Manat, arxiv şəkli

Əmanətçilərə kompensasiya ödənişində vəziyyət yerdədir?

32
(Yenilənib 13:16 23.11.2020)
Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 20-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 837 əmanətçiyə 586,5 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Sputnik Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 20-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 214,86 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4462 əmanətçiyə 95,52 milyon manat, "NBC Bank" üzrə isə 4089 əmanətçiyə 119,34 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən noyabrın 20-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 371,64 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5685 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137,99 milyon manat, "Ata Bank" üzrə 9601 əmanətçiyə isə 233,64 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.

Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.

32
Teqlər:
kompensasiya, əmanət, banklar
Toyuq əti, arxiv şəkli

Bazarımızın "indikatoru": qiymətin artması qaçılmazdır

38
(Yenilənib 15:47 16.01.2021)
Azərbaycan Quşçular Cəmiyyətinin sədri idxal yemlərin bahalaşmasından, bunun qiymətlərə təsirindən danışıb, quşçuluğun inkişafı üçün verilən təkliflərdən söz açıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Bu yaxınlarda Azərbaycanda quşçuluğun inkişafına həsr edilmiş iclas keçirilib. İclasda kənd təsərrüfatı naziri İnam Kərimov, quşçuluq şirkətlərinin rəhbərləri iştirak ediblər. Müzakirələr nəticəsində sahibkarların təkliflərinin müvafiq qurumlara təqdim edilməsi qərara alınıb.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a həmin təkliflər ilə bağlı danışıb, həmçinin idxal edilən yemin bahalaşmasından və bunun qiymətə təsirindən söz açıb.

O, yerli quşçuluq müəssisələri üçün yem və yem əlavələrinin xaricdən gətirildiyini, idxaldan asılılığın çox olduğunu söyləyib: "Xaricdə yem və yem əlavələrinin qiyməti kəskin (30-40%) bahalaşıb. Eyni zamanda, yem və yem əlavələri ölkəyə idxal edilən zaman 18 faizlik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilir. Təklif edirik ki, yem və yem əlavələrinin idxalı ƏDV-dən azad edilsin".

Cəmiyyət sədri bildirib ki, xaricdə yem və yem əlavələrinin kəskin bahalaşması Azərbaycanda quşçuluq məhsullarının qiymətinə təsir edəcək:

"Qiymət dəyişikliyi qaçılmazdır. Yəqin ki, qiymət qalxacaq, lakin qiymət artımı çox olmayacaq. Bu, bizdən asılı deyil, xaricdə yem bahalaşıb. Yem idxalı ƏDV-dən azad edilsə, bu, quşçuluq məhsullarının qiymətinə müsbət təsir edəcək və yəqin bahalaşma olmayacaq".

O qeyd edib ki, yerli yem istehsalı çox azdır: "Ancaq mövsüm vaxtı daxildə yem istehsalı 10-15 faiz təşkil edir. Bu da qısa müddət ərzində bitir, yem çatmır. Yem üçün saxlanma yerləri yoxdur, fermerlər yemi emal edə, çeşidlərə ayıra bilmirlər. İndi yerli yem istehsalının artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Məsələn, soya strateji yem məhsuludur və əsasən xaricdən gətirilir. Bizdə soya istehsalı azdır. Yem və yem əlavələri əsasən Rusiya və Ukraynadan gətirilir".

"Azərbaycanda quş ətinə olan tələbat illik təxminən 130-140 min tondur, yumurtaya olan tələbat isə 1 milyard 200-300 milyondur. Yerli istehsal bu tələbatı təmin etmək gücündədir. Buna baxmayaraq idxal artıb. Təklif etmişik ki, bu istiqamətdə idxala kvota qoyulsun, damazlıq quşçuluğa subsidiya verilsin. Həmçinin quşçuluq müəssisələrinə əkinə yararlı torpaq sahələri ayrılsın ki, öz yem tələbatını ödəyə bilsinlər", - deyə A.Vəliyev əlavə edib.

Qeyd edək ki, quşçuluğun inkişafına həsr edilmiş iclasda kənd təsərrüfatı naziri ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.

38
Teqlər:
Azərbaycan, bahalaşma, yumurta, quş əti
Qəssab, arxiv şəkli

Azərbaycana dörd ölkədən ət məhsullarının daxil olmasına qadağa qoyuldu

13
(Yenilənib 14:25 16.01.2021)
Bəzi ölkələrdə yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Polşanın Kuyavsko-Pomorsk (Kujawsko-Pomorskie) inzibati ərazisinin, Kamboca Krallığının Battambanq (Battambang) və Vyetnam Sosialist Respublikasının Phu Yen (Phu Yen) əyalətlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj (Gorj) ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Polşanın bütün ərazisindən və OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Kamboca Krallığının Battambanq əyalətindən və Vyetnam Sosialist Respublikasının Phu Yen əyalətindən bütün növ diri quş və quşçuluq məhsullarının, Rumıniyanın Qorj ərazi vahidindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə, Vyetnam Sosialist Respublikasından, Kamboca Krallığından, Polşa və Rumıniyadan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.

13
Teqlər:
qadağa, idxal, məhsul, quş, ət
Teledərs, arxiv mşəkli

Müharibə bitib, problem isə həll olunmayıb - heç pulsuz paket köməyə çatmır

3
(Yenilənib 18:51 16.01.2021)
Cəbhəyanı zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda koronavirus pandemiyasına görə ötən ilin mart ayından etibarən ənənəvi təhsil onlayn təhsillə əvəzlənsə də, sentyabr ayında Ermənistan-Azərbaycan arasında başlayan müharibə səbəbindən cəbhəboyu zonalarda məsafədən təhsildə ciddi problemlər yaranıb. Həmin dövrdə cəbhə bölgəsində 1200-dən çox məktəb fəaliyyətini dayandırmışdı. Müəllim və şagirdlər müxtəlif yerlərə yerləşdirildiyindən onlayn təhsilə qoşulmaq imkanını da itirmişdilər. Sputnik Azərbaycan müharibə dövründə cəbhə zonası hesab olunan ərazilərdə şagirdlərin təhsil imkanlarının bərpa edilib-edilmədiyini araşdırıb.

© AR Ministry of Education

Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbə sakini Şahəddin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müharibə dövründə qəsəbə artilleriya atəşinə tutulduğundan sakinlər ətraf rayon və qəsəbələrə köçmək məcburiyyətində qalıblar. Həmin dövrdə onların övladları tamamilə təhsildən kənar qalıblar. Çünki yerləşdirildikləri ərazilərdə bütün müəllim və şagirdlərin internetə çıxışı mümkün olmayıb. Ş.Hüseynov bu günlərdə övladlarının onlayn dərslərə qoşula bildiyini söyləyir. Onun sözlərinə görə, bu isə bütün şagirdləri əhatə etmir. Evləri dağıdılan sakinlər hələ də müxtəlif ərazilərdə yaşadığından onların övladları onlayn dərslərə qoşula bilmirlər.

Problemin qaldığını müharibə dövründə cəbhəyanı ərazi hesab olunan rayonların təhsil şöbəsindən də təsdiqləyirlər. Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər gün distant təhsilə qoşulan şagirdlərin siyahısı hazırlanır. O bildirir ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir.

Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

Təhsil Nazirliyi yanında İctimai Şuranın Sədr müavini Nadir İsrafilov da problemin olduğunu təsdiqləyir. O bildirir ki, koronavirus pandemiyası Azərbaycanda ənənəvi təhsilin dayandırılmasına əsas səbəbdir. Amma sentyabr ayında müharibənin başlanması cəbhəboyu ərazilərdə təhlükəsizlik baxımından şagirdlərin onlayn təhsildən də kənarda qalmasına səbəb olub: "Düzdür, bəzi ərazilərdə insanlar evlərinə qayıdıblar, həyat öz axarına düşüb. Şagirdlərlə müəllimlər arasında onlayn əlaqəni qurmaq mümkün olub. Amma müharibə zamanı dinc sakinlərin hədəfə alınması cəbhəyanı zonalarda evlərin və infrastrukturun dağılmasına səbəb oldu. Dağılan evlər bərpa olunmayana qədər o insanların evlərinə qayıtması mümkün deyil. Bu səbəbdən də cəbhə zonasında hələ də onlayn təhsildən kənarda qalan şagirdlər var. Bu zonalarda müəllim və şagirdlər üçün pulsuz mobil internet paketləri təqdim olunsa da, onlayn təhsilə qoşulmada problem hələ də qalmaqdadır. Amma bizim üçün əsas olan insanların təhlükəsizliyi və sağlamlığıdır. Azərbaycanın qazandığı qələbə sayəsində biz bu problemlərin də öhdəsindən gələcəyik".

N.İsrafilov işğaldan azad edilmiş ərazilərimizdə də təhsilin təşkili üçün Təhsil Nazirliyinə təkliflər verildiyini bildirib.

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, cəbhəyanı bölgələrdə yaşayan şagirdlərin distant dərslərdə iştirakı tədricən genişlənir: "Bununla yanaşı, həmin şagirdlərin artıq rahat şəkildə teledərslərdən yararlanmaq imkanı da var".

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirdilər ki, müharibə dövründə telefon rabitəsinə zərər dəyən ərazilərdə bərpa işləri, demək olar ki, başa çatdırılıb. Telefon xətti olmayan ərazilərə isə telefon xətlərinin çəkilməsi işi mütəmadi olaraq davam etdirilir. 

3
Teqlər:
dərs, onlayn, internet, cəbhəyanı bölgələr, təhsil