Mobil evlər, arxiv şəkli

Evini götür, get - Azərbaycanda indi bu da mümkündür

2397
(Yenilənib 19:41 12.08.2020)
Bu evlər zəlzələyə, eyni zamanda da nəmə davamlıdır. Səsə qarşı izolyasiya edilən konteyner evlərin qiyməti o qədər də yüksək deyil

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Bu gün bir çox ölkələrdə daşınmaz əmlakla yanaşı, daşına bilən əmlaka da maraq və yatırım var. Daşına bilən əmlak - konteyner evlər artıq bütün dünyada da geniş yayılıb.

Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da daşınabilən evlər var. Bu evlərin qiyməti digərləri ilə müqayisədə daha sərfəlidir.

Sputnik Azərbaycan əmlak bazarına yenicə daxil olan bu evlərin qiyməti ilə maraqlanıb. Çöl səthi beton panelli olan, daşına bilən, iqlim şəraitinə uyğunlaşan bu evlər əsasən bağ evləri hesab edilir və daha çox dəniz qırağında, istirahət yerlərində qurulur.

Əlaqə saxladığımız şirkətdən bildirilib ki, bu evlər zəlzələyə, eyni zamanda da nəmə davamlıdır. Səsə qarşı izolyasiya edilən konteyner evlərin qiyməti o qədər də yüksək deyil - 1 kvadrat metrə görə 350 AZN-dir: "Bu qiymətə təmir daxildir. Bundan başqa, əlavə olaraq hamam-tualetin quraşdırılması üçün 600 AZN tələb olunur".

Evlər dəmir karkas və panellərdən ibarətdir:

"Konteynerlər dəmir karkas üzərində yığılır. Bir konteyner 6 metr uzunluqda, 2,5 və ya 3 metr endə olur. Onların üzərinə beton panellərlə divar səthi çəkilir, alt hissələr daşla izolyasiya olunur. Altı alçipanla ötürülür və divar kağızı vurulur. Adətən ölçülər 15-18 kvadrat metr olur, amma bu standartlardan kənara çıxmaq mümkündür. Yəni 30-77 kvadrat metrlik sifarişlər də qəbul olunur".

"Bizdə yerində satış həyata keçirilir. Sonradan müştəri tərəfindən kran gətirilir və bu evlər lazım olan ünvana daşınır. Onları istənilən ünvana aparmaq mümkündür".

Materialların isə Bakıda istehsal edildiyi deyilir.

Qeyd edək ki, bu gün əmlak bazarında hazır təmirli mənzillərin 1 kvadrat metrinin qiyməti 1500 manatdan başlayır. Daşına bilən təmirli evlər isə bundan təxminən 5-6 dəfə ucuzdur. 

2397
Əlaqədar
Dünyanın ən bahalı premium mənzilləri haradadır: Əl yandıran qiymətlər
Güzəştli ev almaq istəyənlərin nəzərinə - Növbəti satışa hazırlaşın
Təklif çox, müştəri az, qiymətlər enib - turizm cənnətində kirayə bazarı dad deyir
Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti kəskin dəyişəcək - SƏBƏB
On milyonlarla dolları Azərbaycandan Türkiyəyə yönəldən - SƏBƏB

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

4
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

4
Şimal axını – 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

15
(Yenilənib 19:44 15.01.2021)
"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb.

BAKI, 15 yanvar — Sputnik. Media xəbər verir ki, "Şimal axını-2" layihəsinin iştirakçısı olan Danimarkanın "Ramboll" şirkəti Vaşinqtonun sanksiyalarından qorxaraq geri çəkilib. Həqiqətən də, 1 yanvar tarixindən etibarən ABŞ layihəyə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirib. Bununla belə, kəmərin inşası davam etdirilir.

Avropada bu məsələdə yenidən ehtiraslar qızışır: almanların sanksiyalardan qorunmaq üçün fond yaratdıqları bir vaxtda, ingilislər amerikalılardan nümunə götürmək istəyirlər, isveçlilər isə "təbii qaz müharibəsi"nin başlamasından ehtiyat edirlər. Bəs bütün bunlardan sonra qaz kəmərinin taleyi necə olacaq? Bu sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Norveç də geri çəkildi

"Şimal axını-2" layihəsinin Rusiyadan kənardakı quru hissəsinin inşası uğurla başa çatdırılıb. Hazırda Almaniyanın su hövzələrində boru döşənməsi prosesi gedir, daha sonra növbə Danimarkaya çatacaq. Layihə finiş nöqtəsinə yaxınlaşmaq üzrədir. Ancaq Vaşinqton bunu görməzdən gəlir. 1 yanvar tarixindən etibarən bu ölkədə Rusiya qaz kəmərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu müdafiə büdcəsi haqqında yeni qanun qüvvəyə minib.

Əsasən test, yoxlama və ya sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlardan söhbət gedir. Norveçin DNV GL şirkəti artıq boru kəmərini yoxlamaq üçün bütün fəaliyyətini dayandıracağını və layihəni sertifikatlaşdıra bilməyəcəyini bəyan edib.

Bir qədər əvvəl ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnel əvvəllər müdafiə büdcəsi qanununun milli təhlükəsizlik üçün vacib olduğunu, "Çin və Rusiya kimi rəqib super güclərin qarşısını aldığını" bildirmişdi. Onun sözlərinə görə, bu sənəd ABŞ-ın "dənizdə, quruda, havada, kiberməkanda və kosmosda" üstünlüyünü möhkəmləndirəcək.

"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb. Vaşinqtonun Avropanın beş böyük enerji şirkəti tərəfindən maliyyələşdirilən layihənin tamamlanmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra yanvarın 11-də bərpa edilib. Yanvarın 15-dən etibarən Danimarka sularına boru döşənməsinə başlanılacaq.

Fortuna boru kəmərinə Rusiya Dəniz Xilasetmə Xidmətinin "Murman", "Baltiyskiy İssledovatel" və digər təchizat gəmiləri dəstək verəcək. Dənizdə boru döşəmə xəttinin hər iki tərəfində 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq.

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın bir qədər əvvəl qeyd etdiyi kimi, layihənin dəniz hissəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

Müdafiə mexanizmi

Bu arada, Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. Reuters ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: "Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq". Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev "arzu olunmayan" şirkətlərin siyahısını açıqlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə vurğulayır: "Vaşinqton "Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın "Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur".

Almaniya "Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer da bu günlərdə yada salıb.

Üstəlik, yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün vacib olduğunu qəbul edəcək. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, bu "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Vaxt çatacaqmı?

Bəs almanlar özlərini sanksiyalardan qorumaq üçün vaxt tapacaqlarmı? Bu məsələdə ekspertlərin fikri ikiyə haçalanır. "TMT"-nin direktoru Daniil Rostovtsev bildirir ki, bir tərəfdən, fondun Vaşinqtonun sanksiyalarını nəzərə almamaq üçün kifayət qədər sərmayə və gücü var.

"Bununla belə, fondun təşəbbüsü cəmiyyətdə, xüsusən də "yaşıl siyasəti" dəstəkləyənlərdə narazılıq doğurur. Ekoloqlar belə hesab edirlər ki, layihənin bu şəkildə təbliği qeyri-etikdir və hiddət doğurur, eyni zamanda, ətraf mühit üçün təhlükəlidir", – deyə analitik vurğulayır. Onun sözlərinə görə, indi əsas məsələ "Şimal axını-2" layihəsinin tərəfdarlarının cəmiyyətlə dil tapıb-tapmayacağıdır.

Müstəqil sənaye mütəxəssisi Leonid Xazanov isə belə hesab edir ki, hər bir halda, Berlin Vaşinqtona güzəştə getməyəcək: Almaniyaya Amerikanın maye qazından xeyli ucuz olan Rusiyanın "mavi yanacağı" lazımdır. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq Almaniya üçün çox vacibdir. Çünki Rusiya bazarı alman şirkətləri üçün strateji əhəmiyyət daşıyır.

"Əlbəttə ki, fond sanksiyalara məruz qalacaq, amma bu effekt verməyəcək. Çünki onun podratçılarına qarşı yeni bir qanun layihəsi hazırlanmalı, Konqresdən keçirməli və prezidentin imzalamasını gözləməlidirlər. Bu isə ümumilkdə yarım il vaxt tələb edir ki, həmin müddətə qədər layihə tamamlanacaq", – deyə mütəxəssis qeyd edir.

Bununla belə, Xazanov kəmərin istismara verilmə ərəfəsində, özü də məhz ABŞ-ın müdafiə büdcəsində nəzərdə tutulan sanksiyalar səbəbindən.çətinliklərlə qarşılaşacağını istisna etmir.

Qorxu və nifrət

İngilislər də amerikalılardan nümunə götürmək fikrindədirlər. Britaniyanın Mühafizəkarlar Partiyasından olan parlament üzvü Deniel Koçinski bəyan edib ki, Rusiyanın qaz kəməri həddən artıq təhlükəlidir, çünki NATO ölkələri ərazisində yerləşən bütün qaz və neft şəbəkələrini adlayaraq "birbaşa Rusiyaya" aparır.

Onun sözlərinə görə, böyük britaniyalılar artıq Avropa Şurasının üzvü olmadıqlarından, "amerikalı dostlarının yolu ilə gedərək "Şimal axını-2" qaz kəmərinin inşasına cəlb olunmuş istənilən şirkətə qarşı sanskiya tətbiq etməlidirlər.

Bu arada, İsveçdə Co Baydenin prezidentliyi dövründə "qaz müharibələri"nin başlayacağından ehtiyat edirlər. Svenska Dagbladetin vurğuladığı kimi bu amerikalı demokrat məsələyə öz rəqibi Donald Trampdan da sərt yanaşa bilər.

Baydenin prezidentliyinin "Qazprom" üçün mənfi aspekti onun yaşıl enerji siyasətini dəstəkləməsidir. Demokratlar 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar xərcləməyi planlaşdırır. 2050-ci ilə kimi isə atmosferə sıfır tullantı hədəfinə nail olmaq nəzərdə tutulur. Ancaq "yaşıl enerji" siyasəti də Rusiyaya əl verir. Çünki "Şimal axını-2" kəməri ilə yalnız təbii qaz deyil, həm də hidrogen ötürmək mümkündür. Avropanın hidrogen yanacağına tələbatı isə potensial olaraq çox yüksəkdir.

Digər tərəfdən, ABŞ-ın özündə belə Ağ Evin "rus kəmərinə" vəd etdiklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşırlar. Virciniya ştatının keçmiş senatoru Riçard Blek əmin edir ki, Bayden tikintinin səssizcə başa çatdırılması barədə Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Bunun müqabilində isə Rusiya ilə Vaşinqton üçün bəzi faydalı sövdələşmələrə nail olmağa çalışacaq.

15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0