq tikinti şirkətinin məlumatlarına etimad etməkdən başqa çarəsi qalmır: "Çünki vətəndaşa bu barədə məlumat verə biləcək başqa bir qurum yoxdur.

Bu zaman vətəndaşlar aldadıla bilərlər. Bir mənzil bir neçə nəfərə satıla bilər. Bu səbəbdən də vətəndaşlar mənzil alarkən ya əmlak məsələləri üzrə ekspertlərə, ya da hüquqşünaslara müraciət edərək, aldadılmamaları üçün hüquqi əsaslarla mənzil almalıdırlar. Ancaq bəzən vətəndaşlar 100 minlərlə vəsait ayırıb, mənzil alır, ancaq 300 manat ayırıb hüquqşünasa müraciət etmirlər. Bu səbəbdən də bu günə qədər bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı problemlər var ki, öz həllini tapa bilmir".

Əmlak bazarında daha çox satılan evlər sənədsiz evlərdir. Bu evlər vətəndaşların bir-birinə inamı əsasında satılır. Evlərin sərəncamı və yaxud qeydiyyatı olur.

"Bəzi evlər bələdiyyə sənədi ilə, bəzi evlər isə kommunal xərclərin ödənilməsinə dair ünvanların verilməsinə əsaslanaraq satılır. Bakıda bu gün aparılan alqı-satqı əməliyyatlarının yarısı sənədsiz evlərlə bağlıdır. Bu evlər satılan zaman itirən dövlət olur. Nadir halda isə sənədsiz ev alan vətəndaşların vəsaitləri təhlükəyə düşür", - deyən ekspert vurğulayıb ki, bütün sənədsiz evlərin çıxarışla təmin edilməsi vacibdir.

Onun sözlərinə görə, çıxarışlı mənzillər və evlər satılan zaman vətəndaş alqı-satqı prosesi zamanı evin hər kvadratına görə vergi ödəyir. Belə ki, fərdi evlərin bir şəxsdən digər şəxsin adına keçirilməsi minimum 2000 min manata başa gəlir.

Bundan başqa, əmlak bazarında etibarnamə ilə mənzil və ya fərdi evlər satılır. Mütəxəssisin fikrincə, etibarnamə ilə alqı-satqı aparmaq təhlükəlidir: "Etibarnamə ilə alqı-satqı aparan zaman satan tərəf bir neçə ay sonra verdiyi etibarnaməni ləğv edə bilər. Bu zaman alıcının həmin proses zamanı xərclədiyi vəsaiti təhlükəyə düşür".

E.Fərzəliyev qeyd edib ki, bu səbəbdən vətəndaşlar mənzil alqı-satqısı zamanı hüquqşünasa müraciət etməli və hüquqi əsaslarla alqı-satqı etməlidirlər.

167
Teqlər:
qeydiyyat, çıxarış, sənəd, ekspert, mənzil
Pul qabı, arxiv şəkli

Beş yüz manatlıq əsginasın sirri çözüldü

23
(Yenilənib 18:36 22.01.2021)
Milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir

BAKI, 22 yanvar — Sputnik. Sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq "kağız pul nişanı"nın təsvirləri yayılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının və "Mərkəzi Bank Haqqında" Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

Bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmamış və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq.

23
Pomidor məhsulunun yüklənməsi

Xaric qadağa qoyur, sahibkarlar isə dövlət qurumundan narazılıq edirlər

60
(Yenilənib 16:09 22.01.2021)
Sahibkarlar uzun illərdir istixanada məhsul becərsələr də, builki kimi çətinliklə üzləşmədiklərini deyirlər.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Ötən ilin sonlarında Rusiya ölkəmizdən pomidor idxalına qadağa qoydu. Hazırda qadağanın bir hissəsi götürülsə də, məhsulun ixracı ilə məşğul olan sahibkarlar maliyyə itkisi ilə üzləşdilər. Bu günlərdə isə Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdığını bildirdi. Sputnik Azərbaycan-ın bölgə müxbiri pomidorun əsas istehsalçısı sayılan qərb bölgəsinin sahibkarları ilə görüşərək qadağaların onlara təsiri barədə söhbətləşib.

Söhbət zamanı məlum olub ki, nəinki Qazaxıstanın qadağası, Rusiya Azərbaycan pomidoruna yaşıl işıq yandırandan sonra belə, Şəmkirdən Rusiyaya tərəvəz vurulmayıb. Bu haqda danışan Tovuz rayon Düz Qırıqlı kəndindən olan sahibkar Rasim Hümbətov dekabrın 5-də yola saldıqları məhsulun geri qaytarılmasından sonra Rusiya bazarlarına tərəvəz aparılmadığını söyləyib.

© Sputnik / Ilham Mustafa
Şəmkirdə yeşikdə pomidor məhsulu

“10 ildir istixanada məhsul becəririk, builki qədər ziyanımız olmamışdı. Dekabrın 5-dən bu günə xaricə malımız çıxmayıb. Məhsulumuzda da heç bir xəstəlik, problem yoxdur. 60 ton mal üstümüzə qaytarıldı. Yerli bazarlarda da tələbat olmadığından xarab oldu”, - deyə məlumat verib.

Sahibkarlar məhsullarında heç bir xəstəliyin olmadığını bildiriblər. Ədalət Zeynalovun sözlərinə görə, Tuta qurdu deyilən xəstəlik qış mövsümündə Şəmkir istixanalarının heç birində olmur. İndiyədək yerli bazarlara verilən mallarda da bu qurda rast gəlinməyib. Lakin yerli bazarlarda qiymətin maya dəyərindən 2-3 dəfə ucuz olması onları müflisləşməklə üz-üzə qoyub:

“Rusiya qadağanı götürdü ki, xəstəlik olmayan pomidor getsin. Buna görə AQTA (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) istixanalarda monitorinq aparıb rəy verməlidir ki, malımız bazara çıxsın. Yanvarın 6-dan AQTA tərəfindən istixanada baxış keçirilərək nümunələr götürülüb. Lakin aradan yarım aydan çox vaxt keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Proses ləng getdiyindən məhsul yetişib xarab olur”.

Fermerlərin sözlərinə görə, yetişmiş məhsul 10 gün ərzində xarab olur. Bu səbəbdən pomidorlar soyuduculara vurularaq saxlanılır ki, bunun özü də əlavə xərc tələb edir. Onlar bildirirlər ki, hər kiloqram üçün pomidorun maya dəyəri 1 manat civarında hesablanır. Yerli bazarlara isə pomidorun cüzi bir hissəsi çıxarılaraq 20-30 qəpiyə satılır.

  • Şəmkirdə yeşiklərdə pomidorlar
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Ədalət Zeynalov
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Rasim Hümbətov
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Sadəddin Rzayev
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə sahibkarlar dövlət qurumundan narazılıq edir
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə pomidor əkin sahəsində şitil
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə pomidor əkin sahəsi
    © Sputnik / Ilham Mustafa
1 / 7
© Sputnik / Ilham Mustafa
Şəmkirdə yeşiklərdə pomidorlar

12 ildir təsərrüfatla məşğul olan Səlahəddin Rzayev isə bir başqa məqama toxunub. Onun fikrincə, Qida Təhlükəsizliyi Agentliyi yalnız iri sahibkarların məhsularına rəy verərək ayrı-seçkiliyə yol verir. Fermer 3 hektardan aşağı torpaq sahəsi olan sahibkarlara agentliyin sertifikat vermək istəmədiyini söyləyib: “Təəssüf ki, tovuzlu və şəmkirli fermerlərin heç birinə icazə verilmir. Yalnız Samux və Abşeron yarımadasında olan böyük istixanalar icazə ala bilirlər. Belə başa düşürük ki, onlar daha böyük sahibkarlardır. AQTA bəyan edir ki, 3 hektardan aşağı torpaq sahəsi olan təsərrüfat sahibləri xaricə mal ixrac edə bilməzlər. Bu hansı məntiqə uyğundur - biz dərk edə bilmirik”.

Şəmkirli sahibkarlar üzləşdikləri problemlərlə əlaqədar aidiyyəti qurumlardan kömək istəyirlər.

60
Teqlər:
Şəmkir, Tovuz, sahibkar, qadağa, ixrac, pomidor

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0