Şərab şüşələri, arxiv şəkli

Azərbaycan şərabı anbarlarda qalıb Onun hekayəsini yaratmaq lazımdır

3707
(Yenilənib 23:48 14.09.2020)
Natiq Cəfərli: "Azərbaycan şərabını satmaq üçün Asiya bazarlarını hədəf götürmək lazımdır və istehlakçıları inandırmalıyıq ki, bizim şərab Gürcüstan, Moldova və digər ölkələrin şərablarından üstündür".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Kənd Təsərrüfatı Nazirliyində şərab və şərabçılıq məhsulları istehsalında mövcud duruma dair istehsalçı şirkətlərin nümayəndələri ilə onlayn görüş keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, çıxış edənlər pandemiya ilə əlaqədar həm Azərbaycanda, həm də xarici dövlətlərdə şərab məhsullarına tələbatın azaldığını, bu səbəbdən şərab istehsalı müəssisələrinin anbarlarında ehtiyatların yarandığını qeyd ediblər. Bildirilib ki, şərab məhsullarının anbarlarda qalması müəssisələrə əvvəlki həcmdə məhsul almaq və şərab istehsal etməyə imkan vermir. Bu səbəbdən Azərbaycanda emal müəssisələri tərəfindən texniki və süfrə üzümlərinə tələbat zəifləyib.

Bəs, belə bir vəziyyətdə çıxış yolu nədir? Bu sahədə çətinliklərdən qurtulmaq üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı iqtisadçı, Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, şərab məhsullarına tələbatın azalması pandemiya ilə bağlıdır: "Bütün dünyada restoran biznesi çöküb. Bizim şərab ixrac etdiyimiz əsas ölkə Rusiyadır və bu ölkədə də restoranlar işləmir. Lakin, bu, müvəqqətidir və pandemiya ilə bağlıdır".

Problemdən çıxış yoluna gəlincə, o deyib ki, şərab istehsalçıları anbarlarını daha da genişləndirə bilərlər:

"Şərab qaldıqca keyfiyyəti daha da artır və ona görə də istehsal davam etməlidir. Ola bilər şərab bu il satılmasın, amma bir müddət sonra daha baha qiymətə satıla bilər. Digər tərəfdən, dövlət tərəfindən onlara dəstək göstərilə bilər ki, məhsul sahələrdə qalmasın, emal müəssisələri üzümləri alsınlar. Bundan başqa, hər hansı bir sahədə böhran olarsa, istehsalı şaxələndirmək lazımdır. Məsələn, üzümdən şərab istehsal edilirsə, onunla yanaşı sirkə də istehsal oluna bilər. Azərbaycanda sirkə istehsalı demək olar ki, yoxdur, çoxunu Türkiyədən, İrandan idxal edirik".

Ekspertin sözlərinə görə, dövlət tərəfindən dəstək olsa, şərabçılar istehsalını şaxələndirə bilsələr, çətinliklərdən çıxa bilərlər və ən azından üzüm sahələrdə qalıb xarab olmaz.

"Uzağı qiymətlər aşağı düşəcək. Amma fermerlər ucuz da olsa, məhsullarını sata biləcəklər. İstehsalçılar da üzümü ucuz qiymətə alıb müəyyən müddətdən sonra baha qiymətə sata biləcəklər. Fikrimcə, ortaq məxrəcə gəlib problemlərdən çıxış yolu tapmaq mümkündür",- deyə o, qeyd edib.

Həsənov Azərbaycanda keyfiyyətli şərab istehsal edən müəssisələrin olduğunu da vurğulayıb: "Həm Azərbaycanda. həm Rusiyada brend olaraq tanınan şərablarımız var. Lakin burada əsas problem təqdimatda, reklamdadır. Təqdimatımız bir az zəifdir. Məhsullarımızı istehlakçılara yaxşı təqdim etməliyik".

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, xarici tələbatın azalması pandemiyaya görə dünyada tətbiq edilən məhdudiyyətlərlə bağlıdır: "Bu, ixracın zəifləməsinə səbəb olub. Daxili tələbatın azalmasının səbəbi isə alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Gəlirlər azaldıqca, insanlar daha çox gündəlik tələbat mallarına, səhiyyə və kommunal xərclərə yönəlirlər. Ona görə də daxili istehlakda azalmanın olması təbii qarşılanmalıdır".

O bildirib ki, ölkəmizdə bu sahədə ən böyük problem təqdimatın olmamasıdır: "Şərabçılıq dünya bazarında ən rəqabətli sahələrdən biridir. Məsələn, Çili bu istiqamətdə 1970-ci illərdən başlayaraq 30 il təqdimat ilə məşğul oldu və ancaq son zamanlarda dünyada aparıcı istehsalçı və ixracatçıya çevrilə bildi. Azərbaycan şərabının təqdimatı demək olar ki, dünyada yoxdur. Post-sovet məkanında gürcülərin belə bir təqdimatı olub. Sovet vaxtından gürcü şərabı haqqında filmlər, hekayələr, kitablar yazılırdı. O vaxtdan insanların yaddaşında qalıb ki, gürcü şərabı yaxşıdır. Bizim şərabın isə belə bir hekayəsi yoxdur. Yəni Azərbaycan şərabı xaricdə niyə alınmalıdır?! Ona görə də Azərbaycan şərablarının ixracında problemlər var və bundan sonra da olacaq".

İqtisadçı qeyd edib ki, Avropanın yüz illərdir şərab bazarında mövqe tutmuş ölkələri belə öz mallarını satmaqda çətinlik çəkirlər: "Məsələn, bu yaxınlarda İspaniya elan etdi ki, əgər alıcı olsa, hətta 90 sentə belə şərab sata bilər. İspan şərabının reklamının güclü olduğunu nəzərə alsaq, bu qiymətlə biz necə rəqabət aparacağıq. Əsasən Asiya bazarlarını hədəf götürmək lazımdır. Məsələn, Çin ən böyük bazardır. Burada ciddi marketinq işi aparılmalı, bazar araşdırması, güclü reklam olmalıdır. Biz istehlakçıları inandırmalıyıq ki, bizim şərab Gürcüstan, Moldova və digər ölkələrin şərablarından üstündür".

Natiq Cəfərlinin fikrincə, keyfiyyətlə qiymət paralel olmalıdır. Keyfiyyətli çaxır istehsal etmək mümkündür. Amma bu, baha olacaqsa, yenə də rəqabət olmayacaq. Çünki fransız, italyan şərablarının topdansatış qiyməti 2-3 avro civarındadır. "Dünyada qiymətlər xeyli aşağı düşüb. Yəni ancaq keyfiyyətə fikir versək, bu zaman qiymət də yüksələcək və yenə bazarda uduzacağıq. Ona görə də bu sahəyə kompleks yanaşma olmalıdır. Kompleks yanaşma olmasa, uğur qazanmaq çox çətin olacaq", - deyə o, əlavə edib.

Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər müəyyən edilib: "Kənd Təsərrüfat Nazirliyi də buna uyğun olaraq aqrar sahənin inkişafı ilə bağlı davamlı tədbirlər həyata keçirir. Aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulur, vətəndaşları keyfiyyətli və əlçatan ərzaq məhsulları təminatı həyata keçirilir. Nazirliyin qarşısında duran əsas hədəflərdən biri aqrar məhsulların ixrac potensialının artırılmasıdır, dövlət bir çox sahələr kimi üzümçülüyün də inkişafına subsidiya mexanizmi vasitəsilə dəstək verir".

Görüşdə üzümçülük sahəsində ting təminatının vacib məsələlərdən biri olduğu vurğulanıb. İştirakçılara Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun nəzdində istehsal gücü ildə 500 min ədəd fillokseraya davamlı calaq emalatxanasının inşa olunduğu barədə məlumat verilib. Tinglik kompleksinin calaqaltı və calaqüstü əkin materialı ilə təmin edilməsi məqsədilə 20 ha ərazidə calaqüstü anaclıq bağı və 10 ha sahədə fillokseraya davamlı calaqaltı anaclıq bağı salınıb. Bu müəssisənin inşası üzümçülükdə xəstəliklərə davamlı və məhsuldar tinglərə olan tələbatın ödənilməsində əsas rol oynayacaq.

Çıxışlar zamanı şərabçılığın inkişafı üçün milli normativ texniki sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, aqroekoturizm layihələri çərçivəsində şərab turizminin inkişaf etdirilməsi, qurudulmuş üzüm istehsalı məqsədilə emal müəssisələrinin qurulması kimi təkliflər səsləndirilib. İştirakçılar üzüm istehsalçıları ilə şərab və şərab məhsulları istehsal edən şirkətlər arasında əlaqələrin genişləndirilməsinin vacibliyi barədə ortaq fikrə gəliblər.

Sonda bu sahə ilə məşğul olan hüquqi və fiziki şəxslərə bu sahənin inkişafı, mövcud çətinliklərdən çıxış yolları barədə təkliflərini hazırlayaraq nazirliyə təqdim etmək tövsiyə olunub.

Onu da əlavə edək ki, yaxın günlərdə ölkə üzrə kütləvi üzüm yığımına başlanacaq. Hazırda respublika üzrə 16,1 min hektar üzüm sahələri mövcuddur. Üzüm əkinlərinin 10580,6 hektarı süfrə, 5506,3 hektarı texniki sort şərab üzümləridir. Ötən il bar verən 14521,8 hektar üzüm sahəsindən 201,7 min ton məhsul yığılıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,2 min ton çoxdur. Üzüm üzrə orta məhsuldarlıq 92,8 sentnerdən 104,8 sentnerə yüksəlib. Hazırda bağlarda məhsul yığımı davam edir və orta məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli yüksəkdir. Bu günə qədər 14521,8 hektar bar verən üzüm sahələrindən 27,5 min ton məhsul yığılıb.

3707
Müslüm İbrahimov

Professor: “İran Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxmaq istəyir”

21
(Yenilənib 01:22 23.09.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir
Müslüm İbrahimov: “Azərbaycan-İran iqtisadi əlaqələri getdikcə güclənir”

Azərbaycan və İran arasında birgə sənaye parkının yaradılması bölgənin sənaye inkişafına səbəb olacaq. Bunu İranın Ərdəbil vilayətinin Sənaye Parkları Şirkətinin icraçı direktoru Məhəmməd Əhli jurnalistlərə açıqlamasında deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və İran arasında iqtisadi sahədə maraq nöqtələri çoxdur:

“İki ölkə arasında iqtisadi əlaqələr getdikcə güclənir. Xüsusən də nəqliyyat sahəsindəki münasibətlər maraq doğurur. İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir. İranın ən böyük problemi öz məhsullarını inkişaf etmiş, böyük bazarlara çıxara bilməməsidir. Bunu da indiki şəraitdə Azərbaycan vasitəsilə etmək olar. Hər iki ölkə iqtisadi siyasət sahəsində təcrübə mübadiləsi apara bilər”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Teqlər:
sənaye parkları, Bakı-Tbilisi-Qars dəmir yolu, iqtisadi maraqlar, Azərbaycan, İran
Bakıda supermarketin fəaliyyəti, arxiv şəkli

Mağazalara yeni cərimə xəbərdarlığı

15
(Yenilənib 16:31 22.09.2020)
Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir

BAKI, 22 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Alınan mallar geri qaytarılmır" kimi lövhələr asan mağaza sahiblərinə müraciət edib.

Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, son zamanlar bir sıra ticarət obyektlərində "Alınan mallar geri qaytarılmır" kimi lövhələrin asılması halları müşahidə olunur. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, istehlakçı aldığı malda zəmanət müddəti ərzində qüsur, saxtalaşdırma aşkar edərsə, satıcıdan aşağıdakılardan birini tələb edə bilər:

- lazımi keyfiyyətli mala dəyişdirməyi;

- satış qiymətini uyğun məbləğdə azaltmağı;

- malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

- malın, həmin mala uyğun digər modelli (markalı, tipli və sair) mal ilə, dəyəri yenidən hesablanma şərtilə əvəz edilməsini;

- müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Satıcı istehlakçının sadalanan tələblərindən birini yerinə yetirməyə borcludur.

Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə, həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satılan mal barədə yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, bu zaman onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.

Lazımi keyfiyyətli qeyri-ərzaq malı (qanunvericiliklə qaytarılması və dəyişdirilməsi qadağan olunan mallar - qızıl və qızıl məmulatları, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağçayaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları və sair istisna olmaqla) öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçı həmin malı alınma günü sayılmamaq şərtilə 14 gün ərzində digər lazımi keyfiyyətli uyğun mala dəyişdirmək hüququna malikdir. Bu zaman mal əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı alındığı kimi saxlanılmaqla, həmçinin kassa çeki və ya mal alınan zaman verilən digər sənədlərlə birlikdə təqdim olunmalıdır.

Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mağaza sahiblərini qanunvericiliyin tələblərinə əməl etməyə, istehlakçıların qanunvericiliklə qorunan hüquqlarını pozmamağa çağırır, belə hallar müəyyən ediləcəyi təqdirdə onlara qarşı qanunvericiliyə uyğun olaraq ciddi məsuliyyət tədbirlərinin həyata keçiriləcəyini bildirir.

İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

15
Teqlər:
cərimə, müştəri, sahibkar, sahib, satıcı, istehlak malları, aksizli mallar, ərzaq malları, idman malları, mağaza
Öskürək, xəstə uşaq

Xəstə uşaqları övladlığa götürənlərə ciddi məbləğdə müavinət veriləcək

0
(Yenilənib 19:02 23.09.2020)
On səkkiz yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsi təklif edilib.

 

BAKI, 23 sentyabr — Sputnik. 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. O deyib ki, sağlamlıq imkanları məhdud uşaqların indiyədək övladlığa götürülməsi praktikası olmayıb: "Buna görə də belə uşaqları övladlığa götürən şəxslərə müavinətin ödənilməsi təklif edilib. Amma bu, hələ layihədir. Bunun üçün "Sosial müavinətlər haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunub".

C.Şahmalıyev onu da bildirib ki, çox zaman 3 yaşdan yuxarı uşaqlar övladlığa götürülmür: "Buna görə də 3 yaşdan yuxarı uşaqların bir qismi müəssisələrdə qalır. Ona görə də belə uşaqları övladlığa götürən şəxslərə 160 manat aylıq müavinətin ödənilməsi təklif edilib".

Onun sözlərinə görə, bu uşaqların təhsil, səhiyyə xərclərinin dövlət tərəfindən qarşılanması da təklif edilir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürülmə ilə bağlı hazırlanan təkliflər qəbul olunarsa, onlar 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək və geriyə şamil olunmayacaq.

0