Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 8 sentyabr — Sputnik. "Qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi pensiya məbləğlərinə birbaşa təsir göstərir. Həm əməkhaqqı müqavilələrinin bağlanması, həm də əməkhaqqı müqavilələrində real əməkhaqlarının qeyd olunması işləyən vətəndaşın pensiya yığımlarına təsir göstərir. Bu da nəticədə pensiya məbləğinin artması anlamına gəlir. O baxımdan qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi növbəti dövrlərdə də prioritet olacaq". Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a əməkhaqqının leqallaşmasının pensiyaya təsirindən danışarkən deyib.
Deputat bildirib ki, 2019-cu il və 2020-ci ilin ilk yarısında təxminən 200 minə yaxın yeni əmək müqaviləsinin bağlanması da məhz pensiya ödənişləri və eləcə də sosial yığımlara birbaşa təsir göstərib: "O baxımdan məşğulluğun rəsmiləşdirilməsi ilə pensiya məbləğləri arasında birbaşa əlaqə var. Və bu, nəticədə pensiya məbləğlərinin artmasına gətirib çıxarda bilər. Amma konkret olaraq pensiyaların hansı məbləğdə artması birbaşa əmək müqavilələrinin rəsmiləşməsindən və əmək müqavilələrində real əməkhaqqının göstərilməsindən asılı olacaq".
O bildirib ki, bəzi hallarda əmək müqavilələri bağlanır, amma sənəddə real əməkhaqqı göstərilmir: "Ona görə də real əməkhaqlarının göstərilməsi çox vacibdir. Real əməkhaqqı məbləğləri artdıqca bu, nəticədə yığımlara təsir göstərəcək. Ona görə də məşğulluğun rəsmiləşməsi növbəti mərhələdə pensiya məbləğlərinin artmasına gətirib çıxardacaq.
Bu istiqamətdə aparılan islahatlar, iqtisadiyyatın leqallaşdırılması və qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi vətəndaşlarımızın daha çox pensiya almasına səbəb olacaq. Amma bu da birbaşa əmək müqavilələrində real əməkhaqqının göstərilib-göstərilməməsindən asılı olacaq. Real əməkhaqqının göstərilməsi olduqca vacibdir".
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, əməkhaqqının leqallaşması gələcəkdə pensiya ödənişlərinin artırılmasına səbəb ola bilər: "Çünki Dövlət Sosial Müdafiə Fondunun imkanları artacaq. Bütövlükdə kölgə iqtisadiyyatı ilə mübarizə, iqtisadiyyatın leqallaşdırılması müsbət amildir. İqtisadiyyat leqallaşdırılırsa, sosial xərclər də mütləq artırılmalıdır. Bu, yalnız kölgə iqtisadiyyatına qarşı mübarizə ilə məhdudlaşmamalıdır. Kölgə iqtisadiyyatının xüsusi çəkisinin azalması gələcəkdə Dövlət Sosial Müdafiə Fondunun xərclərinin artmasına şərait yarada bilər. Amma bir şərtlə ki, bu resurslar düzgün idarə edilməli, sistemli yanaşma olmalıdır".
"İqtisadiyyat ağarırsa, sosial xərclər də artmalıdır. Qeyri-dövlət pensiya fondları yaradılsa, burada rəqabət mühiti olacaq. Bir sıra inkişaf etmiş ölkələrdə iqtisadiyyatda əsas investisiya mənbəyi kimi pensiya fondları çıxış edir. Pensiya fondları düzgün idarə olunsa, böyük mənfəətlər əldə edilə bilər. Böyük mənfəətlərin əldə edilməsi gələcəkdə pensiyaçıların imkanlarının xeyli dərəcədə gücləndirilməsinə şərait yarada bilər", - deyə professor bildirib.
Qeyd edək ki, bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pensiyaların artırılması ilə bağlı açıqlama verib. Sputnik Azərbaycan-ın məlumatına görə, nazir keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda pensiya alanların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya alması hədəflənir. O, bunun birbaşa əməkhaqqı bazarından asılı olduğunu bildirib: "Əməkhaqları tam leqallaşmalı və buradan toplanan sosial sığorta haqları vətəndaşlara pensiya olaraq ödənilməlidir".
BAKI, 28 yanvar — Sputnik. "Fevralın 1-dən sonra şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək. Qeyd edək ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.
Rahim Muradov, Sputnik Azərbaycan
BAKI, 27 yanvar — Sputnik. Astara sitrusçularının min zəhmətlə topladıqları naringi saxlanma anbarlarında çürüyür. Çünki təsərrüfat sahibləri öz məhsullarını istədikləri qiymətə sata bilmirlər. Astaralı sahibkarlar Sputnik Azərbaycan-a məhsullarının satışında yaranan problemlər barədə danışıblar.
Təsərrüfatçılar Gürcüstandan gətirilən sitrus meyvələrinin onların məhsullarının satışına böyük əngəl törətdiyini deyirlər. Astaranın Tüləgüvan kənd sakini, sahibkar Samir Əliyevin hazırda 10 ton naringisi anbarda qalıb: "Biz bu sitrus meyvəni böyük əziyyətlə yetişdirmişik. Dərmanları bahadır, çətinliklə alıb yetişdiririk, amma normal qiymətə sata bilmirik. Gürcüstandan naringini gətirilərək ucuz qiymətə satıldığı üçün biz öz malımızı sata bilmirik və meyvələr çürüyür. Biz kəndlilər bununla dolanırıq. Hər 10 gündən bir işçilər gəlib yeşiklərdə çürük naringiləri ayırırlar və bu müddət ərzində 10 ton naringidən 400-500 kiloqram çürük naringini ayırıb atırıq. Bu səbəbdən də malımızı mayasından aşağı qiymətə satmaq məcburiyyətində qalırıq. İndi aidiyyəti qurumlardan xahiş edirik ki, bizim üçün şərait yaratsınlar, öz malımızı sata bilək".
Digər fermer Ojakəran kənd sakini Vüsal Babayev bu il ona məxsus təsərrüfatdan 50 tona yaxın məhsul götürdüyünü bildirərək qeyd edib: "Hazırda anbarlarda 30 tona yaxın məhsul qalsa da, satışını həyata keçirə bilmirik. Səbəb isə ölkəmizə xaricdən gətirilən sitrus meyvələridir. Onların əksəriyyəti geni modifikasiya edilmiş məhsullar olsa da, bizim meyvələrimiz kimi qablaşdırılaraq yerli mal qismində bazarlara çıxarılır, əhaliyə çox ucuz qiymətə satılır. Bu qiymətə bizim məhsulumuzun satılması bizi qane etmir. Çünki il ərzində bir neçə pestisidlərlə dərmanlama, gübrələmə, digər işlər görürük. Məhsulumuzu satanda isə demək olar ki, öz maya dəyərini ödəmir. Biz maraqlanmışıq ki, xaricdən gətirilən naringi bazarlarda alıcılara 1 manata, 1 manat 20 qəpiyə təklif edilir, özü də yerli naringi kimi satılır. Artıq 2 aydır məhsullarımız dərilib, müəyyən şəraitdə saxlanılıb. Hazırda bu qiymətə satış bizə sərf etmir. Məhsulumuzu yerində heç olmasa, 1 manat 50 qəpiyə satsaq, bizə sərf edər. Biz, sitrus təsərrüfatı ilə məşğul olan sahibkarlar aidiyyəti qurumlardan öz məhsulumuzu normal qiymətə sata bilmək üçün bizə yardım etmələrini istəyirik".
Astaralı təsərrüfat sahibləri, ərazidə sitrus təsərrüfatı ilə məşğul olanların demək olar ki, hamısı eyni problemlə üzləşiblər. Tüləgüvan kəndinin digər sakini Tural Hidayətovun təsərrüfatında 1500-ə yaxın məhsul verən ağac var və əsasən 2 növ naringi əkilib. "Karlik tezyetişən" və "Yerli" naringi növünü yetişdiririk. Bu il 10 tona yaxın "Karlik tezyetişən" naringi növü əldə etdik və bu növ naringini oktyabrdan ən geci dekabr ayına qədər satmaq olur. "Yerli" naringi növü isə noyabrın əvvəllərindən sonuna qədər yığılır və bu il 30-35 ton arası yerli naringi topladıq. Tələbatı ödəmək üçün məhsulun müəyyən hissəsini aşağı qiymətə satmaq məcburiyyətində qaldıq, hazırda isə anbarımızda 20 tona yaxın məhsul var. Bizim məhsulumuzun əsas satışı hər il dekabr ayından sonra olurdu. Lakin bu il əksinə, yeni ildən sonra qiymətlərdə dayanma oldu. Bazarlarda alıcıqılıq qabiliyyəti aşağı düşdü. Müştərilər isə gəlib çox aşağı qiymət təklif edirlər".
Tural Hidayətovun sözlərinə görə, problem qonşu Gürcüstandan aşağı qiymətə sitrus meyvələrinin idxal olunmasıdır: "Biz paytaxt bazarlarında qiymətlərlə maraqlandıq və gürcü mallarının topdan satış qiymətinin 1 manat, 1 manat 10 qəpik təşkil etdiyini öyrəndik. Bizə gələn müştərilər də naringinin yerində topdan alışı üçün 1 kiloqramına 80-90 qəpik, ən yaxşı halda 1 manat təklif edirlər. Amma bu il meyvə ağaclarına verdiyimiz üzvi və ya minaral gübrələrin qiymətlərində artım olub. Ötən il biz 200 ağac üçün bir maşın peyini 130-140 manata alırdıqsa, bu il artıq bizə 200 manata təklif olunur. Ötən il bir kisə gübrə üçün 18-19 manat ödəyirdiksə, bu il o, 29-30 manata satılır. Qiymət artımı kəndlinin məhsulunu satmasında çətinlik yaradıb. İndi biz məhsulumuzu yerində 1 manat 50 qəpik və ya 2 manata sata bilsək, qoyulan xərci çıxarıb bir qədər qazanc götürə bilərik. Bu günə kimi topladığımız məhsullardan 5-6 tonu xarab olub. Çünki həm havalar isti keçir, həm də gələn müştərilər alış üçün aşağı qiymət təklif edirlər deyə məhsul qaldıqca çürüyür. Yəni bu günə ümumi xərcləri hesablasaq, mənə 10 min manata yaxın ziyan dəyib".
Görünən odur ki, Astara sitrusçularına məhsullarını satmaq üçün vaxtında yardım olunsa, həm alıcılar daha çox yerli naringi əldə edərlər, həm də təsərrüfat sahibləri ziyandan qurtulmuş olarlar.
BAKI, 28 yanvar — Sputnik. Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında "Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi müzakirəyə çıxarılacaq.
Dəyişikliyə əsasən, üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq.
Sənəddə qeyd edilib ki, tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir.