Azərbaycan manatı, arxiv şəkli

Ekspert vəziyyətin əmanətçilərin xeyrinə dəyişməyəcəyini deyir, deputat isə optimistdir

194
(Yenilənib 23:32 01.12.2020)
Azərbaycanda qorunan əmanətlərin tam sığortalanması müddəti dekabrın 4-də başa çatır. Ola bilər bu müddət daha uzadılmasın. Belə olan halda qorunan əmanətlərin sığortalanması necə olacaq?

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanda qorunan əmanətlərin tam sığortalanması müddəti dekabrın 4-də başa çatır. "Əmanətlərin tam sığortalanması haqqında" qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədəolma müddəti başa çatıb. Sonra qorunan əmanətlərin tam sığortalanması müddəti daha 9 ay, yəni, bu il dekabrın 4-dək uzadılıb. Ancaq hələlik bu müddətin yenidən uzadılması ilə bağlı bir xəbər yoxdur. Ola bilər bu müddət daha uzadılmasın. Belə olan halda qorunan əmanətlərin sığortalanması necə olacaq?

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, əgər Milli Məclisə əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı yeni layihə təqdim ediləcəksə, bu, parlamentdə müzakirə ediləcək və uyğun qərar veriləcək: "Burada iki variant var. Əgər müddətin uzadılması ilə bağlı parlamentə layihə daxil olarsa, əmanətlərin tam sığortalanması müddəti yenidən uzadılacaq. Yox, əgər əmanətlərin tam sığortalanması müddəti uzadılmasa, yenidən əvvəlki - 2006-cı ildə qəbul edilmiş "Əmanətlərin sığortalanması haqqında" qanunun maddələri qüvvəyə minir. Və avtomatik olaraq banklarda olan hər bir əmanətçi üzrə 30 min manatadək əmanətlər dövlət tərəfindən sığortalanmış olur. Müddət uzadılmasa belə biz əvvəlki "Əmanətlərin sığortalanması haqqında" qanun ilə əmanətlərin limitləşdirilmiş məbləğdə sığortalanmasının davam etməsini müşahidə edəcəyik".

"İndiki halda xüsusən də pandemiyanın davam etdiyini nəzərə alsaq banklarda olan mövcud əmanətlərin qorunması, eyni zamanda yeni depozitlərin cəlb edilməsi vacibdir. Təklif edirəm ki, növbəti 1 ildə də əmanətlərin tam sığortalanması müddəti uzadılsın. Növbəti bir ildə də əmanətlərin tam sığortalanmasının həyata keçirilməsi məqsədəuyğun olardı. Eyni zamanda buna uyğun olaraq əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsini təklif edirəm"-deyə millət vəkili bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan azsaylı ölkələrdəndir ki, əmanətlərin məbləğini tam olaraq sığortalayır: "Ona görə də düşünürəm ki, kommersiya banklarının bu sığortalanma prosesində rolunun və öhdəliyinin artırılmasına ehtiyac var. Çünki inkişaf etmiş ölkələrdə kommersiya banklarının aktivlərinin sığorta şirkətləri tərəfindən sığortalanması təcrübəsi var. Ona görə də xüsusən inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun olaraq yeni mexanizmin hazırlanması məqsədəuyğun olardı. Bu mexanizm dövlət dəstəyi ilə yanaşı həm də kommersiya banklarının sığortalanmada öhdəliyinin müəyyən edilməsinə və artırılmasına xidmət edə bilər".

"Nəticədə təklifim ondan ibarətdir ki, növbəti bir il üçün əmanətlərin tam sığortalanması müddətinin uzadılması məqsədəuyğun olardı. Bu 1 il ərzində isə əmanətlərin sığortalanması ilə bağlı Mərkəzi Bank tərəfindən yeni mexanizmin hazırlanmasına və tətbiq edilməsinə ehtiyac var" - deyə deputat əlavə edib.

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə isə böyük ehtimalla bu müddət daha uzadılmayacaq: "Qanunun qüvvədə olma müddəti 2 dəfə uzadılıb və sonuncu dəfə uzadılma müddəti 1 ildən 9 aya endirilib. Bu vaxta qədər isə hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməli idi. Ancaq hələ ki, bu barədə xəbər yoxdur".

Ekspert ehtimal edir ki, dekabrın 5-dən başlayaraq əvvəlki qanun - 2006-cı ildə qəbul edilmiş "Əmanətlərin sığortalanması haqqında" qanunun tələbləri qüvvəyə minəcək: "Bu tələbdəki fərq yeganə olaraq kompensasiya məbləğinin məhdudlaşdırılması ilə bağlıdır. Yəni tam sığorta mexanizmi qüvvədən düşdükdən sonra bağlanmış banklardakı əmanətlərə görə veriləcək kompensasiya məbləği 30 min manat və ya 17 min 647 dollardan (indiki məzənnə ilə) çox olmayacaq. Məhdud kompensasiya verilməsini nəzərdə tutan qanunun isə təkmilləşdirilməsinə ehtiyac var".

Qeyd edək ki, 2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanıb və tam kompensasiya olunub. 2016-cı il martın 4-də "Əmanətlərin tam sığortalanması haqqında" qanun qüvvəyə mindikdən sonra banklarda qəbul edilən əmanətlərin tam sığortalanmasına (əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla) başlanıb. Qanuna əsasən, sığorta olunmuş əmanətlər bank müflis olduğu halda kompensasiya edilir.

194
Neft Fondunun binası, arxiv şəkli

Neft Fondundan dövlət büdcəsinə köçürülən pulların məbləği açıqlandı

17
(Yenilənib 17:49 25.01.2021)
Azərbaycan Respublikası Dövlət Neft Fondu indiyədək Mərkəzi Banka transfertləri barədə məlumat yayıb.

BAKI, 25 yanvar — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək dövlət büdcəsinə 112 milyard 140,3 milyon manat köçürüb.

Sputnik Azərbaycan ARDNF-ə istinadla xəbər verir ki, ötən il isə fond 12 milyard 200 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib.

Neft Fondunun indiyədək Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertləri 3 milyard 949,5 milyon manat olub.

17
Teqlər:
dövlət büdcəsi, Mərkəzi Bankın, Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycan Dövlət Neft Fondu, Dövlət Neft Fondu
Neft buruğu, arxiv şəkli

Sərf etməyən perspektiv: Qiymət yenə düşəcək

145
(Yenilənib 15:53 25.01.2021)
Xəzər Universitetinin professoru neftin qiyməti ilə bağlı proqnoz verib, neft bazarında baş verən prosesləri şərh edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Son günlərdə dünya bazarlarında neftin qiymətlərində artım müşahidə edilir. Hazırda “Brent” markalı neftin qiyməti 56 dollar ətrafındadır. 

Beynəlxalq Enerji Agentliyinə görə, COVID-19-a yoluxmanın artması iqtisadi fəaliyyəti ləngitsə də, peyvədləmə prosesinin yayılması və iqtisadi canlanmanın ilin ikinci yarısında neft tələbatında artımı stimullaşdıracağı gözlənilir. Bəs, dünya bazarlarında neftin qiyməti 60-70 dollara qalxa bilərmi?

Xəzər Universitetinin professoru Fuat Rəsulov məsələni Sputnik Azərbaycan-a şərh edib.

Professor neftin qiymətinin yüksəlməsinə pessimist baxır:

"Neftin bahalaşması mümkün deyil və qiymətin qalxması müvəqqəti xarakter daşıyır. Dünyada baş verən siyasi proseslər ilə bağlı müvəqqəti, qısamüddətli qiymət artımları ola bilər. Sonra yenə qiymət aşağı düşəcək. Səudiyyə Ərəbistanında yeni neft yataqları aşkar edilib. ABŞ və İran arasında danışıqlar davam edəcək və çox güman ki, İrana qarşı sanksiyalar yumşalacaq. İran da öz neftini bazara çıxarmağa başlayacaq. Müvəqqəti hadisələr fonunda il ərzində neftin qiyməti 45-55 dollar arasında qalacaq. Neftin qiyməti 70 dollara qalxa bilməz".

Onun sözlərinə görə, vaksinasiyadan sonra bir sıra ölkələrdə iqtisadiyyatın bir az dirçələcəyi və yanacağa, enerjiyə tələbatın artacağı ilə bağlı gözləntilər var: "Ancaq burada paralel proseslər gedir. Kifayət qədər çox ölkə elektriklə işləyən avtomobillər almağa, hibrid avtomobillər istehsal etməyə başlayıb.

 Digər tərəfdən, məsələn, Avropa kömürdən imtina etmək istəyir. Bu, o deməkdir ki, qaza, neftə tələbat artacaq. Ancaq neft və neft məhsularının 70 faizi yanacaq kimi istifadə olunur. Bundan başqa, bütün ölkələrdə kifayət qədər neft ehtiyatları da var. Ona görə də pandemiyanın azalmasının bu sahəyə böyük təsiri olmayacaq".

Qazın qiymətinə gəlincə, professor deyib ki, qazın qiyməti qısa müddətdə xeyli bahalaşıb: "Çünki bizim əsas bazar Avropadır və sərt şaxtalar və s. ilə bağlı tələbat artıb. Ona görə də qazın qiyməti qalxıb. Biz Çinə, Asiya ölkələrinə qaz satmırıq. Lakin bu yaxınlarda Türkiyə və Yunanıstan Qara dənizdə öz ərazi sularında yataqlar aşkar ediblər. İndi bu ölkələr həmin yataqları işlətmək istəyirlər".

"Neftin mövcud qiymətləri Azərbaycan üçün çox sərfəlidir. Təklif və tələbdən çox şey asılıdır", - deyə o əlavə edib.

145
Teqlər:
dünya, Azərbaycan, qiymət, qaz, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj

Xırdalanda partlamış evin dağıntıları altından qadın meyiti çıxarılıb

0
(Yenilənib 00:34 26.01.2021)
Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızı olduğu bildirilir.

BAKI, 26 yanvar - Sputnik. Xırdalanda partlayışda həlak olan qadının nəşi dağıntılar altından çıxardılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xırdalanda baş verən partlayışda 1988-ci il təvəllüdlü Aytən Tacəddin qızı Musayeva faciəli şəkildə dünyasını dəyişib. Bu barədə Sputnik Abşeron MRX-nın direktoru Mehriban Qaralova məlumat verib. O, bildirib ki, Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri uşaqdır.

Partlayış zamanı xəsarət alanlardan biri Musayev Vüsal Firuddin oğlunun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Onun azyaşlı qızının axtarışları davam edir. Oğlu 10 yaşlı Musayev Firuddin Vüsal oğlu və həyat yoldaşı xəstəxanada müalicə alırlar.

Partlayış zamanı xəsarət alanlar 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu, onun 10 yaşlı oğlu, 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu, 8 yaşlı qızı, 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı, Musayeva Ziyafət Qafar qızı və Gözəl Səmədovadır.

Dağıntılar altından çıxarılan digər şəxslər 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızı, 2006-cı il təvəllüdlü Şükürzadə Xədicə Bəxtiyar qızı,  1989-cu il təvəllüdlü Əliyev Emil Arif oğlu və 1988-ci il təvəllüdlü Hüseynov Arif Əbülfəz oğludur. 

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

 

0