Yarmarka, arxiv şəkli

Min bir dərdin dərmanına əlac tapılmadı: Rusiya almır, ərəblər vaxt istəyir

148
(Yenilənib 22:28 29.12.2020)
İqtisadçı: "Fermer almanı ixrac edə bilməyəndə məhsulu daxili bazarda satmağa çalışacaq. Məhsul da bol olanda qiymət düşəcək. Hələ ki, bizim yeganə bazarımız Rusiyadır".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. "Hər gün bir alma yesən, həkim nədir bilməzsən", "Gündə bir alma, həkimə möhtac qalma" kimi deyimlərə gündəlik həyatda çox rast gəlirik. Bunlar almanın insana faydalarını anlatmağın ən primitiv yoludur. Almanlar deyir ki, alma həkimlərin insana qadağan etmədiyi yeganə nemətdir. Bu nemətin ən yaxşılarının yetişdiyi ölkələrdən biri də Azərbaycandır. Fəqət azərbaycanlı bağbanlar min zəhmətlə yetişdirdikləri bu "min bir dərdin dərmanı"nı satmağa ya bazar tapmırlar, ya da onu dəyər-dəyməzə satmaq məcburiyyətində qalırlar. 

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") dekabrın 21-dən Azərbaycandan alma idxalına qoyulan məhdudiyyətin bir hissəsini götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, xidmət Şabranın "TURAZ", "Ran Fruit" və "Əsədov Vahid" MMC-lərindən Rusiyaya alma idxalına qoyulan qadağanı ləğv edib.

Alma ixracının statistikası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin direktor müavini Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın cəmi alma ixracı 51,2 min ton və ya 21,2 milyon ABŞ dolları olub: "Bu da ötən ilin eyni dövrü ilə müqayisədə natural ifadədə 27,0 % azalma deməkdir. Cari ilin ilk 10 ayında Rusiyaya alma ixracı isə keçən ilin eyni dövrü ilə müqayisədə 25,9 % azalaraq 47,5 min ton olub. Bu ilin 10 ayında Rusiyaya alma ixracının dəyəri 19,9 milyon dollar təşkil edib".

İqtisadçı, Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında alma ixracının azalmasından, Rusiyanın alma idxalına qoyduğu məhdudiyyətdən danışıb.

İqtisadçı deyib ki, ölkəmizdə alma ixracının azalmasının əsas səbəbi yeni intensiv bağların salınması ilə əlaqədardır:

"Azərbaycanda alma əsasən şimal bölgəsində yetişdirilir. Burada köhnə alma bağları ləğv edilir, yeni intensiv bağlar salınır. İntensiv bağlar da ən çox 3 ilə məhsuldar səviyyəyə gəlirlər. Köhnə alma bağları kütləvi şəkildə ləğv edilir. Ona görə də ixracın azalması müvəqqəti xarakter daşıyır. Düzdür, bəzi hallarda alma yerinə gilas da əkilir, amma yeni salınan intensiv alma bağları kifayət qədər var. Bir az vaxt lazımdır ki, bu bağlar bəhrəsini versinlər. Bizim alma ixracımızın azalması bununla bağlıdır və müvəqqəti haldır".

"İntensiv bağlarda yeni alma sortları əkilib və bunlar dünya bazarında daha baha qiymətə satılır. Bunlar adi ağ almadan daha bahadır. Ona görə də fermerlər köhnə bağları ləğv edib, yeni intensiv bağlar salırlar. Burada sadəcə bir az vaxt lazımdır", - deyə ekspert qeyd edib.

Şəki-Zaqatala bölgəsində alma, şaftalı və nektarində xəstəlik tapılıb
© The Food Safety Agency of the Republic of Azerbaijan

O bildirib ki, hələlik 3 müəssisədən alma məhsulunun Rusiyaya ixracına icazə verilib: "Bizdə istixanalarda və bağlarda aqrotexniki qaydalar eynidir. Bu qadağa davam etsə, bizim fermerlər üçün çətin olacaq. Bu, gübrə, pestisid satan şirkətlərə də mənfi təsir edir. Ötən il də belə bir problem oldu, lakin həll edildi. Əgər qadağa uzun müddət davam etsə, bu istiqamətdə böyük problemlər yarana bilər".

Onun sözlərinə görə, əgər qadağa davam etsə, yerli bazarda almanın qiyməti ucuzlaşacaq:

"Almanı soyuducu anbarlarda 3-5 ay saxlamaq mümkündür. Fermer almanı ixrac edə bilməyəndə məhsulu daxili bazarda satmağa çalışacaq. Məhsul da bol olanda qiymət düşəcək. Hələ ki, bizim yeganə bazarımız Rusiyadır. Ərəb ölkələrinə alma ixrac etmək üçün vaxt lazımdır. Ən azı 2-3 il lazımdır ki, alternativ bazara çıxa bilək".

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, Azərbaycandan Rusiyaya ixrac olunan bəzi məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Məsələ ilə bağlı AQTA və "Rosselxoznadzor" nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb. Həmçinin keçirilən görüşlərdə məsələnin həlli istiqamətində irəli sürülən təkliflər mütəxəssislərin iştirakı ilə ətraflı təhlil olunub.

Aparılan müzakirələr nəticəsində artıq "Agroterm" MMC (Xızı rayonu), "Geotermal Aqro" MMC (Kürdəmir rayonu), "GP Alpha Greenhouse" MMC (Salyan rayonu), "Hajigabul Greenhouse" (Hacıqabul rayonu) və Şükürov İlkin Mirzəxan oğluna məxsus (Masallı rayonu) müəssisələrdən pomidor, Şabran rayonundakı "TURAZ" MMC, "Ran Fruıt" MMC və Əsədov Vahid Əbil oğluna məxsus müəssisələrdən alma məhsulunun Rusiyaya ixracına icazə verilib.

Qeyd edək ki, Rusiyanın müvafiq qurumu bu icazələrin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş fitosanitar nəzarətin artırılması, habelə aparılmış monitorinqlərin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verdiyini bəyan edib.

Hazırda Agentliklə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.

148

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

6
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

6
Şimal axını – 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

17
(Yenilənib 19:44 15.01.2021)
"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb.

BAKI, 15 yanvar — Sputnik. Media xəbər verir ki, "Şimal axını-2" layihəsinin iştirakçısı olan Danimarkanın "Ramboll" şirkəti Vaşinqtonun sanksiyalarından qorxaraq geri çəkilib. Həqiqətən də, 1 yanvar tarixindən etibarən ABŞ layihəyə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirib. Bununla belə, kəmərin inşası davam etdirilir.

Avropada bu məsələdə yenidən ehtiraslar qızışır: almanların sanksiyalardan qorunmaq üçün fond yaratdıqları bir vaxtda, ingilislər amerikalılardan nümunə götürmək istəyirlər, isveçlilər isə "təbii qaz müharibəsi"nin başlamasından ehtiyat edirlər. Bəs bütün bunlardan sonra qaz kəmərinin taleyi necə olacaq? Bu sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Norveç də geri çəkildi

"Şimal axını-2" layihəsinin Rusiyadan kənardakı quru hissəsinin inşası uğurla başa çatdırılıb. Hazırda Almaniyanın su hövzələrində boru döşənməsi prosesi gedir, daha sonra növbə Danimarkaya çatacaq. Layihə finiş nöqtəsinə yaxınlaşmaq üzrədir. Ancaq Vaşinqton bunu görməzdən gəlir. 1 yanvar tarixindən etibarən bu ölkədə Rusiya qaz kəmərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu müdafiə büdcəsi haqqında yeni qanun qüvvəyə minib.

Əsasən test, yoxlama və ya sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlardan söhbət gedir. Norveçin DNV GL şirkəti artıq boru kəmərini yoxlamaq üçün bütün fəaliyyətini dayandıracağını və layihəni sertifikatlaşdıra bilməyəcəyini bəyan edib.

Bir qədər əvvəl ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnel əvvəllər müdafiə büdcəsi qanununun milli təhlükəsizlik üçün vacib olduğunu, "Çin və Rusiya kimi rəqib super güclərin qarşısını aldığını" bildirmişdi. Onun sözlərinə görə, bu sənəd ABŞ-ın "dənizdə, quruda, havada, kiberməkanda və kosmosda" üstünlüyünü möhkəmləndirəcək.

"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb. Vaşinqtonun Avropanın beş böyük enerji şirkəti tərəfindən maliyyələşdirilən layihənin tamamlanmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra yanvarın 11-də bərpa edilib. Yanvarın 15-dən etibarən Danimarka sularına boru döşənməsinə başlanılacaq.

Fortuna boru kəmərinə Rusiya Dəniz Xilasetmə Xidmətinin "Murman", "Baltiyskiy İssledovatel" və digər təchizat gəmiləri dəstək verəcək. Dənizdə boru döşəmə xəttinin hər iki tərəfində 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq.

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın bir qədər əvvəl qeyd etdiyi kimi, layihənin dəniz hissəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

Müdafiə mexanizmi

Bu arada, Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. Reuters ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: "Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq". Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev "arzu olunmayan" şirkətlərin siyahısını açıqlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə vurğulayır: "Vaşinqton "Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın "Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur".

Almaniya "Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer da bu günlərdə yada salıb.

Üstəlik, yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün vacib olduğunu qəbul edəcək. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, bu "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Vaxt çatacaqmı?

Bəs almanlar özlərini sanksiyalardan qorumaq üçün vaxt tapacaqlarmı? Bu məsələdə ekspertlərin fikri ikiyə haçalanır. "TMT"-nin direktoru Daniil Rostovtsev bildirir ki, bir tərəfdən, fondun Vaşinqtonun sanksiyalarını nəzərə almamaq üçün kifayət qədər sərmayə və gücü var.

"Bununla belə, fondun təşəbbüsü cəmiyyətdə, xüsusən də "yaşıl siyasəti" dəstəkləyənlərdə narazılıq doğurur. Ekoloqlar belə hesab edirlər ki, layihənin bu şəkildə təbliği qeyri-etikdir və hiddət doğurur, eyni zamanda, ətraf mühit üçün təhlükəlidir", – deyə analitik vurğulayır. Onun sözlərinə görə, indi əsas məsələ "Şimal axını-2" layihəsinin tərəfdarlarının cəmiyyətlə dil tapıb-tapmayacağıdır.

Müstəqil sənaye mütəxəssisi Leonid Xazanov isə belə hesab edir ki, hər bir halda, Berlin Vaşinqtona güzəştə getməyəcək: Almaniyaya Amerikanın maye qazından xeyli ucuz olan Rusiyanın "mavi yanacağı" lazımdır. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq Almaniya üçün çox vacibdir. Çünki Rusiya bazarı alman şirkətləri üçün strateji əhəmiyyət daşıyır.

"Əlbəttə ki, fond sanksiyalara məruz qalacaq, amma bu effekt verməyəcək. Çünki onun podratçılarına qarşı yeni bir qanun layihəsi hazırlanmalı, Konqresdən keçirməli və prezidentin imzalamasını gözləməlidirlər. Bu isə ümumilkdə yarım il vaxt tələb edir ki, həmin müddətə qədər layihə tamamlanacaq", – deyə mütəxəssis qeyd edir.

Bununla belə, Xazanov kəmərin istismara verilmə ərəfəsində, özü də məhz ABŞ-ın müdafiə büdcəsində nəzərdə tutulan sanksiyalar səbəbindən.çətinliklərlə qarşılaşacağını istisna etmir.

Qorxu və nifrət

İngilislər də amerikalılardan nümunə götürmək fikrindədirlər. Britaniyanın Mühafizəkarlar Partiyasından olan parlament üzvü Deniel Koçinski bəyan edib ki, Rusiyanın qaz kəməri həddən artıq təhlükəlidir, çünki NATO ölkələri ərazisində yerləşən bütün qaz və neft şəbəkələrini adlayaraq "birbaşa Rusiyaya" aparır.

Onun sözlərinə görə, böyük britaniyalılar artıq Avropa Şurasının üzvü olmadıqlarından, "amerikalı dostlarının yolu ilə gedərək "Şimal axını-2" qaz kəmərinin inşasına cəlb olunmuş istənilən şirkətə qarşı sanskiya tətbiq etməlidirlər.

Bu arada, İsveçdə Co Baydenin prezidentliyi dövründə "qaz müharibələri"nin başlayacağından ehtiyat edirlər. Svenska Dagbladetin vurğuladığı kimi bu amerikalı demokrat məsələyə öz rəqibi Donald Trampdan da sərt yanaşa bilər.

Baydenin prezidentliyinin "Qazprom" üçün mənfi aspekti onun yaşıl enerji siyasətini dəstəkləməsidir. Demokratlar 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar xərcləməyi planlaşdırır. 2050-ci ilə kimi isə atmosferə sıfır tullantı hədəfinə nail olmaq nəzərdə tutulur. Ancaq "yaşıl enerji" siyasəti də Rusiyaya əl verir. Çünki "Şimal axını-2" kəməri ilə yalnız təbii qaz deyil, həm də hidrogen ötürmək mümkündür. Avropanın hidrogen yanacağına tələbatı isə potensial olaraq çox yüksəkdir.

Digər tərəfdən, ABŞ-ın özündə belə Ağ Evin "rus kəmərinə" vəd etdiklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşırlar. Virciniya ştatının keçmiş senatoru Riçard Blek əmin edir ki, Bayden tikintinin səssizcə başa çatdırılması barədə Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Bunun müqabilində isə Rusiya ilə Vaşinqton üçün bəzi faydalı sövdələşmələrə nail olmağa çalışacaq.

17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0