Nazirlər Kabineti, arxiv şəkli

Kiçik orta sahibkarlığın inkişafı ilə bağlı layihələr belə maliyyələşdiriləcək

98
(Yenilənib 21:09 02.10.2020)
Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi qaydası müəyyənləşib.

BAKI, 2 oktyabr - Sputnik. Nazirlər Kabineti “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”nı təsdiq edib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu Qayda Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat  və dəstək layihələrinin maliyyələşdirilməsi, habelə maliyyələşdirmənin həyata keçirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydasını müəyyən edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsini “Qrant haqqında” qanuna və bu Qaydaya uyğun olaraq həyata keçirir. Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsi Agentlik tərəfindən keçirilən müsabiqələr yolu ilə müəyyən edilir.

Müsabiqələr aşağıda qeyd olunmuş sahələr üzrə həyata keçirilir:

- təhsil layihələri;

- elm layihələri;

- tədqiqat layihələri;

- dəstək layihələri.

Müsabiqənin keçirilməsi barədə elan və onun nəticələri haqqında məlumatlar Agentliyin rəsmi internet saytında yerləşdirilir və bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyətə məlumat verilir.  Bu Qayda ilə müəyyən olunmuş məqsədlər üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB subyektləri) aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. Hər bir şəxs hər müsabiqə çərçivəsində yalnız 1  layihə təqdim etmək hüququna malikdir. Müsabiqəyə  təqdim  olunmuş  layihələrin  icra  müddəti 3 aydan az, 12  aydan çox olmamalıdır. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri  20 min manatdan çox olmamalıdır. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz. Layihələrə ayrılmış maliyyə vəsaiti Azərbaycan manatı ilə nağdsız qaydada ödənilir.

Agentliyə təqdim edilmiş və maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş layihələr üzrə ödənişlər 2 mərhələdə həyata keçirilir. Müqavilə bağlanıldıqdan sonra vəsaitin 70 faizi, layihənin tam icrası ilə bağlı yekun hesabat təqdim edildikdən sonra isə vəsaitin qalan 30  faizi layihəni təqdim edən şəxsin  müvafiq bank hesabına köçürülür. Yerinə yetirilmiş layihə üzrə yekun hesabat layihə rəhbəri tərəfindən baxılması üçün Agentliyə təqdim olunur. Agentlik layihə üzrə yekun hesabatı qiymətləndirmək məqsədilə hesabatı ekspert komissiyasına göndərmək hüququna malikdir. İlkin, aralıq və yekun hesabatların təhlili nəticəsində layihənin bu Qayda ilə müəyyən edilmiş  göstəricilərə uyğun gəlmədiyi müəyyən edildikdə, Agentliyin əsaslandırılmış qərarına əsasən layihənin maliyyələşdirilməsi dayandırılır və bu Qaydada nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Layihə üçün ayrılmış vəsait tam istifadə edilmədikdə, qalıq məbləğ və ya təyinatı üzrə xərclənmədiyi aşkar edildikdə, tam məbləğ Agentliyin hesabına qaytarılır. Agentlik bu hallarla əlaqədar məbləğin qalıq və ya tam hissəsinin ödənilməsi məqsədilə müraciət edən şəxsə tələb məktubu göndərir. Müraciət edən şəxs tərəfindən tələb məktubu icra edilmədikdə və qalıq və ya tam məbləğin qaytarılmasından imtina edildikdə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ layihənin icra müddəti bitdikdən sonra Agentliyin hesabına qaytarılır.

Agentlik tərəfindən layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edildiyi təqdirdə, layihənin maliyyələşdirilməsi aşağıda göstərilən maliyyə mənbələri hesabına həyata keçirilir:

- Agentliyə dövlət büdcəsindən ayrılmış vəsaitlər;

- Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi sərbəst vəsaitlər;

- beynəlxalq təşkilatların verdikləri kreditlər, qrantlar, texniki və maliyyə yardımları;

- sahibkarlıq subyektlərinin bu məqsədlər üçün ayırdıqları vəsaitlər;

- xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri.

98
Bakıda neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşır

5
(Yenilənib 11:29 20.10.2020)
"Brent" markalı neftin qiyməti 0,14 dollar geriləyərək 42,48 dollar, "Light" markalı neftin qiyməti isə 0,26 dollar ucuzlaşaraq 40,57 dollar olub

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 42,44 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,14 dollar geriləyərək 42,48 dollar, "Light" markalı neftin qiyməti isə 0,26 dollar ucuzlaşaraq 40,57 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

5
Teqlər:
ucuzlaşma, qiymət, neft, Azərbaycan
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
BVF

BVF dünyanı xilas etməyin yolunu tapıb: Rusiyanı yoxsulluqla təhdid edir

85
(Yenilənib 23:48 19.10.2020)
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyinin bəyanatlarından belə məlum olur ki, bu nəhəng beynəlxalq maliyyə təşkilatı 1944-cü ilə qayıtmaq niyyətindədir, ya da ən azı COVID-19 pandemiyasını bəhanə gətirərək 1944-cü ili təkrarlamaq istəyir

BAKI, 19 oktyabr — Sputnik. İvan Danilov. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyinin bəyanatlarından belə məlum olur ki, bu nəhəng beynəlxalq maliyyə təşkilatı 1944-cü ilə qayıtmaq niyyətindədir, ya da ən azı COVID-19 pandemiyasını bəhanə gətirərək 1944-cü ili təkrarlamaq istəyir. BVF rəhbərlərinin sözlərindən belə çıxır ki, təşkilat epidemiyanın iqtisadi və humanitar sahədəki nəticələrinin aradan qaldırılması üçün dünyaya yardım etməyə çalışır. Əslində isə onların bu sözlərinin arxasında tamamilə başqa məqsədlər dayanır. İnkişaf etməkdə olan ölkələrdə nüfuzu xeyli aşağı düşmüş bu iri maliyyə təşkilatının liderləri öz insanpərvər niyyətlərinə yalnız dünyadan xəbərsiz sadəlövh adamları inandıra bilərlər. Çünki bu Vaşinqton mərkəzli quruma borclu olan dövlətlərdə sosial proqramların dayandırıldığı və "iqtisadi dirçəlişdə BVF-nin tələblərini yerinə yetirmək" adı altında dövlət təşkilatlarının qəpik-quruşa satışa çıxarıldığı artıq çoxlarına sirr deyil.

Amerikalı rəqiblərimizin haqqını yeməməliyik: G7-nin elit-neomüstəmləkə klubu xaricindəki ölkələrin BVF-də nəzarəti ələ keçirmək cəhdləri qərar qəbuletmə prosesində Çinin (və ya hətta Rusiyanın) təsirinin artırılması istiqamətində müəyyən irəliləyiş olmasına baxmayaraq, hələlik uğurla nəticələnməyib.

Ümulikdə isə inkişaf etməkdə olan ölkələrin baş kreditoru (əslində isə "Planetin baş Şeyloku") hələ də qətiyyən ədalətli olmayan "qloballaşma" versiyasının təbliğinə yönəlib.

Əgər COVID-19 pandemiyası başladığı vaxt Qərb mediası və mütəxəssisləri qloballaşmanın bu versiyasının gələcək taleyi üçün narahat olurdularsa, indi "qlobal Şeylok" daha bir Bretton Vuds konfransına (BVF – məhz 1944-cü ildə keçirilən bu konfransda təsis edilib) ehtiyac olduğunu bildirir. Başqa sözlə, mövcud qloballaşma sxemi epidemiyanın əsas qurbanına çevrilib və necə deyərlər, hələ onun meyiti soyumamış iri maliyyə qurumları başqa bır qloballaşma metoduna ehtiyac olduğunu dünyaya car çəkir.

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva Andorranın Fonda üzv olması ilə üst-üstə düşən rəsmi müraciətində tarixi anın gəlib çatdığını bildirir:

"Andorranı 190-cı üzvümüz kimi qarşılayacağımız anı səbirsizliklə gözlədiyimiz vaxt BVF-nin gördüyü iş bəşəriyyətin qardaşlıq və bərabərlik prinsipləri üzərində qurulan əməkdaşlıq və həmrəylik dəyərlərinin bir sübutudur. Bu gün biz yeni bir "Bretton Vuds anı" ilə qarşı-qarşıya qalmışıq. Pandemiya artıq bir milyondan çox insanın həyatına son qoyub. Bu il dünya iqtisadiyyatının 4,4 faiz geriləməsinə səbəb olan iqtisadi fəlakət gələn il bütün dünyada istehsalın 11 trilyon dollar azalması ilə nəticələnəcək. Və yenə bizim qarşımızda iki böyük məsələ dayanır: bu günün böhranı ilə mübarizə apararaq daha yaxşı gələcək qurmaq".

Baxın görün indi BVF nə təklif edir:

"Biz daha çox borc şəffaflığına və kreditorların koordinasiyasının yaxşılaşdırılmasına nail olmalıyıq. G20 ölkələrinin "Suveren Borcların Həlli üçün Ümumi Çərçivə" mövzusundakı müzakirələri və özəl sektor da daxil olmaqla suveren borc idarəçiliyi üçün daha yaxşı quruluş çağırışları bizi ruhlandırır. Üzv ölkələrimizlə birlikdə biz onların siyasətini dəstəkləyirik".

Buradakı "borc şəffaflığı" ifadəsinin əslində Çinə aid olduğunu başa düşmək çətin deyil. Bu ilin fevral ayında Yaponiyanın "Quarts" iqtisadiyyat jurnalı BVF-nin və Dünya Bankının (DB) Çinin inkişaf etmiş ölkələrə təsirinin artmasından narahat olduqlarını yazmışdı.

Co Bayden, arxiv şəkli
© REUTERS / Kevin Lamarque / File Photo

"BVF və DB Çinin təsir gücünün artmasından narahatdır. Çin böyük kreditor olmasa da, zəif iqtisadi parametrlərinə görə seçim imkanı məhdud olan Afrika ölkələrində son dərəcə təsirli kapital mənbəyinə çevrilib. Çin qitə daxilində çox ehtiyac duyulan infrastruktur layihələri üçün dövlət müəssisələri vasitəsi ilə əlverişli maliyyə paketi təqdim edir. Dünya Bankının Prezidenti Devid Malpassanın sözlərinə görə, bu zaman ortaya çıxan əsas problemlərdən biri şəffaflığın olmamasıdır: "Onlar (Çin – müəllifin qeydi.) kreditin həcmini artırıblar və bu yaxşı halıdır. Biz inkişaf etməkdə olan ölkələrə daha çox kredit verməyin tərəfdarıyıq. Ancaq çox vaxt onların müqaviləsində xüsusi maddə olur ki, bu da Dünya Bankına və ya özəl sektora kredit sazişinin şərtlərini görməyi qadağan edir".

Böyük ehtimalla BVF Çinin kimə nə qədər kredit verməsinə bu ölkənin özünün deyil, Qərb dövlətlərinin və fondun nümayəndələrinin iştirakı ilə keçirilən çoxtərəfli format çərçivəsində qərar verilməsini istəyir. Bu isə yeni bir qlobal maliyyə qardaşlığı qurmaq cəhdi kimi deyil, inkişaf etməkdə olan ölkələr üçün mövcud və əslində neomüstəmləkə kreditləşmə sxemini nəyin bahasına olursa olsun qorumaq istəyi kimi görünür ki, Pekin də buna mane olur.

BVF-nin parlaq qlobal gələcək qurmaq üçün əsaslandığı digər təməl prinsip də Rusiyanın iqtisadi təhlükəsizliyi və büdcəsi üçün birbaşa təhdiddir:

"Pandemiya artıq sağlamlıq tədbirlərinə laqeyd qalmayacağımızı göstərdiyi kimi, iqlim dəyişikliyini də görməzlikdən gələ bilmərik - bu bizim üçüncü imperativimizdir. Makro iqtisadi səviyyədə mühüm əhəmiyyət kəsb etdiyindən, inkişaf və rifah üçün böyük təhdidlər yaratdığından iqlim dəyişikliyinə də xüsusi diqqət yetiririk. Bu insanlar və planet üçün çox vacibdir. Araşdırmalarımız göstərir ki, aparılan düzgün maliyyə siyasəti və karbon qiymətlərinin bahalaşması nəticəsində 2050-ci ilədək atmosferə atılan tullantıları sıfıra endirmək və milyonlarla yeni iş yerinin açılmasına kömək etmək mümkündür. Yaşıl bir dünya qurmaq, eyni zamanda insanların rifah halını yaxşılaşdırmaq üçün tarixi fürsətimiz var – aşağı faiz dərəcələri ilə bu günün doğru investisiyaları sabah bizə dörd qat divident qazandıra bilər: gələcək itkilərin qarşısını almaq, iqtisadi qazancları stimullaşdırmaq, həyatları xilas etmək və hamı üçün sosial və ekoloji fayda əldə etmək".

Əslində bütün bunlar aşağıdakı mənaya gəlir: "150 ildir karbohidrogenlərin kütləvi istifadəsi ilə ən yüksək texniki tərəqqinin nəticələrindən zövq alan Qərb ölkələri yenə firavan həyat sürməyə davam edəcəklər, dünyanın qalan hissəsi isə "iqlim mühafizəsi" adı altında əbədi yoxsulluğun alçaldıcı məhrumiyyətlərinə məruz qalacaq.

Yaşıl enerjinin yaratdığı iş yerləri isə eko-aktivistlər, Avropa və Amerikada yaşıl enerji şirkətlərinin səhmdarları üçün iş yerlərindən başqa bir şey olmayacaq.

BVF direktorunun haqqında söz açdığı "karbon qiymətlərinin bahalaşması" Avropa Şurasının Rusiyaya qarşı tətbiq etmək istədiyi "karbon tarifləri"nin "müjdəçi"si sayıla bilər. Avropa Şurası davamlı şəkildə Rusiyanı ucuz neft və qaza görə bu tariflərlə təhdid edir.

Rusiyaya qarşı karbon tariflərinin tətbiqi vəziyyətində ixracatçılarımız (və sosial proqramlar ilə birlikdə Rusiya büdcəsi) ildə on milyard dollar itirəcək, əvəzində Qreta Tunberqin pərəstişkarları və yaşıl iqtisadiyyat tərəfdarları xoşbəxt olacaqlar. BVF-nin canlandırdığı parlaq gələcək Oruel qələminə layiq Ezop dili ilə yazılmış antiutopiyadan başqa bir şey deyil: ekologiya – yoxsulluq, şəffaflıq – Vaşinqtona və BVF-yə boyun əymək kimi başa düşülməlidir.

Doğrudan da biz tarixi anla qarşı-qarşıya qalmışıq. Ancaq bu, ikinci Bretton Vuds hadisəsinin yaşanması üçün deyil, 1944-cü ildə ABŞ-da ortaya çıxan qloballaşma bədheybətinin axırına çıxmaq üçün həlledici məqamdır.

85
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0