Silahlı, arxiv şəkli

Gözünüz arxada qalmasın: Hərbiyə çağırılanların əməkhaqqı qanunauyğun şəkildə ödəniləcək

931
(Yenilənib 10:55 01.10.2020)
Fazil Talıbov: Çağırış vərəqəsi aldığı gündən toplanışdan qayıdana qədər sözügedən şəxslərin əmək müqaviləsinə xitam verilə bilməz

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 01 oktyabr — Sputnik. Hərbiyə çağırılan vətəndaşlarımızın əməkhaqqı qanunun tələbinə uyğun şəkildə ödənilməlidir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

Qeyd edək ki, sentyabrın 28-dən etibarən Prezident İlham Əliyev tərəfindən ölkəmizdə qismən səfərbərlik elan olunması barədə sərəncam verilib. Həmin sərəncama əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını təmin edir. Son günlər ictimaiyyəti maraqlandıran əsas suallardan biri, səfərbərlik dövründə hərbi xidmətə çağırılan zaman işləyən şəxslərin əməkhaqqının necə veriləcəyi, ümumiyyətlə həmin şəxslərlə əmək münasibətlərinin necə tənzimlənəcəyi ilə bağlıdır. 

Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb. Fazil Talıbov bildirib ki, Əmək Məcəlləsinə əsasən əgər işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara cəlb edilirsə, işçinin iş yeri və orta aylıq əməkhaqqı saxlanılır: "Əmək Məcəlləsinə əsasən işçinin orta aylıq əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əməkhaqqından hesablanır. Yəni son iki ayın əməkhaqqı hesablanaraq orta aylıq əmək haqqı çıxardılır və aylıq olaraq ödənilir".

© Official website of President of Azerbaijan Republic

F.Talıbov bildirir ki, Əmək Məcəlləsi ilə yanaşı, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda da bununla bağlı müddəa var:

"Qanuna əsasən toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanış yerinə gedib-gəldikləri və toplanış keçirdikləri bütün dövrdə daimi iş yerində və orta aylıq əməkhaqqı saxlanılmaqla iş prosesindən azad edilirlər. Çağırış vərəqəsi aldığı gündən toplanışdan qayıdana qədər sözügedən şəxslərin əmək müqaviləsinə xitam verilə bilməz. Bu hallarda əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı işə götürən müvafiq əmr vermək səlahiyyətinə də malikdir. Hərbi komissarlıq tərəfindən işçiyə verilən müvafiq çağırış arayışı nəzərə alınmaqla, hərbi və xüsusi toplanışa cəlb edilən işçi barədə işəgötürən tərəfindən əmrdə həmin dövrün başlanma tarixi qeyd edilir. Həmin dövrdə işçinin orta aylıq əməkhaqqının saxlanılması barədə məlumatlar göstərilir, bununla bağlı müvafiq tapşırıqlar verilməsi qanuna müvafiq olaraq həyata keçirilir".

O ki qaldı günəmuzd işləyənlərə, yaxud rəsmi olaraq heç bir yerdə işçi kimi qeyd olunmayan çağırışçılara, F.Talıbov deyir ki, dövlət bütün həssas təbəqələrə öz dəstəyini həyata keçirir: "Ən çətin məqamlarda dövlət başçısının tapşırığı ilə onların sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir".

Ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyi bu məsələləri tənzimləyir: "Əgər səfərbərliklə bağlı şəxs hərbi xidmətə çağırılırsa, iş yerini itirməməlidir. Onun orta aylıq əməkhaqqının ödənilməsi təmin edilməlidir. Bu, qanunvericiliyin tələbidir. Hər bir işəgötürən buna əməl etməlidir".

A.Allahverənov onu da bildirir ki, işləyən insanların böyük əksəriyyəti özəl sektorda çalışır. Özəl sektorun isə istər-istəməz özünəməxsus nüasları ola bilər. Əgər bir şəxsin iş yerindən kənarlaşdırılması prosesi baş verirsə, o, əmək fəaliyyətini dayandırmış olur. Bu da nəticə etibarilə həmin özəl müəssisəyə mənfi təsir göstərən haldır. Bu zaman işəgötürən məcburdur ki, başqa şəxsi işə cəlb etsin. Burada hər şey yanaşmadan asılıdır:

"İstənilən halda mən işəgötürənin qanunvericiliyə uyğun davranmasını əsas tuturam. Əgər şəxs səfərbərliyə cəlb olunursa və iş yerini itirirsə, özəl müəssisə ya digər qurum olmasından asılı olmayaraq, bu faktı nəzərə almalı və həmin işçinin orta aylıq əməkhaqqının ödənilməsini təmin etməlidir. Özəl sektorda kimisə qismən işə cəlb edərək işçinin əməkhaqqının 50 faizi verilə bilər".

Ekspertin fikrincə, qanunvericilik bu məsələni elə nizamlamalıdır ki, hər hansı mənəvi aspektlərə yer qalmasın. Bizim qanunvericilikdə elə müddəalar var ki, onların işləməsi vicdan,dövlətçilik və sair elementlərin işə düşməsi ilə tamamlandıqda, heç bir əlavə müdaxiləyə ehtiyac qalmır.

"İşəgötürənlər də anlayır ki, burada söhbət bizim Vətənimizin bütövlüyündən, işğal altında olan torpaqlarımızın azad edilməsindən gedir. Bu zaman vətən çağırırsa, kim harada işləməsindən asılı olmayaraq, bu çağırışa səs verməlidir. Bu zaman iş yerləri arxa cəbhə hesab olunur. Biz vətənimiz uğrunda ön cəbhəyə gedənlərə narahatlıq yaratmamalıyıq. Arxa cəbhə bütün zəruri tədbirləri görməlidir ki, onların gözü arxada qalmasın, ailələrindən, onların dolanışığından nigaran qalmasınlar. Bu, bizim hər birimizin bir vətəndaşlıq borcudur!", - Allahverənov deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, artıq özəl sektorda bəzi müəssisələr hərbi xidmətə çağırılan əməkdaşlarının ailələrinə maddi yardım da edib. Məlumatlara görə, "Kontakt Home" torpaqlarımızın azad olunması uğrunda gedən hərbi əməliyyatlarda iştirak edən işçilərinin ailələrinə 500 manat məbləğində maddi yardım göstərib.

"Azersun Holdinq"dən məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə çağırılan bütün işçilər getmişdir və bunun üçün "Azərsun Holdinq" tərəfindən bütün şərait yaradılıb: "Azərsun Holdinq ölkə başçısının sərəncamına əsasən, üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Əmək Məcəlləsinin 179-cu maddəsinin g bəndinə əsasən, işçilərin orta əmək haqqı saxlanılır. Hazırda Azərsun-dan cəbhəyə yollanmış əməkdaş sayı 30.09.2020 tarixə 464 nəfər təşkil edir".

Xatırladaq ki, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı senytyabrın 28-dən qüvvəyə minib.

931
Toyuq əti, arxiv şəkli

Bazarımızın "indikatoru": qiymətin artması qaçılmazdır

12
(Yenilənib 15:47 16.01.2021)
Azərbaycan Quşçular Cəmiyyətinin sədri idxal yemlərin bahalaşmasından, bunun qiymətlərə təsirindən danışıb, quşçuluğun inkişafı üçün verilən təkliflərdən söz açıb

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Bu yaxınlarda Azərbaycanda quşçuluğun inkişafına həsr edilmiş iclas keçirilib. İclasda kənd təsərrüfatı naziri İnam Kərimov, quşçuluq şirkətlərinin rəhbərləri iştirak ediblər. Müzakirələr nəticəsində sahibkarların təkliflərinin müvafiq qurumlara təqdim edilməsi qərara alınıb.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Sputnik Azərbaycan-a həmin təkliflər ilə bağlı danışıb, həmçinin idxal edilən yemin bahalaşmasından və bunun qiymətə təsirindən söz açıb.

O, yerli quşçuluq müəssisələri üçün yem və yem əlavələrinin xaricdən gətirildiyini, idxaldan asılılığın çox olduğunu söyləyib: "Xaricdə yem və yem əlavələrinin qiyməti kəskin (30-40%) bahalaşıb. Eyni zamanda, yem və yem əlavələri ölkəyə idxal edilən zaman 18 faizlik əlavə dəyər vergisinə (ƏDV) cəlb edilir. Təklif edirik ki, yem və yem əlavələrinin idxalı ƏDV-dən azad edilsin".

Cəmiyyət sədri bildirib ki, xaricdə yem və yem əlavələrinin kəskin bahalaşması Azərbaycanda quşçuluq məhsullarının qiymətinə təsir edəcək:

"Qiymət dəyişikliyi qaçılmazdır. Yəqin ki, qiymət qalxacaq, lakin qiymət artımı çox olmayacaq. Bu, bizdən asılı deyil, xaricdə yem bahalaşıb. Yem idxalı ƏDV-dən azad edilsə, bu, quşçuluq məhsullarının qiymətinə müsbət təsir edəcək və yəqin bahalaşma olmayacaq".

O qeyd edib ki, yerli yem istehsalı çox azdır: "Ancaq mövsüm vaxtı daxildə yem istehsalı 10-15 faiz təşkil edir. Bu da qısa müddət ərzində bitir, yem çatmır. Yem üçün saxlanma yerləri yoxdur, fermerlər yemi emal edə, çeşidlərə ayıra bilmirlər. İndi yerli yem istehsalının artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Məsələn, soya strateji yem məhsuludur və əsasən xaricdən gətirilir. Bizdə soya istehsalı azdır. Yem və yem əlavələri əsasən Rusiya və Ukraynadan gətirilir".

"Azərbaycanda quş ətinə olan tələbat illik təxminən 130-140 min tondur, yumurtaya olan tələbat isə 1 milyard 200-300 milyondur. Yerli istehsal bu tələbatı təmin etmək gücündədir. Buna baxmayaraq idxal artıb. Təklif etmişik ki, bu istiqamətdə idxala kvota qoyulsun, damazlıq quşçuluğa subsidiya verilsin. Həmçinin quşçuluq müəssisələrinə əkinə yararlı torpaq sahələri ayrılsın ki, öz yem tələbatını ödəyə bilsinlər", - deyə A.Vəliyev əlavə edib.

Qeyd edək ki, quşçuluğun inkişafına həsr edilmiş iclasda kənd təsərrüfatı naziri ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.

12
Teqlər:
Azərbaycan, bahalaşma, yumurta, quş əti
Qəssab, arxiv şəkli

Azərbaycana dörd ölkədən ət məhsullarının daxil olmasına qadağa qoyuldu

11
(Yenilənib 14:25 16.01.2021)
Bəzi ölkələrdə yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Polşanın Kuyavsko-Pomorsk (Kujawsko-Pomorskie) inzibati ərazisinin, Kamboca Krallığının Battambanq (Battambang) və Vyetnam Sosialist Respublikasının Phu Yen (Phu Yen) əyalətlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi, Rumıniyanın Qorj (Gorj) ərazi vahidinin ərazisində isə blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Polşanın bütün ərazisindən və OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Kamboca Krallığının Battambanq əyalətindən və Vyetnam Sosialist Respublikasının Phu Yen əyalətindən bütün növ diri quş və quşçuluq məhsullarının, Rumıniyanın Qorj ərazi vahidindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə, Vyetnam Sosialist Respublikasından, Kamboca Krallığından, Polşa və Rumıniyadan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.

11
Teqlər:
qadağa, idxal, məhsul, quş, ət

Ağdam rayonunun Şelli kəndi - VİDEO

0
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, erməni işğalçıları Ağdam rayonunu 2020-ci il noyabrın 20-də tərk ediblər

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

0
Teqlər:
video, kənd, Ağdam