Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

""Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq"

9
(Yenilənib 16:40 10.08.2020)
"Xarici tərəfdaş artıq bəyan etmişdi ki, bu, gələcək investisiya səmərəsiz olacaq və beləliklə, “Qarabağ” yatağı tərk edilmişdi. Biz, əslində, heç nə itirmədik. Çünki Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə heç bir maliyyə öhdəliyi götürməmişdi"

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

- Cənab Prezident, bu gün “Qarabağ” yatağının dayaq bloku dənizə yola salınır. Bu mühüm hadisənin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Bu, çox əlamətdar hadisədir. Bu gün “Qarabağ” yatağının dəniz işlərinə start verilir. Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilibdir və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlayacağıq.

1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanmışdır. 1990-cı illərdə bu yataqda 3 quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmamışdılar, kontrakta xitam verilmiş və “Qarabağ” yatağı tərk edilmişdi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edilmişdir.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

Onu da bildirməliyəm ki, bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilmişdir. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək.

- Bu böyük qurğu çox mürəkkəb və nəhəng konstruksiyaya malikdir. Qurğunun mühəndis-texnoloji xarakteristikalarının önəmini necə qiymətləndirirsiniz?

- Bəli, bu, doğrudan da çox mürəkkəb konstruksiyadır və qurğunun çəkisi 16 min tondan çoxdur, hündürlüyü təqribən 190 metrə yaxındır. Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, əlbəttə ki, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi. Onu da bildirməliyəm ki, “Qarabağ” yatağında suyun dərinliyi 180 metrdir və hesab edirəm ki, məhz buna görə sovet vaxtında bu yataqdan neft-qaz çıxarılmamışdır. Çünki sovet dövründə bizim belə texnologiyalarımız olmamışdır, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsi də toxunulmaz qalmışdır, müstəqillik dövrü üçün qalmışdır. Əks təqdirdə, quru yataqlarda olduğu kimi, dəniz yataqlarımız da tam boşaldılacaqdı və müstəqil Azərbaycanın inkişafı üçün enerji resursları qalmayacaqdı. Ona görə “Qarabağ” yatağının aşkarlanması və sonra yataqda işlərin görülməməsi əlbəttə ki, müstəqil Azərbaycan üçün böyük hədiyyə olmuşdur. Məhz bu gün aparılan siyasət nəticəsində biz bu işləri görə bilirik. Odur ki, bu, texnoloji baxımdan, mühəndislik baxımından çox nəhəng və çox mürəkkəb bir konstruksiyadır. Şadam ki, bunu Azərbaycan mütəxəssisləri inşa ediblər. Görülmüş işlərin mütləq əksəriyyəti Azərbaycan mütəxəssisləri, fəhlələri tərəfindən icra olunubdur.

Onu da bildirməliyəm ki, hazırda dərin özüllər zavodunda 5 minə yaxın insan çalışır. Bu nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. Mən indi maraqlandım, məlumat verildi ki, burada işləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manat ətrafındadır və çox böyük peşəkarlıq tələb edən bir müəssisədir. Ona görə bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcəkdir.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

- Bəs “Qarabağ” yatağından hasilat nə vaxt gözlənilir?

- Əgər hər şey plan üzrə getsə, hesab edirəm ki, iki ildən sonra - 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq. Bunu deməyə əsas verən odur ki, “Qarabağ” yatağı “Azəri”, “Çıraq" və “Günəşli” yataqlarının yanında yerləşir, məsafə o qədər də böyük deyil. Xatırlayıram, “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə kontrakt 1994-cü ildə hazırlanarkən o vaxt xarici tərəfdaşlar bu yataqların potensialını 511 milyon ton neft həcmində dəyərləndirmişdilər. Ancaq həyat onu göstərdi və bu gün bu təsdiq olunub ki, “Azəri, “Çıraq, “Günəşli” yataqlarının potensialı 1 milyard ton neftdən çoxdur. Ona görə bu və digər geoloji amillər deməyə əsas verir ki, “Qarabağ” neft yatağında daha böyük həcmdə təbii ehtiyatlar var. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil ediləcək. Əlbəttə ki, Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaqdır.

- Azərbaycanda digər nəhəng neft-qaz layihələri də həyata keçirilir. Onların icra vəziyyəti hansı səviyyədədir?

- Deyə bilərəm ki, bütün layihələr uğurla icra edilir. Bu gün bu barədə mənə kiçik təqdimat edildi. Bildiyiniz kimi, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə bütün işlər plan üzrə gedir. Burada inşa edilən yeni platforma onu göstərir ki, bu yataqların uzunmüddətli işlənməsi artıq reallıqdır. Bildiyiniz kimi, kontraktın müddəti uzadılıb və Azərbaycan bundan böyük fayda götürür, bizə bir neçə milyard dollar dəyərində bonus ödənilib.

“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarında hasilatın sabit saxlanması, əlbəttə ki, bizim üçün vacib məsələdir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti onu da bilməlidir ki, bizim qaz potensialımızın önəmli hissəsi “Azəri”, “Çıraq” və “Günəşli” yataqları hesabına formalaşır. Çünki orada hasil olunan qaz ümumi sistemimizə daxil edilir. Ona görə “Azəri-Çıraq-Günəşli” ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

Eyni zamanda, “Şahdəniz-2” layihəsi uğurla icra edilir. Bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. Bildiyiniz kimi, “Şahdəniz-2”nin tammiqyaslı işlənilməsi bizə əlavə 16 milyard kubmetr qaz verəcək. Həm öz tələbatımızı ödəyəcəyik, həm də ki, ixrac üçün böyük həcm yaranacaqdır.

Gələn il “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasilatı gözlənilir. “Abşeron” yatağının işlənilməsinin iki mərhələsi olacaqdır. Birinci mərhələ nəticəsində 1,5 milyard kubmetr qaz hasil ediləcək və bu qaz Azərbaycanda istehlak olunacaq. Çünki artan sənaye potensialımız diktə edir ki, bizə əlavə resurslar lazımdır. Ona görə 1,5 milyard kubmetr qaz ölkə daxilində istehlak olunacaq. Biz “Abşeron” yatağının ikinci mərhələsinin başlanmasına da yaxınlaşırıq. Orada hasilat yəqin ki, 3-4 dəfə artıq olacaqdır. Bu da bizim qaz potensialımıza müsbət təsir göstərəcəkdir.

“Şəfəq-Asiman” yatağı üzrə işlər qrafik üzrə gedir. İndi qazma işləri aparılır. Bu yatağın da çox böyük potensialı var. Əlbəttə, qazma işləri ehtiyatların dəqiq həcmini göstərəcək. Ancaq yadımdadır ki, hələ Neft Şirkətində işlədiyim dövrdə bizim mütəxəssislər orada təqribən 400-500 milyard kubmetr həcmində qaz ehtiyatının mövcudluğunu qeyd etmişdilər. Hər halda, hesab edirəm ki, qazma işləri yaxın gələcəkdə başa çatacaq və bu haqda daha dəqiq məlumat olacaqdır.

Əlbəttə, indi bizim əsas diqqətimiz Cənub Qaz Dəhlizinin başa çatmasına yönəldilib. Bu layihə də uğurla icra edilir. Bunun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, hesab edirəm ki, bir neçə aydan sonra Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Beləliklə, Cənub Qaz Dəhlizi tam istismara veriləcək. Bu, bizim üçün çox önəmli və hesab edirəm ki, tarixi hadisədir. Çünki bu, imkan verir ki, “Şahdəniz” yatağının tam işlənilməsi təmin edilsin.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində

Eyni zamanda, onu da bildirməliyəm ki, Cənub Qaz Dəhlizi inşa olunmadan investor buraya və heç bir başqa layihəyə vəsait qoymazdı, yaxud da tərəddüd edərdi. Çünki, məsələn, “Abşeron” qaz-kondensat yatağından çıxarılacaq qazın ixracı üçün yol olmalıdır, həmçinin “Qarabağ” yatağından və digər yataqlardan çıxarılacaq təbii qazın da. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyəti təkcə “Şahdəniz” layihəsi ilə məhdudlaşmır. Bu layihə icra olunmadan bizim enerji siyasətimiz yarımçıq qala bilərdi. Amma bu gün bizim enerji siyasətimiz ölkəmizin maraqlarını tam təmin edir. “Şahdəniz” yatağı ən azı yüz il bundan sonra Azərbaycanı və tərəfdaş ölkələri qazla təchiz edəcəkdir. Eyni zamanda, biz ixrac coğrafiyamızı genişləndirmək əzmindəyik. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaqdır, biz oraya da qaz ixrac edə bilərik. Digər qonşu ölkələrə - Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür.

Ona görə Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir və bunun başa çatmasına az vaxt qalır. Bir daha demək istəyirəm ki, bizim bütün yataqlarımızda görülən işlər məqsədyönlü şəkildə aparılır. Bir layihə o biri layihəni şərtləndirir. Əgər 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” üzrə kontrakt imzalanmasaydı, heç bir başqa layihədən söhbət gedə bilməzdi. Əgər “Şahdəniz” üzrə kontrakt imzalanmasaydı, bu gün biz nəinki başqa ölkələrin, öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Çünki “Şahdəniz” bizim üçün əsas mənbədir. Biz bütün bu işləri görməklə Avrasiyanın yeni enerji xəritəsini tərtib edirik və Azərbaycan uzun müddət bundan sonra bir çox ölkələr üçün strateji tərəfdaş olaraq qalacaqdır.

- Cənab Prezident, bu dayaq blokunun göndərildiyi yataq hamımız üçün doğma və əziz olan Qarabağ adını daşıyır. Bununla bağlı fikirlərinizi bölüşməyi xahiş edərdik.

© Official website of President of Azerbaijan Republic
“Qarabağ” yatağının dayaq bloku

- Hesab edirəm ki, bu, rəmzi məna daşıyır. Çünki bildiyiniz kimi, Azərbaycan xarici tərəfdaşlarla bir çox yataqlar üzrə kontraktlar imzalamışdır. Ancaq heç də onların hamısı səmərə verməmişdir. Artıq bir çoxlarının icrası dayandırılıb, onların icrasına xitam verilib, qazılmış quyular ümidlərimizi doğrultmayıb. “Qarabağ” yatağının işlənməsinə gəldikdə, mən bir daha demək istəyirəm, hər zaman əminlik var idi ki, burada böyük potensial, böyük neft və qaz ehtiyatları vardır. Ancaq bayaq qeyd etdiyim kimi, 1990-cı illərdə üç quyu qazılmışdı, xarici tərəfdaş artıq bəyan etmişdi ki, bu, gələcək investisiya səmərəsiz olacaq və beləliklə, “Qarabağ” yatağı tərk edilmişdir. Biz, əslində, heç nə itirmədik. Çünki Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə heç bir maliyyə öhdəliyi götürməmişdi. Əksinə, hətta uğursuz nəticə də nəticədir, bizə əlavə geoloji məlumat veribdir. Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur.

Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

-Çox sağ olun, cənab Prezident. Minnətdarıq.

-Sağ olun.

9
Əlaqədar
Prezidentin tənqid etdiyi məsələ necə həll olunur - İtkinin qarşısı belə alınır
Hər şey elə də pis deyil - Dünya nəhənginin bizi atıb getmək fikri yoxdur
Neft Fondunun aktivləri 43 mlrd. dolları ötüb
Azərbaycanda və dünyada elektrik enerjisi - iyirmi il sonra bizi nə gözləyir
Rəqabətə tab gətirmədi: Avropa və Asiya Amerikanın maye qazından imtina edir
Yaşlı insanlar, arxiv şəkli

Pensiya yaşı artırılacaq? Rəsmi açıqlama

25
(Yenilənib 19:22 21.09.2020)
"Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq".

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

A.Məcidov qeyd edib ki, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır: "Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq pensiyaya çıxma imkanı əldə edə biləcəklər. Qadınlar üçün isə 62 yaş 30 iyun 2021-ci il tarixinə kimi qüvvədə qalacaq. Ondan sonra isə pensiya üçün yaş həddi 6 ay artırılacaq".

O deyib ki, son 2 ildə pensiya sahəsində ciddi islahatlar aparılıb, pensiyaçıların pensiyaya çıxma imkanlarının mülayimləşdirilməsi prosesi baş verib.

Fond rəsmisi deyib ki, 2019-cu il 1 yanvar tarixindən pensiya yaşına çatan şəxslərin 25 illik stajının tanınması əksər insanların pensiyaya çıxma imkanlarını artırdı:

"1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək şəxsin minimum staja malik olması əsas şərtlərdən idi. Şəxsin 1 ay belə stajı var idisə, onun 2006-cı il tarixədək stajı tanındı. 25 il də pensiyaya çıxmaq üçün tələb olunan norma olduğu üçün minlərlə vətəndaş pensiyaya çıxmaq imkanı əldə etdi".

25
Teqlər:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Əmək pensiyaları haqqında" qanun, pensiya təminatı, əmək pensiyaları, əmək pensiyası, pensiya yaşı, pensiya
Əlaqədar
Pensiya almaq istəyənlərə şad xəbər - stajları bir neçə il artacaq
Yaşa görə orta aylıq pensiya artıb
Pensiya və yardım kartı itənlərə xəbərdarlıq
Kişilər və qadınlar üçün yeni pensiya yaşı müəyyənləşdi
Təbii qaz

2020-ci il olduğu kimi: qaz qiymətlərini qasırğalar ekstremist qruplar təyin edir

13
(Yenilənib 19:07 21.09.2020)
Təbii qaz və xüsusilə də MTQ çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda tələbat yalnız kifayət qədər aşağı qiymətlər sayəsində artacaq.

BAKI, 21 sentyabr — Sputnik, Aleksandr Sobko. Qaz bazarı tədricən bərpa olunur: Avropada və Asiya-Sakit Okean Regionunda qazın birja qiymətləri min kubmetrə görə müvafiq olaraq 130 və 150 dollar təşkil edir.

Qiymət artımının səbəbləri həm tələb, həm də təkliflə bağlıdır. Cari ilin səkkiz ayı ərzində maye təbii qazın (MTQ) ümumi idxalı cəmi 1,3 faiz olsa da, bir il əvvəlki dövrlə müqayisədə daha yüksək olub. Hindistan və Çin iyulda və avqustda MTQ idxalının kəskin artırıb.

Sadə hesablama etsək, hazırda maye təbii qaza olan qlobal tələbat ötən ilin səviyyəsindədir, boru kəməri qazına olan tələbat isə aşağıdır. Bu, Rusiyanın Avropaya ixracından da görünür. Çin də Orta Asiyadan qaz idxalını aşağı salıb. Bu arada MTQ bazarında istehsal artıb, çünki, tikilməkdə olan zavodlar artıq işə salınıb (əsasən, ABŞ-da).

Əsasən təkliflə bağlı problemlər qiymətləri sabitləşdirməyə kömək edir: Avstraliyadakı "Prelude" üzən maye təbii qaz platforması hələ də işləmir (texniki problemlərə görə). Elə Avstraliyanın özündə "Gorgon LNG" layihəsinin xətlərindən biri dayandırılıb.

Kotirovkaların bərpası hələ ki sabit görünmür, amma bəzi proqnozlara görə, istilik mövsümündə Asiyada spot qiymətləri min kubmetrə görə hətta 200 dollardan artıq ola bilər. Bu rəqəmlər bütün istehsalçılar üçün uzunmüddətli münasib qiymətlərə uyğundur. Doğrudur, bir əmma var: belə bir qiymət səviyyəsi yalnız qış üçün deyil, orta illik olmalıdır.

Amma il mürəkkəbdir, atipikdir, ona görə də uzunmüddətli perspektivlər çıxarmaq olmaz. Hamını perspektivlər maraqlandırır. Ən maraqlısı isə bundan ibarətdir ki, iyirmi il ərzində ilk dəfə olaraq yeni MTQ zavodlarının tikintisi ilə bağlı heç bir yeni sərmayə qoyuluşu qərarı qəbul edilməyib. Bu ilin yekununa dair proqnozlara görə, maksimum iki sərmayə qərarı qəbul ediləcək. Xatırladaq ki, ötən il rekord sayda sərmayə qərarı qəbul edilib – bu isə öz növbəsində üçillik sakitlikdən sonra baş verib.

Bu, niyə belə olur? Cavab sadə və aydındır: bütün neft-qaz şirkətlərinin gəlirlərində çox itkilər olub, ona görə də öz sərmayə proqramlarını ixtisar edirlər. Cavabın bir hissəsi də MTQ bazarının son illərdə paradoksal şəkildə inkişaf etməsindədir. Bir tərəfdən biz qazın cari dövrdə həddən artıq çox olduğunu, eləcə də gələcəkdə kəskin rəqabəti (Qətər, ABŞ, Rusiya, Şərqi Afrika arasında) görürük. Bunların heç biri qiymətləri artırmır və yeni layihələrə sərmayə qoymaq üçün bazara kifayət qədər siqnal göndərmir. Eyni zamanda, bazar perspektivli hesab olunur (qaza tələbat həmişə, hətta "yaşıl senarilərdə" belə artacaq).

Bazarın inkişaf lokomotivlərindən biri də neftdən uzaqlaşıb perspektivli maye təbii qaza keçməyə başlamış transmilli neft-qaz şirkətlərinin iştirakı olub. Neftin bahalı olduğu vaxtlarda neft-qaz şirkətləri ümumi gəlir zənbilindən perspektivli maye qaza yatırımlar edə bilirdilər. Neft kotirovkalarının düşməsindən sonra isə bu, transmilli neft-qaz şirkətlərini maraqlandırmır. Üstəlik, onlardan bəziləri əsəbiləşir və investisiya planlarının kəskin "yaşıllaşmasını" elan edirlər. Öz növbəsində, neftə sadiq qalmaq istəyən neft nəhənglərinin də vəziyyəti ağırdır. Bu, çətin maddi vəziyyətdə olan "ExxonMobil" şirkətinin timsalında da görünür.

Bu şirkətin planlarında iki əsas MTQ layihəsi – ABŞ-da "Golden Pass LNG" ("Qatar Petroleum" ilə birlikdə) və Mozambikdə "Rovuma LNG" var idi. Hər ikisi indi təxirə salınıb – Amerikadakı zavod ən azı bir il, Mozambikdəki zavod isə 2023-cü ilə qədər. Papua-Yeni Qvineyada fəaliyyət göstərən MTQ zavodunu genişləndirmək planlarını da ən yaxşı vaxtlara saxlayıblar.

Amerikanın digər zavodları da, təbii ki, yeni qərarlar qəbul etməyə tələsmir. Şərqi Afrikada isə bütövlükdə durğunluq əmələ gəlib. Xatırladaq ki, bu bölgənin (Mozambik, Tanzaniya) şelfi yeni perspektivli mədən mərkəzlərindən biri kimi qəbul edilir. "ExxonMobil" layihəsinin təxirə salındığı haqqında artıq məlumat verilib. "Mozambique LNG" ("Total" şirkətinin nəzarəti altında) zavoduna isə regionda fəaliyyət göstərən ekstremist qruplar mütəmadi olaraq maneə yaradır ki, bu da onun vaxtında tikintisi məsələsini sual altına qoyur. Tanzaniyada zavod planları haqqında isə son zamanlar ümumiyyətlə xatırlamırlar.

Bütün bunlardan belə bir nəticə çıxarmaq olar: ortamüddətli perspektivdə təklifin azalmasını görəcəyik. Belə olardı – Qətərin bir neçə yeni zavod üzrə planları olmasaydı. Sərmayə qoyuluşu barədə hələ ki rəsmi qərar yoxdur, lakin ilkin işlər fəal şəkildə aparılır.

Nəhayət, qeyri-müəyyənliklər yaradan daha bir amil: qiymətləndirmə mexanizmləri. Spot bazarının inkişafına baxmayaraq, son vaxtlara qədər MTQ qiymətinin neftin qiymətinə bağlılığı MTQ istehsalçılarına xərcləri qarşılamaq imkanını verirdi. Bununla yanaşı, neftin bahalığı və MTQ bazarında artan rəqabət fonunda son illər yeni müqavilələrdə bu bağlılıq əmsalı tədricən aşağı düşüb. İndi neft ucuzlaşıb, alıcıların isə köhnə, yüksək əmsallara qayıtmaq istəyəcəkləri inandırıcı deyil. Alıcıları spot qiymətləri ilə qaz daha çox maraqlandırır, üstəlik, Qətərin uzunmüddətli müqavilələrinin tədricən bitməsi ilə bu ölkənin maye qazı birjaya daxil olacaq.

Onu da xatırladaq ki, inkişaf etməkdə olan Asiya-Sakit Okean Regionu ölkələri qazın böyük həcmlərini "həzm etməyə" qadirdirlər – lakin yalnız aşağı qiymətlərdə, min kubmetrə maksimum 200 dollar səviyyəsində olan qazı.

Bütün bu amillər bazarda qeyri-müəyyənliyə və bəzi paradoksal inkişafa gətirib çıxarır. Ümumiyyətlə təbii qaz və xüsusilə də MTQ çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda tələbat yalnız kifayət qədər aşağı qiymətlər sayəsində artacaq.

13
 Hotel, arxiv şəkli

Pandemiya dövründə mehmanxana restoranlar: problemləri necə həll etməli

0
(Yenilənib 00:16 22.09.2020)
Koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil

BAKI, 22 sentyabr — Sputnik. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən sərt tədbirlər iqtisadiyyatın bir çox sahələri kimi, restoran və mehmanxana biznesinə də ciddi zərər vurub. Bildirilir ki, sərt karantin tədbirlərindən ən çox onlar əziyyət çəkib.

Ancaq  sentyabrdan karantin rejimi, xüsusilə bu sahə ilə bağlı xeyli yumşaldılıb. Eyni zamanda koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil. 

Otel və restoranların fəaliyyətlərinin hansı istiqamətdə dəyişdiyi, dövlətin onlara hansı dəstəyi göstərməsi, müştəri bazasının nə dərəcədə azalması və s. barədə suallara sentyabrın 24-ü saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi aydınlıq gətirəcək.

Spikerə suallarınızı əvvəlcədən ivelizade@gmail.com elektron poçtuna göndərərək ünvanlaya bilərsiniz.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq. 

Əlaqə:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

0