Edvgerial saytın istifadəçisi, arxiv şəkli

ƏDV-nin qaytarılması ilə bağlı müraciətlər araşdırılıb

19
Bir sıra vergi ödəyiciləri tərəfindən istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çeklərində malın adı qeyd olunmur və bu hal vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.

BAKI, 4 avqust — Sputnik. Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi davam edir. Bu sahədə tətbiq edilən mexanizmə əsasən alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır. Bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.

Vəsaitin qaytarılması ilə bağlı proseslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılmış www.edvgerial.az portalı üzərindən aparılır.

Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, istehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.

Bununla belə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apardığı araşdırmalar zamanı elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda bəzi vergi ödəyiciləri tərəfindən sui-istifadə faktlarının mövcud olması müəyyən edilib. Belə ki, iyun ayı ərzində ƏDV-nin geri qaytarılması üçün portala 4,9 milyon çek daxil edilib. Bu çeklərdən 3,3 mini üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, dəyəri 2 min manatdan aşağı olan 1.914 çek üzrə imtina hallarına səbəb satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 30 gün keçdikdən sonra sistemə daxil edilməsi olub. Həmçinin dəyəri 2 min manatdan yuxarı olan 1.382 çek üzrə müraciət təsdiqini tapmayıb. Buna səbəb isə 1.171 çek üzrə məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi müəyyən olunub. Belə malın adının "Sərbəst satış", "Satış", "Məhsulun adı" və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmaması halları qeydə alınıb. Bu səbəbdən onların da təsdiqindən imtina edilib.

Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığına görə 107 çek, mal qalığının silinməsi və topdan satış ehtimallarının olması səbəbindən isə müvafiq araşdırma aparılmış 105 çek üzrə müraciət sistem tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, edvgerial.az portalına müraciətlər üzrə bütün araşdırmalar qaydaların tələblərinə müvafiq olaraq 30 gün ərzində aparılır.

Məlumat üçün bildirilməlidir ki, "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması" ilə bağlı qaydalara əsasən, ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin tələblərinə cavab verməlidir. Bir sıra vergi ödəyiciləri tərəfindən istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çeklərində malın adı qeyd olunmur və bu hal vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.

Bu səbəbdən vergi ödəyicilərinə sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi təsərrüfat subyektlərində quraşdırılmış nəzarət-kassa aparatlarında müvafiq texniki sazlamaların aparılması və istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çekində qanunla nəzərdə tutulmuş məlumatların əks etdirilməsinin təmin olunması tövsiyə edilir. Eyni zamanda, istehlakçılar vergi ödəyicisi tərəfindən təqdim edilmiş çekdə malın adının əks olunmasına diqqət yetirməli və çekin düzgün verilməsini tələb etməlidirlər.

19
Müslüm İbrahimov

Professor: “İran Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxmaq istəyir”

19
(Yenilənib 01:22 23.09.2020)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir
Müslüm İbrahimov: “Azərbaycan-İran iqtisadi əlaqələri getdikcə güclənir”

Azərbaycan və İran arasında birgə sənaye parkının yaradılması bölgənin sənaye inkişafına səbəb olacaq. Bunu İranın Ərdəbil vilayətinin Sənaye Parkları Şirkətinin icraçı direktoru Məhəmməd Əhli jurnalistlərə açıqlamasında deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və İran arasında iqtisadi sahədə maraq nöqtələri çoxdur:

“İki ölkə arasında iqtisadi əlaqələr getdikcə güclənir. Xüsusən də nəqliyyat sahəsindəki münasibətlər maraq doğurur. İran Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinə böyük maraq göstərir. İranın ən böyük problemi öz məhsullarını inkişaf etmiş, böyük bazarlara çıxara bilməməsidir. Bunu da indiki şəraitdə Azərbaycan vasitəsilə etmək olar. Hər iki ölkə iqtisadi siyasət sahəsində təcrübə mübadiləsi apara bilər”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19
Teqlər:
sənaye parkları, Bakı-Tbilisi-Qars dəmir yolu, iqtisadi maraqlar, Azərbaycan, İran
Bakıda supermarketin fəaliyyəti, arxiv şəkli

Mağazalara yeni cərimə xəbərdarlığı

15
(Yenilənib 16:31 22.09.2020)
Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir

BAKI, 22 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Alınan mallar geri qaytarılmır" kimi lövhələr asan mağaza sahiblərinə müraciət edib.

Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, son zamanlar bir sıra ticarət obyektlərində "Alınan mallar geri qaytarılmır" kimi lövhələrin asılması halları müşahidə olunur. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, istehlakçı aldığı malda zəmanət müddəti ərzində qüsur, saxtalaşdırma aşkar edərsə, satıcıdan aşağıdakılardan birini tələb edə bilər:

- lazımi keyfiyyətli mala dəyişdirməyi;

- satış qiymətini uyğun məbləğdə azaltmağı;

- malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

- malın, həmin mala uyğun digər modelli (markalı, tipli və sair) mal ilə, dəyəri yenidən hesablanma şərtilə əvəz edilməsini;

- müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Satıcı istehlakçının sadalanan tələblərindən birini yerinə yetirməyə borcludur.

Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə, həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satılan mal barədə yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, bu zaman onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.

Lazımi keyfiyyətli qeyri-ərzaq malı (qanunvericiliklə qaytarılması və dəyişdirilməsi qadağan olunan mallar - qızıl və qızıl məmulatları, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağçayaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları və sair istisna olmaqla) öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçı həmin malı alınma günü sayılmamaq şərtilə 14 gün ərzində digər lazımi keyfiyyətli uyğun mala dəyişdirmək hüququna malikdir. Bu zaman mal əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı alındığı kimi saxlanılmaqla, həmçinin kassa çeki və ya mal alınan zaman verilən digər sənədlərlə birlikdə təqdim olunmalıdır.

Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mağaza sahiblərini qanunvericiliyin tələblərinə əməl etməyə, istehlakçıların qanunvericiliklə qorunan hüquqlarını pozmamağa çağırır, belə hallar müəyyən ediləcəyi təqdirdə onlara qarşı qanunvericiliyə uyğun olaraq ciddi məsuliyyət tədbirlərinin həyata keçiriləcəyini bildirir.

İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

15
Teqlər:
cərimə, müştəri, sahibkar, sahib, satıcı, istehlak malları, aksizli mallar, ərzaq malları, idman malları, mağaza
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb

Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"

0
(Yenilənib 17:47 23.09.2020)
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prossesinə kömək etmir.

BAKI, 23 sentyabr — Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb.

  • Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb
    © Photo : Milli Majlis
  • Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb
    © Photo : Milli Majlis
  • Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb
    © Photo : Milli Majlis
1 / 3
© Photo : Milli Majlis
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətini Rusiya Dövlət Dumasında görməkdən məmnunluğunu bildirən Vyaçeslav Volodin iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.

Bildirib ki, Rusiya və Azərbaycan strateji tərəfdaş olan ölkələrdir və hazırda iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında Saziş sənədi üzərində iş gedir. Rusiya təkcə parlamentlər səviyyəsində deyil, həyatın digər sahələrində də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, məlum pandemiya səbəbindən Rusiyaya nəzərdə tutulan bu səfər gec həyata keçirilib: "Ümidvaram ki, bizim qarşılıqlı səfərlərimiz bundan sonra da davam edəcək. Bizim birlikdə müzakirə etməli olduğumuz çox məsələlər var".

Qeyd olunub ki, qarşılıqlı münasibətlərin inkişafında dövlət başçıları İlham Əiyevin və Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri və mütəmadi görüşləri böyük rol oynayıb.

Spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Rusiya parlamentlərinin rolunu qeyd edərək bu sahədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkələrimiz beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir: "Bildiyiniz kimi, Rusiyanın bu quruma qayıtması məsələsinin müzakirə olunduğu Avropa Şurası Parlament Assambleyasının ötənilki iyun sessiyasında Azərbaycan nümayəndə heyəti bütövlükdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasına səs verib.

Milli Məclis və Federal Məclis arasında daimi ikitərəfli parlamentlərarası komissiyanın mövcudluğu təqdirəlayiqdir".

Sahibə Qafarova bildirib ki, bizim ölkəmiz çoxmillətli və çox konfessiyalı olmaqla, zəngin mədəni və mənəvi irsə və multikulturalizm sahəsində böyük təcrübəyə sahibdir: "Buna görə də ölkəmiz hər zaman digər xalqlara və dinlərə, dünya mədəniyyətlərinin müxtəlifliyinə qarşı tolerantlıq nümayiş etdirib. Bu baxımdan Cənubi Qafqazda ən çox etnik rusun Azərbaycanda yaşaması tamamilə təbiidir".

Qeyd olunub ki, ölkələrimiz arasında 200-dən çox ikitərəfli hökumətlərarası, dövlətlərarası və idarələrarası sənədləri özündə birləşdirən güclü bir hüquqi baza yaradılıb. Bu da iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlığını şərtləndirir.

Sonra görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Qərb bölgəsində - Tovuz rayonu ilə sərhəddə baş vermis silahlı toqquşmalar barədə danışıldı. Vyaçeslav Volodin bildirdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prossesinə kömək etmir.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.

0
Teqlər:
Ermənistanın baş naziri Nikol Paşinyan, Sahibə Qafarova, Rusiya Federasiyası Dövlət Duması, Rusiya Dövlət Duması, Vyaçeslav Volodin
Əlaqədar
Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"
Spiker: "Kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür" ifadəsi çox təhlükəlidir"