Bakıda restoranların fəaliyyəti, arxiv şəkli

Absurd qərarın söndürdüyü "yaşıl işıq" yandı, bəs adamları hotellərdən niyə çəkindirirlər?

309
(Yenilənib 17:15 15.09.2020)
Avropa ölkələrinin əksəriyyəti karantin rejimini yumşaltdıqdan sonra yenidən sərtləşdirməyə start verib. Buna səbəb həmin ölkələrdə koronavirusa yoluxmanın sürətlə artmasıdır. Azərbaycanda isə müəyyən yumşalmalar və bununla bərabər qorxular var

Zülfiyyə Quluyeva, Sputnik Azərbayacan

BAKI, 15 sentyabr — Sputnik. Ölkədə pandemiya ilə bağlı bəzi qadağa və qaydalar götürüldükcə insanlarda müəyyən şübhələr yaranır - "niyə ictimailəşən kimi aradan qaldırıldı, səhv kimin idi, doğrudan da gərək vardımı?" və s.

Məsələn, mehmanxanalar qarşısında COVID-19-la bağlı qoyulmuş iki tələb ləğv edilib. Əvvəlki qaydalara əsasən, mehmanxananın bütün işçi heyəti yeddi gündə bir dəfə mehmanxana daxilində və mehmanxana hesabına COVID-19 testindən keçirilməli idi. Eyni zamanda COVID-19 olan, habelə son 48 saat ərzində COVID-19 testinin nəticəsinin neqativ olması barədə müvafiq arayışı olmayan, xəstəlikdən sağalmış, lakin son testin nəticəsinin neqativ çıxması tarixindən 14 gün keçməyən, eləcə də testin nəticəsi pozitiv çıxmış şəxslərlə təmasda olması səbəbindən özünütəcrid rejimində olan qonaqlar mehmanxanaya qəbul edilmirdilər.

Hər iki tələb sentyabrın 8-dən ləğv edilib.

Sputnik Azərbaycan bu yumşalmadan, eləcə də qapalı yerlərdə restoranların açılmasına verilən icazədən sonra koronavirusun yayılma riskini araşdırıb.

Qeyd edək ki, Avropa ölkələrinin əksəriyyəti karantin rejimini yumşaltdıqdan sonra yenidən sərtləşdirməyə start verib. Buna səbəb həmin ölkələrdə koronavirusa yoluxmanın sürətlə artmasıdır.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə karantin rejiminin yumşaldılması insanları arxayın etməməlidir. Onun sözlərinə görə, bütün ictimai yerlərdə koronavirusa görə üç "qızıl" qaydaya əməl edilməlidir:

"İnsanlar karantin rejimi yumşaldıqdan sonra da sosial məsafəyə, gigiyenik qaydalara və qapalı məkanlarda maska taxmaqla bağlı qaydalara əməl etməlidirlər. Mehmanxanalar elə yerdir ki, hazırda ölkəmizə turist gəlmədiyindən bu məkanlarda sıxlıq yoxdur. Ona görə də mehmanxana işçilərinə və qonaqlara koronavirusa görə test tələbinin aradan qaldırılması vacib idi. Amma bununla belə, mehmanxanalar gigiyenik qaydaları qorumalıdırlar".

C.İsayev deyir ki, qapalı yerlərdə restoranların fəaliyyəti zamanı da virusa yoluxma riski böyüyür:

"Qapalı yerlərdə toplaşmaq havalar soyuyandan sonra daha təhlükəli olur. İnsanlar qapalı şəraitdə eyni havanı alırlar. Koronavirus isə hava-damcı yolu ilə yayılan infeksiyadır. Ona görə də müəyyən təhlükəli xəstəlikləri olan insanlar əhalinin sıx cəmləşdiyi yerlərə getməkdən çəkinməlidirlər. Unutmaq olmaz ki, restoranlarda insanlar yemək yemək üçün maskanı çıxarırlar. Bu isə virusun yayılma riskini daha da artırır".

İnfeksionist rayonlara yolların açılmasının da müəyyən təhlükələrə yol açacağını istisna etmir: "Yolların açılması imkan verir ki, insanlar rayonda evlərinə gedib dincələ bilsinlər. Amma pandemiya dövründə rayonlarda restoranlarda, istirahət mərkəzlərində istirahətdən çəkinmək vacibdir. Yumşalmalara rəğmən bütün bu sadaladığım qaydalara əməl etsək, virusa yoluxma sayını aşağı həddə saxlamaq olar".

DAİR Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hotellərin işinə qadağa qoyulmadığı halda karantindən 6 ay sonra mehmanxanalara müəyyən qadağalar qoyulması düzgün deyildi:

"O sənədin hazırlanmasında turizmçilər iştirak etməmişdilər. Həmin qərar məntiqə sığmırdı. Mətbuata təşəkkür edirik ki, bu məsələni ictimailəşdirdi və bu problem artıq aradan qaldırıldı. Sonradan bizə bildirildi ki, həmin sənəd tez-tələsik qəbul edilib. Qeyd edim ki, o qərarda hotelçilik biznesinin inkişafına zidd bəndlər var idi. Bu, otel sahibləri üçün artıq maliyyə yükü idi.

Artıq hotellərin fəaliyyətinə dair metodik göstərişlər Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Mehmanxanalar metodiki göstərişlərə əməl edərək fəaliyyətlərini davam etdirirlər. Bu gün fəaliyyət göstərən mehmanxanaların mütləq əksəriyyəti "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları"nın təsdiq edilməsi barədə qərara uyğun fəaliyyət göstərir".

S.Dübəndi deyir ki, bu sənəddə bir çox tələblər var: "Qaydalarda qeyd olunub ki, mehmanxanalar fiziki məsafə tələblərinin tətbiqinə imkan verən sayda qonaq qəbul edə bilərlər. Mehmanxanalara qonaqlar tərəfindən səfəri ləğv etməyə imkan verən ləğvetmə siyasətini həyata keçirmək tövsiyə edilir. Qonaqlar arasında növbənin tənzimlənməsi məqsədilə növbə sisteminin qurulması, baryerlərin qoyulması və ya işçi heyət tərəfindən qonaqların yönəldilməsi təmin edilir.

Mehmanxanada şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin, əl dezinfeksiyaedici məhlullarının, əl salfetlərinin, üz maskalarının, əlcəklərin və digər qoruyucu vasitələr yetərli qədər olmalıdır. Qonaqların və işçi heyətin daxil ola biləcəyi bütün məkanlar əl dezinfeksiyaedici vasitələr, maskası olmayan şəxslərə təqdim etmək üçün əlavə maskalar və digər gigiyena vasitələrlə təmin edilir. Bu məkanların daxilində və ərazisində insanların kütləvi toplaşması ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş say məhdudiyyətinə əməl edilməlidir. Hazırda mehmanxanalar bu tələblərə riayət etməklə fəaliyyət göstərir".

Bundan başqa, S.Dübəndi bildirir ki, mehmanxananın bütün xidmət ərazilərində təmassız ödəniş üsullarına üstünlük verilir və bütün mümkün hallarda nağd ödənişlərin məhdudlaşdırılması təmin edilir. Ödənişlər nağd formada həyata keçiriləcəyi halda, ödənişi qəbul edən işçi dərhal sonra əllərini dezinfeksiya etməli, pulun qalığı qaytarılırsa, təmasdan yayınmaq üçün pul üçün ayrıca qab qoyulmalıdır. Qonaqların toxunduğu ödəniş terminalları hər bir qonaq tərəfindən istifadədən sonra mütləq 70 faiz spirt tərkibli məhlulla təmizlənir və dezinfeksiya edilir.

Bu Qaydaların tələblərinə əməl edilməsinə nəzarət məqsədilə 80-dən çox nömrəsi olan mehmanxanalarda Operativ Nəzarət Qrupu (Rapid Response Team) yaradılır, digər mehmanxanalarda isə operativ nəzarət üzrə məsul şəxs təyin olunur: "Mehmanxanalarda işçiyə dair tələblər də var. Bu tələblərə görə, mehmanxananın işçi heyətində xəstəliyə uyğun simptomlar varsa, evdə qalmaq və tibbi yardım üçün müraciət etmək kimi tövsiyələrinə xüsusi diqqət yetirməlidirlər. Yüksək risk qrupuna daxil olan işçilərin, o cümlədən yaşlı, hamilə və ya yanaşı xəstəlikləri olan işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu cür işçilər qeydiyyat və qonaqlarla bilavasitə təmas tələb edən digər işlərə cəlb edilmirlər.

Mehmanxanalar təmizlik və dezinfeksiya tədbirlərinə daha ciddi əməl etməlidirlər. Bütün ərazilərdə səthlərin xüsusiyyətlərinə uyğun olaraq dezinfeksiya vasitələri ilə təmizləmə işləri həyata keçirilir. Hotel daxilində xüsusi karantin otağı ayrılmalıdır. Təmizlik işlərini həyata keçirəcək işçilərin təhlükəsizliyini təmin etmək məqsədilə xəstə qonaq və ya işçi mehmanxananı tərk etdikdən sonra karantin otağının və aidiyyəti üzrə qonaq otağının 72 saat istifadəsiz saxlanılması və oraya heç kimin daxil olmasına icazə verilməməsi, qapının üzərinə "istifadəyə yararsızdır" nişanının vurulması tövsiyə olunur.

Qeydiyyat zamanı bütün qonaqların səfər tarixçəsi və sağlamlıq vəziyyəti barədə məlumatlarının sorğu edilməsi və bu barədə müvafiq blankın doldurulması tövsiyə edilir. Mətbəxlərdə bütün qida məhsullarının təmiz və qidanın xüsusiyyətlərinə uyğun şəkildə bağlı şkaflarda üstü qapalı şəkildə saxlanılması və bu qida məhsullarına mümkün qədər az sayda işçi heyətin toxunması təmin edilməlidir.

Çarpaz yoluxma ehtimalını aradan qaldırmaq məqsədilə işlənməmiş qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanılmalıdır. Yemək zallarında, girişdə və holda, əlavə zallarda və digər ümumi istifadədə olan ərazilərdə 2 metr fiziki məsafə qaydası tətbiq edilməli və bu məqsədlə növbə yarana biləcək bütün ərazilər xüsusi döşəmə işarələri ilə nişanlanmalıdır.

Masalar arasındakı məsafə masaların formasından asılı olmayaraq 2 metrdən, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır. Yemək və ara yemək saatları insan sıxlığının yaranmasının qarşısını alacaq qaydada planlaşdırılmalı, bu məqsədlə əvvəlcədən rezervasiyalar təşviq olunmalıdır. Bütün bunlara əməl edildiyi halda düşünürəm ki, hotellər koronavirusun yayılması üçün risk mənbəyi ola bilməz".

309
Teqlər:
restoran, Samir Dübəndi, Cəlal İsayev, pandemiya, infeksiya, rayonlar, mehmanxana, otel
Əlaqədar
ÜST COVID-19 vaksinin təsdiqlənməsi şərtlərini açıqladı
Qərar verənlərimiz üçün "teorem isbatı": o parkları niyə açdınız?
Sinqapurun aviaşirkəti "son məntəqəsi olmayan uçuşlara" başlayacaq
Azərbaycanda koronavirusun yeni dalğası qonşu ölkənin təsirindən olacaq
Artıq ürəklərə xal düşüb - nə əvvəlki imicə, nə də pul qazanmağa ümidlidirlər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc

Vüqar Oruc: “Əmlak bazarında durğunluğa əsas yoxdu”

5
(Yenilənib 16:05 03.12.2020)
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc deyir ki, əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşayacaqlar
Vüqar Oruc: “Əmlak bazarında böyük canlanma yaranacaq”

“Torpaqların 28 il işğal altında olduğu dövrdə məcburi köçkünlərin nüfuz sayı da yüksəlib. Söhbət bu illər ərzində 600 mindən 900-950 min civarında artan əhalidən gedir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “Vecon Consulting” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc deyib.

“Həmin əhalinin bir qismi işğaldan azad edilən ərazilərə qayıdacaq, digər qismi elə əvvəlki kimi paytaxtda və məskunlaşdıqları digər şəhərlərdə yaşamağa davam edəcək. Artıq əhalinin əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşayacaqlar. Məsələnin digər tərəfi ondan ibarətdir ki, iqtisadiyyatın inkişafı, investisiya qoyuluşu, yeni istehsal sahələrinin, eləcə də iş yerlərinin yaranması deməkdir. Bu proses paytaxtın, yaxud da digər şəhərlərin boşalması və ya iştirakçısı olduğumuz əmlak bazarında durğunluğun yaranmasına səbəb ola bilməz. Əksinə mən deyərdim ki, böyük canlanma yaranacaq”, – deyə o bildirib.

Vüqar Orucun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

5
Müslüm İbrahimov

Professor: “Azərbaycanda Rusiya mənşəli emal sənaye komplekslərinin yaradılması vacibdir”

8
(Yenilənib 13:41 04.12.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, Rusiya son on il ərzində kənd təsərrüfatının emal sənayesinin formalaşmasında yüksək texnoloji uğurlar əldə edə bilib
Müslüm İbrahimov: “Rusiya ilə əməkdaşlığın artırılması hər zaman aktualdır”

Azərbaycanla Rusiya arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq proqramı iki ölkə arasındakı kənd təsərrüfatı sahəsindəki münasibətləri yeni bir mərhələyə keçirmək üçün hazırlanıb. Bunu Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayalov deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Rusiya arasında kənd təsərrüfatı sahəsində iqtisadi əməkdaşlığın artırılması hər zaman aktualdır:

“Bu gün Azərbaycan kənd təsərrüfatının xammal məhsulları ilə yanaşı, emal məhsullarının da ixracında maraqlıdır. Rusiya son on il ərzində kənd təsərrüfatının emal sənayesinin formalaşmasında yüksək texnoloji uğurlar əldə edə bilib. Ona görə də Azərbaycanda Rusiya mənşəli emal sənaye komplekslərinin yaradılması vacibdir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8
Uqandad, arxiv şəkli

Gələn ilin bəd xəbəri özündən əvvəl gəlib: Onlarla ölkənin qapısını aclıq döyəcək

0
(Yenilənib 12:46 05.12.2020)
"Biz hamıya kömək edə bilmərik. Ona görə də prioritetləri təyin etməliyik. Aclıq onlarla ölkənin qapısını döyəcək" - Devid Bizli

BAKI, 5 dekabr — Sputnik. BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bizli bildirib ki, dünyada misli görünməmiş aclıq olacaq: COVID-19 səbəbindən 270 milyon insan acından ölə bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bizli BMT-nin Baş Assambleyasının sessiyasında çıxışı zamanı 2021-ci ildə humanitar böhranın olacağı barədə xəbərdarlıq edib.

«75 il əvvəl BMT qurulandan bəri 2021-ci il, yəqin ki, ən güclü humanitar böhranın yaşandığı il olacaq. Biz hamıya kömək edə bilmərik. Ona görə də prioritetləri təyin etməliyik. Aclıq onlarla ölkənin qapısını döyəcək”, - Bizli deyib.

Onun sözlərinə görə, son illərdə silahlı münaqişələrin çoxalması aclıq təhlükəsilə üzləşən insanların sayını 80 milyondan 135 milyonadək artırıb. 2020-ci ildə isə COVID-19 pandemiyası bu rəqəmi 270 milyona çatdırıb.

COVID-19-a yoluxanların sayı 66 milyonu ötdü - Çin Azərbaycandan da geri pillədə>>

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus vaksinlərlə mübadilə proqramı üçün dərhal 4.3 milyard dollar ayrılmasını istəyib.

“Biz vaksin uğrunda mübarizədə varlıların kasıbları əzdiyi bir dünya ilə barışa bilmərik. Bu, qlobal böhrandır və onun həlli üçün olan resurslar qlobal ictimai dəyərlər kimi ədalətlə bölünməlidir”, - Gebreyesus qeyd edib.

Bu ilin oktyabrında BMT-nin Ümumdünya Ərzaq Proqramı Nobel sülh mükafatının laureatı olub. Bu barədə qərarı Norveç Nobel Komitəsi verib. Komitədən bildirilib ki, humanitar proqram “aclıqla mübarizədə göstərdiyi səylərə, münaqişə zonalarında həyat şərtlərinin yaxşılaşdırılması cəhdləri və aclıqdan müharibə və münaqişə silahı kimi istifadə olunmasına qarşı mübarizədə aparıcı qüvvə kimi fəaliyyətlərinə görə” mükafata layiq görülür.

“Builki mükafatla Norveç Nobel Komitəsi dünyanın nəzərlərini aclıqdan əziyyət çəkən və aclıq təhlükəsi ilə üz-üzə qalan milyonlarla insana yönəltməsini istəyir”, - mükafat barədə şərhdə deyilirdi.

Komitənin sədri Berit Rayss-Andresen həmçinin vurğulamışdı ki, kömək göstərilməsi və ərzaq yardımı dünyada sabitlik perspektivlərini yaxşılaşdırmağa imkan verir.

Hələ bu ilin aprelində Bizli deyirdi ki, ilk növbədə aparıcı ölkələr hərbi münaqişələrin dayandırılması üçün işlər görməlidir. Hərbi əməliyyatların iştirakçıları isə ehtiyacı olan insanlara humanitar yardım göstərilməsi üçün maneəsiz şərait yaratmalıdırlar. Bundan başqa, onun sözlərinə görə, planet üzrə humanitar yardımların çatdırılması üçün logistika mərkəzlərinin yaradılmasına 350 milyon dollar tələb olunur.

“Vaxt bizim əleyhimizə işləyir, ona görə də gəlin müdrikcəsinə və cəld hərəkət edək”, - Bizli əlavə edib. Proqram rəhbərinin xəbərdarlığına görə, əgər BMT-yə lazımi yardım göstərilməsə, hər gün 300 min insan aclıqdan öləcək. Aclıq ümumilikdə 30 ölkəni əhatə edə bilər.

2020-ci ildə vəziyyəti qəlizləşdirən təkcə koronavirus deyil, eləcə də neft qiymətlərinin çökməsi, turizm sahəsində maliyyə itkiləri, iş yerlərinin azalması, əmək miqrantlarının gəlirlərinin sıfırlanması olub.

BMT-nin aylar öncəki proqnozuna görə, 2020-ci ilin sonunadək 265 milyon insan aclıqdan əziyyət çəkəcəkdi ki, bu da ötən ilin göstəricilərini iki dəfə üstələyir.

Koronavirusun yayılması isə artıq mövcud olan neqativ amillərə - müharibələrə, iqlim dəyişikliklərinə, iqtisadi böhrana – daha yeni problemlər əlavə etməkdədir, BMT-nin Ərzaq Proqramının hesabatında deyilir.

“COVID-19 pandemiyası həyatı tükdən asılı olan milyonlarla insan üçün fəlakətdir. Bu o insanlardır ki, yalnız gün ərzində nəsə qazana bildikləri təqdirdə qida qəbul etmək imkanları olur”, - Ərzaq Proqramının aparıcı mütəxəssisi Arif Hüseyn bildirib.

Bu zaman söhbət ərzaq çatışmazlığından deyil, məhz aclıqdan gedir. Dünyada xroniki olaraq qida qəbul edə bilməyənlərin sayı çoxdur: Afrikada 100 milyon, Yaxın Şərqdə və Asiyada 43 milyon, Latın Amerikasında 18.5 milyon aclıqdan zəiyyət çəkir.

 

0
Teqlər:
vaksin, Koronavirus, COVID-19, epidemiya, ərzaq, BMT, fəlakət, humanitar, böhran, aclıq, dünya