Əldə manat, arxiv şəkli

Nazirlik gecikdirilən pulları məcburən ödətdirdi

61
Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub

BAKI, 27 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yanvar-sentyabr aylarında vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 180 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Ödənilən vəsaitin 172,8 min manatı əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, eləcə də zərərə görə ödənclər olub.

Həmçinin əmək müqavilələrinə qanunvericiliyin tələblərinə zidd olaraq, habelə ciddi səbəblər olmadan xitam verilməsi halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulub. Onlarla müvafiq izahat işləri aparılıb, həmçinin sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə olunub. Bu sahədə görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti cari ildə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını da təmin edib.

61
Şuşa, arxiv şəkli

Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalıdır

21
(Yenilənib 23:43 23.11.2020)
Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarında gəlir gətirən sahələrin dərinləşdirilməsinə və inkişaf etdirilməsinə ehtiyac var.

BAKI, 23 noyabr — Sputnik. Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli olaraq prioritetləşdirilməlidir.

Sputnik Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Ayhan Satıcının işğaldan azad olunmuş ərazilərin postkonflikt dövründə bərpa prosesinə dair şərhini təqdim edir:

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müzəffər Ordusunun qısa zaman ərzində işğal altında olan tarixi torpaqlarımızın düşmən əsarətindən geri qaytarması bu ərazilərdə postkonflikt bərpa prosesinin başlanmasına zəmin yaratdı. Əzəli torpaqlarımızda tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq və bərpa etmək üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarına və digər sərmayələrin cəlb edilməsinə struktural mexanizmin hazırlanması öz töhfəsini verəcək.

İnvestisiya tələb edən sahələr

Münaqişə zamanı dəyən zərərin postkonflikt bərpa prosesi bir çox sahələrin prioritetləşməsini tələb edir. Bu sahələrin münaqişədən sonra müəyyənləşdirilib bərpasına başlanılması prosesi kompleks mexanizmlər tələb edir. Beləliklə, beynəlxalq təcrübə onu göstərir ki, ilkin olaraq dəymiş zərəri müəyyənləşdirdikdən sonra minimum yaşayış səviyyəsinin təminatı prioritetdir. Minimum yaşayış səviyyəsinin təminatını nəzərdə tutan vacib amillər aşağıdakılardır:

- işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi

- elektrik enerjisinin təminatı

- kritik yol xətlərinin bərpası

- içməli su, sanitar qovşaqlarının və irriqasiya sistemlərinin bərpası

- ev/mənzil yaşayış sahələrinin bərpası və təminatı

- humanitar yardım məqsədləri üçün hava limanının bərpası.

İlkin mərhələdə bu sahələrə yönələn sərmayə sonrakı dövrdə sosial və iqtisadi canlanmaya dəstək olacaq. Ərazilərin minalardan təmizlənməsi sözügedən ərazilərə köçürüləcək əhalinin təhlükəsizliyi üçün ən vacib amildir. Bu prosesdən sonra kritik yol xətlərinin bərpası yaşayış sahələri arası gediş-gəlişi və digər vacib təminatların təchiz olunmasını asanlaşdıracaq. İçməli su, sanitariya və irriqasiya sistemlərinin yenidən qurulması prosesi isə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına və sonrakı mərhələdə iqtisadi baxımdan ailə-ev təsərrüfatlarının canlanmasına töhfə verəcək. Yekun olaraq bu nəticəyə gəlmək olar ki, minimum yaşayış səviyyəsinin təminatı sonrakı prosesin, yəni ilkin sosial-iqtisadi inkişafın təzahürüdür.

İlkin sosial-iqtisadi inkişafın vacibliyi postkonflikt dövrdə insanların mərhələli şəkildə köçürülməsinə və yardım asılılığından qısa zamanda azad olmalarına gətirib çıxarır. Belə ki, təhsil, səhiyyə və telekommunikasıya obyektlərinin koordinasiyalı bərpası insanların adaptasiya prosesini sürətləndirəcək. Paralel şəkildə əhalinin məşğulluğunun artırılması məqsədilə kiçik və orta bizneslərin dəstəklənməsi, bilavasitə ev təsərrüfatlarının inkişafına səbəb olacaq təşəbbüslərin artırılması məqsədəuyğun olacaqdır. Bundan əlavə, iqtisadi canlanmaya töhfə verəcək bank və turizm sektorlarına da xüsusi diqqət göstərilməlidir. Son olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonalarında gəlir gətirən sahələrin dərinləşdirilməsinə və inkişaf etdirilməsinə ehtiyac var.

Sahələr üzrə maliyyə qoyuluşu

Maliyyə mənbələrinin çoxşaxəli olması münaqişədən sonra bərpa prosesinə ehtiyac olan sahələrin bir o qədər sürətli canlanması deməkdir. Sahələr üzrə olan araşdırmalarda beynəlxalq təşkilatlar, dövlət orqanları, özəl sektor, qeyri-hökümət təşkilatları, vətəndaş cəmiyyətləri və sair kimi qurumlar münaqişə sonrası dövrdə ərazilərin bərpasında maraqlı tərəflər kimi çıxış edir. Təşkilatların mandatlarına uyğun olaraq maliyyənin cəlb edilməsi ən başlıca prioritetlərdən olmalıdır. Belə ki, Azərbaycanda keçirilən əksər sosial-iqtisadi layihələri cəmləşdirsək görərik ki, sahələr üzrə maliyyələşmə mümkündür. Birləşmiş Millətlərin Təşkilatının İnkişaf Proqramına (UNDP) istinadən, BMTİP və "ABAD" Şəki-Zaqatala iqtisadi zonalarında ailə təsərrüfatına dəstək proqramı keçirilməkdədir. Layihə çərçivəsində ailələrə maliyyə dəstəyi göstərilir, təlimlər keçirilir və ailə markasının yaradılmasına dəstək olunur. Bundan əlavə, Birləşmiş Millətlər Qaçqınlar Təşkilatının (BMqT) uzun müddət sürmüş "Kəhriz" layihəsi var. Layihənin əsas fəaliyyət dairəsi rayonlar üzrə kəhrizlərin reabilitasiya edilməsi və resurs mərkəzləri yaratmaq olub. Bilavasitə, bu proqram çərçivəsində yaşayış zonalarında içməli su təminatını və kənd təsərrüfatı sahələri üçün suvarma imkanları inkişaf etdirilib. Layihələrə əlavə olaraq, təhsil, səhiyyə və enerji sahələrində Avropa İttifaqının (Aİ) fövqəladə tranş proqramları olub. Həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) "Halo Trust" təşkilatı ilə birlikdə Qarabağ ərazisinin minalardan təmizlənməsi işlərinə cəlb olunub. Nəticədə, qeyd esilən mənbələrdən maliyyə cəlb olunması və bu maliyyənin işğaldan azad edilmiş ərazilərimizə strateji və koordinasiyalı yatırılması gələcək zamanda həmin ərazilərin iqtisadiyyatını Azərbaycanın ümumi iqtisadiyyatına reinteqrasiya edə bilər.

Dünya təcrübəsində sərmayələrin strateji və koordinasiyalı yatırılması dedikdə donor yaxud maliyyə koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bu üsulla, maliyyə qoyuluşuna ehtiyac sahələrin müəyyənləşməsinə, ehtiyacların doğru maliyyə mənbələrindən təmin edilməsinə və son olaraq sərmayə qoyuluşlarını düzgün sahələrə yönləndirilməsinə gətirib çıxaracaq.

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonasının potensialı

İşğaldan azad edilmiş ərazilərimizdə bir çox iqtisadi fəaliyyət sahələrinin inkişaf potensialı var. Kənd təsərrüfatı sahələrindən arıçılıq və maldarlıq potensialı Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocalı, Laçın, Tərtər və Füzuli rayonlarımızda var. Cəbrayıl və Kəlbəcər ərazisində balıqçılıq sahəsini inkişaf etdirmək mümkündür. İpəkçilik üzrə Cəbrayıl rayonu və Şuşa şəhəri, taxılçılıq üzrə Kəlbəcər, Cəbrayıl, Tərtər, Qubadlı, Füzuli və Xocavənd rayonları böyük potensiala sahibdir. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində ət-süd məhsulları emalı üzrə Kəlbəcər, Tərtər və Füzuli, gön-dəri emalı üzrə Ağdam, Cəbrayıl, Laçın və Füzuli rayonlarımız geniş potensiala sahibdir.

Dağ-mədən sənayesi üzrə Kəlbəcər və Zəngilan rayonlarımızda qızıl, mis, gümüş, civə və xromit ehtiyatları, Cəbrayıl rayonunda yerləşən "Yəşəm" və "Xalsedon" yataqları zərgərlik sahəsini inkişaf etdirməyə imkan verir. Əlavə olaraq, turizm sahəsinin inkişafına imkan verəcək gözəl guşələrimizdən olan Şuşa, Laçın və Kəlbəcərdə dağ turizmi, ekoturizm, müalicəvi turizm, mədəni turizm üçün yararlı sayılan digər rayon və şəhərlərimizin potensialından istifadə edərək Qarabağın iqtisadi dirçəlməsinə töhfə verə bilərik.

Onu da qeyd etmək gərəkdir ki, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonasının enerji potensialı çox yüksəkdir. Hidroenerji potensialı baxımından "Xudafərin", "Qız Qalası" su elektrik stansiyaları (SES) və "Tərtər" SES-i nümunə göstərmək olar. Həmçinin Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında günəş enerji potensialı, Qarabağın dağlıq hissələri, əsasda Kəlbəcər və Laçın rayonlarında külək enerji potensialı, geotermal enerji resurslarımız isə Kəlbəcər və Şuşada geniş yayılıb.

Bütün bu enerji ehtiyatlarının və digər sənaye sahələrinin inkişaf etdirilməsi üçün bir çox sahələrdən investisiya qoyuluşları cəlb etmək mümkündür. Beynəlxalq təcrübədə göstərilir ki, risklərin hesablanması sənaye və enerji sahəsində qoyulan birbaşa xarici investisiyalarda öhdəsindən gəlinən təhlükə kimi nəzərə alınır. Bu səbəbdən bir çox beynəlxalq şirkətlər postkonflikt dövründə sənaye və enerji sahəsinə investisiya yatırımlarına müsbət baxır.

Diaspor investisiya qoyuluşu

Postkonflikt dövrdə münaqişədən yeni çıxan ərazilərə investisiya cəlb etmək kifayət qədər çətin bir prosesdir. İnvestisiya qoyuluşlarında məlumat mövcudluğu dərəcəsi qoyulacaq investisiya ilə düz mütənasibdir. Bu o deməkdir ki, ərazi ilə bağlı nə qədər çox məlumat olarsa, investorların marağını bir o qədər çox cəlb edə bilər.

Digər sərmayə qoyuluşu

Münaqişədən sonrakı dövrdə ərazilərdə texnologiya sahəsinə cəlb edilməsi düşünülən sərmayələri vençur kapital yaxud kraudfandinq yolu ilə artırmaq olar. İlkin səviyyədə böyük həcmdə sərmayə qoyuluşu çətin olduğundan, kiçik və orta biznes səviyyəsində sərmayələrin cəlb edilməsi sonrakı dövrdə böyük investisiya qoyuluşlarına dəstək olacaq. Bunun nəticəsidir ki, Tayvan və Yaponiya texnologiya sahəsində vençur kapital qoyuluşlarında özlərini doğruldub.

Dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə bir çox sahələrə sərmayə cəlb edilə bilər. İnfrastruktur layihələrin dövlət-özəl tərəfdaşlığı vasitəsilə həyata keçirilməsi özəl sektorun canlanmasına, səmərəliliyin artmasına və dövlət büdcəsinə düşəcək yükün azalmasına gətirib çıxarır. Həyata keçiriləcək layihələrin sayı səmərəliliyin artmasından və xərclərin bölüşdürülməsindən ötrü çoxalır.

Postkonflikt dövründə sərmayə qoyuluşları üçün sahələr detallı araşdırılmalı və mərhələli olaraq prioritetləşdirilməlidir. Vətəndaşların ilkin yaşayış səviyyəsini təmin etdikdən sonra onların köçürülməsinə yönələn prosesdə ilkin olaraq sosial və iqtisadi inkişafa dayanan sahələrə diqqət yetirilməlidir. Əlavə olaraq uzun müddətdə dayanıqlı iqtisadi inkişaf modeli yaradılmalı və sərmayə qoyuluşlarında davamlı gəlirlər əldə etmək üçün strateji sahələr seçilməlidir. Son olaraq, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi zonaların potensiallarından səmərəli istifadə olunmalıdır".

21
Teqlər:
Kəlbəcər rayonu, Zəngilan, maliyyə, inkişaf, investisiya, iqtisadi islahatlar, Yuxarı Qarabağ
Qadın qızıl məmulata baxır, arxiv şəkli

Lombardlardakı girovu bağlayanlar peyda olublar - Onların vətəndaşa xeyri nədir?

258
"Bank olmayan kredit təşkilatlarının faizləri banklarla müqayisədə çox bahadır. Amma lombardlarla müqayisədə ucuzdur. Bu, borcun alınaraq daha baha qiymətə satılmasıdır".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. "Lombardda qızılınız var? Zəng edin, çıxartmağa kömək edək!"

Son vaxtlar bu cür elanlara avtobus dayanacaqlarında tez-tez rast gəlinir. Hətta vətəndaşlar arasında bu elanlara maraq göstərənlər də az deyil. Xüsusilə lombardda qızılı olan şəxslər bu tip elanlar vasitəsilə lombarda qoyduğu girovu çıxartmağın onlar üçün nə dərəcədə təhlükəli olub-olmadığı ilə maraqlanırlar. Sputnik Azərbaycan əhalinin geniş marağına səbəb olan bu tip elanların izinə düşüb.

Apardığımız kiçik araşdırma zamanı bəlli oldu ki, bu cür elanlarla vətəndaşlara lombarddakı qızılını çıxartmağa kömək təklif edənlər bank olmayan kredit təşkilatlarıdır. Elanda göstərilən nömrələrdən biri ilə əlaqə saxlayaraq bu köməyin hansı formada, hansı şərtlər qarşılığında edildiyini öyrənməyə çalışdıq.

Özünü "Brand kredit" təşkilatının nümayəndəsi kimi təqdim edən Taleh Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, onların məqsədi müştəri cəlb etməkdir:

"Bəzi vətəndaşlar lombarda qoyduğu qızılını faiz yüksək olduğu üçün çıxarda bilmir. Nəticədə lombard girov saxladığı qızılı satır. Biz isə vətəndaşlara lombardlara qoyduqları qızılı çıxartmağa kömək edirik. Vətəndaşın lombarda olan borcunu ödəyirik, onunla yenidən müqavilə bağlayırıq. Tutaq ki, vətəndaşın lombarda 1300 manat borcu var. Biz onun lombarda olan bu borcunu ödəyirik. Ona həmin məbləğdə yeni kredit ayırırıq. Vətəndaş o məbləği bizə faiz hesablanmaqla 6, 12, yaxud da 18 ay ərizində ödəyir.

Əgər kredit müqaviləsi 12 aylıq bağlanarsa, aylıq ödəniş 138 manat 50 qəpik təşkil edir. Borc 12 aydan tez ödənilirsə, növbəti ayların faizi silinir. Beləcə, vətəndaş 12 aya 362 manat pul itirir. Lombardlarda isə bu, daha yüksəkdir. Bunun üçün vətəndaş bizim ofisə şəxsiyyət vəsiqəsi və girov aktı ilə yaxınlaşır. Biz onun lombarddakı borcunu bağlayırıq, qızılı yenidən qiymətləndirilir və müqavilə bağlanılır. Borc azaldıqca müştəri qızıldan hissə-hissə götürür. Bizim faizimiz lombardlarla müqayisədə aşağıdır. Həm vətəndaş qazanır, həm də biz".

© Sputnik / Zulfiyya Guluyeva
Binanın divarında "Lombardda qızılınız var? Zəng edin, çıxartmağa kömək edək!" yazısı

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, lombardlar vətəndaşları çox çarəsiz duruma salır: "Vətəndaşlara əlimyandıda qalanda pul götürmək üçün ən asan variant lombarda müraciət etməkdir. Çünki lombard vətəndaşdan ancaq girov tələb edir. Bu girovun qarşılığında götürdüyü pulu necə ödəyəcəyi lombardı maraqlandırmır. Çünki lombardlar girovu çox aşağı qiymətlə qiymətləndirirlər. Hətta müştəri pulu ödəmədikdə onlar çox rahatlıqla girovu özlərinə götürürlər. Buna görə də vətəndaşlar lombardlardan yaxalarını qurtarmaq istəyirlər. Bazarda belə bir tələbat olduğunu görən bank olmayan kredit təşkilatları isə lombardda girovu olan vətəndaşı özünə müştəri kimi cəlb edir. Əslində bununla problemi öz üzərinə götürmüş olur. Çünki lombarddan pul götürüb ödəyə bilməyən şəxslər problemli müştəri hesab olunurlar. Amma ortada girov olduğundan, bank olmayan kredit təşkilatları bu məsuliyyətin altına girirlər. Burada onların əsas məqsədi müştəri cəlb etmək, pul qazanmaqdır. Düzdür, bank olmayan kredit təşkilatlarının faizləri banklarla müqayisədə çox bahadır. Amma lombardlarla müqayisədə ucuzdur. Bu, borcun alınaraq daha baha qiymətə satılmasıdır".

S.Əliyevin sözlərinə görə, lombarddan qızılını çıxartmağa kömək edən kredit təşkilatı ilə yeni müqavilə bağlamaq vətəndaş üçün digər tərəfdən də sərfəlidir:

"Çünki lombardlara nəzarət yoxdur. Onların fəaliyyəti qanunla tənzimlənmir. Bank olmayan kredit təşkilatları isə Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir. Onlarda lombardlar kimi qəflətən bağlanaraq girovun batması mümkün deyil".

İqtisadçı bildirir ki, lombardların faizi çox baha, aylıq 5 faiz olur. Kredit təşkilatlarının isə faizi bir qədər aşağı - aylıq 1 faiz civarında olur: "Bu gün lombardlarla müqayisədə kredit təşkilatlarının faizi aşağıdır".

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzən vətəndaşlar lombardlardan çox etibarsız olduğu üçün imtina edirlər: "Bəzi insanlar çətin duruma düşəndə girov qoyub lombarddan pul götürürlər. Amma az müddət sonra səhv etdiyini anlayır, lombardda girovun hər an batma ehtimalının olduğunu anlayır. Çünki əksər hallarda lombardlar bir ay fəaliyyət göstərir, qızılı yığıb ofisi bağlayırlar. Buna görə də, vətəndaşlar lombardlardan girovu çıxartmaq istəyirlər. Bank olmayan kredit təşkilatları da bunları nəzərə alaraq lombard müştərilərini özünə yönəldir. Onların kredit faizləri lombardlarla müqayisədə qismən aşağıdır. Həmçinin lombard girovu müştəri borcu ödəyəndə asanlıqla satır və yaxud özününküləşdirir. Bank olmayan kredit təşkilatı isə məhkəmə qərarı olmadan həmin girovu sata bilmir. Üstəlik, lombardla müqayisədə müştərinin ödədiyi məbləğ girov satılarkən nəzərə alınır. Bütün bunlara görə bank olmayan kredit təşkilatları lombardlarla müqayisədə daha etibarlı və sərfəlidir".

Qeyd edək ki, lombardlarla bağlı qanun layihəsi artıq Milli Məclisdə iki oxunuşdan keçib. Yaxın zamanda lombardların da fəaliyyəti qanunla tənzimlənəcək.

258
Teqlər:
vətəndaş, müqavilə, faiz, bank, borc, qızıl, lombard, Azərbaycan

Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı bütün təzminatları ödəməlidir”

0
(Yenilənib 02:22 24.11.2020)
Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyir ki, azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq
Anar Kərimov: “Ermənistan məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir”

“Aparılmış monitorinqlərin ilkin nəticələrinə əsasən işğaldan azad edilmiş rayonlarda 151 mədəniyyət müəssisəsi, o cümlədən 72 kitabxana, 62 mədəniyyət evi və klub, 8 muzey, 9 uşaq musiqi məktəbinin olduğu dəqiqləşdirilib”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

“Bu müəssisələrin hamısı dağıdılmış vəziyyətdədir. Bu nəinki beynəlxalq hüquqa, həm də insani dəyərlərə, İslama zidd bir fəaliyyətdir. Biz beynəlxalq ekspertləri dəvət edəcəyik və saxtalaşdırılmış tarixi abidələrdə olan faktları qeydiyyatdan keçirəcəyik. Beynəlxalq mətbuatda ermənilər tərəfindən bir qarayaxma kampaniyası başlanıb. Təəssüflər olsun ki, bir çox təşkilatlar bu kampaniyanın tərkib hissəsinə çevriliblər. Biz mənşəyindən asılı olmayaraq bütün abidələrimizi, o cümlədən islam və xristian abidələrimizi qoruyub bərpa edəcəyimiz barədə bəyanatlar vermişik. Azad olunmuş torpaqlara qiymətləndirmə missiyası göndəriləcək, dəymiş ziyan hesablanacaq və bunun əsasında beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunacaq. Təbii ki, Ermənistan bununla bağlı məsuliyyət daşımalı və bütün təzminatları ödəməlidir” – deyə Anar Kərimov bildirib.

Anar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0