Bağlamalar, arxiv şəkli

qoyuruq, doyuruq! Gömrükdən nəyi necə keçirə bilərik

3115
(Yenilənib 17:37 24.08.2020)
Bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib.

Qırmızı körpü gömrük-keçid məntəqəsi
© Sputnik / Vladimir Umikashvili

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı avqustun 21-də Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi. Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyədək bu məbləğ 1000 ABŞ dolları idi.

Digər dəyişikliklə "Fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısı" genişləndirilib. 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar və səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları bu siyahıya daxil edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

Dəyişiklikləri şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, məhdudiyyətlərin sərtləşdirilməsi ölkəyə şəxsi istifadə ilə bağlı mal gətirilməsində müəyyən çətinlik yarada bilər: "Şəxsi istifadə ilə bağlı ölkəyə gətirilən bu məbləğlərdən yuxarı bütün malların gömrük rüsumları ödəniləcək. Daşıyıcı şirkətlərin qiymətlərində isə dəyişiklik olmayacaq. Bu, onların birbaşa xidmətlərinə aidiyyatı yoxdur".

Fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısından danışan ekspert bildirib ki, indiyədək 10 min ABŞ dolları ekvivalentindən artıq valyuta və qiymətli kağızlar gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli idi: "İndi ölkədən nağd pul çıxarılması ilə bağlı limit müsbətə doğru dəyişib və bu, 20 min manat (təxminən 12 min dollara yaxın) olub. Yəni 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısına daxil edilib. 20 min manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta ölkədən çıxarılarkən yazılı formada bəyan edilməli və rüsum ödənilməlidir".

"Fiziki şəxslər 12 min dollara yaxın vəsaiti ölkədən çıxara bilər və bunun üçün heç bir rüsum ödəməyəcəklər. Lakin bundan yuxarı məbləğlər üçün isə fiziki şəxslər rüsum ödəyirlər. Hüquqi şəxslərdə isə prosedur qaydaları fərqlidir" – deyə o əlavə edib.

3115
Fermer, arxiv şəkli

Fermerlərə qədər kredit verilib? AKİA rəqəmləri açıqladı

40
(Yenilənib 21:46 24.09.2020)
Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir

BAKI, 24 sentyabr — Sputnik. Bu günədək Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına 1895 fermerə 18 milyon manatadək mikrokredit verilib. Bu mikrokreditlərin 15 milyon manatı heyvandarlıq sahəsi ilə məşğul olanlara ayrılıb. Bu barədə məlumat Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Ümumilikdə, 2020-ci ilin ötən dövrü ərzində Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı məhsulları istehsalçılarına bütün kredit növləri üzrə (texnika və damazlıq heyvan alışı kreditləri, mikrokreditlər və digər kənd təsərrüfatı təyinatlı kreditlər) 51 milyon manatadək kredit ayırıb.

Ötən dövrdə kənd təsərrüfatı texnikası və damazlıq heyvan alışı üçün aqrar sahə iştirakçılarına AKİA tərəfindən 64 milyon manatdan artıq güzəşt vəsaiti ödənilib. Bu vəsait fermerlərin təchizatçılardan aldıqları 5876 damazlıq heyvanın və 4140 kənd təsərrüfatı texnikasının dövlət tərəfindən ödənilən güzəşt məbləğini təşkil edir.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.

40
Bakıda supermarketin fəaliyyəti

Pul əvəzinə kağız: qabaqcıl təcrübə Azərbaycan bazarında böyük risk yarada bilər

274
(Yenilənib 16:50 24.09.2020)
"Onsuz da Azərbaycanda maliyyəyə çıxış imkanları məhduddur, maliyyə bazarları inkişaf etməyib və maliyyə alətləri çox zəifdir. İndi çeklərlə hesablaşmaların aparılması bu istiqamətdə də irəliyə doğru müsbət addım kimi iqtisadiyyata töhfə verə bilər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Ticarət əməliyyatlarında çeklərlə hesablaşmaların aparılması təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində aktiv işə başlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib: 

"Bu mexanizmin tətbiqi biznes hesablaşmalarının şəffaflaşmasına, ticarət əməliyyatlarının aparılmasında tərəfdaşların günlük likvidlik zərurətinin azalmasına, çeki təminat qismində təqdim etməklə bankdan əlavə resurs cəlb edilməsi imkanının yaranmasına, həmçinin ölkədə nağd pul dövriyyəsinin azalmasına şərait yaradacaq".

Məsələ ilə bağlı "İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, ticarət əməliyyatlarında çeklərlə hesablaşmaların aparılması dünyada geniş yayılmış maliyyə alətlərindən biridir: "Və bütün tərəflər üçün əlverişli şərtlər daxilində ticarət əməliyyatlarının həyata keçirilməsinə şərait yaradır. Satıcı bu zaman tam zəmanət əldə etmiş olur. Belə ki, çeklər bank təminatı ilə o vəsaitin satıcıya hansı vaxtda və gündə ödəniləcəyini bildirir. Bu, riskləri minimuma endirir. Alıcı da əlində nağd olmayan, lakin gələcəkdə onun hesabına oturacaq vəsaitlə alış-veriş etmiş olur".

"Bu, kreditlərdən istifadə ehtiyacını aşağı sala bilən və alternativ maliyyə kimi ticarətdə tətbiq olunan mexanizmdir. Eyni zamanda bu, dövriyyədə olmayan vəsaitlərin üzərində faktiki alış-verişlərin həyata keçirilməsi və beləliklə nağd pul tələbatının bir qisminin zəiflədilməsinə xidmət edən alətdir. Burada söhbət iqtisadi subyektlər arasında aparılan ticarət əməliyyatlarından gedir", - deyə o qeyd edib.

İqtisadçı bildirib ki, kommersiya banklarının hər birinin öz çekləri var: "Sahibkarlıq subyekti hansı bankda bank hesabı açırsa, həmin bankın çekindən istifadə edilir. Bu mexanizm bu gün Azərbaycanda tətbiq edilmir. İndi Mərkəzi Bank ölkədə bunun tətbiqi üçün şərait formalaşdıracaq. Bundan əlavə, çeklərlə hesablaşmaların aparılması bank xidmətlərinin sayının artmasına, bankların sadəcə faiz gəlirlərindən asılı olmasının azalmasına müsbət təsir göstərə bilər".

"Onsuz da Azərbaycanda maliyyəyə çıxış imkanları məhduddur, maliyyə bazarları inkişaf etməyib və maliyyə alətləri çox zəifdir. İndi çeklərlə hesablaşmaların aparılması bu istiqamətdə də irəliyə doğru müsbət addım kimi iqtisadiyyata töhfə verə bilər", - deyə o əlavə edib.

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, çeklərlə hesablaşmaların aparılması geniş yayılmış bir təcrübədir: "Amma bunun riskləri də var. Risklərin idarəolunması çox vacibdir. Məsələn, 2001-2002-ci illərdə Türkiyədə yaşanan iqtisadi böhranın əsas səbəblərindən biri də arxasında heç bir vəsait durmayan çek əməliyyatları olub. Bu çeklərin birdən-birə dəyərdən düşməsi Türkiyədə çox ciddi iqtisadi böhrana səbəb oldu".

O bildirib ki, çeklərlə hesablaşmaların aparılması müsbətdir: "Lakin burada ciddi mexanizmlər yaradılmalıdır. Biri-biriləri ilə iri əməliyyatlar aparan şirkətlər nağd pul əvəzinə arxasında maliyyə vəsaiti duran çekləri təqdim edirlər. Həmin müəssisələr də çekləri nağdlaşdıra və yaxud da çek vasitəsilə ehtiyaclarını (avadanlığın, avtomobilin alınması və s.) ödəyə bilərlər.

Bunu elə tənzimləmək lazımdır ki, çeklərin arxasında maliyyə gücü dayansın. Əgər kommersiya şirkəti aldığı çeki nağdlaşdıra və yaxud digər maliyyə, pul əməliyyatlarında istifadə edə bilməyəcəksə, bu, sonradan dəyərdən düşə və maliyyə sektorunda ciddi gərginlik mənbəyinə çevrilə bilər".

"Bu məsələyə kompleks yanaşılmalı, ciddi nəzarət olmalı və arxasında maliyyə vəsaiti dura biləcək mexanizmlər işlənib hazırlanmalıdır. Bundan sonra ilkin mərhələdə məhdudiyyətlər qoymaqla bunu tətbiq etmək mümkündür. Məsələn, ilkin olaraq 10 min manata qədər, sonra 20 min manata qədər məhdudiyyət qoymaqla bu işə başlamaq olar. Ən azından bu çeklər vasitəsilə vergi ödənişlərinin həyata keçirilməsi imkanları yaradılmalıdır. Bu, daha çox biznes ilə məşğul olan fiziki şəxslər ilə hüquqi şəxslər arasındakı olan əməliyyatlara şamil ediləcək", - deyə iqtisadçı bildirib.

274
Teqlər:
iqtisadiyyat, risk, mexanizm, mağaza, alver, şirkət, bank, çek
Əlaqədar
Ölkədən pullar gedib, amma gəlməyib: Bir milyard dollar kəsiri necə bağlayacağıq?!
Ev almaq istəyənlərə xoş xəbər: Qiymətlər daha da düşəcək
Məhkəmələr kredit borcları üzrə işlər ilə "yüklənib" - Çıxış yolu nədir?
Dünyanı xilas edəcək düşüncə tərzi: asılılıq yaradan amillər yox olur
"Deutsche Bank" xəbərdarlıq etdi: Dünyanı "xaos dövrü" gözləyir
Kişi və uşaq silueti, arxiv şəkli

Uşaq evindən ailələrə - yüksək müavinətlərin sirri açıqlandı

0
(Yenilənib 00:56 25.09.2020)
Deputat: "İstənilən halda uşaq hər şeylə təmin olunsa belə, ailədə böyüyən uşaqla uşaq evində böyüyən uşağın xoşbəxtliyi bir olmur.

BAKI, 25 sentyabr — Sputnik. Övladlığa uşaq götürənlərə müavinət veriləcək. Bununla bağlı olaraq artıq layihə hazırlanıb və müzakirə mərhələsindədir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığagötürülmə ilə bağlı hazırlanan təkliflər qəbul olunarsa, onlar 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək. Valideyn himayəsindən məhrum olan və fiziki məhdudiyyəti olan 0-18 yaş uşaqlara görə 480 manat, 3-18 yaşlı uşaqların övladlığa götürülməsinə görə isə 160 manat müavinətin verilməsi təklif olunur.

Yeni qanun layihəsi ilə bağlı bir sıra məsələlər sual doğurur. Bu müavinətin aidiyyəti üzrə xərclənməsinə necə nəzarət ediləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev Sputnik Azərbaycan-a bildirib ki, ölkə başçısının övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqda 2018-ci ilin 10 dekabr tarixli 393 nömrəli fərmanı var. Bu fərmandan irəli gələn tədbirlərdən biri də valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərin, dəstək mexanizmlərinin hazırlanmasıdır.

Nazirlidə bu fərmandan irəli gələrək övladlığagötürülmə sahəsində bir sıra işlər görülüb, bu ilin fevralında vahid qaydalar müəyyənləşib.

Şahmalıyevin sözlərinə görə, növbəti mərhələ övladlığa götürülməsi çətin hesab edilən uşaqların övladlığa verilməsinin təşviqinin stimullaşdırılması haqdadır. Bu kateqoriyaya valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud 0-18 yaş qrupunda olan uşaqlar daxildir.

"Bu gün övladlığa götürmək istəyən namizədlər demək olar ki, belə uşaqları övladlığa götürmək üçün müraciət etmirlər. Odur ki, bu işi təşviq etmək üçün "Sosial xidmətlər haqqında" qanuna dəyişikliklər paketi hazırlanıb. Dəyişikliklərdən biri budur ki, hansısa bir namizəd 0-18 yaş arası sağlamlıq imkanı məhdud uşaq götürmək istəsə, övladlığa götürmə haqda məhkəmə qətnaməsi verildikdən sonra həmin ailəyə aylıq olaraq 480 manat müavinət təklif olunur", - deyə departament rəhbəri bildirib. 

O əlavə edib ki, övladlığa götürmə üçün müraciət edən və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Vergi Məcəlləsində də bir sıra güzəştlər nəzərdə tutulub. Digər kateqoriya isə 3-18 yaş qrupu uşaqların övladlığa verilməsi haqdadır: 

"Əksər hallarda 0-3 yaşadək uşaqlar övladlığa götürüldüyündən 3 yaşdan yuxarı uşaqların ailə ilə təmin olunması prosesi gecikir. Bu səbəbdən də biz yaşı 3-dən yuxarı uşaqların övladlığa verilməsi üçün həmin ailələrə 160 manatlıq aylıq müavinət təklif olundu. Bundan başqa, belə uşaqlar övladlığa verilərkən də onların dövlət, özəl, ali ixtisas müəssisələrində ödənişli əsaslarla təhsil xərcləri dövlət tərəfindən qarşılanacaq".

Maraqlıdır, indiyədək ölkədə 0-18 yaş qrupunda fiziki məhdudiyyətli uşaqların övladlığa verilməsi təcrübəsi olmadığı halda, 480 manat müavinətin verilməsi hansısa neqativ meyllər, məsələn, sırf bu vəsaitə görə, övladlığa götürmə kimi hallar yaratmayacaq ki? Və bu cür halların müəyyən edilməsi mexanizmi necə nəzərdə tutulur?

Nazirliyin rəsmisi deyib ki, bu cür halların qarşısının alınması üçün Ailə Məcəlləsinə istinad ediləcək. Məcəlləyə görə isə övladlığagötürmə bir neçə mərhələdə həyata keçirilir. Birinci mərhələdə valideyn namizədlər qeydiyyata alınır. İkinci mərhələ övladlığagötürmədə uşağın mənafeyinin uyğunluğunun müəyyən edilməsidir. Digər mərhələ isə məhkəmə ilə bağlıdır.

"İkinci mərhələ özü bir neçə istiqamətdən ibarətdir. Bura müraciət edən valideyn namizədlərlə müsahibələrin aparılması, maddi-məişət şəraitlərinin yoxlanılması aiddir. Bu mərəhələdə sosial işçilərimiz tərəfindən hər hansı bu tip nöqsan aşkarlanarsa, həmin namizədlər növbəti mərhələyə keçməyəcək. Bundan başqa digər mərhələdə treninq aparılır. Yəni biz bir ay ərzində valideynə həftədə 3 saatdan az olmamaq şərti ilə onlara lazım olacaq bilik və bacarıqları ötürəcəyik. Bu bir ay ərzində həmçinin namizədlərin övladlığa götürmə ilə bağlı həqiqi istək və arzularını da öyrənmiş oluruq. Bu mərhələdən də uğurla keçən, imtahan verən valideynlər artıq uşaqla uyğunlaşma mərhələsinə gəlib çatacaqlar. Bundan sonra isə müəssisədə uşaqlarla görüş mərhələsi başlayacaq. Ayda 40 saatdan az olmayaraq valideyn namizəd övladlığa götürmək istədiyi uşaqla müəssisədə birgə zaman keçirmiş olacaq. Bu zaman bu vəziyyət sosial işçilərimizin nəzarətində olacaq. Hansısa neqativ hal aşkarlanarsa, bu zaman aidiyyəti üzrə addım, övladlığa götürülmənin uşağın mənafeyinə uyğunsuzluğu kimi qiymətləndiriləcək. Bu mərhələ ilə də işlər yekunlaşmayacaq. Sınaq müddəti veriləcək və bu zaman uşaq valideyn namizədin evinə sınaq müddətinə veriləcək. Sınaq müddətində sosial işçilərin birinci həftədə 3 dəfə, növbəti həftələrdə 1 dəfə ailələrə səfəri olur. Neqativ hal aşkarlanarsa, bu zaman övladlığagötürülmə uşağın mənafeyinə uyğun hesab edilməyəcək".

C.Şahmalıyev əlavə edib ki, hazırkı şəraitdə övladlığagötürmə ilə bağlı olan qaydalar müraciət edən namizədlərin həqiqi motivasiyasının nədən qaynaqlandığını üzə çıxarmağa imkan verir. 

Bəs uşaq ailəyə övladlığa verildikdən sonra, vəziyyət necə nəzarətə alınacaq?

Həmsöhbətimiz deyib ki, övladlığaverilmənin uyğunluğu haqda rəy verildikdən sonra məhkəmə həyata keçirilir. Məhkəmə müsbət rəy verərsə, uşaq ailəyə verilir və 18 yaşına çatanadək 1-ci ildə rübdə 1 dəfə, növbəti illərdə ildə bir dəfə olmaqla ailəyə monitorinq səfərləri təşkil olunur. Sosial işçilər tərəfindən uşağın ailədəki yaşam tərzi qiymətləndirilir. Bununla da uşağın ailədəki inkişaf mühiti, inkişaf perspektivləri yaxından izləniləcək.

Departament rəhbəri deyilənlərin hələ layihə şəklində və müzakirə mərhələsində olduğunu vurğulayıb. Qeyd edib ki, sözügedən müavinətlər yaşayış minimumuna bağlanılsın. Yəni yaşayış minimumunda artım olduqca, bu məbləğlər də artırıla bilər. 

C.Şahmalıyevin sözlərinə görə, valideynlər adətən 3+ yaşda olan uşaqları övladlığa götürməmələrinin səbəbini onların xərclərinin çox olması ilə izah edirlər: "Onlar belə uşaqların geyim, təhsil və sağlamlıq xərclərinin çox olduğunu deyirlər. Bu amillər nəzərə alınaraq ailəyə dəstək, təşviq məqsədilə belə uşaqlar üçün 160 manat müavinətin verilməsi təklif olunur. Amma etiraf edək ki, 160 manat müavinətə görə kimsə gəlib uşaq götürməyəcək. Burada məqsəd, 3+ yaşda olan uşaqları övladlığa götürmək istəyən, lakin maddi çətinlikləri olan ailələrə dəstək verməkdir. Biz müavinətə görə müraciət edən ailələrə də uşaq verməyəcəyik".

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev Sputnik Azərbaycan-a bildirib ki, Milli Məclisdə "Sosial müavinətlər haqqında" qanuna əlavə və dəyişikliklərin olması təklif olunub. Bu dəyişikliklərə görə, valideyn himayəsindən məhrum edilmiş 3-18 yaşlı uşaqlara görə onları övladlığa götürənlərə ayda 190, fiziki məhdudiyyəti olan 0-18 yaşlı uşaqların övladlığa verilməsi üçün 480 manat müavinətin verilməsi nəzərdə tutulur. Məqsəd uşaqların övladlığa götürülməsini stimullaşdırmaq, belə ailələrə dövlətin maddi dəstəyini göstərməkdən ibarətdir.

"İstənilən halda uşaq hər şeylə təmin olunsa belə, ailədə böyüyən uşaqla uşaq evində böyüyən uşağın xoşbəxtliyi bir olmur. Ailədə uşaq daha çox sosiallaşır, qaynayıb-qarışır, özünü daha çox güvəndə hiss edir. Bununla həm də övladı olmayan, yaxud da övladı olub digər uşağı övladlığa götürən şəxslər üçün də bir mənəvi, psixoloji stimul yaranır. Dövlətin əsas siyasəti ondan ibarətdir ki, uşaqlar daha çox ailələrdə böyüsün", - deyə millət vəkili bildirib.

M.Quliyev qeyd edib ki, xəstəliyi və fiziki məhdudiyyəti olan uşaqlar əksər hallarda övladlığa götürülmür və onlar adətən dövlətin himayəsində böyüyürlər: "Bəzən əcnəbilər bu uşaqları övladlığa götürürlər. Bizim də məqsədimiz ondan ibarətdir ki, uşaqlar Azərbaycanda böyüsünlər. Bu səbəbdən yəqin ki, ayın 30-da bu məsələyə baxılacaq. Düşünürəm ki, bu, müsbət və pozitiv bir qanun layihəsidir".

Millət vəkilinin fikrincə, gələcəkdə yəqin ki, müavinətlərlə bağlı vəsaitlər artırılacaq: "Biz parlamentdə qanunun birinci oxunuşunda da təklif edəcəyik ki, yaşayış minimumu artdıqca, bu məbləğlər də artırılsın".

M.Quliyev bu cür uşaqların ali təhsil imkanlarının da dövlət tərəfindən qarşılanacağını vurğulayıb.

0
Əlaqədar
Övladlığa götürülən uşaqların sayı açıqlandı
Övladlığa verilmə ilə bağlı yeni qaydalar
Xəstə uşaqları övladlığa götürənlərə ciddi məbləğdə müavinət veriləcək
Övladlığa götürülən uşaqların sayı məlum oldu
Övladlığa götürülən uşağa görə müavinətlərin məbləği açıqlanıb