Əldə manat, arxiv şəkli

Banklardakı əmanətlərlə bağlı yeni qaydalar: yaxşı nədir, pis nədir?

165
(Yenilənib 17:50 11.12.2020)
Ekspert: "Sahibkarların bank hesablarında olan vəsaitlərinin də sığortalanması düzgün addımdır. Bununla sahibkarların bank sektoruna olan inamının artırılmasına nail ola bilərik. Amma eyni zamanda hüquqi şəxsləri də buraya daxil etmək lazımdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişiklik edilir. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata artırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləğinin 20 min manat müəyyən edilməklə sığortalanması təklif edilir. Bu dəyişikliklər 2021-ci il aprelin 5-dən qüvvəyə minəcək. 5 aprel 2021-ci ilədək Azərbaycanda əmanətlərin tam sığortalanması sistemindən çıxılması və əmanətlərin sığortalanması üzrə daha təkmil çərçivənin formalaşdırılması məqsədəuyğun sayılıb.

Ekspertlər təklif olunan dəyişiklikləri, ölkəmizdə 2016-cı ildən tətbiq olunan əmanətlərin tam sığortalanması sistemindən gələn il çıxılması məsələsini Sputnik Azərbaycan-a şərh ediblər.

"Əkrəm Həsənov və partnyorları" hüquq şirkətinin direktoru, iqtisadçı Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu təklifi çox müsbət qiymətləndirib: "Həmişə əmanətlərin tam sığortalanmasının əleyhinə olmuşam. Əmanətlərin tam sığortalanması iri banklara bazarı inhisarlaşdırmağa əlavə imkan verir. Yəni hamı gedib iri banklara əmanətlərini qoyur, kiçik banklar isə uduzur. Amma əmanətlər qismən sığortalananda insanlar məcbur olurlar ki, əmanətlərini banklar arasında bölsünlər. Digər səbəb odur ki, əmanətlərin tam sığortalanması olanda banklar daha riskli fəaliyyətə meyilli olurlar ki, nəsə olsa, onsuz da əmanətçinin pulu qayıdacaq. Əmanətçi də bank seçəndə heç nəyə fikir vermir, yəni bank yaxşıdır, ya yox. Buna iqtisadiyyatda mənəvi risk deyirlər. Bəziləri fəaliyyətində riskləri nəzərə almır ki, onsuz da kimsə onun öhdəliyini yerinə yetirəcək".

Ekspert bildirib ki, əmanətlərin tam sığortalanması faktiki olaraq sahibkarların hesabına edilirdi:

"Yəni bank müflisləşəndə fiziki şəxslərin əmanətləri tam qaytarılırdı. Sonra Əmanətlərin Sığortalanması Fondu bankın aktivləri hesabına kompensasiyaya sərf etdiyi pulu çıxardırdı. Sahibkarların, hüquqi şəxslərin pulu isə faktiki olaraq batırdı. Ona görə də əmanətlərin qismən sığortalanması yaxşıdır. Fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata artırılması müsbətdir. Orta statistik şəxsin onsuz da 100 mindən çox pulu bankda olmur. Kimin pulu 100 min manatdan çoxdursa, ölkədə 26 bank var. Hər bir banka 100 min manat pul qoysa, bu, 2 milyon 600 min manat vəsait edir".

Ekspert sahibkarların pullarının da sığortalanmasını düzgün hesab edib: "Çünki qeyri-ədalətli vəziyyət var idi. Görürsən ki, fiziki şəxsin bankda 1 milyon manat pulu var və tam sığortalanıb. Bank bağlanan zaman fiziki şəxsin vəsaiti tam qaytarılır. Amma fərdi sahibkarın isə bankda 10-20 min manat pulu var və bu, onun dövriyyə vəsaitidir. Bank bağlananda isə sahibkarın bu vəsaiti batır. Halbuki 1 milyon manat əmanət qoyan şəxs faiz qazanırdı, fərdi sahibkar isə o puldan heç faiz də qazanmırdı, sadəcə fəaliyyətini təmin edirdi. Sahibkarlar üçün kompensasiya məbləği daha da çox ola bilərdi, 20 min manat azdır. Lakin hər bir halda bu, irəliyə atılmış düzgün addımdır, düzgün istiqamətdir".

"Sərtləşdirilmiş karantin dövründə sahibkarlara dəstəyin artırılması gözlənilir">>

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, kompensasiya məbləğinin 30 min manatdan 100 min manata artırılması adekvat yanaşmanın göstəricisidir: "Əmanətlərin tam sığortalanması müvəqqəti addım kimi qəbul edilmişdi. Xarici valyutada olan əmanətlər ilə bağlı daha ardıcıl, daha qətiyyətli siyasətin aparılmasına nail olmalıyıq. Xarici valyutada olan əmanətlərin sığortalanması təcrübəsindən ən azı tədricən uzaqlaşmalıyıq. Digər tərəfdən, ölkədən valyuta çıxışının qarşısını almaq üçün nəzarət mexanizminin tətbiqinə ehtiyac var".

"Sahibkarların bank hesablarında olan vəsaitlərinin də sığortalanması düzgün addımdır. Bununla sahibkarların bank sektoruna olan inamının artırılmasına nail ola bilərik. Amma eyni zamanda hüquqi şəxsləri də buraya daxil etmək lazımdır. Təcrübə göstərir ki, hüquqi şəxslər bir çox hallarda bankların sığorta hadisələri baş verərkən lisenziyalarının alınması nəticəsində çox ciddi iqtisadi zərərlə üzləşirlər. Ona görə hüquqi şəxslərin də buraya aid edilməsi yaxşı olardı", - deyə professor bildirib.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildiriblər ki, qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il yanvarın 19-da "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanıb. Növbəti dövrlərdə, qanuna edilmiş dəyişikliklər əsasında sözügedən müddət 4 dekabr 2020-ci il tarixinədək uzadılıb.

Əmanətlərin tam sığortlanması sxeminin 2016-cı ildən tətbiqi nəticəsində maliyyə sabitliyi qorunub saxlanılıb, əmanətlərin dinamikasında sabitləşmə təmin edilib, bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

Ötən dövr ərzində bank sektoru üzrə aparılmış sağlamlaşdırma tədbirlərinin nəticələri və əmanətlərin tam sığortalanması mexanizminin maliyyə sabitliyinin lövbəri rolunu oynaması nəzərə alınmaqla, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair hərtərəfli strategiya hazırlanıb. Strategiya Baş Nazirin rəhbərliyi altında Azərbaycanın İqtisadi Şurasında geniş müzakirə edilib, müzakirələrin nəticəsi olaraq 5 aprel 2021-ci ilədək keçid dövrü müəyyən edilməklə əmanətlərin tam sığortalanması sxemindən çıxılması və cari situasiyaya uyğun əmanətlərin sığortalanması üzrə daha təkmil çərçivənin formalaşdırılması məqsədəuyğun sayılıb.

"Əmanətlərin sığortalanması haqqında" qanunda aşağıdakı dəyişikliklərin edilməsi təklif olunub:

- Fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması. Təklif edilən dəyişikliyin tətbiqi say etibarilə cəmi əmanətçilərin 99.9%-nin əmanətlərinin tam qorunmasını təmin edəcək.

- Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanması. Bu kateqoriyadan olan sahibkarlar maliyyə risklərinə daha həssas olduğundan vəsaitlərinin itirilməsi onların fəaliyyətinin dayanması ilə nəticələnə bilər. Bu baxımdan, fərdi sahibkarların əmanətlərin sığortalanması sisteminə daxil edilməsi hökumətin kiçik sahibkarlığın inkişafı siyasətini dəstəkləyəcək və bank sisteminə etimadın artırılmasına xidmət edəcək.

- Notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması. Bu dəyişiklik notariuslar vasitəsilə həyata keçirilən alqı-satqı əməliyyatları, xüsusilə daşınmaz əmlakın alqı-satqısı zamanı maliyyə xidməti istehlakçılarının hüquqlarının qorunmasını daha da gücləndirəcək.

"Əmanətlərin sığortalanması haqqında" qanuna təklif olunan dəyişikliklər dövlətimiz tərəfindən pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlarla ahəngdarlıq təşkil edir. Nəzərdə tutulan dəyişiklliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsini təkmilləşdirməyə, bazar intizamı və rəqabət mühitini gücləndirməyə, beləliklə bank sisteminin dayanıqlığı və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcək.

Xatırladaq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, əmanətlərin tam sığortalanması bütün ölkələrdə tətbiq olunan sistemdir: "2016-cı ildən bu yana Sinqapur, Almaniya, Avstraliya kimi ölkələr də bu sistemi tətbiq edib və maliyyə sabitliyi yaranandan sonra bu sistemdən çıxıblar. Bu sistemin Azərbaycanda tətbiq edilməsi də ölkəmizdə bank sektorunun sağlamlaşdırılmasını tam şəkildə həyata keçirilə bildi. Zəif banklar sistemdən uzaqlaşdırıldı. Lakin bu sistemdə uzun müddət qalmaq olmur. Sistemdə uzun müddət qalmaq bankların risk davranışına ciddi təsir göstərir. Bankların əmanətçilərin qarşısında məsuliyyəti azalır".

165
Teqlər:
siğorta, faiz, sahibkar, əhali, dəyişikliklər, əmanət, banklar
Toyuq əti, arxiv şəkli

Bazarımızın "indikatoru": qiymətin artması qaçılmazdır

40
(Yenilənib 15:47 16.01.2021)
Azərbaycan Quşçular Cəmiyyətinin sədri idxal yemlərin bahalaşmasından, bunun qiymətlərə təsirindən danışıb, quşçuluğun inkişafı üçün verilən təkliflərdən söz açıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Bu yaxınlarda Azərbaycanda quşçuluğun inkişafına həsr edilmiş iclas keçirilib. İclasda kənd təsərrüfatı naziri İnam Kərimov, quşçuluq şirkətlərinin rəhbərləri iştirak ediblər. Müzakirələr nəticəsində sahibkarların təkliflərinin müvafiq qurumlara təqdim edilməsi qərara alınıb.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a həmin təkliflər ilə bağlı danışıb, həmçinin idxal edilən yemin bahalaşmasından və bunun qiymətə təsirindən söz açıb.

O, yerli quşçuluq müəssisələri üçün yem və yem əlavələrinin xaricdən gətirildiyini, idxaldan asılılığın çox olduğunu söyləyib: "Xaricdə yem və yem əlavələrinin qiyməti kəskin (30-40%) bahalaşıb. Eyni zamanda, yem və yem əlavələri ölkəyə idxal edilən zaman 18 faizlik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilir. Təklif edirik ki, yem və yem əlavələrinin idxalı ƏDV-dən azad edilsin".

Cəmiyyət sədri bildirib ki, xaricdə yem və yem əlavələrinin kəskin bahalaşması Azərbaycanda quşçuluq məhsullarının qiymətinə təsir edəcək:

"Qiymət dəyişikliyi qaçılmazdır. Yəqin ki, qiymət qalxacaq, lakin qiymət artımı çox olmayacaq. Bu, bizdən asılı deyil, xaricdə yem bahalaşıb. Yem idxalı ƏDV-dən azad edilsə, bu, quşçuluq məhsullarının qiymətinə müsbət təsir edəcək və yəqin bahalaşma olmayacaq".

O qeyd edib ki, yerli yem istehsalı çox azdır: "Ancaq mövsüm vaxtı daxildə yem istehsalı 10-15 faiz təşkil edir. Bu da qısa müddət ərzində bitir, yem çatmır. Yem üçün saxlanma yerləri yoxdur, fermerlər yemi emal edə, çeşidlərə ayıra bilmirlər. İndi yerli yem istehsalının artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Məsələn, soya strateji yem məhsuludur və əsasən xaricdən gətirilir. Bizdə soya istehsalı azdır. Yem və yem əlavələri əsasən Rusiya və Ukraynadan gətirilir".

"Azərbaycanda quş ətinə olan tələbat illik təxminən 130-140 min tondur, yumurtaya olan tələbat isə 1 milyard 200-300 milyondur. Yerli istehsal bu tələbatı təmin etmək gücündədir. Buna baxmayaraq idxal artıb. Təklif etmişik ki, bu istiqamətdə idxala kvota qoyulsun, damazlıq quşçuluğa subsidiya verilsin. Həmçinin quşçuluq müəssisələrinə əkinə yararlı torpaq sahələri ayrılsın ki, öz yem tələbatını ödəyə bilsinlər", - deyə A.Vəliyev əlavə edib.

Qeyd edək ki, quşçuluğun inkişafına həsr edilmiş iclasda kənd təsərrüfatı naziri ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.

40
Teqlər:
Azərbaycan, bahalaşma, yumurta, quş əti
Qəssab, arxiv şəkli

Azərbaycana dörd ölkədən ət məhsullarının daxil olmasına qadağa qoyuldu

13
(Yenilənib 14:25 16.01.2021)
Bəzi ölkələrdə yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Polşanın Kuyavsko-Pomorsk (Kujawsko-Pomorskie) inzibati ərazisinin, Kamboca Krallığının Battambanq (Battambang) və Vyetnam Sosialist Respublikasının Phu Yen (Phu Yen) əyalətlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj (Gorj) ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Polşanın bütün ərazisindən və OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Kamboca Krallığının Battambanq əyalətindən və Vyetnam Sosialist Respublikasının Phu Yen əyalətindən bütün növ diri quş və quşçuluq məhsullarının, Rumıniyanın Qorj ərazi vahidindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə, Vyetnam Sosialist Respublikasından, Kamboca Krallığından, Polşa və Rumıniyadan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.

13
Teqlər:
qadağa, idxal, məhsul, quş, ət
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

0
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

0
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan