BAKI, 17 dekabr — Sputnik. Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən "Doing Business" Hesabatında qeydə alınan məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılan müstəqil araşdırmanın nəticələri elan edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, aparılan müstəqil araşdırmanın nəticəsində Azərbaycanın "Doing Business 2020" hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılıb, ölkəmiz bir daha dünyanın "Ən islahatçı on ölkəsi" sırasına daxil olub.
Xatırladaq ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanan press-relizdə bildirilmişdi ki, bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanıb, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdi.
Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press-relizində qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılıb, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilib və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənib.
Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılan islahatların ("elektrik təchizatı şəbəkələrinə qoşulma, "müqavilələrin icrası", "sərhəddə ticarət" indikatorları üzrə) "Doing Business 2020" hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olub. Qeyd edək ki, müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni - Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə edib.
Qeyd edək ki, müvafiq düzəlişlərdən sonra "Doing Business 2020" hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlib. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən "dünyanın ən islahatçı on ölkəsindən biri" kimi qiymətləndirilib. Xatırladaq ki, "Doing Business 2019" hesabatında da Azərbaycan "dünyanın ən islahatçı on ölkəsindən biri" kimi qiymətləndirilib. Aparılan müstəqil audit yoxlamalarının nəticəsi olaraq, Azərbaycanın reytinqinin 3 göstərici üzrə yenilənməsi haqda ətraflı məlumat press relizə əlavədə qeyd edilib.
Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi vardır. Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək verib.
"Doing Business" Hesabatında qeydə alınan məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut edib.
BAKI, 22 yanvar — Sputnik. Sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq "kağız pul nişanı"nın təsvirləri yayılıb.
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının və "Mərkəzi Bank Haqqında" Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.
Bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmamış və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq.
İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 22 yanvar — Sputnik. Ötən ilin sonlarında Rusiya ölkəmizdən pomidor idxalına qadağa qoydu. Hazırda qadağanın bir hissəsi götürülsə də, məhsulun ixracı ilə məşğul olan sahibkarlar maliyyə itkisi ilə üzləşdilər. Bu günlərdə isə Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdığını bildirdi. Sputnik Azərbaycan-ın bölgə müxbiri pomidorun əsas istehsalçısı sayılan qərb bölgəsinin sahibkarları ilə görüşərək qadağaların onlara təsiri barədə söhbətləşib.
Söhbət zamanı məlum olub ki, nəinki Qazaxıstanın qadağası, Rusiya Azərbaycan pomidoruna yaşıl işıq yandırandan sonra belə, Şəmkirdən Rusiyaya tərəvəz vurulmayıb. Bu haqda danışan Tovuz rayon Düz Qırıqlı kəndindən olan sahibkar Rasim Hümbətov dekabrın 5-də yola saldıqları məhsulun geri qaytarılmasından sonra Rusiya bazarlarına tərəvəz aparılmadığını söyləyib.
“10 ildir istixanada məhsul becəririk, builki qədər ziyanımız olmamışdı. Dekabrın 5-dən bu günə xaricə malımız çıxmayıb. Məhsulumuzda da heç bir xəstəlik, problem yoxdur. 60 ton mal üstümüzə qaytarıldı. Yerli bazarlarda da tələbat olmadığından xarab oldu”, - deyə məlumat verib.
Sahibkarlar məhsullarında heç bir xəstəliyin olmadığını bildiriblər. Ədalət Zeynalovun sözlərinə görə, Tuta qurdu deyilən xəstəlik qış mövsümündə Şəmkir istixanalarının heç birində olmur. İndiyədək yerli bazarlara verilən mallarda da bu qurda rast gəlinməyib. Lakin yerli bazarlarda qiymətin maya dəyərindən 2-3 dəfə ucuz olması onları müflisləşməklə üz-üzə qoyub:
“Rusiya qadağanı götürdü ki, xəstəlik olmayan pomidor getsin. Buna görə AQTA (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) istixanalarda monitorinq aparıb rəy verməlidir ki, malımız bazara çıxsın. Yanvarın 6-dan AQTA tərəfindən istixanada baxış keçirilərək nümunələr götürülüb. Lakin aradan yarım aydan çox vaxt keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Proses ləng getdiyindən məhsul yetişib xarab olur”.
Fermerlərin sözlərinə görə, yetişmiş məhsul 10 gün ərzində xarab olur. Bu səbəbdən pomidorlar soyuduculara vurularaq saxlanılır ki, bunun özü də əlavə xərc tələb edir. Onlar bildirirlər ki, hər kiloqram üçün pomidorun maya dəyəri 1 manat civarında hesablanır. Yerli bazarlara isə pomidorun cüzi bir hissəsi çıxarılaraq 20-30 qəpiyə satılır.
12 ildir təsərrüfatla məşğul olan Səlahəddin Rzayev isə bir başqa məqama toxunub. Onun fikrincə, Qida Təhlükəsizliyi Agentliyi yalnız iri sahibkarların məhsularına rəy verərək ayrı-seçkiliyə yol verir. Fermer 3 hektardan aşağı torpaq sahəsi olan sahibkarlara agentliyin sertifikat vermək istəmədiyini söyləyib: “Təəssüf ki, tovuzlu və şəmkirli fermerlərin heç birinə icazə verilmir. Yalnız Samux və Abşeron yarımadasında olan böyük istixanalar icazə ala bilirlər. Belə başa düşürük ki, onlar daha böyük sahibkarlardır. AQTA bəyan edir ki, 3 hektardan aşağı torpaq sahəsi olan təsərrüfat sahibləri xaricə mal ixrac edə bilməzlər. Bu hansı məntiqə uyğundur - biz dərk edə bilmirik”.
Şəmkirli sahibkarlar üzləşdikləri problemlərlə əlaqədar aidiyyəti qurumlardan kömək istəyirlər.
BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.