Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

AMB məşhur bankın cəzalandırılmasını istəyir

© Sputnik / Maksim Blinov / Mediabanka keçidСбербанк, фото из архива
Сбербанк, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müraciətlərdə qeyd olunan qanunsuz əməliyyatlarda iştirak edən maliyyə təşkilatları xəbərdar olunub ki, yerli maliyyə təşkilatlarının işğal altında olan ərazilərimizdə qanunsuz fəaliyyət göstərən təşkilatlarla işgüzar münasibətləri dayandırılacaq.

BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Mərkəzi Bankı əlaqədar qurumlarla birlikdə sağlam maliyyə vasitəçiliyinin təmin olunması istiqamətində ardıcıl fəaliyyəti çərçivəsində ölkəmizin işğal altında olan ərazilərində qanunsuz maliyyə-bank əməliyyatlarının aparılmasına qarşı mübarizə tədbirlərini daim diqqət mərkəzində saxlayır. Bununla bağlı müxtəlif vaxtlarda aşkar olunmuş faktlara qarşı ciddi tədbirlər görülüb, həmin əməliyyatların dərhal dayandırılması məqsədilə qarşı tərəflərə müraciətlər olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında deyilir.

Həmin müraciətlərdə qeyd olunan qanunsuz əməliyyatlarda iştirak edən maliyyə təşkilatları xəbərdar olunub ki, yerli maliyyə təşkilatlarının işğal altında olan ərazilərimizdə qanunsuz fəaliyyət göstərən təşkilatlarla işgüzar münasibətləri dayandırılacaq. Görülən tədbirlər nəticəsində həmin qanunsuz əməliyyatların qarşısının alınmasına nail olunub.

Qeyd olunan mübarizə tədbirləri Ermənistanın işğalçı qüvvələrinin genişmiqyaslı təxribatlarına qarşı Milli Ordumuz tərəfindən əks hücum əməliyyatlarının aparıldığı, torpaqlarımızın işğalçılardan azad edildiyi indiki həssas dövrdə xüsusi aktuallıq kəsb edir. Rəşadətli ordumuzun düşmən üzərində inamlı qələbələri və qarşı tərəfin resurslarının tükənməsi şəraitində düşmən qüvvələr dünyanın müxtəlif yerlərindən qeyri-qanuni fəaliyyətləri üçün yardımlar toplamağa cəhd edir.

Bu xüsusda Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılmış monitorinqlər zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçılıq yolu ilə yaradılmış, dünya ictimaiyyəti tərəfindən tanınmayan və qəbul edilməyən qondarma "Dağlıq Qarabağ Respublikası" üçün yardım toplanılması prosesində Rusiya Federasiyasında fəaliyyət göstərən "Sberbank"ın iştirak faktı aşkarlanıb. Müəyyən olunub ki, sözügedən yardımlar "Sberbank"da olan müxbir hesabları vasitəsilə müxtəlif valyutalarda "Donation We and our borders", "Финансовая помощь Мы и наши границы", "Арцах" və ya "Artsakh" təyinatları adı altında həyata keçirilir.

Bununla əlaqədar dərhal Azərbaycan Mərkəzi Bankı tərəfindən həm Rusiya Mərkəzi Bankına, həm də "Sberbank"a sərt etiraz məktubu göndərilib. Məktubda ölkələrimiz və qurumlarımız arasında formalaşmış əməkdaşlıq əlaqələrinin əhəmiyyətini nəzərə almaqla beynəlxalq hüquq normalarını rəhbər tutaraq, təcavüzkarın maliyyələşdirilməsi üçün vəsaitlərin toplanması prosesində "Sberbank"ın iştirakına qətiyyətlə etiraz edilib.

"Sberbank"da açılmış hesablar üzərindən aparılan əməliyyatların işğal olunmuş ərazilərdə gedən proseslərə neqativ təsirini nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı bu faktın Azərbaycan Respublikasının maraqlarına zidd olduğunu qarşı tərəfin diqqətinə çatdırıb və "Sberbank"ın, habelə Rusiya Federasiyasında fəaliyyət göstərən digər maliyyə qurumlarının bu prosesdə iştirakının dərhal dayandırılması tələb edilib.

Məktubda belə bir həsas məqamda üçüncü tərəfin ərazisində qanunazidd fəaliyyət göstərən bir rejimə yardım edilməsi prosesində iştirakın ölkələrimiz arasında formalaşmış müsbət əməkdaşlıq ilə yanaşı, "Sberbank" kimi nüfuzlu bankın imicinə də ciddi zərbə vuracağı xüsusilə vurğulanıb. Belə ki, Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan Hökuməti ilə razılaşdırılmamış hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.

Əhalinin nəzərinə çatdırırıq ki, qeyd olunanlarla yanaşı, düşmən həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı Ordumuz tərəfindən uzun illər ərzində işğal altında saxladığı torpaqlarımızda məğlubiyyətə uğradıqca bütün vasitələrlə ölkə daxilində digər təxribatlara da əl atır. Belə ki, ölkə banklarımızın müştərilərində çaşqınlıq yaratmaq məqsədilə banklar adından onlara saxta mesajlar, elektron məktublar göndərilir. Qeyd edək ki, bu təxribatlara qarşı da ölkənin müvafiq orqanları, o cümlədən maliyyə-bank sistemi tərəfindən hazırda ciddi əks tədbirlər görülür və təxribatların qarşısı alınır.

Azərbaycan Mərkəzi Bankı bundan sonra da öz səlahiyyətləri çərçivəsində sağlam maliyyə vasitəçiliyinin təmin olunması, o cümlədən işğal altında olan torpaqlarımızda istənilən qanunsuz fəaliyyətin qarşısının alınması üçün adekvat tədbirlərin görülməsini davam etdirəcək.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Xəbər lenti
0