Burger yeyən qız, arxiv şəkli

Gec gələn "kisəli" qonaq rejimi - "Bu bənd kimin ağlına gəldi?"

74
(Yenilənib 00:40 19.12.2020)
"Hotellərin fəaliyyətinə icazə verilir. Yaxşı, bəs hotellərin nəzdində çalışan ictimai iaşə obyektləri nə etməlidir? Onlar da çatdırılma xidmətləri göstərməlidir? Bəlkə, "staff"ın hamısını keçirsinlər "Room Service" bölməsinə?" - Samir Dübəndi.

BAKI, 19 dekabr — Sputnik. "Çay evlərinin çatdırılma xidmətləri dedikdə hansı qida və içkilərin çatdırılması nəzərdə tutulur? Bu mümkündür? Çay evlərinin ənənəvi təklifləri çay setləri, şirniyyat və icazəsi verilməyən qəlyan xidmətləri olur. Bunların çatdırılması nə qədər qəbul edilmiş bir xidmətlər sırasındadır? Bu bənd kimin ağlına gəlibsə, cavab versə, biz də sevinərik".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DAİR Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib. O, COVID-19 virusu ilə əlaqədar pandemiya rejiminin yaratdığı bir sıra qadağalardan da bəhs edib: "Onlayn satış belə başa düşülür ki, müştəri onlayn qaydada sifariş edir və sifarişini çatdırılma ilə ala bilər və yaxud obyektə gələrək qapıdan/satış pəncərəsindən götürə bilər. Qapıdan sifarişi götürmə ("takeaway") nahar fasiləsində olan, işdən evə gedən vətəndaşlara əlverişlidir, çatdırılmanı gözləmək vaxt aparır. Onu da nəzərə alaq ki, çatdırılma xidməti göstərən şirkətlərin yükü onsuz da artıb və onların çatdırma müddəti normalda olan vəziyyətdən artıqdır. Qərarın tələbləri ərazidən asılı olaraq müxtəlif formada interpretasiya edilir. Görünən odur ki, çatdırılma xidmətləri sektorunda çalışan şirkətlər ictimai iaşə biznesindən bizə daha əzizdir".

Ekspert hotellərlə bağlı problemə də toxunub: "Hotellərin fəaliyyətinə icazə verilir. Yaxşı, bəs hotellərin nəzdində çalışan ictimai iaşə obyektləri nə etməlidir? Onlar da çatdırılma xidmətləri göstərməlidir? Bəlkə, "staff"ın hamısını keçirsinlər "Room Service" bölməsinə? Yaxud da gələn qonaqlara tapşırsınlar ki, özünüzlə sendviç gətirin?!

Qərarda deyilir: bir neçə istisnalar olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılsın. Digər tərəfdən, ölkəyə, demək olar ki, turist gəlmir. Belə olan halda hotellər kimin üçün fəaliyyət göstərməlidirlər?! Yalnız ölkə üzrə hərəkət etmə icazəsi olanlar üçün?!

Bununla əlaqədar olaraq bir neçə məsələ və ümumi suallarımız var:

- təşkilatımızın cəhdlərinə baxmayaraq, turizm, hotel, restoran biznesinə aid olan və onların fəaliyyətlərini tənzimləyən (xüsusilə pandemiya dövründə) qərarların hazırlanmasında iştirak edən mütəxəssislərin adları bizə açıqlanmadı. Biz onları tanıyırıq, amma xalq da öz qəhrəmanlarını tanımalıdır!

- 14 dekabr tarixinədək karantin vəziyyətini tənzimləyən Qərarda həftəsonu ictimai iaşə obyektlərində yerində xidmətlərə icazə verilməsə belə, onların həftəsonu çatdırılma və "takeaway" xidmətlərinin göstərilməsinə qadağa qeyd edilməmişdir. Yalnız 4 həftə sürən bu vəziyyətdə onlara həftəsonu adı gedən xidmətlərin göstərilməsinə icazə verilmədi. Müəssisələr 1 ayda 8 iş günü itirdilər. Qərarda qadağa haqqında heç bir qeyd olmadığı halda bu necə baş verdi?!

- Qərarlarda fəaliyyətinə icazə verilən fəaliyyət sahələri gerçəkdə fəaliyyət göstərə bilmir. İcazə verilən sahələr yardımdan, dəstəkdən məhrum qalırlar!? Bu məsələ necə olacaq?" - deyə Samir Dübəndi sual edir.

Assosiasiya rəhbəri qeyd edir ki, bu və digər suallar haqqında rəsmi müraciətləri olur, cavablar gec gəlir, bu, onun fikrincə, normaldır, sənayenin isə bu müddətlərdə ziyan görməsi anormaldır.

"Və nəhayət, əgər kimsə düşünür ki, biz epidemioloji vəziyyətin nə qədər ağır olduğunu anlamırıq və hamımız məhv olmaq arzusundayıq, səhv edir, bizi düzgün anlamır və yaxud öz yaramaz işlərini ört-basdır etmək cəhdləri nümayiş etdirirlər. Biznes yaşamalıdır, turizm, hər necə də olsa ayaq üstə qalmalıdır ki, yaxın gələcəkdə tezliklə dirçələ bilsin", - deyə S.Dübəndi vurğulayıb.

74
Teqlər:
nahar, müştəri, takeaway, Nazirlər Kabineti yanında Operativ Qərargah, karantin, turizm, biznes, mehmanxana, otel
Pomidor, arxiv şəkli

Qonşuların pomidor bəhanəsi: Yerli aqronomlar onları təkzib edir

137
(Yenilənib 20:45 21.01.2021)
"İri istixanalar virusa görə pomidor seçiminə, sort seçiminə çox diqqət edirlər. İri istixanalar mütəxəssislərlə işləyirlər və orada virusun olma ehtimalı aşağıdır" - aqronom.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Qazaxıstan Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd edilib ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi qırışlı meyvə virusu (Tomato brown rugose fruit virus – ToBRFV) aşkar edilib. İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.

Aqronom Vüsal Hacıyev Sputnik Azərbaycan-a deyib ki, qış aylarında pomidorlarda virus xəstəliklərinin yayılma ehtimalı azdır:

"Əgər bitkilər virus xəstəliyinə yoluxubsa, onların payız və qış aylarında inkişaf sürəti azalır. İstixanalara gedib baxıram. Pomidorlarda qəhvəyi qırışlı meyvə virusuna demək olar ki, rast gəlməmişəm. Hazır şitillərin üzərində də virus gələ bilər.

Bu virus ancaq primitiv istixanalarda görülə bilər. İri istixanalar virusa görə pomidor seçiminə, sort seçiminə çox diqqət edirlər. İri istixanalar mütəxəssislərlə işləyirlər və orada virusun olma ehtimalı aşağıdır. Bizim məhsullar orqanik məhsullara yaxın məhsullardır. İl ərzində günəşli günlərin sayı çox olduğundan, bitkinin istehsal prosesi zamanı təbii bioloji proses daha çox getdiyindən bizim məhsulların insan sağlamlığına mənfi təsiri demək olar ki, yoxdur".

O qeyd edib ki, ToBRFV virusu bütün Avropa ölkələrində, xüsusən İtaliya və Fransadakı istixanalarda və açıq sahələrdə daha çox yayılıb:

"Ona görə də xaricdən gələn toxumların virus xəstəlikləri daşıyıcısı olub-olmadığı dəqiq yoxlanılmalıdır. Bizdə pomidor toxumları əsasən xaricdən gətirilir. Əsasən Hollandiyadan, Türkiyədən, İsraildən toxumlar gətirilir".

O bildirib ki, bitki xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri aparılır, dərmanlar vurulur: "Ancaq bəzən bu, düzgün aparılmır. Təkcə dərmanlama aparmaq kifayət etmir. Eyni zamanda, mexaniki və bioloji üsullardan da istifadə olunmalıdır. İstixanalarda virus xəstəliklərinin yayılması əsasən iki halda olur. Birincisi, toxumun özündə gəlir. İkincisi isə zərərvericilər vasitəsilə istixanaya yayılır. Burada sistemli iş aparılmalıdır. Məsələn, bir ərazidə yerləşən istixanalarda dərmanlama eyni vaxta aparılmalıdır. Və ya kimsə istixananı sökürsə, dezinfeksiya edib sökməlidir".

"Bu işlər kompleks şəkildə aparılmalıdır. Əminəm ki, müvafiq qurumlar və təşkilatlar bu məsələlərə xüsusi diqqət yetirirlər", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələ ilə bağlı açıqlama verəcəyini bildirib.

137
Teqlər:
aqronom, Qazaxıstan, Rusiya, "pomidor böhranı", pomidor
İmza, arxiv şəkli

Azərbaycan Türkmənistandan tarixi qərar - Xəzərdən artıq "pul iyi" gələcək

58
Azərbaycan və Türkmənistan Xəzərdə “Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı Memorandum imzaladı.

BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov imzalayıblar.

Qeyd edək ki, yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

58

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya