8-ci km bazarı xüsusi rejim zamanı

Qışa indidən azuqə yığın, bahalaşma davam edəcək

86
(Yenilənib 02:11 12.11.2020)
"Azərbaycanda uzun illərdir ki, formalaşan mənfi ənənələr də var. Bu da ondan ibarətdir ki, biz hər il noyabrdan Novruz bayramınadək dalğa-dalğa qiymət artımının şahidi oluruq"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Ötən ilin cari dövrü ilə müqayisədə, demək olar ki, əksər məhsullarda qiymət artımı müşahidə edilməkdədir. Qeyri-qida və qida sektorunda da qiymətlər artım dinamikasındadır. Xüsusən də cari ilin martından qiymətlərdə nəzərəçarpan artım müşahidə edilir. Aqrobazar.az saytında "8-ci kilometr bazarı" üçün göstərilən cari qiymətlər də bahalaşmanın olduğunu deməyə əsas verir.

Bakının ən ucuz  bazarı hesab edilən adıçəkilən yerdə martda Tovuz kartofunun kilosu 0.60 AZN idisə, hazırda qiymətlər yüksəlib. Ağdam kartofunun qiyməti 1.75 AZN-dir. Kartofla yanaşı, soğan da bahalaşıb. Ötən ilin dekabrında 0.75 AZN olan qırmızı soğan hazırda 1 manatadır. Yay aylarında qiymətlərdə müəyyən qədər azalmalar olsa da, oktyabrın sonlarından etibarən yenidən artım müşahidə edilib. Ötən ilin dekabrında 1.60 AZN, martda 2.65 AZN olan pomidor isə digər tərəvəzlərlə müqayisədə ucuzlaşıb. Hazırda pomidorun 1 kilosu 1.10 AZN göstərilir.

Bəzi meyvələrdə də bahalaşma qeydə alınıb. Ötən ay 1.50 AZN olan "Ağ kişmişi" üzüm hazırda 2.50 AZN-ə satılır. Sentyabrda 1 AZN olan "Simirenko" alması hazırda 1.50 AZN olub.

Yaşlı, iribuynuzlu heyvan ətinin qiymətində isə nə artım, nə də enmə müşahidə olunub, qiymətlər sabit olaraq 8 AZN qalıb. İribuynuzlu cavan heyvan ətinin qiymətində bir qədər enmə müşahidə olunub. Belə ki, ötən ilin dekabrında kilosu 13.50 olan bu ət hazırda "8-ci kilometr Bazarı"da 12 AZN-dir.

Maraqlıdır, bahalaşma qarşıdakı aylarda da davam edəcəkmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Süni bahalaşma sözü və bu yanaşmaya qarşıyam. Çünki normal iqtisadi model olduqda süni bahalaşma anlayışı ümumiyyətlə sıradan çıxmalıdır.

Ümumiyyətlə, süni bahalaşma Azərbaycan iqtisadiyyatında doğru təsnif olunmayıb. Məsələn, bayrağa tələb artırsa, qiyməti qalxırsa, bu, iqtisadi qanunlara uyğundur. Bu zaman biz nə etməliyik - ya daha çox bayraq istehsal etməli, ya da daha çox bayraq gətirməliyik. Bu zaman vəziyyət tənzimlənəcək və qiymət artımının qarşısı alınacaq. Bu baxımdan süni qiymət artımı normal iqtisadiyyatı olan bir sistemdə mümkün görünmür".

"Çünki qiymətin artımı sahibkar üçün daha çox vergi ödənməsi deməkdir. Son zamanlar ölkədə vergiyə cəlbolunmalar artıb, xeyli sürətləndirici addımlar atılıb. Amma bu problemlərin bəziləri qalır deyə biz bunu süni qiymət artımı kimi görürük. Əslində isə bu, iqtisadi proseslərin göstəricisi kimi dəyərləndirilsə, daha doğru olardı", - deyə N.Cəfərli bildirib.

O qeyd edib ki, iqtisadi  alətləri işə salmaqla məhsul, istehsal, idxal bolluğu yaratmaq, rəqabətli mühiti genişləndirməklə qiymətlərin tənzimlənməsi daha doğrudur: "Ümumi qiymət artımına gəldikdə isə, Azərbaycanda uzun illərdir ki, formalaşan mənfi ənənələr də var. Bu da ondan ibarətdir ki, biz hər il noyabrdan Novruz bayramınadək dalğa-dalğa qiymət artımının şahidi oluruq. Bunun obyektiv səbəbi odur ki, noyabrdan etibarən piştaxtalarda yerli məhsullar azalmağa, idxal məhsullarının həcmi isə artmağa başlayır ki, bu da qiymətlərin yüksəlməsinə təsir göstərir. Hazırda isə logistika problemlərinin də qiymətlərə təsiri var".

"Digər obyektiv səbəb odur ki, hazırda bütün dünyada qida sektorunda qiymətlərdə ilin əvvəlindən etibarən qalxma müşahidə edilir. İlin əvvəllərində dünyada qida indeksi az qala 10 faizədək artıb. Bütün bunlar da ölkəmizdəki qiymətlərə təsir edir. Çünki biz idxaldan asılı ölkəyik", - deyə iqtisadçı əlavə edib.

Ekspert bildirir ki, qiymətlərin artmasına təsir edən subyektiv səbəb isə ondan ibarətdir ki, noyabrın sonundan Yeni ilə, qışa hazırlığın getməsi ilə əlaqədar olaraq tələbat artır: "Tələbat artdıqca da qiymətlərdə də artım olur. Çünki bazara yeni oyunçuların daxil olması çətinləşir. Bundan başqa, yerli istehsalda da çətinliklər var: yerli istehsalın həcmi gözləntilərimiz səviyyəsində artmır.

Kənd təsərrüfatı sahəsində müəyyən artımlar olsa da, digər sahələrdə problemlər yaşanır. Bu da ətraf ölkələrin milli valyutasının dəyər itirməsi fonunda idxalın daha da cəlbedici olmasına səbəb olub. İstehsal etməkdənsə, qonşu ölkələrdən idxal etmək daha sərfəli hala gəlib ki, bu da daxildə qiymət artımına səbəb olan əsas amillərdən biri olub".

Ekspert belə proqnozlaşdırır ki, dekabrın əvvəllərindən etibarən başlayan qiymət artımı aprelədək, yəni yerli məhsulların bazara çıxmasınadək davam edəcək. 

Belədə isə istehlakçılara artıq yerə pul xərcləməsinlər deyə qışa mümkün qədər çox azuqə yığmaq qalır.

86
Teqlər:
noyabr, Yeni il, bahalaşma, qiymət, ərzaq, Azərbaycan
Azərbaycan manatı, arxiv şəkli

Qonşularımız pullarını "öldürürlər", biz - vergini. Malı kimə satmalı?

336
(Yenilənib 22:02 27.11.2020)
Ekspert: "Dünyada gedən valyuta müharibələrini də nəzərə alsaq, görürük ki, bütün ölkələr, əsasən də ixracatçı ölkələr, milli valyutalarını bir qədər ucuzlaşdırmağa çalışır. Yəni bunun hesabına ixracatı artıra bilsinlər deyə"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Nazirlər Kabineti "Malların ixrac qeydi ilə satışı Qaydası"nı təsdiq edib. Sputnik Azərbaycan xəbər verir ki, bu Qayda Azərbaycanda istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.

İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur.

Bəs bu addım Azərbaycanda ixracın və yerli istehsalın artmasına, sahibkarlara dəstək verəcəkmi?

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu addım ixracın stimullaşdırılması üçün atılıb: "Amma bununla yanaşı, bir sıra paralel addımlar da atılmalıdır ki, ixracın stimullaşdırılması üçün qarşıya qoyulan hədəflərə çatmaq mümkün olsun. Burada bir neçə problem mövcuddur.

Problemlərdən biri odur ki, son bir il ərzində qonşu ölkələrin milli valyutalarında kifayət qədər ciddi ucuzlaşma prosesi baş verib. Əsasən də bizim əsas ticarət tərəfdaşımız olan Türkiyə ilə Rusiyada lirə və rubl kifayət qədər ciddi şəkildə dəyərdən düşüb. Gürcüstanda da lari il ərzində 15-18 faiz ucuzlaşıb. Bu da idxalı stimullaşdırır, yerli istehsal və ixracat ilə bağlı müəyyən əngəllər yaradır".

"Dünyada gedən valyuta müharibələrini də nəzərə alsaq, görürük ki, bütün ölkələr, əsasən də ixracatçı ölkələr, milli valyutalarını bir qədər ucuzlaşdırmağa çalışır. Yəni bunun hesabına ixracatı artıra bilsinlər deyə. Digər bir institusional problem odur ki, bizim qeyri-neft ixracımız hələlik çoxşaxəli modelə keçməyib. Son dövrlərdə qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələrin sırasında Rusiya öndədir. Burada çoxşaxəli modelə keçməliyik, yəni yeni bazarlara çıxış imkanları kifayət qədər məhduddur", - deyə ekspert qeyd edib.

O bildirib ki, həmişə ixracda hədəf kimi biz qonşu ölkələri götürmüşük: "Amma yeni bazarlara çıxış əldə etsək, Azərbaycanın əsasən də aqrar sektorda olan məhsullarını daha baha qiymətə sata bilərik. Bununla bağlı da işlər görülməlidir. Düzdür, müəyyən işlər aparılıb, Azərbaycanın xaricdə ticarət nümayəndəlikləri açılıb, amma yetərli deyil. Nazirlər Kabinetinin bu addımı təqdirəlayiqdir, stimullaşdırıcı addımdır. Lakin paralel olaraq bir çox problemlər də aradan qaldırılmalıdır ki, ixracın stimullaşdırılması ilə bağlı addımlar effekt verə bilsin".

"Bəzi ixracatçılar var idi ki, daxili bazardan topladıqları məhsulları xarici bazara çıxardırdı və daxili bazar amilinə görə şəxs ƏDV ödəməyə məhkum idi. İndi daxili sənədləşmədə 18 faizlik ƏDV ödənilməyəndə bunun ixracat ilə bağlı müəyyən stimullaşdırıcı təsiri olacaq", - deyə ekspert əlavə edib.

Dövlət Vergi Xidmətinin şöbə rəisi Elnur Yusifov bu qərar ilə bağlı şərhində deyib ki, "Malların ixrac qeydi ilə satışı Qaydası"nda ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət, ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır:

"Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) Qaydada onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Qaydanın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, Qayda ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur. İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə 0 dərəcə ilə cəlb olunur".

Şöbə rəisi qeyd edib ki, bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.

Qeyd edək ki, bu Qayda Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli qərarı ilə təsdiq edilib. İxrac qeydi ilə satılan mallara Azərbaycan ərazisində istehsal olunan qeyri-neft məhsulları aid edilir.

"Malların ixrac qeydi ilə satış qaiməsi"ndə satışı həyata keçirilən malların kodu, adı, ölçü vahidi və miqdarı əks olunur. "Malların ixrac qeydi ilə satış qaiməsi"ndə istehsalçı tərəfindən satılmış malların 3 ay müddətində ixrac edilməsi şərti qeyd edilir.

Bu Qaydanın tələblərinə əməl olunmasına nəzarət Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

336
Teqlər:
ekspertlər, Elnur Yusifov, Natiq Cəfərli, stimul, sıfır dərəcə, ƏDV, ixracatçı, ixracat, ixrac
Edvgerial saytın istifadəçisi

ƏDV-nin geri alınmasında çətinliklə üzləşənlər etməli?

29
(Yenilənib 21:08 27.11.2020)
Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

BAKI, 27 noyabr — Sputnik. Son günlər vətəndaşlar tərəfindən "ƏDV geri al" layihəsi ilə bağlı müxtəlif tətbiqlər və həmin tətbiqlərdən istifadə edilən zaman ƏDV-nin geri alınmasında çətinliklərlə üzləşmələri barədə müraciətlər daxil olur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və "BirBank" tətbiqindən istifadə edə bilərlər. Rəsmi elan edilmiş bu sayt və "Birbank" tətbiqi ilə bağlı hər hansı çətinliklər mövcud deyildir və ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir.

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

29
Teqlər:
Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi, problemlər, tətbiq, ƏDV geri al, ƏDV
İranda Möhsün Fəxrizadəni öldürdüyü yer

ABŞ İran vahid mövqedə: Hər ikisi alimin ölümündə İsraili günahlandırır

18
(Yenilənib 14:36 28.11.2020)
İranlı fizik Möhsün Fəxrizadənin İsrail tərəfindən öldürdüyünü düşünən Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

BAKI, 28 noyabr — Sputnik. Birləşmiş Ştatların kəşfiyyat xidmətləri İsrailin İranın nüvə proqramının yaradıcılarından biri, iranlı fizik Möhsün Fəxrizadəni öldürdüyünü düşünürlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşri yayıb.

Nəşrin məlumatına görə, adı çəkilməyən bir amerikalı məmur və kəşfiyyat orqanlarının iki əməkdaşı alimin öldürülməsinin arxasında İsrailin durduğunu bildirib.

Qəzet, həmçinin ABŞ-ın bu əməliyyat barədə əvvəlcədən məlumatlı olmasına dair dəqiq məlumatın olmadığını da qeyd edib.

Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

İran da alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

18
Teqlər:
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, Mərkəzi Kəşfiyyat İdarəsi, Ağ Ev, nüvə, İsrail, İran, ABŞ