Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

İlham Əliyev Baş nazirə daha bir vəzifə verdi

629
(Yenilənib 13:41 09.09.2020)
Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılaraq Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə ediləcək.

BAKI, 9 sentyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə" fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, fərmanda bildirilir:

Azərbaycanda son iyirmi ildə aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olmuşdur. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə xeyli irəliləmiş, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlmişdir. Ümumi Daxili Məhsulun həcmi 3 dəfədən çox artmış, vətəndaşların həyat səviyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdır.

Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaratmışdır. Əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır.

Növbəti onillikdə ölkəmizdə sosial-iqtisadi rifahın yüksəldilməsi üçün iqtisadiyyatın ikiqat artımının təmin edilməsi qarşıda duran başlıca strateji çağırışlardan biridir. Xüsusilə postpandemiya dövründə iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlərinin formalaşdırılması və inkişaf etdirilməsi, bu məqsədlə daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılmasına, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbinə, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, qlobal dəyər zəncirinə fəal qoşulma, investisiya mühitinin radikal yaxşılaşdırılması, müasir səhiyyə və təhsil siyasəti vasitəsilə insan kapitalının keyfiyyətinin daha da yüksəldilməsi, biznesin tələblərinə uyğunlaşdırılması, mülkiyyət hüquqlarının daha effektiv qorunması və "biznesə dost" digər strateji vəzifələrin icrası təmin olunmalıdır.

Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək, bunun üçün iqtisadi siyasət və iqtisadi islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması tələb olunur.

İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini və milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını, xüsusilə onun vacib hissəsi olan iqtisadi islahatlar proqramının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasını, onun reallaşdırılmasını təmin edə biləcək iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsinin yaradılması, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadi Şurası (bundan sonra – Şura) yaradılsın.

2. Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:

Şuranın sədri

Azərbaycan Respublikasının Baş Naziri

Şuranın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının Maliyyə naziri

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktoru.

3. Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Şura yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, aidiyyəti dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

5. Şuraya tapşırılsın ki:

5.1. ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. fəaliyyəti barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1266; 2018, № 5, maddə 959, № 12 (I kitab), maddə 2593) ləğv edilsin.

629
Teqlər:
iqtisadiyyat, vəzifə, Baş nazir, İlham Əliyev
Azərbaycan manatı, arxiv şəkli

Ekspert vəziyyətin əmanətçilərin xeyrinə dəyişməyəcəyini deyir, deputat isə optimistdir

32
(Yenilənib 23:32 01.12.2020)
Azərbaycanda qorunan əmanətlərin tam sığortalanması müddəti dekabrın 4-də başa çatır. Ola bilər bu müddət daha uzadılmasın. Belə olan halda qorunan əmanətlərin sığortalanması necə olacaq?

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanda qorunan əmanətlərin tam sığortalanması müddəti dekabrın 4-də başa çatır. "Əmanətlərin tam sığortalanması haqqında" qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədəolma müddəti başa çatıb. Sonra qorunan əmanətlərin tam sığortalanması müddəti daha 9 ay, yəni, bu il dekabrın 4-dək uzadılıb. Ancaq hələlik bu müddətin yenidən uzadılması ilə bağlı bir xəbər yoxdur. Ola bilər bu müddət daha uzadılmasın. Belə olan halda qorunan əmanətlərin sığortalanması necə olacaq?

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, əgər Milli Məclisə əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı yeni layihə təqdim ediləcəksə, bu, parlamentdə müzakirə ediləcək və uyğun qərar veriləcək: "Burada iki variant var. Əgər müddətin uzadılması ilə bağlı parlamentə layihə daxil olarsa, əmanətlərin tam sığortalanması müddəti yenidən uzadılacaq. Yox, əgər əmanətlərin tam sığortalanması müddəti uzadılmasa, yenidən əvvəlki - 2006-cı ildə qəbul edilmiş "Əmanətlərin sığortalanması haqqında" qanunun maddələri qüvvəyə minir. Və avtomatik olaraq banklarda olan hər bir əmanətçi üzrə 30 min manatadək əmanətlər dövlət tərəfindən sığortalanmış olur. Müddət uzadılmasa belə biz əvvəlki "Əmanətlərin sığortalanması haqqında" qanun ilə əmanətlərin limitləşdirilmiş məbləğdə sığortalanmasının davam etməsini müşahidə edəcəyik".

"İndiki halda xüsusən də pandemiyanın davam etdiyini nəzərə alsaq banklarda olan mövcud əmanətlərin qorunması, eyni zamanda yeni depozitlərin cəlb edilməsi vacibdir. Təklif edirəm ki, növbəti 1 ildə də əmanətlərin tam sığortalanması müddəti uzadılsın. Növbəti bir ildə də əmanətlərin tam sığortalanmasının həyata keçirilməsi məqsədəuyğun olardı. Eyni zamanda buna uyğun olaraq əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsini təklif edirəm"-deyə millət vəkili bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan azsaylı ölkələrdəndir ki, əmanətlərin məbləğini tam olaraq sığortalayır: "Ona görə də düşünürəm ki, kommersiya banklarının bu sığortalanma prosesində rolunun və öhdəliyinin artırılmasına ehtiyac var. Çünki inkişaf etmiş ölkələrdə kommersiya banklarının aktivlərinin sığorta şirkətləri tərəfindən sığortalanması təcrübəsi var. Ona görə də xüsusən inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun olaraq yeni mexanizmin hazırlanması məqsədəuyğun olardı. Bu mexanizm dövlət dəstəyi ilə yanaşı həm də kommersiya banklarının sığortalanmada öhdəliyinin müəyyən edilməsinə və artırılmasına xidmət edə bilər".

"Nəticədə təklifim ondan ibarətdir ki, növbəti bir il üçün əmanətlərin tam sığortalanması müddətinin uzadılması məqsədəuyğun olardı. Bu 1 il ərzində isə əmanətlərin sığortalanması ilə bağlı Mərkəzi Bank tərəfindən yeni mexanizmin hazırlanmasına və tətbiq edilməsinə ehtiyac var" - deyə deputat əlavə edib.

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə isə böyük ehtimalla bu müddət daha uzadılmayacaq: "Qanunun qüvvədə olma müddəti 2 dəfə uzadılıb və sonuncu dəfə uzadılma müddəti 1 ildən 9 aya endirilib. Bu vaxta qədər isə hökumət qanunvericiliyə yeni dəyişiklik təşəbbüsü ilə çıxış etməli idi. Ancaq hələ ki, bu barədə xəbər yoxdur".

Ekspert ehtimal edir ki, dekabrın 5-dən başlayaraq əvvəlki qanun - 2006-cı ildə qəbul edilmiş "Əmanətlərin sığortalanması haqqında" qanunun tələbləri qüvvəyə minəcək: "Bu tələbdəki fərq yeganə olaraq kompensasiya məbləğinin məhdudlaşdırılması ilə bağlıdır. Yəni tam sığorta mexanizmi qüvvədən düşdükdən sonra bağlanmış banklardakı əmanətlərə görə veriləcək kompensasiya məbləği 30 min manat və ya 17 min 647 dollardan (indiki məzənnə ilə) çox olmayacaq. Məhdud kompensasiya verilməsini nəzərdə tutan qanunun isə təkmilləşdirilməsinə ehtiyac var".

Qeyd edək ki, 2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanıb və tam kompensasiya olunub. 2016-cı il martın 4-də "Əmanətlərin tam sığortalanması haqqında" qanun qüvvəyə mindikdən sonra banklarda qəbul edilən əmanətlərin tam sığortalanmasına (əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla) başlanıb. Qanuna əsasən, sığorta olunmuş əmanətlər bank müflis olduğu halda kompensasiya edilir.

32
İşğal altında olan Laçın şəhərinə mənzərə, arxiv şəkli

Laçınlılar evlərinə kiçik ailə biznesi ilə qayıdacaqlar

33
(Yenilənib 23:07 01.12.2020)
Proqram çərçivəsində verilmiş mal və materiallar, avadanlıqlar hesabına müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın daha bir rayonu – Laçın erməni faşizminin əsarətindən azad edildi və 30 ilə yaxın davam edən Laçın həsrətinə son qoyulub. Bu gün Laçın rayonundan olan özünüməşğulluq proqramı iştirakçılarının da sevincinin, qürur duyğularının həddi-hüdudu yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən dövrdə proqrama cəlb olunanlar arasında laçınlılar da az deyil. Proqram çərçivəsində verilmiş mal və materiallar, avadanlıqlar hesabına müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar.

Onlar yaratdıqları bu bizneslərini də Laçına aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər.

33
Teqlər:
Laçının azad olunması, biznes
Kino lenti, arxiv şəkli

"Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatına kim layiq görüldü?

0
(Yenilənib 23:58 01.12.2020)
Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər.

BAKI, 1 dekabr — Sputnik. "Narimanfilm" kinostudiyasının direktoru, Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov 2020-ci il noyabrın 27-də 13-cü Global Film Festival Noida və "MARWAН STUDIOS" (Hindistan) tərəfindən kinematoqrafiyanın irəliləyişi işində göstərdiyi əməyinə görə "Kinematoqrafiya uğurlarına görə" beynəlxalq mükafatı ilə təltif olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, 13-cü Global Film Festival Noida 2020-ci il noyabr ayının 26-28 tarixlərində Hindistanda, Noida şəhərində yerləşən "MARWAН STUDIOS"-da keçirilmişdir. Bu, tələbələr, entuziastlar və kino professionalları daxil olmaqla, bütün dünya kinematoqrafiya cəmiyyəti ilə birlikdə kinonun gücünü tərənnüm edən ən böyük və tanınmış festivallardan biridir. Festival zamanı dünyanın hər bir ölkəsindən olan kino mütəxəssisləri öz filmlərini nümayiş etdirir, sərgilərdə, treninqlərdə, seminarlarda iştirak edirlər. Festivalın prezidenti məşhur Hindistan rejissoru, prodüseri, jurnalisti, həmçinin, Asiya Kino və Televiziyası Akademiyasının təsisçisi və prezidenti cənab Sandip Marvadır.

0
Teqlər:
tələbələr, rejissor, Hindistan, prodüser, mükafat