Azərbaycan manatı, arxiv şəkli

Mərkəzi Bank bilirdi ki, heç kim əməl etməyəcək: indi sahibkar borcludur, bank isə yox

750
(Yenilənib 12:20 27.07.2020)
"Belə çıxır ki, Mərkəzi Bank bu tövsiyəni verməklə pandemiyadan zərər çəkən sahədə çalışan, kredit borcları olanları başından elədi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Koronavirus pandemiyası dövründə bir sıra sahələrdə fəaliyyət tamamilə dayandırıldığından həmin sektorlarda çalışanların çoxu banklar qarşısında kredit öhdəliklərini yerinə yetirə bilmir. Mərkəzi Bank kommersiya banklarına pandemiyadan əziyyət çəkən sahələrdə çalışanların kredit ödənişlərinə güzəştlər tətbiq etməyi tövsiyə etsə də, baş bankirin bu tövsiyəsinə, demək olar ki, əməl edən yoxdur. Hətta birbaşa pandemiyanın təsirinə məruz qalaraq yarım ildir ki, fəaliyyəti tamamilə dayandırılan sahələrdə çalışanlar da kredit borclarını ödəməyə məcbur edilirlər. Kommersiya bankları bu sahələrə çalışanlara nəinki güzəşt edir, kreditin faizinə, dəbbə puluna qədər müştərilərdən tələb edir.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında turizm və qonaqpərvərlik sahəsində çalışanların banklar qarşısında çox aciz durumda qaldıqlarını söyləyib. Həmsöhbətimiz deyir ki, turizm sahəsində fəaliyyət tamamilə sıfırlansa da, banklar kreditlərə heç bir güzəşt tətbiq etmir:

"Dövlət kommersiya banklarına tövsiyə edib ki, pandemiyadan zərər çəkən sahələrdə kreditlərə güzəşt olmalı, güzəştli kreditlərə çıxış asanlaşdırılmalıdır. Amma kommersiya bankları kreditlərin faizini əvvəlki kimi tələb edir. Hətta cərimə, dəbbə pulunu da hesablayır. Baxmayaraq ki, hazırda turizmdə gəlir yoxdur. İndi bu sahədə çalışanlar məcburdurlar ki, obyektlərini satıb götürdükləri kreditləri bağlasınlar. Çünki krediti götürüb öz fəaliyyətlərini genişləndiriblər. İndi isə açdıqları otelləri, istirahət mərkəzlərini dəyər-dəyməzə satmalıdırlar ki, kredit borclarından canlarını qurtarsınlar".

Sputnik Azərbaycan pandemiya dövründə kredit öhdəliklərinin yerinə yetirilməsinə tətbiq ediləcək mümkün güzəştləri araşdırıb.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, bu tövsiyə veriləndə bankların buna əməl etməyəcəyi məlum idi: "Mərkəzi Bank kommersiya banklarına pandemiyadan zərər çəkmiş sahələrdə çalışanlara kredit borclarına güzəşt tövsiyəsini verəndə mən bu tövsiyəyə əməl edilməyəcəyini söyləmişdim. Bunun qeyri-real olduğu, bankların buna əməl etməyəcəyi az keçməmiş sübut olundu. Bu məsələnin kökü ondadır ki, banklar kommersiya qurumudur, onlar Mərkəzi Bankın bu tövsiyəsinə əməl etməyə borclu deyil.

Xatırladım ki, ötən il fevral ayının 28-də prezident problemli kreditlərlə bağlı fərman vermişdi. Bu fərman iki hissədən ibarət idi. Birinci hissəsi xarici valyutada olan kreditlərin məzənnə fərqinin dövlət tərəfindən ödənilməsi, ikinci hissəsi isə 17 manatadək kredit borclarının rekultivasiyası ilə bağlı tövsiyəsi idi. Banklar prezidentin bu tövsiyəsinə əməl etmədi. Bu halda bankların Mərkəzi Bankın tövsiyəsinə əməl ediləcəyini gözləmək sadəlövlük olardı. Gəlin bir ona da nəzər yetirək ki, Mərkəzi Bank banklara bu tövsiyəni nə vaxt verdi? Aprel ayında bu tövsiyəni verib, elə həmin ayda dörd bankı bağladı. Bu bankları ona görə bağladı ki, onların xeyli problemli kreditləri vardı. Onlar kifayət qədər ehtiyat yaratmırdılar.

Ehtiyat yaratsaydılar, kapitalları azalacaqdı, az kapitalları olduğu üçün də Mərkəzi Bank həmin bankları bağladı. Bunu görən digər banklar fikirləşdi ki, insanlara və sahibkarlara güzəşt etsə, onun da problemli kreditləri yaranacaq və Mərkəzi Bank gəlib onları da bağlayacaq. Buna görə də heç bir kommersiya bankı bunu etmədi. Bu zaman sual yaranır ki, Mərkəzi Bank niyə bu tövsiyəni verdi? Bilə-bilə ki, bu tövsiyəyə heç bir bank əməl etməyəcək. Belə çıxır ki, Mərkəzi Bank bu tövsiyəni verməklə pandemiyadan zərər çəkən sahədə çalışan, kredit borcları olanları başından elədi".

Ə.Həsənov bildirir ki, xarici ölkələrdə pandemiyadan zərər çəkən sahələrdə çalışanlara bankların güzəşti onlara dövlət dəstəyindən qaynaqlanıb: "Avropada, Amerikada, Asiyada pandemiyaya görə bank kreditləri üzrə dövlət banklara yardım etdi. Banklar da borclulara güzəşt etdilər. Bu gün Azərbaycanda bankların vəziyyəti yaxşı deyil. Müştərilər əmanətlərini  banklardan çıxarırlar. Əksər banklar borclulara güzəşt etməyə, doğrudan da qadir deyillər. Ona görə də Mərkəzi Bank tövsiyə yox, banklara yardım etməli idi ki, onlar da pandemiyadan zərər çəkmiş sahələrdə çalışanların kredit borclarına güzəşt etsinlər".

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kreditlərə güzəştlərlə bağlı məsələ Mərkəzi Bankın tövsiyəsi ilə bankların ixtiyarına buraxılıb: "Bank o tövsiyəyə əsasən öz müştərisinə, istəsə, güzəşt edər, istəməsə, yox! Əlbəttə ki, bütün banklar bu tövsiyəyə əməl etmir. Digər məsələ də ondan ibarətdir ki, bu, adından göründüyü kimi, tövsiyədir. Mərkəzi Bank heç bir halda banklara müdaxilə edə bilməz. Bizim əsas gözləntimiz kredit tətili idi. Amma Mərkəzi Bankın qərarında belə bir tətil yox idi. Qərara əsasən, kredit ödənişi davam etməli idi, banklar, hər hansı gecikmə olarsa, o gecikməni gecikmə kimi qeydə almamalı idilər. Beləcə sahibkarın kredit tarixçəsi pisləşməməli idi. Burada sahibkar üçün elə bir güzəşt yox idi.

Əsas güzəşt o ola bilərdi ki, sahibkarlara kredit tətili verilərdi. Bunun çıxış yolu banklara aşağı faizli kreditlərin yerləşdirilməsi ola bilərdi. Banklara manatla sıfır faizlə kredit verməli idi. Çünki banklar krediti almasalar, onlar depoziti geri ödəməyə çətinlik  çəkə bilərlər. Banklar pulla təmin edilməlidir ki, əmanət, depozit öhdəliklərini yerinə yetirsinlər. Eyni zamanda o krediti iqtisadiyyata yönəltməklə qazansınlar. Bizdə isə 50 faiz subsidiyalaşmaya gedildi. Bu şərt yaxşı şərt olsa da çıxış yolu deyil. Subsiyadalaşma heç nəyi dəyişməyəcək.

Çünki pandemiyadan zərər çəkən sahələrdə faktiki fəaliyyət mümkün olmadığından, orada subsidiyalaşmaya ehtiyac yoxdur. Pandemiyadan tam zərərçəkənlərə kredit tətili verilməli idi. Bank sektorunu pulla təmin etmək lazımdır ki, onlar da müştırilərinə güzəşt edə bilsinlər".

750
Əlaqədar
Turizm şirkətlərinə əlavə səlahiyyət: Aviabilet satmaq imkanı qazandılar
Heç hara işləmir - Azərbaycanda ictimai iaşə xidmətlərinin həcmi kəskin azalıb
İstirahət yoxdur, olmayacaq! Bu il kurortlardan çəkinmək məsləhət görülür
Küçədə restoran fəaliyyətinin bərpa olunması tələb olunur – Təhlükə daha da artacaq?
Ekspert: "Ölkəmizin turizm sektorunda tənəzzülün yaşandığı görünür"
Valyutadəyişmə məntəqəsində dollarlar sayılır, arxiv şəkli

Azərbaycan xalqının dollara tələbi azalıb

19
(Yenilənib 22:47 29.10.2020)
Azərbaycanda keçirilən bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

BAKI, 29 oktyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, hərracda tələb 62,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

Qeyd edək ki, oktyabrın 27-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib. Hərracda tələb 64,1 mln. ABŞ dolları təşkil edib.

19
Neft buruğu, arxiv şəkli

"Brent" nefti kədərli vəziyyətə düşdü

28
Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir. "Brent" markalı neftin bir barelinin qiyməti 38 dollardan da aşağı düşüb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün "Brent" markalı neftin bir barelinin qiyməti 38 dollardan da aşağı düşüb.

Bakı vaxtı ilə saat 15:40-da "Brent" markalı neft 3,7 faiz ucuzlaşma ilə 37,65 dollardan alıcı tapıb. ABŞ xam neftinin qiyməti isə 3,8 faiz ucuzlaşma ilə 35,95 dollara düşüb.

Qeyd edək ki, neftin qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarında artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

28
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0