YDM, arxiv şəkli

Büdcəmiz dizeldən "yeyəcək", bəs biz?

155
İqtisadçı: "Yanacaq tariflərinə edilmiş artımların ən sərt formada təzahürü məhz ərzaq məhsullarının qiymətində müşahidə ediləcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Yanvarın 4-də Tarif (qiymət) Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Sputnik Azərbaycan xəbər verir ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Ekspertlər Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının satış qiymətinin artırılmasını Sputnik Azərbaycan-a şərh ediblər.

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, ciddi qiymət artımı dizel ilə bağlıdır: "34 faizə yaxın qiymət artımı var. Dizel yanacağının bir çox sahələrdə maya dəyərinin formalaşmasında ciddi rol oynadığını nəzərə alsaq, bu, inflyasiya proseslərinə təsir edən amilə çevrilə bilər. Dizel yanacağının əsasən aqrar sektora və nəqliyyata ciddi təsirləri var. Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətinin artması isə əsasən nəqliyyat xərclərinə, yəni taksi xidmətinə təsir edə bilər. Bu addım karantin rejimindən sonra şəhərlərarası nəqliyyata, çox güman ki, təsir göstərəcək".

O bildirib ki, bunun aqrar sektora təsirləri daha böyük olacaq:

"Çünki aqrar sahədə maya dəyərinin formalaşmasında təxminən 30 faizə yaxını məhz yanacaq təşkil edir. Dizel yanacağının qiymətinin 34 faiz artması yeni aqrar mövsümdə kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olan əsas amilə çevriləcək. Amma bu gündən bəzi sahələrdə nəqliyyat xərclərinin artması ilə bağlı qiymət artımını müşahidə edə bilərik. Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, subsidiyaların məbləğinə də yenidən baxılacaq. Amma hər bir halda bu artım aqrar sahədə qiymətlərə təsir göstərəcək".

İqtisadçının fikrincə, qiymət artımı daha çox SOCAR-a müsbət təsir göstərəcək: "Bu il dotasiyaların azaldılması nəzərdə tutulub. Dotasiyaların azaldılması bir tərəfdən müsbət addımdır. Çünki dövlət şirkətlərinin böyük əksəriyyəti dotasiya ilə fəaliyyət göstərdiyindən qeyri-effektiv nəticələr əldə edilirdi. İnvestisiya Holdinqinin yaranması da buna görə baş verdi. Yəqin, dotasiyaların azalmasını, o cümlədən SOCAR-a olan dotasiyaların azalmasının bir qismini kompensasiya etmək üçün bu qiymət artımından istifadə olunacaq. Çünki qiymət artımından ən çox qazanan şirkət məhz SOCAR-dır. Ona görə də bu, yəqin, dotasiyaların azaldılması ilə əlaqədardır. Bu addım müsbət mənada daha çox SOCAR-a təsir edəcək".

"İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov da Sputnik Azərbaycan-a deyib ki, benzin və dizel bütün mal və xidmətlərin maya dəyərində hansısa həcmdə öz əksini tapır: "Benzin və dizelin qiymətinin artırılmasından təxminən 486-500 milyon manat arasında zərər formalaşacaq. Bu zərərin 330 milyon manatı dizelin qiymətinin bahalaşmasından yaranır. Zərərin digər hissəsi isə benzinin qiymətinin formalaşmasından yaranır. Zərərin əhəmiyyətli hissəsi, yəni 300 milyon manatdan çox hissəsi nəqliyyat sektorunun payına düşür. Beləcə, nəqliyyat sektoru daha çox zərər görür".

O bildirib ki, qiymət artımından kənd təsərrüfatı sahəsində 70-75 milyon manat arasında zərər yaranacağı ehtimal olunur: "Bilirsiniz ki, kənd təsərrüfatında istifadə olunan dizel yanacağına görə də subsidiya verilir. Subsidiya məbləğləri artırılarsa, bu zərər qismən azaldıla bilər. Amma zərərin tam aradan qaldırılması mümkün deyil. Kənd təsərrüfatı yalnız əkinçiliklə bağlı deyil. Bu sahədə fəaliyyətin müxtəlif istiqamətlərində (logistika, daşınma, məhsulların çatdırılması və s.) yanacaqdan istifadə olunur. Onlar bu məsələlər üzrə subsidiya almırlar. Ona görə də subsidiya mexanizmi təkmilləşsə belə, tam əhatəli olmayacaq. Yəni kənd təsərrüfatı üçün də qismən zərər formalaşacaq".

"Ola bilər, yaxın 1-2 ayda yanacaq tariflərinə edilmiş artımlar qiymətlərdə öz əksini tapmasın. Lakin 3-5 ay ərzində və yaxud 1 ildə yanacaq üzrə tarif dəyişikliyi qiymətlərdə öz əksini tapacaq. Bu vəsaitlər də dolayısı ilə vətəndaşlardan alınmış olacaq. Qiymət artımının məqsədi ondan ibarətdir ki, büdcəyə əlavə gəlir mənbəyi formalaşsın", - deyə o qeyd edib.

Bu addımın ərzaq qiymətlərinə təsirinə gəlincə, ekspert bildirib ki, bu, ən asan şəkildə ərzaq qiymətlərində özünü göstərəcək: "Çünki bunlar zəruri tələbat məhsullarıdır. Qiymət artımlarını sahibkarlar rahat şəkildə bazara diqtə edə bilirlər. Yanacaq tariflərinə edilmiş artımların ən sərt formada təzahürü məhz ərzaq məhsullarının qiymətində müşahidə ediləcək".

Qeyd edək ki, 2021-ci il yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. SOCAR-ın müraciətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb. Qeyd edilməlidir ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Məlumat üçün bildirək ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada orta hesabla 1,0 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. Dizel yanacağının qiyməti isə 1 litr üçün Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat, Gürcüstanda 1,15 manat səviyyəsindədir.

Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına paralel olaraq, benzinə və dizelə tələbat da yüksəlib.

Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 02.12.2013-cü il, Aİ-92 markalı benzin üzrə isə 14.07.2017-ci il tarixlərində aparılıb. Həmin dövrlərdə ölkə üzrə orta aylıq əmək haqqı müvafiq olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Keçən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib.

Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq, həmçinin ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yönəldiləcək.

Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.

Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.

Bununla yanaşı, dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılacaq.

155
Teqlər:
logistika, aqrar, şərh, ekspert, qərar, Tarif Şurası, qiymət artımı, benzin, dizel
Mövzu:
Tarif Şurasının sürprizləri (6)
Vergi Məcəlləsi, arxiv şəkli

Vergi Xidmətinin büdcəyə ödədiyi vəsaitin məbləği açıqlanıb

14
(Yenilənib 14:17 18.01.2021)
Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır

BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən ötən il dövlət büdcəsinə 7,4 mlrd. manata yaxın vəsait daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.

Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır: "Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var".

14

Professor: “Artıq ölkədə bölgədə yeni proseslərin şahidi olacağıq”

22
(Yenilənib 09:39 18.01.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, son razılaşma ötən yüz ilin ən strateji, sistemli və ən əsası kompleks bir razışlaşma kimi dəyərləndirilməlidir
Elşad Məmmədov: “Bu, regional inkişafın dayanıqlı şəkildə formalaşmasına şərait yaradacaq”

“Bu gün imzalanan bəyanat bizim məqsədlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların bitirilməsinə dair bəyannamənin maddələrindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, regionun inkişafına böyük dinamizm gətirə biləcək sahədir, o, həmçinin təhlükəsizliyi də möhkəmlədəcək. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya və bizim digər qonşularımızın xalqlarının maraqlarına cavab verir”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdə deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, son otuz il ərzində Azərbaycan vahid təssrüfat sistemi baxımından ciddi problemlərlə üzləşirdi:

“Faktiki olaraq Naxçıvan Azərbaycanın iqtisadi inkişafından təcrid olunmuşdu. Düzdür, müxtəlif ölkələr vasitəsilə əlaqələr mövcud idi, amma bu bir sıra problemlər yaradırdı. Ona görə də hesab edirəm ki, Naxçıvanla əlaqələrin dəhlizlə vasitəsilə reallaşdırılması olduqca mühim məsələdir. Bu regional inkişafın daha dayanıqlı şəkildə formalaşmasına şərait yaradacaq. Artıq ölkədə və bölgədə yeni proseslərin şahidi olacağıq. Son razılaşma ötən yüz il ərzində ən strateji, sistemli və ən  əsası kompleks bir razışlaşma kimi dəyərləndirilməlidir”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağın inkişafına dair işçi qrupu yanvarın 30-dək ilk iclasını keçirəcək. Bu barədə üç ölkə liderinin Kremldə aparılan birgə danışıqlarının yekununa həsr olunmuş bəyanatında deyilir.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

22
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0