ABŞ dolları və Azərbaycan manatı, arxiv şəkli

Devalvasiya qorxusu: Narahatlığa əsas var, baş bankir deyir yoxdur

243
(Yenilənib 09:25 24.12.2020)
Ekspert: "Sabit məzənnə bazar iqtisadiyyatının inkişafına imkan vermir. Dünyada neftin qiyməti düşən kimi insanlar dollar almağa çalışırlar. Amma üzən məzənnə olsa, düşünərlər ki, dollar ucuzlaşa, manat güclənə bilər".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1.7 səviyyəsində götürülüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında deyilib.

Açıqlamaya görə, eyni zamanda inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə müsbət təsir göstərəcək.

“Azərbaycanda devalvasiyanın olacağı barədə səsələnən fikirlərin heç bir əsası yoxdur”.

Bunu isə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, indiki halda belə söhbətlər cəfəngiyatdır: "Hamı qələbəyə köklənib. Devalvasiyanın olması xəbərləri boş söhbətlərdir".

Gələn il manatın məzənnəsi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan faktiki olaraq üzən məzənnə rejiminə keçməyib. Lakin ölkəmizdə üzən məzənnə rejiminə keçmək lazım deyil. Bizdə ixrac idxalı xeyli dərəcədə üstələyir və böyük qızıl-valyuta aktivlərimiz var. Bütün bunlar onu deməyə əsas verir ki, müvafiq qurumlar düzgün iqtisadi idarəetmə siyasəti aparsa, yaxın illərdə Azərbaycanda devalvasiya ilə bağlı ciddi təzyiqlərin olması heç cür mümkün deyil. Ölkəyə ticarət vasitəsilə daxil olan valyuta çıxan valyutadan xeyli dərəcədə çoxdur.

"Lakin bank sektorunda problemlər olarsa, ölkədən kütləvi kapital axınının qarşısı alınmazsa, müvafiq qurumlar fəaliyyətində ciddi nöqsanlara yol verərsə, onda devalvasiya ola bilər", - deyə o qeyd edib.

Professor bildirib ki, iqtisadiyyatda ən önəmli məqamlardan biri məhz valyutanın sabitliyidir. Bu, büdcə siyasəti, investisiya siyasəti və bütövlükdə makroiqtisadi idarəetmə baxımından çox vacibdir. Ona görə də valyuta sabit saxlanılmalı və sabitliyin qorunması üçün aidiyyəti qurumlar öz səylərini göstərməlidir.

"Əkrəm Həsənov və partnyorları" hüquq şirkətinin direktoru, maliyyə üzrə ekspert Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, əgər gələn il üçün manatın dollara qarşı məzənnəsi 1.7 səviyyəsində göstərilməsə idi, təəccüblü olardı:

"2014-2015-ci illərin büdcəsini də hazırlayanda manatın dollara qarşı məzənnəsi 0,78 səviyyəsində göstərilmişdi. Əgər hər hansı bir ölkənin milli valyutası inzibati yolla müəyyən edilirsə, növbəti ilin dövlət büdcəsi hazırlanarkən sabit məzənnə göstəriləcək. Ola bilər bu göstərici özünü doğrultsun, amma proqnoz vermək çətindir. Çünki pandemiya, neftin qiymətinin aşağı olması proqnoz verməyi çətinləşdirir. Bu gün Dövlət Neft Fondunda 43 milyard dollardan çox vəsait var. İstəsələr gələn il üçün manatın məzənnəsini sabit saxlaya bilərlər".

Ekspert hesab edir ki, üzən məzənnə rejimi yaxşıdır: "Bunun tərəfdarıyam. Sabit məzənnə bazar iqtisadiyyatının inkişafına imkan vermir. Dünyada neftin qiyməti düşən kimi insanlar dollar almağa çalışırlar. Amma üzən məzənnə olsa, düşünərlər ki, dollar ucuzlaşa, manat güclənə bilər. Lakin pandemiya dövründə üzən məzənnəyə keçmək olmaz, çünki panika olar".

Maliyyə Nazirliyinin açıqlamasında o da bildirilib ki, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.

243
Teqlər:
Azərbaycan Mərkəzi Bankı, Elman Rüstəmov, manatın devalvasiyası, devalvasiya
Vergi Məcəlləsi, arxiv şəkli

Vergi Xidmətinin büdcəyə ödədiyi vəsaitin məbləği açıqlanıb

11
(Yenilənib 14:17 18.01.2021)
Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır

BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Dövlət Vergi Xidməti tərəfindən ötən il dövlət büdcəsinə 7,4 mlrd. manata yaxın vəsait daxil olub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.

Nazir qeyd edib ki, dövlət büdcəsinə ödənilən vəsait ölkənin qüdrəti və vətəndaşların sosial rifahıdır: "Vergiləri vaxtında və tam ödəyən hər vergi ödəyicisinin dövlətin tərəqqisində payı var".

11

Professor: “Artıq ölkədə bölgədə yeni proseslərin şahidi olacağıq”

18
(Yenilənib 09:39 18.01.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, son razılaşma ötən yüz ilin ən strateji, sistemli və ən əsası kompleks bir razışlaşma kimi dəyərləndirilməlidir
Elşad Məmmədov: “Bu, regional inkişafın dayanıqlı şəkildə formalaşmasına şərait yaradacaq”

“Bu gün imzalanan bəyanat bizim məqsədlərimizdən xəbər verir. Çünki hərbi əməliyyatların bitirilməsinə dair bəyannamənin maddələrindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, regionun inkişafına böyük dinamizm gətirə biləcək sahədir, o, həmçinin təhlükəsizliyi də möhkəmlədəcək. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya və bizim digər qonşularımızın xalqlarının maraqlarına cavab verir”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdə deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, son otuz il ərzində Azərbaycan vahid təssrüfat sistemi baxımından ciddi problemlərlə üzləşirdi:

“Faktiki olaraq Naxçıvan Azərbaycanın iqtisadi inkişafından təcrid olunmuşdu. Düzdür, müxtəlif ölkələr vasitəsilə əlaqələr mövcud idi, amma bu bir sıra problemlər yaradırdı. Ona görə də hesab edirəm ki, Naxçıvanla əlaqələrin dəhlizlə vasitəsilə reallaşdırılması olduqca mühim məsələdir. Bu regional inkişafın daha dayanıqlı şəkildə formalaşmasına şərait yaradacaq. Artıq ölkədə və bölgədə yeni proseslərin şahidi olacağıq. Son razılaşma ötən yüz il ərzində ən strateji, sistemli və ən  əsası kompleks bir razışlaşma kimi dəyərləndirilməlidir”.

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağın inkişafına dair işçi qrupu yanvarın 30-dək ilk iclasını keçirəcək. Bu barədə üç ölkə liderinin Kremldə aparılan birgə danışıqlarının yekununa həsr olunmuş bəyanatında deyilir.

Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18
Laçın şəhərinə mənzərə, arxiv şəkli

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

0
Videoçarxda Laçının Ağoğlan qəsri, Dəmirovlu pir məbədi, Məlik Əjdər türbəsi, "Kar günbəz" türbəsi, Həmzə Soltan sarayı haqqında məlumatlar təqdim olunur.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.

Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

0