Qusarda arı təsərrüfatı, arxiv şəkli

Bal tutan Bakının yollarına, paytaxt əhli saxta məhsula boylanır, vaxta qədər?

2136
(Yenilənib 22:53 22.08.2020)
"Balın qiyməti nə qədər də ucuzlaşsa, maya dəyərindən aşağı düşə biməz. Hələ ki arıçılar gözləyirlər. Amma məcburiyyətdən aşağı qiymətə satanları da var" - Bədrəddin Həsrətov

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 avqust — Sputnik. “Bal tutan barmaq yalayar” deyirlər. Amma bu il arıçılar istehsal etdikləri baldan nəinki xeyir götürüb, heç maya dəyərini belə çıxarda bilməyiblər. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov məlumat verib. O bildirib ki, arıçılıq tənəzzülə uğramaq ərəfəsindədir.

B.Həsrətovun sözlərinə görə, pandemiya dövrü arıçılığa mənfi təsir göstərib. O deyir ki, bu il  Azərbaycanda istehsal olunan balı satmaq çətinləşib:

“Bu il 5 min tondan çox bal istehsal olunub.  Amma koronavirus pandemiyasına görə məhsulun bazara çıxarılmasında çətinliklər var. Balın əsas satış bazarı Bakıdır. Pandemiyaya görə arıçılar paytaxta gəlməkdə çətinlik çəkirlər. Əvvəlki illərdə bölgələrə istirahətə gedən insanlar, eləcə də turistlər oradan bal alırdılar. Bu il pandemiyaya görə rayonlara gediş-gəliş məhdudlaşdırıldığından arıçılar ballarını sata bilmirlər”.

B.Həsrətovun sözlərinə görə, ölkəmizdə bal satışına zərbə vuran daha bir amil xaricdən ucuz balın gətirilməsidir: “Çox təəssüf ki, Azərbaycanda daxili bazar qorunmur. Xaricdən gətirilən saxta balın həcmi əhəmiyyətli dərəcədə artıb. Dəfələrlə təklif etmişik ki, bal idxalı məhdudlaşdırılsın. Məsələn, Türkiyə bal idxalını məhdudlaşdırıb. Xorvatiya və İsrail də daha bal idxal eləmir. Beləcə daxili bazar qorunur. Amma bu gün Azərbaycan bazarı İran, Rusiya və Ukrayna balı ilə doludur”.

Assossiasiya sədri elə bu səbəbdən də daxili bazarda saxta balın artığını söyləyir: “Əvvəllər saxta məhsullar daxili bazarın 10-15%-ni tuturdusa, indi bu göstərici 30-40%-ə çatıb. Saxta balın kiloqramı 3 manata təklif olunur. Bu da qeyri-sağlam rəqabət mühiti yaradır”.

© Sputnik / Zulfiyya Guluyeva.
Bal təsərrüfatı

B.Həsrətov yaranmış vəziyyətin arıçılığı məhvə sürüklədiyini bildirir. Onun sözlərinə görə, nəticədə arıçıların sayı azalır: “Əvvəlki illərlə müqayisədə Azərbaycanda arı ailəsinin sayı artıb. Azərbaycanda 500 mindən çox arı ailəsi var. Şəki-Zaqatala və cənub bölgəsində, eləcə də Gədəbəy-Daşkəsəndə arıçılıq inkişaf edib. Səbəb bu sahənin inkişafına dövlət dəstəyidir. Artıq üç ildir ki, arıçılarımız dövlətdən subsidiya alırlar. Hər il arıçılar ailəsinə 5 milyon manat daxil olur. 2023-cü ilədək hər arı ailəsinə 10 manat verilməsi davam edəcək. Bu, böyük dəstəkdir. Çox təəssüf ki, pandemiya və daxili bazarın qorunmaması arıçılığı tənəzzülə doğru aparır”.

Həmsöhbətimiz deyir ki, arıçılığın tənəzzülə uğraması ümumi təbiət üçün mənfi fəsadlar yarada bilər:

“Arıçılıq strateji sahədir. Arı bitkilərin tozlanma prosesində iştirak edir. Bu il arçılığın tənəzzülə uğraması tozlanmanın, nəticədə məhsullarda məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarda bilər. Buna isə yol vermək olmaz. Bütün dünyada arıçılıq sahəsini tozlanmaya fayda verdiyinə görə qorumağa çalışırlar. Hətta inkişaf etmiş ölkələrdə bağları tozlandırmaq üçün hər arı ailəsinə vəsait ayrırlar". 

B.Həsrətov pandemiya dövrünün arıçılığa vurduğu zərbənin balın qiymətinə də təsirsiz ötüşmədiyini deyir. Onun sözlərinə görə, belə davam edərsə, balın qiyməti daha da aşağı düşə bilər: “Bəzən bizdə deyirlər ki, yerli bal bahadır. Amma balın bir kilosunun maya dəyəri 12-15 manat arasıdır. Balın qiyməti nə qədər də ucuzlaşsa, maya dəyərindən aşağı düşə biməz. Hələ ki arıçılar gözləyirlər. Amma məcburiyyətdən aşağı qiymətə satanları da var”.

“Şəfa balı” brendinin yaradıcısı, arıçı Osman Kazımov da bal tutub, barmaq yalamayanlardandır. O deyir ki, bu il istehsal etdikləri 3 ton balın hələ ki 500 kiloqramını sata biliblər: “Pandemiya dövründə insanların bal almağa gücü çatmır. Əsas səbəb budur. İkinci səbəb isə biz arıçıların bazarı olan Bakıya yolların bağlı olmasıdır. Digər səbəb də odur ki, əksər insanların bala güvəni yoxdur. Saxta balı təmiz baldan seçə bilmirlər. Laboratoriyada isə balın testi bahadır. İnsanlar 1 kq balı test etmək üçün 30 manat ödəməlidirlər. Düzdür, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bizə öz məhsulumuzu satmağa icazə verilir. Biz həm də arıları gəzdiririk. Mayda arana aparırıq, iyunda dağa. Amma bu il bölgələrə gələn də azdır. Ona görə arıçıların istehsal etdikləri bal, demək olar ki, əllərində qalıb”.

© Sputnik / Zulfiyya Guluyeva.
Bal təsərrüfatı

Osman Kazımov bildirir ki, hazırda balın satış qiyməti bir kiloqramına görə 25 manatdır. Amma alış 20 kq-dan artıq olanda 20 manata da satırlar. Həmsöhbətimiz deyir ki, təmiz balı 25-20 manatdan aşağı satmaq heç bir arıçıya sərf etmir. O ki qaldı qiyməti 50 manata qədər olan ballara, O.Kazımov bunun arıçının çox qazanmaq niyyətindən xəbər verdiyini söyləyir: “Balın qiyməti 30 manat ola bilər. Kimsə 50 manata satırsa, deməli, ya onun balı çox azdır, yaxud da çox qazanmaq istəyir”.

Arıcılar xaricə bal satmaq üçün isə sertifikat tələb olunduğunu söyləyirlər:

“Xaricə bal aparmaq üçün şirkətin olmalıdər, həm də balın sertifikatı tələb olunur. Bundan əlavə, xarici ölkələrdə iri mollarda stendlər qurulmalıdır. Bu, arıçılar üçün çətindir. Odur ki, ümid yerli bazara qalıb”.

Qeyd edək ki, hər il arıçılar üçün Bakıda bal satışı yarmarkası təşkil olunur. Arıçı O.Kazımov deyir ki, o və digər arıçılar ümidlərini sentyabrda keçiriləcək bal yarmarkasına bağlayıblar. Pandemiya dövründə bal yarmarkasının keçirilib-keçirilməyəcəyi isə hələ sual altındadır...

2136
Əlaqədar
Balın tərkibində antibiotik aşkarlandı, amma...
Karantinin həsrət qoyduğu həyat! Özümüzü necə qoruyacağımız sual altındadır
Ellə gələn bəlanı balla yola verənlər: "Almanlar bunu bizim üçün öyrəniblər" - FOTO
Həm bahalı, həm də faydalı məhsul - Onu istehsal etməyə nəyimiz çatmır?
Balını ye, arısını soruşma: bazarda nə vaxtadək əcnəbilər at oynadacaqlar?
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Baş nazir izafi xərcləri tənqid etdi: Lüzumsuz ezamiyyə xərcləri, ştatlar azaldılmalıdır"

136
(Yenilənib 00:34 24.09.2020)
Baş Nazir: "Bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir".

 

BAKI, 23 sentyabr — Sputnik. Büdcə təşkilatları tərəfindən cari xərclərdən səmərəli, düzgün istiqamətdə və qənaətcil istifadə olunmalıdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclasında deyib.

Baş Nazir xərclərin səmərəliliyi və qənaətin vacibliyini vurğulayaraq deyib ki, bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilir, ştat vahidlərinin sayı artırılır, lazım olmayan alışlar həyata keçirilir, satınalmalarda qiymətlər olduğundan çox yüksək göstərilir.

Baş nazirin sözlərinə görə, büdcə alışlarında bir qayda olaraq idxala üstünlük verilir. Aidiyyəti orqanlar tərəfindən büdcə təşkilatlarında cari xərclərin effektiv istifadəsinə nəzarət daha da gücləndirilməlidir.

Qeyd edk ki, bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, iclasda Baş Nazir Əli Əsədov bildirib ki, pandemiya nəticəsində "qlobal məcmu tələbin azalması, dünya bazarlarında neftin qiymət volatilliyinin yüksəlməsi, həmçinin məhdudlaşdırıcı tədbirlərin tətbiqi bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir və nəticədə ölkəmizdə də iqtisadi fəallığın azalması müşahidə olunmuşdur".

Əli Əsədov həmçinin qeyd edib ki, prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır.

Növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir. Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin, investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır".

Baş Nazir daha sonra diqqəti Prezident İlham Əliyevin dövlət şirkətlərinin fəaliyyətinin səmərəliliyini artırılması haqda tapşırığına cəlb edib: "Cənab Prezident avqustun 6-da keçirdiyi videomüşavirədə dövlət şirkətlərində idarəetmənin təkmilləşdirilməsini, dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsinə baxmayaraq onların fəaliyyətinin səmərəli olmadığını, əksər dövlət şirkətlərinin maliyyə vəziyyətinin ağır olduğunu, borclanma yükünün artdığını və bu sahədə nəzarət funksiyasının kifayət qədər effektiv olmadığını bildirib.

Qeyd olunan problemlərin həlli məqsədilə cənab Prezidentin 7 avqust tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi yaradılmışdır və bu qurumun qarşısında çox vacib və ciddi tapşırıqlar qoyulub".

Qeyd olunub ki, ölkənin hərbi potensialının və ordu quruculuğunun daha da gücləndirilməsi istiqamətində növbəti ilin büdcəsində də ciddi artım nəzərə alınmışdır və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması növbəti büdcə ilində də öz prioritetliyini saxlayacaq.

Baş Nazir qeyd edib ki, cənab Prezidentin rəhbərliyi altında ortamüddətli perspektivdə, o cümlədən 2021-ci ildə də Hökumət qarşısında qoyulan bütün tapşırıqlar vaxtında və bütövlükdə icra olunacaq.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək büdcə layihəsi haqda fikirlərini bildiriblər.

Sonda Nazirlər Kabineti xüsusi Qərarla "Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin bəyənilməsi və layihələrin və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda Qərar qəbul edilib.

136
Teqlər:
Prezident İlham Əliyev, büdcə, baş nazir, Əli Əsədov
Müslüm İbrahimov

Professor: “İran Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxmaq istəyir”

25
(Yenilənib 01:22 23.09.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir
Müslüm İbrahimov: “Azərbaycan-İran iqtisadi əlaqələri getdikcə güclənir”

Azərbaycan və İran arasında birgə sənaye parkının yaradılması bölgənin sənaye inkişafına səbəb olacaq. Bunu İranın Ərdəbil vilayətinin Sənaye Parkları Şirkətinin icraçı direktoru Məhəmməd Əhli jurnalistlərə açıqlamasında deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və İran arasında iqtisadi sahədə maraq nöqtələri çoxdur:

“İki ölkə arasında iqtisadi əlaqələr getdikcə güclənir. Xüsusən də nəqliyyat sahəsindəki münasibətlər maraq doğurur. İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir. İranın ən böyük problemi öz məhsullarını inkişaf etmiş, böyük bazarlara çıxara bilməməsidir. Bunu da indiki şəraitdə Azərbaycan vasitəsilə etmək olar. Hər iki ölkə iqtisadi siyasət sahəsində təcrübə mübadiləsi apara bilər”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

25
Teqlər:
sənaye parkları, Bakı-Tbilisi-Qars dəmir yolu, iqtisadi maraqlar, Azərbaycan, İran
Tələbə

Ali məktəblərə qəbulun nəticələri açıqlandı

0
(Yenilənib 00:33 24.09.2020)
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilir.

BAKI, 23 sentyabr - Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Sputnik Azərbaycan  DİM-ə istinadla xəbər verir ki, artıq abituriyentlərə ali məktəblərə qəbul olub-olmadıqları barədə sms göndərilir.

Qeyd edək ki, artıq sosial şəbəkələrdə övladları və özləri ali məktəblərə daxil olan şəxslər bu barədə paylaşımlar edirlər. 

0