Bakıda supermarketin fəaliyyəti

Pul əvəzinə kağız: qabaqcıl təcrübə Azərbaycan bazarında böyük risk yarada bilər

302
(Yenilənib 16:50 24.09.2020)
"Onsuz da Azərbaycanda maliyyəyə çıxış imkanları məhduddur, maliyyə bazarları inkişaf etməyib və maliyyə alətləri çox zəifdir. İndi çeklərlə hesablaşmaların aparılması bu istiqamətdə də irəliyə doğru müsbət addım kimi iqtisadiyyata töhfə verə bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Ticarət əməliyyatlarında çeklərlə hesablaşmaların aparılması təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində aktiv işə başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib: 

"Bu mexanizmin tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq".

Məsələ ilə bağlı "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, ticarət əməliyyatlarında çeklərlə hesablaşmaların aparılması dünyada geniş yayılmış maliyyə alətlərindən biridir: "Və bütün tərəflər üçün əlverişli şərtlər daxilində ticarət əməliyyatlarının həyata keçirilməsinə şərait yaradır. Satıcı bu zaman tam zəmanət əldə etmiş olur. Belə ki, çeklər bank təminatı ilə o vəsaitin satıcıya hansı vaxtda və gündə ödəniləcəyini bildirir. Bu, riskləri minimuma endirir. Alıcı da əlində nağd olmayan, lakin gələcəkdə onun hesabına oturacaq vəsaitlə alış-veriş etmiş olur".

"Bu, kreditlərdən istifadə ehtiyacını aşağı sala bilən və alternativ maliyyə kimi ticarətdə tətbiq olunan mexanizmdir. Eyni zamanda bu, dövriyyədə olmayan vəsaitlərin üzərində faktiki alış-verişlərin həyata keçirilməsi və beləliklə nağd pul tələbatının bir qisminin zəiflədilməsinə xidmət edən alətdir. Burada söhbət iqtisadi subyektlər arasında aparılan ticarət əməliyyatlarından gedir", - deyə o qeyd edib.

İqtisadçı bildirib ki, kommersiya banklarının hər birinin öz çekləri var: "Sahibkarlıq subyekti hansı bankda bank hesabı açırsa, həmin bankın çekindən istifadə edilir. Bu mexanizm bu gün Azərbaycanda tətbiq edilmir. İndi Mərkəzi Bank ölkədə bunun tətbiqi üçün şərait formalaşdıracaq. Bundan əlavə, çeklərlə hesablaşmaların aparılması bank xidmətlərinin sayının artmasına, bankların sadəcə faiz gəlirlərindən asılı olmasının azalmasına müsbət təsir göstərə bilər".

"Onsuz da Azərbaycanda maliyyəyə çıxış imkanları məhduddur, maliyyə bazarları inkişaf etməyib və maliyyə alətləri çox zəifdir. İndi çeklərlə hesablaşmaların aparılması bu istiqamətdə də irəliyə doğru müsbət addım kimi iqtisadiyyata töhfə verə bilər", - deyə o əlavə edib.

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, çeklərlə hesablaşmaların aparılması geniş yayılmış bir təcrübədir: "Amma bunun riskləri də var. Risklərin idarəolunması çox vacibdir. Məsələn, 2001-2002-ci illərdə Türkiyədə yaşanan iqtisadi böhranın əsas səbəblərindən biri də arxasında heç bir vəsait durmayan çek əməliyyatları olub. Bu çeklərin birdən-birə dəyərdən düşməsi Türkiyədə çox ciddi iqtisadi böhrana səbəb oldu".

O bildirib ki, çeklərlə hesablaşmaların aparılması müsbətdir: "Lakin burada ciddi mexanizmlər yaradılmalıdır. Biri-biriləri ilə iri əməliyyatlar aparan şirkətlər nağd pul əvəzinə arxasında maliyyə vəsaiti duran çekləri təqdim edirlər. Həmin müəssisələr də çekləri nağdlaşdıra və yaxud da çek vasitəsilə ehtiyaclarını (avadanlığın, avtomobilin alınması və s.) ödəyə bilərlər.

Bunu elə tənzimləmək lazımdır ki, çeklərin arxasında maliyyə gücü dayansın. Əgər kommersiya şirkəti aldığı çeki nağdlaşdıra və yaxud digər maliyyə, pul əməliyyatlarında istifadə edə bilməyəcəksə, bu, sonradan dəyərdən düşə və maliyyə sektorunda ciddi gərginlik mənbəyinə çevrilə bilər".

"Bu məsələyə kompleks yanaşılmalı, ciddi nəzarət olmalı və arxasında maliyyə vəsaiti dura biləcək mexanizmlər işlənib hazırlanmalıdır. Bundan sonra ilkin mərhələdə məhdudiyyətlər qoymaqla bunu tətbiq etmək mümkündür. Məsələn, ilkin olaraq 10 min manata qədər, sonra 20 min manata qədər məhdudiyyət qoymaqla bu işə başlamaq olar. Ən azından bu çeklər vasitəsilə vergi ödənişlərinin həyata keçirilməsi imkanları yaradılmalıdır. Bu, daha çox biznes ilə məşğul olan fiziki şəxslər ilə hüquqi şəxslər arasındakı olan əməliyyatlara şamil ediləcək", - deyə iqtisadçı bildirib.

302
Teqlər:
iqtisadiyyat, risk, mexanizm, mağaza, alver, şirkət, bank, çek
Əlaqədar
Ölkədən pullar gedib, amma gəlməyib: Bir milyard dollar kəsiri necə bağlayacağıq?!
Ev almaq istəyənlərə xoş xəbər: Qiymətlər daha da düşəcək
Məhkəmələr kredit borcları üzrə işlər ilə "yüklənib" - Çıxış yolu nədir?
Dünyanı xilas edəcək düşüncə tərzi: asılılıq yaradan amillər yox olur
"Deutsche Bank" xəbərdarlıq etdi: Dünyanı "xaos dövrü" gözləyir
Ticarət Mərkəzi, arxiv şəkli

O olmasın, bu olsun: fransız mallarına da əvəz tapılar

17
(Yenilənib 18:57 27.10.2020)
"Anbarımıza baxaraq, yəqin ki, 3 gün ərzində bütün fransız ətirlərini satışdan yığışdıracağıq" - Azərbaycanda fransız ətirləri dövrü başa çata bilər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun türk mallarının boykot edilməsi çağırışına cavab olaraq fransız mallarının boykot edilməsi ilə bağlı çağırış edib. "O, necə ki, Fransada türk markalı mal almayın deyirsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın," -  deyə Prezident Ərdoğan çağırışında bildirib.

Artıq Türkiyədə olduğu kimi, Azərbaycanda da fransız mallarının boykot edilməsi ilə bağlı çağırışlar səsləndirilir. Müştərilər, o cümlədən də bir çox millət vəkilləri də öz hesablarından bu çağırışlara qoşularaq fransız mallarının boykot edilməsini tələb edirlər. Millət vəkili Qənirə Paşayeva da son rəsmi paylaşımı ilə bu aksiyaya dəstəyini nümayiş etdirib.

Bəs mağazalar, sahibkarlar necə?

Son vəziyyəti öyrənmək üçün öncə iri mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Əlaqə saxladığımız nömrələrdən hələ ki, bununla bağlı onlara rəhbərlik səviyyəsində hansısa göstərişin verilmədiyi, bu səbəbdən fransız mallarının satışda olduğu və müştərilər tərəfindən alındığı deyildi. Digər belə mağazalar isə sualdan yayınaraq, bununla bağlı məlumatlı olmadıqlarını bildirdilər.

Kiçik mağaza sahibləri isə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın bu çıxışına dəstək olduqlarını bildiriblər. "Parfume Home"un təmsilçisi deyir ki, Ərdoğan belə deyibsə, onlar fransız ətirlərini satışdan yığacaqlar:

"Bizdə əsasən Dubaydan gətirilən orijinal ətirlər satılır, amma bununla yanaşı, orijinal fransız ətirləri də satılıb. Amma yaranmış bu vəziyyətə görə ikiəlli olaraq fransız malları, ətirlərindən imtina etməyə razıyıq. Məsləhət belədirsə, belə də olmalıdır. Dövlətin bununla bağlı hansısa qadağasına ehtiyac yoxdur. Sadəcə olaraq bu ətirləri yığaraq bir qırağa atacağıq, satışa qoymayacağıq".

"Anbarımıza baxaraq, yəqin ki, 3 gün ərzində bütün fransız ətirlərini satışdan yığışdıracağıq", - deyə mağaza təmsilçisi əlavə edib.   

Mağaza rəsmisi bildirir ki, bunadək orijinal fransız mallarının 30 ml-i 60, 100 ml-i isə 250 manatadək satışda olub.

Dövlət Statistika Komitəsinə istinadən isə qeyd edək ki, ötən il Fransadan 23.3 min ABŞ dolları həcmində iribuynuzlu heyvan, 2.349.1 min ABŞ dolları həcmində kərə yağı və digər süd yağları, 11.8 min ABŞ dolları həcmində 11.2 ton buğda unu, 1 093.8 min ABŞ dolları həcmində təbii üzüm şərabları, üzüm suslosu, 23 095.8 min ABŞ dolları həcmində 379 ton dərman vasitələri, 1 803.7 min ABŞ dolları həcmində 449.6 ton sürtkü yağları, 202.3 min ABŞ dolları həcmində mebellər və digər mallar idxal olunub.

2020-ci ilin yanvar-avqust aylarında ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,3 faizi Çin, 7,4 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Ukrayna, 4,1 faizi İtaliya, 3,0 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 2,0 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,7 faizi Fransa, 21,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Dövlət Statistika Komitəsinin digər məlumatına görə, 2019-cu ildə Fransadan idxal olunan malların dəyəri 250.727.3 min ABŞ dolları olub ki, bu da 2013-cü ildən bu yana qeydə alınan ən yüksək rəqəm olub. Belə ki, 2013-cü ildə bu rəqəm 425.437.3 min ABŞ dolları olub.

17
Əlaqədar
Ərdoğanın boykot çağırışına Fransadan ilk reaksiya
Pol Poqbadan Makrona etiraz - millidə oynamayacaq
Dünya müsəlmanları Fransa mallarını boykot etməyə çağırırlar
Ərdoğan millətimizə səsləndi: "Aman, fransız markalı malları almayın!"
Ərdoğan: "Azərbaycandakı faciələrin arxasında Fransa dayanır
Məmur, arxiv şəkli

Uçot məlumatlarının dəyişdirilməsi ilə bağlı sahibkarlar üçün təlimlər keçirilib

45
(Yenilənib 15:43 27.10.2020)
Sumqayıt, Gəncə, Lənkəran, Xaçmaz, Mingəçevir, Şirvan və Yevlaxdan olan mikro və kiçik sahibkarlar üçün onlayn təlimlər təşkil edilib

BAKI, 27 oktyabr — Sputnik. Sumqayıt, Gəncə, Lənkəran, Xaçmaz, Mingəçevir, Şirvan və Yevlaxdan olan mikro və kiçik sahibkarlar üçün "Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi" mövzusunda onlayn treyninq keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) "Sahibkarlar arasında Könüllü və İntizamlı Vergi Ödəyicisi olmağın təbliği" layihəsi çərçivəsində reallaşdırılıb.

Tədbirləri giriş sözü ilə Dövlət Vergi Xidmətinin baş dövlət vergi müfəttişi Bəxtiyar Abdurəhmanov açaraq sahibkarlığın inkişafında vergi inzibatçılığının və xidmətinin rolundan bəhs edib.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, layihənin rəhbəri Ruslan Atakişiyev COVID-19 üzrə sahibkarın məsuliyyəti, könüllü vergi ödəmə, Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlər, uçota alınmanın və uçot məlumatlarının dəyişdirilməsinin qanunvericilik əsasları, yayınmalar və biznesin vergi riskləri, Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri, fərdi sahibkarların elektron kabinetlərində şəxsi məlumatlarının dəyişdirilməsi istiqamətlərində mühazirə oxuyub.

Sonra İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı isə elektron məlumat bazasında sahibkarlıq subyektlərinə mənsub məlumatların yenilənməsi və dolğunluğunun təmin olunması, elektron kabinet və kargüzarlıqdan istifadə, məktubların nəzərdən keçirilməsi qaydaları mövzularında çıxış edərək sahibkarların elektron kabinetlərində uçot məlumatlarının dəyişdirilməsini praktiki yöndən izah edib.

Təlimlər 15 sentyabr – 24 oktyabr tarixləri arasında baş tutub.

45
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Bərdədə vəziyyət

Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman

0
(Yenilənib 20:05 27.10.2020)
"Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir"

BAKI, 27 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri 26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini növbəti dəfə pozaraq və müharibə cinayətlərini davam etdirərək Bərdə rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutmuşlar. Nəticədə mülki əhalidən 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Həlak olanlar və yaralananlar içərisində uşaqlar da var. Dağıntılar altında hələ də çoxlu insan qaldığından bu rəqəmlər hər an arta bilər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə ombudsman Səbinə Əliyevanın mətbuata açıqlamasında deyilir.
Vurğulanır ki, mülki insanlara qarşı törədilən bu terror bir daha onu göstərir ki, işğalçı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının, eləcə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir.
Təəssüflər olsun ki, Ermənistanın qeyri-insani hərəkətlərdən çəkindirilməsi istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməməsi onları daha da azğınlaşdırır və yeni cinayət əməlləri törətməyə sövq edir.

Dünya ictimaiyyəti səsimizə səs verərək Ermənistan tərəfindən törədilən son dərəcədə qəddar, amansız və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini tələb etməlidir.

0
Teqlər:
ombudsman, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, atəş, Bərdə
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO