Azəriqaz İB-nin binası, arxiv şəkli

"Azəriqaz" 8500 adamla müqaviləni ləğv edir, onları başqa qurum işə götürəcək

120
(Yenilənib 21:08 24.12.2020)
"Azəriqaz" fərdi sahibkarlarla bağladığı mülki-hüquqi müqavilələrə xitam verir, "DOST İş Mərkəzi" isə həmin şəxslərlə əmək müqaviləsi bağlayacaq.

BAKI, 24 dekabr — Sputnik. "Azəriqaz" İstehsalat Birliyi fərdi sahibkarlarla bağladığı qüvvədə olan bütün mülki-hüquqi müqavilələrə xitam verir, "DOST İş Mərkəzi" MMC isə həmin şəxslərlə əmək müqaviləsi bağlayacaq.

Ceyran sobası
© Sputnik / Elvin Ahmad

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Prezident İlham Əliyevin 2016-cı il yanvarın 26-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında yekun nitqində əhalinin işlə təmin edilməsi və məşğulluq səviyyəsinin artırılması məqsədilə iri dövlət müəssisə və təşkilatlarında haqqı ödənilən ictimai iş yerlərinin təşkil olunması tapşırığına əsasən "Azəriqaz" ilə mülki-hüquqi müqavilə əsasında xidmət göstərən fərdi sahibkarla xidməti müqavilələr bağlanılıb. Bu müqavilələrin sayı təqribən 8500 nəfəri əhatə edir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın 4.4.5-ci bəndində işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu sahədə səmərəli idarəetmənin təşkili məqsədilə DOST Agentliyinin tabeliyində "DOST İş Mərkəzi" MMC yaradılıb. Bu il dekabrın 2-də "DOST İş Mərkəzi" MMC ilə "Azəriqaz" İstehsalat Birliyi arasında saziş bağlanıb. Həmin sazişə görə, "Azəriqaz" İstehsalat Birliyi bu il dekabrın 30-u etibarilə fərdi sahibkarlarla bağladığı qüvvədə olan bütün mülki-hüquqi müqavilələrə xitam verməyi, "DOST İş Mərkəzi" MMC isə 2021-ci ilin yanvar ayından həmin şəxslərlə əmək müqaviləsi bağlamağı öhdəsinə götürüb. Beləliklə, mülki-hüquqi müqavilələrin ləğv edilərək müvafiq qaydada əmək müqaviləsinin bağlanması dövlət səviyyəsində həyata keçirilən bir tədbir olub əhalinin məşğulluğunun, əmək, sosial müdafiə və təminatının yüksəldilməsinə, onların sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.

"DOST İş Mərkəzi" MMC ilə həmin vətəndaşlar arasında yaranacaq əmək münasibətləri müvafiq qaydada əmək müqaviləsinin bağlanması yolu ilə əmək qanunvericiliyinə uyğun rəsmiləşdiriləcək, vətəndaşlara aylıq 250 manat hesablanmış (xalis 241 manat) əməkhaqqı təyin ediləcək, onlar üçün əmək kitabçası açılacaq, bununla onlara iş stajı hesablanacaq ki, bu da gələcək karyeralarında daha yüksək əməkhaqqı olan işə keçmək istədikləri zaman nəzərə alınacaq. Həmçinin onlar əmək qanunvericiliyi ilə digər vətəndaşlara verilən məzuniyyət, istirahət və sair hüquqlarından tam istifadə edə biləcəklər. Bu şəxslər yenə ictimai işlərin yerinə yetirilməsi məqsədilə "Azəriqaz" İstehsalat Birliyinə və digər dövlət müəssisə və təşkilatlarına təhkim olunacaqlar. Əmək müqaviləsinin bağlanmaması üçün yeganə səbəb bunlar ola bilər: vergi borcunun tam ödənilməməsi və VÖEN-in fəaliyyətinin dayandırılmaması və başqa işəgötürənlə qüvvədə olan əmək müqaviləsinin mövcud olması. Bunlar olmadığı təqdirdə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən mülki-hüquqi müqaviləsinə xitam verilən bütün vətəndaşlarla "DOST İş Mərkəzi" MMC əmək müqaviləsi bağlayacaq.

2020-ci il 28 sentyabr tarixli Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında hərbi xidmətə çağırılan və mülki-hüquqi müqavilə ilə "Azəriqaz" İstehsalat Birliyinə xidmət göstərən hərbi vəzifəlilərlə bağlanmış xidməti müqavilələrə isə həmin şəxslər tərxis olunanadək xitam verilməyəcək.

120
Teqlər:
əməkhaqqı, DOST Agentliyi, DOST İş Mərkəzi, müqavilə, fərdi sahibkarlar, "Azəriqaz" İstehsalat Birliyi
Xəzər dənizindən Bakıya mənzərə, arxiv şəkli

"Xəzəryanı dövlətlər arasında anlaşılmayan məqamların sayı azalır"

25
(Yenilənib 22:26 23.01.2021)
Professor Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının birgə istismarı məsələsini şərh edib, bölgənin iqtisadi inteqrasiyasından danışıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Dünən Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında sənədin əhəmiyyətini şərh edib.

Professor bildirib ki, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanması bölgədə sabitlik, əmin-amanlıq və inkişaf baxımdan olduqca münbit şərait yaratmış oldu: "Bu gün Xəzəryanı dövlətlər həmin şəraitdən istifadə edərək illər ərzində yaranan problemlərin həlli istiqamətində irəliləyişə nail olurlar. Bu, olduqca mühüm məsələdir, çünki Xəzər faktiki olaraq son illərdə sabitlik, əmin-amanlıq və inkişaf hövzəsi kimi tanınmaqdadır".

Onun sözlərinə görə, "Dostluq" yatağının Azərbaycan və Türkmənistan arasında birgə istismarı ilk növbədə siyasi məna daşıyır: "Çünki iqtisadi baxımdan həmin yataqdan əldə edilən karbohidrogen ehtiyatlar nə Azərbaycanın, nə də Türkmənistanın enerji sektoru üçün o qədər də böyük xüsusi çəkiyə malik deyil. Burada əsas məsələ ondan ibarətdir ki, faktiki olaraq ölkələr arasında problemlərin həll edilməsinin şahidi oluruq. Eyni zamanda, tədricən Xəzəryanı dövlətlər arasında anlaşılmayan məqamların sayı azalmaqdadır. Bu da onu deməyə əsas verir ki, faktiki olaraq Xəzəryanı dövlətlər Xəzərdən uzaq olan ölkələrin müdaxilələri olmadan öz problemlərini daha rahat şəkildə həll edə bilirlər".

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"Xəzəryanı dövlətlər bundan sonra da öz problemlərini Xəzərin ümumi maraqları çərçivəsində həll edərlərsə, bu bölgənin sabitlik, əmin-amanlıq və inkişaf bölgəsi kimi mövqe tutmasının şahidi ola bilərik. Bununla yanaşı, tədricən Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan ilə Türkmənistanın kapital qoyuluşlarını xammal ixracatına deyil, emal sektoruna yerləşdirməsinə ciddi ehtiyac var. Əgər buna nail olunsa, Xəzəryanı dövlətlər dünya ticarəti çərçivəsində xeyli dərəcədə daha ekvivalent mübadiləyə çıxa bilər", - deyə o qeyd edib.

O diqqətə çatıdırıb ki, Qarabağ münaqişəsinin həlli, Xəzəryanı dövlətlər tərəfindən Xəzərin statusu ilə bağlı müəyyən konsensusun əldə olunması bütövlükdə bölgədə yeni geosiyasi və iqtisadi reallıqların formalaşması üçün çox yaxşı şərait yaradır: "Bu kontekstdə bölgədə iqtisadi inteqrasiyanın dərinləşməsi məqsədəuyğundur. Bu, artıq zamanın çağırışı kimi görünür. Yaxın illərdə, aylarda biz bölgədə texnoloji korporasiyanın, regional iqtisadi inteqrasiyanın və əməkdaşlığın dərinləşməsinin şahidi ola bilərik".

25
Azərbaycan manatı, arxiv şəkli

Azərbaycanın valyuta ehtiyatları artıb

10
(Yenilənib 21:41 23.01.2021)
Valyuta ehtiyatlarının 87,2%-i Dövlət Neft Fondunun, 12,8 %-i isə Azərbaycan Mərkəzi Bankının payına düşüb.

BAKI, 23 yanvar — Sputnik. Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 mlrd 933,7 mln ABŞ dolları təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, bunun 87,2%-i və yaxud 43 mlrd 564,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8 %-i və yaxud 6 mlrd 369,4 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Son 1 ildə ölkənin valyuta ehtiyatları 352,4 milyon ABŞ dolları və yaxud 0,7 % artıb.

10
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0