Neft buruğu, arxiv şəkli

Dünya nəfəsini dərib gözləyir! Çoxumuzun necə yaşayacağı gələn aydan asılıdır

475
(Yenilənib 14:08 29.07.2020)
Ekspert: "Bir neçə həftədir neft qiymətlərinin 40-45 dollar ətrafında dinamika nümayiş etdirməsi bazarda sabitləşməni göstərən amillərdən biridir".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 iyul — Sputnik. Avqust ayından "OPEC+" üzrə hasilat məhdudiyyətləri gündəlik 2 milyon barrel azaldılacaq. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Energetika naziri Əbdül Əziz bin Salman deyib.

Nazir "OPEC+" ölkələrinin hasilat məhdudiyyətinin avqustun 1-dən başlayaraq sutkada 7,7 milyon barrel olacağını deyib: "Lakin bəzi "OPEC+" ölkələri may və iyun aylarında öz kvotalarından çox neft istehsal etdiyi üçün avqust və sentyabr aylarında əlavə məhdudiyyətlər tətbiq etməklə vəziyyəti kompensasiya edəcək. Nəticədə "OPEC+" üzrə ümumi hasilat həcmi avqust ayında gündəlik 8,1 milyon barrel olacaq. "OPEC+" ölkələri mayın 1-dən bu vaxtadək xam neft hasilatını təxminən 23 faiz azaldıb".

Maraqlıdır "OPEC+"un təklifin tənzimlənməsi siyasəti qiymətlərə öz təsirini göstərirmi? Bu ilin ikinci yarısında neft bazarında qiymətlər necə olacaq?

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, dünya neft bazarında qiymətlər hər zaman dalğalanır: "Tələb, təklifin dəyişməsi, siyasi və iqtisadi faktorlar qiymətlərə birbaşa təsir göstərir. Neft bazarı, digər əmtəə məhsulları ilə müqayisədə daha çox siyasiləşmiş bazardır. Siyasi qərarlar bu bazara ciddi təsir göstərir. Bir neçə həftədir neft qiymətlərinin 40-45 dollar ətrafında dinamika nümayiş etdirməsi bazarda sabitləşməni göstərən amillərdən biridir. Çünki neft bazarında volatilik çox yüksəkdir. İndi müəyyən sabitləşmə var və indiyədək OPEC+ formatında tətbiq edilən hasilatın tənzimlənməsi mexanizmi öz müsbət təsirlərini göstərdi".

Ekspert bildirib ki, eyni zamanda hasilatın tənzimlənməsi nəticəsində neft sənayesinə investisiya qoyuluşunun azalacağı proqnozlaşdırılırdı: "Hazırda bu, müşahidə edilir. Artıq ABŞ-da 16-cı həftədir ki, aktiv quyuların həcmində davamlı azalma müşahidə olunur. Eyni zamanda, son bir neçə həftədə neft ehtiyatları azalmağa başlayıb. Son 3 ayda neft hasilatı gündəlik 18,7 milyon barrel azalıb. Bunun da 5 milyon barreldən çox hissəsi məhz Səudiyyə Ərəbistanın üzərinə düşür. Növbəti aylarda təbii olaraq hasilatın azalması prosesi başlayacaq. Çünki neft şirkətləri kifayət qədər investisiya edə bilmir, artıq yeni mənbələrin istismarı imkanları məhdudlaşıb".

"Bu ilin ikinci yarısında dünyada məhdudiyyətlərin aradan qaldırılması gözlənilir. Hava nəqliyyatı aktivləşəcək və dünyada neftə olan tələbin 12-13 faizindən çoxu bu sahənin payına düşür. Cari ilin ikinci yarısında tələb artmaqla bu proseslər neft qiymətlərinin 50 dollar istiqamətinə doğru dəyişməsini dəstəkləyə bilər", – deyə ekspert diqqətə çatdırıb.

Onu da qeyd edək ki, bu yaxınlarda Energetika naziri Pərviz Şahbazov bildirib ki, "OPEC+" razılaşması imkan verir ki, gündəlik neft istehsalı 2 il ərzində bazardakı vəziyyətə görə tənzimlənsin: "Proqnozlara görə, artıq 3-cü rübdən neftə tələbin təklifi üstələyəcəyi və gündəlik 3,9 milyon barrel defisitin yaranacağı gözlənilir. İlin ikinci yarısından neftə tələbatda gözlənilən artımla əlaqədar bazarın balanslaşdırılması məqsədilə avqustun 1-dən ixtisarların 7,7 milyon barrelədək yumşaldılması fazasına daxil oluruq. Təklifin birinci rübdəki 100 milyon barreldən üçüncü rübdə 88,3 mln barrelədək azalması ilə bağlı nikbin proqnozlar belə deməyə əsas verir ki, "OPEC+"un təklifin tənzimlənməsi siyasəti özünü doğruldur. Bununla belə pandemiya davam edir və dünya iqtisadiyyatı bərpa olunanadək neft bazarını əsasən format çərçivəsindəki fəaliyyətimiz balanslaşdıracaq".

475
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (47)
iPhone

Gömrük Komitəsi vətəndaşlara güzəştə getdi: Məcburi bəyanetmə dayandırıldı

59
(Yenilənib 16:26 30.09.2020)
"Smart Customs" tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq.

BAKI, 30 sentyabr — Sputnik. Xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı "Smart Customs" mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, mövcud vəziyyətlə əlaqədar internetdə yaranan məhdudiyyətlər beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart customs" mobil tətbiqi ilə məcburi bəyan olunmasında müvəqqəti çətinliklər yaradıb.

Yaranmış vəziyyət nəzərə alınaraq, vətəndaşların bağlamalarını əldə etməsində problemlərin yaranmaması üçün xaricdən sifariş edilən məhsulların ölkəyə gətirilməsi zamanı "Smart Customs" mobil tətbiqi vasitəsilə məcburi bəyanetmə müvəqqəti olaraq dayandırılıb. "Smart Customs" tətbiqi ilə bəyan edilməyən mallar gömrük qanunvericiliyinin pozulmadığı təqdirdə daşıyıcı şirkətlər və poçt şöbələri vasitəsilə sahiblərinə çatdırılacaq.

59
Şimal axını-2 layihəsinin tikintisi

Amerika qazı Rusiya qazını əvəz edə biləcəkmi

63
(Yenilənib 20:53 29.09.2020)
ABŞ Avropaya öz maye qazını sataraq ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir

BAKI, 29 sentyabr — Sputnik, Aleksandr Sobko. Son zamanlar "Şimal Axını 2" layihəsinin tikintisinin tamamlanması ilə bağlı problemlərin fonunda kütləvi informasiya vasitələrində tez-tez belə bir fikir səslənir: "Rusiyadan tədarük olmasa, Avropa Amerikanın bahalı maye qazı üçün həddindən çox pul ödəyəcək". Bu tezisin tənqidçiləri gülərək iddia edirlər: “Baxın, Amerikanın həmin maye qazı Avropanın qaz birjasında digər ölkələrin qazı ilə eyni qiymətdə (indi isə, ümumiyyətlə, çox aşağı qiymətlərlə) satılır”.

Kim haqlıdır? Həyat, həmişə olduğu kimi sadə sxemlərdən ibarət deyil. Gəlin hər şeyi aydınlaşdıraq.

Əvvəla xatırladaq ki, "Şimal Axını 2" ümumiyyətlə Ukrayna tranzitinin çox hissəsini əvəz etmək üçün tikilir və gələcəkdə Rusiya qazının ixracında əhəmiyyətli artım gözləmək lazım deyil. Ukraynadan tranzit üçün dörd il müddətinə (ildə 40 milyard kubmetr) ödəniş edilib. "Şimal Axını 2" isə 55 milyard kubmetr gücə malik olacaq. Yəni, bu mərhələdə "Şimal Axını 2"nin tikintisinin həmişəlik və ya qeyri-müəyyən müddətə dayandırılması yalnız "Qazprom"un maliyyə itkilərinə gətirib çıxaracaq.

ABŞ tərəfinin "Şimal Axını 2" üçün çətinliklər yaradaraq öz maye qazına yeni bazar əldə etməyi planlaşdırdığına dair tezis o deməkdir ki, bloklanmış "Şimal Axını 2"nin ardınca Ukrayna tranzitinin özü də dayanmalıdır.

Mülahizə aparmağa davam edək. Bu, Amerikanın maye qazına kömək edəcəkmi?

Birincisi, istənilən halda qaz (və maye qaz) bahalaşacaq – bazardan çıxarılacaq 50 milyard kubmetr qaz dünya ticarəti üçün kifayət qədər əhəmiyyətli həcmdir. Daha yüksək birja qiymətləri isə qaçılmaz olaraq Amerika maye qazının satışında rentabelliyin artmasına gətirib çıxaracaq.

İkincisi və ən əsası. Burada xatırlatmaq lazımdır ki, ABŞ cari maye qaz ixracı çərçivəsində istənilən halda mayeləşdirmə üçün zəmanət haqqını alır. Treyderlər aşağı qlobal kotirovkalardan əziyyət çəkir. Yəni, Birləşmiş Ştatların artıq tikilmiş zavodlardan maye qazın satışını hansısa şəkildə stimullaşdırmağa ehtiyacı yoxdur.

Daha vacibi isə yeni layihələrdən gələn maye qaz üzrə müqavilə bağlamaqdır. İdxalçıların Amerikadan maye qazı almadıqları, lakin mayeləşdirmə üçün məcburi rüsum ödədikləri bir vəziyyətdə kimisə müqavilə bağlamağa razı salmaq çətin olacaq. Reallaşmayan layihələr isə hələ çoxdur. Avropa bazarı burada faydalı olardı.

Əslində haqqında danışdığımız ziddiyyət elə bundan yaranır. Bəli, hazırda Amerika maye qazı istənilən digər ölkələrdən göndərilən qaz həcmləri kimi Avropada həqiqətən də aşağı qiymətlərlə satılır. Bazarda böhran var, məhsulları isə haradasa satmaq lazımdır, zavodlar artıq tikilib və treyderlər "mayeləşdir, ya da ödə" şərti ilə satınalma müqavilələri bağlayıblar.

Digər tərəfdən də Avropa başa düşməlidir ki, ucuz Amerika qazı artıqdır və başqa bir şəraitdə bu qaz adətən daha gəlirli olan Asiya bazarlarına gedəcək. Zəmanətli qaz tədarükü istəyirsiniz? Onda uzunmüddətli müqavilə bağlayın və daha çox ödəyin.

Digər tədarüklə müqayisədə Amerika maye qazı nə qədər baha olacaq?

Burada qeyd etmək lazımdır ki, hazırda qaz qiymətinin üç əsas formalaşma variantı mövcuddur: (1) spot qiyməti, (2) neftə bağlı qiymət və (3) Amerika maye qazı üçün ABŞ daxilində qazın qiymətinə əsaslanan və mayeləşmə haqqı əlavə olunmaqla təyin olunan qiymət.

Hesab edilir ki, bazar normaya qayıtsa, qazın birja qiyməti min kubmetrə təxminən 200 dollar təşkil edəcək. Neftin bir barelinin 50 dollar olacağı halda neftə bağlı qaz qiyməti də təxminən belə olacaq.

Bəs Amerika maye qazı hansı qiymətə göndəriləcək?

Onun qiyməti ABŞ daxilində qazın (dəyişkən) qiymətindən, mayeləşmə xərclərindən və Avropaya çatdırılma qiymətindən asılıdır.

Əgər 2013-cü ilin əvvəlində Amerika maye qazı digər ölkələrin qaz tədarükdən daha ucuz görünürdüsə, indiki şəraitdə indi o baha başa gəlir (o vaxt neft və spot bazarında maye qaz daha bahalı idi).

Daha bir sual. Avropa niyə məhz Amerikanın maye qazını almalıdır? Niyə Qətərdən və ya Rusiyadan yox? Üstəlik yaxın zamanlarda Qətər qazının bir hissəsi birja qiymətləri ilə satıla bilər. Ümumiyyətlə, Avropa mümkün defisiti istənilən qazla əvəz edə bilər.

Yekunlaşdıraq.

Birincisi. Rusiya qazının Amerika maye qazı ilə əvəzlənməsi yalnız iki şərtin eyni vaxtda yerinə yetirilməsi halında mümkündür: "Şimal Axını 2" layihəsinin bağlanması və Ukrayna tranzitinin dayandırılması. Bu halda Rusiya ixracının məhdudlaşdırılması bütün qaz bazarında qiymətləri artıracaq.

İkincisi. İstənilən halda, Amerika maye qazı bazarda digər qazlardan 10-30 faiz baha və hətta bəlkə də eyni qiymətə olacaq — hər şey Amerikanın daxili qaz qiymətlərindən asılıdır. Lakin ABŞ-dan maye qaz tədarükü üzrə uzunmüddətli müqavilələr bağlamaqla Avropa ABŞ-ın daxili qaz qiymətləri ilə bağlı bütün riskləri öz üzərinə götürür.

Öz növbəsində indi Avropada gördüyümüz ucuz Amerika (və digər ölkələrin) maye qazı bazarda qazın artıqlığının nəticəsidir: treyderlər onu sataraq Amerikadan maye qaz satınalmaları üzrə müqavilələrdən dəyən zərəri ən azı qismən kompensasiya etməyə çalışırlar.

Və sonuncusu. Avropaya öz maye qazını sataraq, ABŞ ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir. Zavodların tikintisi təxminən dörd il çəkir və Ukrayna ilə qüvvədə olan tranzit müqaviləsi məhz bu vaxt bitəcək.

63
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

0
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

0
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron