Polis

"Sərtləşdirilmiş karantin dövründə sahibkarlara dəstəyin artırılması gözlənilir"

69
Bayramov: Bölgələrdə fəaliyyət göstərən sahibkarlar kreditə müraciət edərkən onlardan çox vaxt paytaxtda girov tələb olunurdu. Sahibkarlığın İnkişafı Fondu tərəfindən təklif olunan kreditlərdə bu sistem dəyişdirilib.

 

BAKI, 10 dekabr — Sputnik. "Pandemiya dövründə iqtisadi, sosial və digər sahələrə dəstək məqsədilə 2,5 milyard dollarlıq paket təsdiq olunub. İqtisadi paketə əsasən, Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başlanılıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, güzəştli kreditlər üçün 500 milyon manatlıq kredit portfeli təklif olunub: "Həmin kreditlər yeni mexanizmlə verilir. Belə ki, artıq elektron kredit portalı yaradılıb. Orada sahibkarlar bankları seçib kreditə müraciət etmək imkanı qazanıb. Pandemiya dövründə və xüsusən karantin rejimində onlayn formada müraciət imkanı sayəsində banka və ya hansısa dövlət qurumuna getməyə ehtiyac qalmır. Elektron portal həm də şəffaflığı təmin edir. Atılan mühüm addımlardan biri də odur ki, 2020-ci il martın 10-dək götürülən kreditlərə dövlət tərəfindən subsidiyalar tətbiq edilib. Bu o deməkdir ki, biznes kreditlərinin 10 faizi dövlət tərəfindən ödənilir. Məsələn, sahibkar 14 faizlə kredit götürübsə, onun 10 faizini dövlət subsidiya edir. Hazırda təxminən 1 milyard manatlıq kredit portfelinə 10 faizlik subsidiya tətbiq olunur".

O deyib ki, pandemiya dövründə sahibkarlar üçün girov mexanizmi də təkmilləşdirilib: "Bölgələrdə fəaliyyət göstərən sahibkarlar kreditə müraciət edərkən onlardan çox vaxt paytaxtda girov tələb olunurdu. Etiraf etmək lazımdır ki, rayonda və ya kənd yerlərində fəaliyyət göstərən sahibkarların, xüsusən kiçik və orta sahibkarların Bakıda əmlakları yoxdur. Sahibkarlığın İnkişafı Fondu tərəfindən təklif olunan kreditlərdə bu sistem dəyişdirilib. Kreditlər əsasən innovativ texnologiyanın alınması üçün götürülür, elə həmin məhsul artıq özü girov kimi çıxış edə bilir. Kredit götürənin aldığı məhsul girov olaraq rəsmiləşir və başqa yerdə əmlaka sahib olubsa, onu girov kimi təqdim etməyə ehtiyac qalmır. Artıq bu sahədə də 700 milyon manatlıq sifariş verilib. Sahibkarların böyük marağını müşahidə edirik".

O bildirib ki, yenidən sərtləşdirilmiş karantin dövründə iqtisadi paket çərçivəsində sahibkarlara dəstəyin artırılması gözlənilir: "İqtisadi paket sahibkarlara iki istiqamətdə birbaşa dəstək göstərir. Bunlardan biri fərdi və mikro sahibkarlara maliyyə yardımının həyata keçirilməsidir. Yardım çərçivəsində fərdi və mikro sahibkarlara 250 manatdan 5000 manatadək yardım göstərildi. Eyni zamanda, muzdlu əməkhaqqı müqaviləsi olan özəl sektor sahibkarları üçün də işçilərin əməkhaqlarının tam və ya qismən kompensasiyası həyata keçirilib. Sərt karantin tətbiq olunduğuna görə hazırda yenidən eyni dəstək müzakirə olunur. İqtisadi paket çərçivəsində dəstəyin artırılması və gücləndirilməsi nəzərdə tutulur. Növbəti ildə də pandemiyanın təsirlərinin qalacağı güman olunur və belə olan halda eyni tədbirlər növbəti ildə də nəzərdə tutulacaq".

69
Pul qabı, arxiv şəkli

Beş yüz manatlıq əsginasın sirri çözüldü

23
(Yenilənib 18:36 22.01.2021)
Milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir

BAKI, 22 yanvar — Sputnik. Sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq "kağız pul nişanı"nın təsvirləri yayılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının və "Mərkəzi Bank Haqqında" Qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanması və tədavülə buraxılması yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir.

Bildiririk ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 500 manatlıq pul nişanı tədavülə buraxılmamış və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları Azərbaycan Respublikasının Mərkəzi Bankından və onun rəsmi internet səhifəsindən əldə etməyə çağırırıq.

23
Pomidor məhsulunun yüklənməsi

Xaric qadağa qoyur, sahibkarlar isə dövlət qurumundan narazılıq edirlər

60
(Yenilənib 16:09 22.01.2021)
Sahibkarlar uzun illərdir istixanada məhsul becərsələr də, builki kimi çətinliklə üzləşmədiklərini deyirlər.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Ötən ilin sonlarında Rusiya ölkəmizdən pomidor idxalına qadağa qoydu. Hazırda qadağanın bir hissəsi götürülsə də, məhsulun ixracı ilə məşğul olan sahibkarlar maliyyə itkisi ilə üzləşdilər. Bu günlərdə isə Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdığını bildirdi. Sputnik Azərbaycan-ın bölgə müxbiri pomidorun əsas istehsalçısı sayılan qərb bölgəsinin sahibkarları ilə görüşərək qadağaların onlara təsiri barədə söhbətləşib.

Söhbət zamanı məlum olub ki, nəinki Qazaxıstanın qadağası, Rusiya Azərbaycan pomidoruna yaşıl işıq yandırandan sonra belə, Şəmkirdən Rusiyaya tərəvəz vurulmayıb. Bu haqda danışan Tovuz rayon Düz Qırıqlı kəndindən olan sahibkar Rasim Hümbətov dekabrın 5-də yola saldıqları məhsulun geri qaytarılmasından sonra Rusiya bazarlarına tərəvəz aparılmadığını söyləyib.

© Sputnik / Ilham Mustafa
Şəmkirdə yeşikdə pomidor məhsulu

“10 ildir istixanada məhsul becəririk, builki qədər ziyanımız olmamışdı. Dekabrın 5-dən bu günə xaricə malımız çıxmayıb. Məhsulumuzda da heç bir xəstəlik, problem yoxdur. 60 ton mal üstümüzə qaytarıldı. Yerli bazarlarda da tələbat olmadığından xarab oldu”, - deyə məlumat verib.

Sahibkarlar məhsullarında heç bir xəstəliyin olmadığını bildiriblər. Ədalət Zeynalovun sözlərinə görə, Tuta qurdu deyilən xəstəlik qış mövsümündə Şəmkir istixanalarının heç birində olmur. İndiyədək yerli bazarlara verilən mallarda da bu qurda rast gəlinməyib. Lakin yerli bazarlarda qiymətin maya dəyərindən 2-3 dəfə ucuz olması onları müflisləşməklə üz-üzə qoyub:

“Rusiya qadağanı götürdü ki, xəstəlik olmayan pomidor getsin. Buna görə AQTA (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) istixanalarda monitorinq aparıb rəy verməlidir ki, malımız bazara çıxsın. Yanvarın 6-dan AQTA tərəfindən istixanada baxış keçirilərək nümunələr götürülüb. Lakin aradan yarım aydan çox vaxt keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Proses ləng getdiyindən məhsul yetişib xarab olur”.

Fermerlərin sözlərinə görə, yetişmiş məhsul 10 gün ərzində xarab olur. Bu səbəbdən pomidorlar soyuduculara vurularaq saxlanılır ki, bunun özü də əlavə xərc tələb edir. Onlar bildirirlər ki, hər kiloqram üçün pomidorun maya dəyəri 1 manat civarında hesablanır. Yerli bazarlara isə pomidorun cüzi bir hissəsi çıxarılaraq 20-30 qəpiyə satılır.

  • Şəmkirdə yeşiklərdə pomidorlar
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Ədalət Zeynalov
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Rasim Hümbətov
    © Sputnik / Ilham Mustafa
  • Sahibkar Sadəddin Rzayev
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə sahibkarlar dövlət qurumundan narazılıq edir
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə pomidor əkin sahəsində şitil
    © Sputnik / Ilham Mustafa
  • Şəmkirdə pomidor əkin sahəsi
    © Sputnik / Ilham Mustafa
1 / 7
© Sputnik / Ilham Mustafa
Şəmkirdə yeşiklərdə pomidorlar

12 ildir təsərrüfatla məşğul olan Səlahəddin Rzayev isə bir başqa məqama toxunub. Onun fikrincə, Qida Təhlükəsizliyi Agentliyi yalnız iri sahibkarların məhsularına rəy verərək ayrı-seçkiliyə yol verir. Fermer 3 hektardan aşağı torpaq sahəsi olan sahibkarlara agentliyin sertifikat vermək istəmədiyini söyləyib: “Təəssüf ki, tovuzlu və şəmkirli fermerlərin heç birinə icazə verilmir. Yalnız Samux və Abşeron yarımadasında olan böyük istixanalar icazə ala bilirlər. Belə başa düşürük ki, onlar daha böyük sahibkarlardır. AQTA bəyan edir ki, 3 hektardan aşağı torpaq sahəsi olan təsərrüfat sahibləri xaricə mal ixrac edə bilməzlər. Bu hansı məntiqə uyğundur - biz dərk edə bilmirik”.

Şəmkirli sahibkarlar üzləşdikləri problemlərlə əlaqədar aidiyyəti qurumlardan kömək istəyirlər.

60
Teqlər:
Şəmkir, Tovuz, sahibkar, qadağa, ixrac, pomidor

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0