100 manatlıq əskinazlar

Elman Rüstəmov əhaliyə üzünü tutdu - "Devalvasiya olmayacaq"

13
(Yenilənib 14:22 24.12.2020)
"Son günlər mediada şayiələrlə qarşılaşırıq. Devalvasiya gözləntiləri yaratmağa çalışırlar. Bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram"

BAKI, 24 dekabr — Sputnik. "Ümumilikdə 2020-ci ildə Azərbaycan iqtisadiyyatı daxili və xarici şoklara adekvat cavab verib". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, dayanıqlı iqtisadi artım trayektoriyasına qayıtmaq, azad olunmuş ərazilərin yenidən qurulması işlərinə başlanması əsas vəzifələrdəndir: "Növbəti ildə büdcə xərcləri kontur-tsikl olmaqla sabitliyə yönəlib. Son illər büdcə kəsirinin artması müəyyən narahatlıq doğurur. Onun qeyri-dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsi bunu deməyə əsas verir. Büdcə kəsirinin daha dayanıqlı mənbələr vasitəsilə maliyyələşməsinə ehtiyac var. Gələn ilə 3-4% inflyasiya proqnozlaşdırırıq. Son günlər mediada şayiələrlə qarşılaşırıq. Devalvasiya gözləntiləri yaratmağa çalışırlar. Bu gün Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur. Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Heç kəs bu gün bizdə olan optimizmə xələl gətirməyə çalışmasın".

O bildirib ki, 2020-ci il başlayandan dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmirdi: "2020-ci ildə dünya iqtisadiyyatında mühüm problemlərlə üzləşəcəyimiz bəlli idi. Cari ilin əvvəlindən başlayan pandemiya böhranı mövcud problemlərə ikiqat təsir etdi. Məlum oldu ki, dünya iqtisadiyyatı yaranan ikiqat şoklara hazır deyil. Bu ilin ortasında qlobal iqtisadiyyat özünün dib nöqtəsinə çatdı. Neft qiymətləri 16-69 dollar arasında dəyişdi. Dünya bazarlarına əhəmiyyətli inteqrasiya olmuş milli iqtisadiyyatımız da bu şoklardan əhəmiyyətli təsir aldı. Bütün bunlara baxmayaraq, ölkəmizdə cari ildə makroiqtisadi sabitlik qorunub saxlanılıb, ölkənin strateji valyuta ehtiyatları stabil qalıb".

"Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində manatın məzənnəsi qorunub saxlanılıb", - deyə o əlavə edib.

13
Pul qabı, arxiv şəkli

Beş yüz manatlıq əsginasın sirri çözüldü

23
(Yenilənib 18:36 22.01.2021)
Milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir

BAKI, 22 yanvar — Sputnik. Sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq "kağız pul nişanı"nın təsvirləri yayılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının və "Mərkəzi Bank Haqqında" Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

Bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmamış və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq.

23
Pomidor məhsulunun yüklənməsi

Xaric qadağa qoyur, sahibkarlar isə dövlət qurumundan narazılıq edirlər

60
(Yenilənib 16:09 22.01.2021)
Sahibkarlar uzun illərdir istixanada məhsul becərsələr də, builki kimi çətinliklə üzləşmədiklərini deyirlər.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Ötən ilin sonlarında Rusiya ölkəmizdən pomidor idxalına qadağa qoydu. Hazırda qadağanın bir hissəsi götürülsə də, məhsulun ixracı ilə məşğul olan sahibkarlar maliyyə itkisi ilə üzləşdilər. Bu günlərdə isə Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdığını bildirdi. Sputnik Azərbaycan-ın bölgə müxbiri pomidorun əsas istehsalçısı sayılan qərb bölgəsinin sahibkarları ilə görüşərək qadağaların onlara təsiri barədə söhbətləşib.

Söhbət zamanı məlum olub ki, nəinki Qazaxıstanın qadağası, Rusiya Azərbaycan pomidoruna yaşıl işıq yandırandan sonra belə, Şəmkirdən Rusiyaya tərəvəz vurulmayıb. Bu haqda danışan Tovuz rayon Düz Qırıqlı kəndindən olan sahibkar Rasim Hümbətov dekabrın 5-də yola saldıqları məhsulun geri qaytarılmasından sonra Rusiya bazarlarına tərəvəz aparılmadığını söyləyib.

© Sputnik / Ilham Mustafa
Şəmkirdə yeşikdə pomidor məhsulu

“10 ildir istixanada məhsul becəririk, builki qədər ziyanımız olmamışdı. Dekabrın 5-dən bu günə xaricə malımız çıxmayıb. Məhsulumuzda da heç bir xəstəlik, problem yoxdur. 60 ton mal üstümüzə qaytarıldı. Yerli bazarlarda da tələbat olmadığından xarab oldu”, - deyə məlumat verib.

Sahibkarlar məhsullarında heç bir xəstəliyin olmadığını bildiriblər. Ədalət Zeynalovun sözlərinə görə, Tuta qurdu deyilən xəstəlik qış mövsümündə Şəmkir istixanalarının heç birində olmur. İndiyədək yerli bazarlara verilən mallarda da bu qurda rast gəlinməyib. Lakin yerli bazarlarda qiymətin maya dəyərindən 2-3 dəfə ucuz olması onları müflisləşməklə üz-üzə qoyub:

“Rusiya qadağanı götürdü ki, xəstəlik olmayan pomidor getsin. Buna görə AQTA (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) istixanalarda monitorinq aparıb rəy verməlidir ki, malımız bazara çıxsın. Yanvarın 6-dan AQTA tərəfindən istixanada baxış keçirilərək nümunələr götürülüb. Lakin aradan yarım aydan çox vaxt keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Proses ləng getdiyindən məhsul yetişib xarab olur”.

Fermerlərin sözlərinə görə, yetişmiş məhsul 10 gün ərzində xarab olur. Bu səbəbdən pomidorlar soyuduculara vurularaq saxlanılır ki, bunun özü də əlavə xərc tələb edir. Onlar bildirirlər ki, hər kiloqram üçün pomidorun maya dəyəri 1 manat civarında hesablanır. Yerli bazarlara isə pomidorun cüzi bir hissəsi çıxarılaraq 20-30 qəpiyə satılır.

  • Şəmkirdə yeşiklərdə pomidorlar
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Ədalət Zeynalov
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Rasim Hümbətov
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Sadəddin Rzayev
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə sahibkarlar dövlət qurumundan narazılıq edir
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə pomidor əkin sahəsində şitil
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə pomidor əkin sahəsi
    © Sputnik / Ilham Mustafa
1 / 7
© Sputnik / Ilham Mustafa
Şəmkirdə yeşiklərdə pomidorlar

12 ildir təsərrüfatla məşğul olan Səlahəddin Rzayev isə bir başqa məqama toxunub. Onun fikrincə, Qida Təhlükəsizliyi Agentliyi yalnız iri sahibkarların məhsularına rəy verərək ayrı-seçkiliyə yol verir. Fermer 3 hektardan aşağı torpaq sahəsi olan sahibkarlara agentliyin sertifikat vermək istəmədiyini söyləyib: “Təəssüf ki, tovuzlu və şəmkirli fermerlərin heç birinə icazə verilmir. Yalnız Samux və Abşeron yarımadasında olan böyük istixanalar icazə ala bilirlər. Belə başa düşürük ki, onlar daha böyük sahibkarlardır. AQTA bəyan edir ki, 3 hektardan aşağı torpaq sahəsi olan təsərrüfat sahibləri xaricə mal ixrac edə bilməzlər. Bu hansı məntiqə uyğundur - biz dərk edə bilmirik”.

Şəmkirli sahibkarlar üzləşdikləri problemlərlə əlaqədar aidiyyəti qurumlardan kömək istəyirlər.

60
Teqlər:
Şəmkir, Tovuz, sahibkar, qadağa, ixrac, pomidor

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0