İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 24 noyabr — Sputnik. 2020-ci ilin oktyabrında Bakıda torpaq sahələrinin qiyməti ötən ilin oktyabrı ilə müqayisədə 7,83 faiz bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, hesabat dövründə kommersiya obyektlərinin qiymətində ötən ilin oktyabrı ilə müqayisədə 0,06 faiz bahalaşma qeydə alınıb. Qiymət artımı bağ evləri və fərdi evlərdə müşahidə olunub. Bazarın bu seqmentində qiymətlər ötən ilin oktyabrı ilə müqayisədə 5,34 faiz artıb.
Eyni zamanda, oktyabrda obyektlərin icarəsi qiyməti 6,04 faiz ucuzlaşıb.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda daşınmaz əmlak bazarında dəyişiklik yoxdur: "Ayın 10-da qələbə elan olundu. İndi cüzi bir canlanma var, amma bu hələlik bazarda əksini tapmayıb, kiçik bir canlanmadır".
Ekspertin sözlərinə görə, bu canlanmaya səbəb daşınmaz əmlak üçün müraciət edənlərin sayının artmasıdır. Ancaq qiymətlər və bazar aktivliyi olduğu kimi qalıb. Və satış həcmində böyük bir dəyişiklik yoxdur.
"Əsas təcili alqı-satqı prosesləridir. Bu proseslərə əsasən təcili pula ehtiyacı olanlar və ya alqı-satqı barədə uzun müddətdir ki, düşünən şəxslər qoşulurlar", - deyən ekspert vurğulayıb ki, koronavirusun aktivləşməsi ümumi iqtisadi proseslərə təsir edir. Məhz bu səbəbdən də, qiymətlər haqqında hələ ki konkret danışmaq olmaz.
"Dövlətin müəyyən proqramları var. Fikrimcə, işğaldan azad olunmuş ərazilərin, şəhərlərin mütləq olaraq baş planı hazırlanmalıdır", - deyə o əlavə edib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə isə, daşınmaz əmlak bazarında koronavirus başlayandan sonra çox ciddi durğunluq müşahidə edilir.
"Düzdür, yay aylarında torpaq sahələri, fərdi həyət evlərinin satışı sürətləndi və qiymətlərində də artım oldu. Amma qış aylarında nisbətən sakitlik olur", - deyən Fərzəliyev bildirib ki, mənzillərin satışında əvvəlki illərə nisbətən 50 faizdən çox zəifləmə var.
Onun fikrincə, bu, dövlət ipotekaları, Mənzil İnşaatı Dövlət Agentliyinin satdığı mənzillərə aid deyil.
O bildirib ki, hazırda az faizli kreditlə satılan mənzillərə tələbat daha çoxdur: "Hazırda Bakı şəhərində daşınmaz əmlak alıcılarının böyük əksəriyyəti təkrar alıcılardır. Yəni adamın evi, gəliri var. Gələn gəlirləri daşınmaz əmlaka yatırır. Yəni alırlar, kirayə verirlər, gəlir götürürlər, lazım olanda onu satırlar".
Müharibə və pandemiya fonunda daşınmaz əmlak bazarında proseslərin dayandığını vurğulayan ekspert hesab edir ki, hazırda vətəndaşlar gəlirlərini əmlaka yatırtmaqdansa, nağd pul vəsaiti saxlamağa üstünlük verirlər. Bu isə bazara mənfi təsir edir.
E.Fərzəliyev qeyd edir ki, daşınmaz əmlak bazarının xüsusən də yeni tikilən, tikilməkdə olan binaların satışının sürətləndirilməsi üçün sənədləşdirilmə prosesində dəyişiklik olmalıdır. Belə ki, hazırda sənədləşmələr müqavilə üzərindən rəsmiləşdirilir. Əgər çıxarışlar verilərsə, vətəndaşlar uzunmüddətli kreditlərə üstünlük verərək, bank yolu ilə mənzil sahibi ola bilərlər. Bu baxımdan isə ilk növbədə daşınmaz əmlak sahəsini düzəltmək üçün sənədləşmə hissəsi dəyişməlidir.
Daşınmaz əmlak bazarında durğunluq olduğu üçün tikintilərin dayandırıldığını qeyd edən ekspertin fikrincə, tikinti üçün yararlı torpaq sahələrinin də qıt olduğunu deyib.
O bildirib ki, sənədləşmələrin çətin olması, tikinti üçün yararlı torpaq sahələrinin qıt və baha olması tikinti xərclərini artırır.
"Yəni kimsə bina tikmək istəsə, məcburən bugünkü satış qiymətindən baha satmalıdır. Tikintilər dayanıb, müəyyən vaxtdan sonra tələb təklifi üstələsə, daşınmaz əmlak az olsa, yenidən bahalaşa bilər", - deyə o əlavə edib.
BAKI, 16 yanvar - Sputnik. Avropa Şurası dünya bazarında "dolların ağalığının" həddi aşdığını bəyan edəcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times Avropa Komissiyasındakı mənbələrinə istinadən yazıb.
Qəzetin məlumatına görə, AŞ bu məsələni ABŞ-ın yeni prezidenti Co Baydenin yanvarın 20-də planlaşdırılan inauqurasiyasından əvvəl qaldırmaq istəyir. Avropa Komissiyasının layihəsinin yanvarın 19-da qəbul ediləcəyi gözlənilir, həmçinin ona əlavələrin ediləcəyi də istisna olunmur.
FT əlavə edir ki, layihədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi məhdudlaşdırma tədbirlərindən sonra Avropa ölkələrinin müəyyən çətinlik çəkdiyi qeyd olunur. Sənəddə bazarların "qeyri-qanuni eksterritorial tətbiqin nəticələrindən" qorunmasının vacibliyi vurğulanır.
"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq. Söhbət AŞ-nın dünyadakı yerindən, ölçülərimizə müvafiq olan iqtisadi və maliyyə dövlətinin imkanlarından gedir", - mənbələrdən biri deyib.
BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.