Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov

Elman Rüstəmovdan manat devalvasiya ilə bağlı açıqlama

115
(Yenilənib 11:05 23.12.2020)
"Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik"

BAKI, 23 dekabr — Sputnik. "Pandemiya fonunda manatın devalvasiyası gözlənilmir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, artıq pandemiyanın kəskin hissəsi arxada qalmağa doğru gedir: "Qonşu ölkələrdən, ticarət tərəfdaşımız olan ölkələrdən fərqli olaraq, pandemiyanın təsiri nəticəsində Azərbaycanda ciddi heç nə baş vermədi. Nə indi, nə də 2021-ci ildə bunu gözləmirik. Bu gün təqdim olunan büdcəmiz məhz stabil məzənnə, çox aşağı inflyasiya üzərində qurulub".

115
Teqlər:
məzənnə, açıqlama, Mərkəzi Bank, Elman Rüstəmov, manat, devalvasiya, iqtisadiyyat
Toyuq əti, arxiv şəkli

Bazarımızın "indikatoru": qiymətin artması qaçılmazdır

32
(Yenilənib 15:47 16.01.2021)
Azərbaycan Quşçular Cəmiyyətinin sədri idxal yemlərin bahalaşmasından, bunun qiymətlərə təsirindən danışıb, quşçuluğun inkişafı üçün verilən təkliflərdən söz açıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Bu yaxınlarda Azərbaycanda quşçuluğun inkişafına həsr edilmiş iclas keçirilib. İclasda kənd təsərrüfatı naziri İnam Kərimov, quşçuluq şirkətlərinin rəhbərləri iştirak ediblər. Müzakirələr nəticəsində sahibkarların təkliflərinin müvafiq qurumlara təqdim edilməsi qərara alınıb.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a həmin təkliflər ilə bağlı danışıb, həmçinin idxal edilən yemin bahalaşmasından və bunun qiymətə təsirindən söz açıb.

O, yerli quşçuluq müəssisələri üçün yem və yem əlavələrinin xaricdən gətirildiyini, idxaldan asılılığın çox olduğunu söyləyib: "Xaricdə yem və yem əlavələrinin qiyməti kəskin (30-40%) bahalaşıb. Eyni zamanda, yem və yem əlavələri ölkəyə idxal edilən zaman 18 faizlik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilir. Təklif edirik ki, yem və yem əlavələrinin idxalı ƏDV-dən azad edilsin".

Cəmiyyət sədri bildirib ki, xaricdə yem və yem əlavələrinin kəskin bahalaşması Azərbaycanda quşçuluq məhsullarının qiymətinə təsir edəcək:

"Qiymət dəyişikliyi qaçılmazdır. Yəqin ki, qiymət qalxacaq, lakin qiymət artımı çox olmayacaq. Bu, bizdən asılı deyil, xaricdə yem bahalaşıb. Yem idxalı ƏDV-dən azad edilsə, bu, quşçuluq məhsullarının qiymətinə müsbət təsir edəcək və yəqin bahalaşma olmayacaq".

O qeyd edib ki, yerli yem istehsalı çox azdır: "Ancaq mövsüm vaxtı daxildə yem istehsalı 10-15 faiz təşkil edir. Bu da qısa müddət ərzində bitir, yem çatmır. Yem üçün saxlanma yerləri yoxdur, fermerlər yemi emal edə, çeşidlərə ayıra bilmirlər. İndi yerli yem istehsalının artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Məsələn, soya strateji yem məhsuludur və əsasən xaricdən gətirilir. Bizdə soya istehsalı azdır. Yem və yem əlavələri əsasən Rusiya və Ukraynadan gətirilir".

"Azərbaycanda quş ətinə olan tələbat illik təxminən 130-140 min tondur, yumurtaya olan tələbat isə 1 milyard 200-300 milyondur. Yerli istehsal bu tələbatı təmin etmək gücündədir. Buna baxmayaraq idxal artıb. Təklif etmişik ki, bu istiqamətdə idxala kvota qoyulsun, damazlıq quşçuluğa subsidiya verilsin. Həmçinin quşçuluq müəssisələrinə əkinə yararlı torpaq sahələri ayrılsın ki, öz yem tələbatını ödəyə bilsinlər", - deyə A.Vəliyev əlavə edib.

Qeyd edək ki, quşçuluğun inkişafına həsr edilmiş iclasda kənd təsərrüfatı naziri ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.

32
Teqlər:
Azərbaycan, bahalaşma, yumurta, quş əti
Qəssab, arxiv şəkli

Azərbaycana dörd ölkədən ət məhsullarının daxil olmasına qadağa qoyuldu

13
(Yenilənib 14:25 16.01.2021)
Bəzi ölkələrdə yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Polşanın Kuyavsko-Pomorsk (Kujawsko-Pomorskie) inzibati ərazisinin, Kamboca Krallığının Battambanq (Battambang) və Vyetnam Sosialist Respublikasının Phu Yen (Phu Yen) əyalətlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj (Gorj) ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Polşanın bütün ərazisindən və OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Kamboca Krallığının Battambanq əyalətindən və Vyetnam Sosialist Respublikasının Phu Yen əyalətindən bütün növ diri quş və quşçuluq məhsullarının, Rumıniyanın Qorj ərazi vahidindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə, Vyetnam Sosialist Respublikasından, Kamboca Krallığından, Polşa və Rumıniyadan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.

13
Teqlər:
qadağa, idxal, məhsul, quş, ət
Fransada etirazlar

Yeni ildə köhnə adətə davam: fransızlar yenə mitinqə çıxıblar - VİDEO - FOTO

0
(Yenilənib 18:38 16.01.2021)
Sulu qar və koronavirus epidemiyası səbəbindən məhdudlaşmaların sərtləşdirilməsi etirazçılara küçələrə çıxmağa əngəl törətməyib

BAKI, 16 yanvar - Sputnik. Parisdə bu ilin ilk "Azadlıq marşı" keçirilir. Aksiya iştirakçılarının tələbi dəyişməzdir - onlar parlamentin nəzərdən keçirdiyi "Qlobal təhılükəsizlik haqda" qanuna qarşıdırlar. 

Sputnik Fransa xəbər verir ki, sulu qar və koronavirus epidemiyası səbəbindən məhdudlaşmaların sərtləşdirilməsi etirazçılara küçələrə çıxmağa əngəl törətməyib. 

​Etirazları "yeniləməyə" Milli Jurnalistlər Birliyi çağırıb. İnsanlar yerli vaxtla 14:00-da Bastiliya meydanına doğru hərəkət ediblər. Xeyli sayda polis təhlükəsizliyi qorumaq üçün cəlb edilib. 

Hələlik aksiyanın dinc keçdiyi bildirilir. 

​Ötən il noyabrın 24-də Milli Şura "Qlobal təhlükəsizlik haqda" qanun layihəsini birinci oxunuşda qəbul edib. Onun 24-cü maddəsi polisin, jandarmın vəzifələrini icra edən zaman "onların fiziki və ya psixi toxunulmazlığına açıq-aşkar xələl gətirmək məqsədilə" "üzünün şəklinin, yaxud digər identifikasiya elementinin" yayılmasına görə 45 min avro cərimə və həbs cəzasını nəzərdə tutur. 

​Bu maddə jurnalistlərin həmkarlar ittifaqının narazılığna səbəb olub, onlar hesab edirlər ki, bu, söz azadlığına ciddi ziyan vuracaq, vətəndaşlar və KİV isə manifestasiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işini asudə işıqlandıra bilməyəcəklər. Milli Şura tənqid olunan maddəni yenidən yazmağa qərar versə də həmkarlar ittifaqları yenidən etirazlara səsləyiblər. Parlamentin yuxarı palatası isə qətnaməyə yanvarda baxacaq.

0