Azərbaycan Mərkəzi Bankının binası, arxiv şəkli

Sahibkarlara xoş xəbər: Mərkəzi Bank vaxtı uzatdı

33
(Yenilənib 15:50 30.12.2020)
Kredit təşkilatlarının tənzimləmə yükünün azaldılması və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması istiqamətində 30 dekabr 2020-ci il tarixinədək qəbul edilmiş qərarların və tövsiyələrin tətbiqi müddəti 01 aprel 2021-ci il tarixinədək uzadılıb

BAKI, 30 dekabr — Sputnik. "Karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi" tədbirinin icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketi təsdiq edilib və "Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası" qəbul olunub.

Sputnik Azərbaycan xəbər verir ki, cari ilin sentyabr ayında Mərkəzi Bankın yayımladığı açıqlamada məlumat verildiyi kimi, tədbirlər paketi ilə müəyyən edilmiş ilkin müddət keçdikdən sonra, pandemiya şəraitinin davam etməsi nəzərə alınaraq müvafiq qərar və tövsiyələrin böyük əksəriyyətinin tətbiqi müddəti Mərkəzi Bankın İdarə Heyətinin 30.09.2020-ci il tarixli, 45 saylı qərarı ilə 01 yanvar 2021-ci il tarixinədək uzadılıb. Bununla, fiziki şəxslərin və pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, habelə bank sektoru üzrə requlyativ çərçivənin modifikasiyası tədbirləri çərçivəsində 01 yanvar 2021-ci il tarixinədək kreditlərin təsnifləşdirilməsi üzrə requlyativ tələblər yumşaldılıb və dividend ödənişləri məhdudlaşdırılıb, kreditlərin təsnifləşdirilməsi üzrə güzəştlər faizləri subsidiyalaşdırılan sahibkarlıq kreditlərinə və dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasına şamil edilib. Bununla yanaşı, kredit təşkilatlarına 01 yanvar 2021-ci il tarixinədək əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, həmçinin borcalanlar üzrə neqativ kredit tarixçəsi barədə məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunması tövsiyə edilib.

Pandemiyanın yenidən genişlənməsi ilə əlaqədar karantin tədbirlərinin və bəzi iqtisadi fəaliyyət sahələrində məhdudiyyətlərin yenidən tətbiq edilməsi fonunda müşahidə edilən biznes və ev təsərrüfatlarının iqtisadi aktivliyinin və gəlirlərinin aşağı düşmәsi təbii ki, maliyyə sektoruna təsirsiz qalmır.

Qeyd olunanları, habelə, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin davam etdirilməsi nəzərə alınmaqla, Mərkəzi Bankın requlyativ siyasətinin iqtisadiyyatın dəstəklənməsi üzrə hökumət siyasəti ilə sinxronlaşdırılması məqsədilə, kredit təşkilatlarının tənzimləmə yükünün azaldılması və maliyyə xidmətlərinin istehlakçılarının hüquqlarının qorunması istiqamətində 30 dekabr 2020-ci il tarixinədək qəbul edilmiş qərarların və tövsiyələrin tətbiqi müddətinin 01 aprel 2021-ci il tarixinədək uzadılması məqsədəuyğun hesab edilib.

Belə ki, dövlətin dəstək mexanizmləri ilə əhatə olunan və restrukturizasiya olunmuş kreditlərlə, habelə kapital adekvatlığı əmsalının minimum həddi, əməliyyat və bazar risklərinin kapitalda nəzərə alınması və kontr-tsiklik kapital buferi ilə əlaqədar güzəştlərin tətbiqi müddətinin 01 aprel 2021-ci il tarixinədək uzadılması, eyni zamanda, cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı məlumatların kredit bürosuna xüsusi qeydlə təqdim olunmasına dair kredit təşkilatlarına verilmiş tövsiyələrin həmin tarixədək qüvvədə saxlanılması nəzərdə tutulur.

Pandemiya dövründə nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və iqtisadi subyektlərin bu xidmətlər üzrə xərclərinin azaldılması məqsədilə Mərkəzi Bankın banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının, habelə sahibkarların ödəniş kartları üzrə ekvayer tariflərinin 50% aşağı salınması qərarı 01 aprel 2021-ci il tarixinədək uzadılıb.

Həmçinin, qiymətli kağızlar bazarı iştirakçılarına verilmiş requlyativ güzəştlərin müddətləri, eyni zamanda, qiymətli kağızlar bazarında bağlanan əqdlər üzrə tariflərin, habelə Bakı Fond Birjasında listinqə daxil olması tariflərinin tətbiqinin 01 aprel 2021-ci ilədək təxirə salınması qərara alınıb.

33
Teqlər:
paket, dəstək, kredit, Mərkəzi Bank, sahibkar, sahibkarlıq
Vergi Məcəlləsi, arxiv şəkli

Vergi Xidmətinin büdcəyə ödədiyi vəsaitin məbləği açıqlanıb

14
(Yenilənib 14:17 18.01.2021)
Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır

BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən ötən il dövlət büdcəsinə 7,4 mlrd. manata yaxın vəsait daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.

Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır: "Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var".

14

Professor: “Artıq ölkədə bölgədə yeni proseslərin şahidi olacağıq”

22
(Yenilənib 09:39 18.01.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, son razılaşma ötən yüz ilin ən strateji, sistemli və ən əsası kompleks bir razışlaşma kimi dəyərləndirilməlidir
Elşad Məmmədov: “Bu, regional inkişafın dayanıqlı şəkildə formalaşmasına şərait yaradacaq”

“Bu gün imzalanan bəyanat bizim məqsədlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların bitirilməsinə dair bəyannamənin maddələrindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, regionun inkişafına böyük dinamizm gətirə biləcək sahədir, o, həmçinin təhlükəsizliyi də möhkəmlədəcək. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya və bizim digər qonşularımızın xalqlarının maraqlarına cavab verir”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdə deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, son otuz il ərzində Azərbaycan vahid təssrüfat sistemi baxımından ciddi problemlərlə üzləşirdi:

“Faktiki olaraq Naxçıvan Azərbaycanın iqtisadi inkişafından təcrid olunmuşdu. Düzdür, müxtəlif ölkələr vasitəsilə əlaqələr mövcud idi, amma bu bir sıra problemlər yaradırdı. Ona görə də hesab edirəm ki, Naxçıvanla əlaqələrin dəhlizlə vasitəsilə reallaşdırılması olduqca mühim məsələdir. Bu regional inkişafın daha dayanıqlı şəkildə formalaşmasına şərait yaradacaq. Artıq ölkədə və bölgədə yeni proseslərin şahidi olacağıq. Son razılaşma ötən yüz il ərzində ən strateji, sistemli və ən  əsası kompleks bir razışlaşma kimi dəyərləndirilməlidir”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağın inkişafına dair işçi qrupu yanvarın 30-dək ilk iclasını keçirəcək. Bu barədə üç ölkə liderinin Kremldə aparılan birgə danışıqlarının yekununa həsr olunmuş bəyanatında deyilir.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

22
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

0
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

0