Beynəlxalq Bankın Mətbuat filialı qarşısında növbə, arxiv şəkli

Kreditlərlə bağlı təklif hələ aktualdır - bank zərər görəcək, müştəri

997
(Yenilənib 20:23 11.07.2020)
Bəzi ölkələr özəl sektorun kredit faizlərinin dondurulması ilə bağlı qərar verib. Azərbaycanda da buna bənzər qərarın verilməsi mümkündür

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. Bir neçə ay öncə Mərkəzi Bank koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib. Bu qərara görə, fiziki şəxslərin (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) dəstəklənməsi istiqamətində İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq.

Bu tədbir nəticəsində 1.1 milyard manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın borcalanın faydalanması imkanı yaranacaq. Kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. 01 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.

Lakin kreditlərin üst-üstə daha da yığılması növbəti, payız aylarında onun ödənilməsini daha da çətinləşdirəcək. Bəs vəziyyətdən çıxış yolu olaraq nə etmək olar?

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a hazırkı vəziyyəti şərh edərək atılması vacib addımlardan söz açıb: "Azərbaycanda pandemiyanın ən çox vurduğu ziyanlardan biri kreditlərlə bağlıdır. Lakin bununla bağlı biz çox dərindən düşünülmüş, problemi dərindən önləyə biləcək addımları görə bilmədik. Bildiyiniz kimi, ipoteka kreditləri ilə bağlı o qədər də nəzərə çarpmayan güzəştlər var. Çünki bu aylarda yığılan vəsaitlərin bir hissəsini sonradan artıqlaması ilə qaytarmalı olacaqlar".

“Bundan başqa fəaliyyətinə qadağa qoyulan özəl sektorlarda çalışan iş adamlarının götürdükləri kreditlərin faiz dərəcələrinin yarısını ödəməyi hökumət üzərinə götürüb. Onların gəlirləri yoxdursa, kreditlərinin yerdə qalan faizini belə ödəyə bilməyəcək. Problem dərinliyinədək ölçülmədi, adekvat addımlar atılmadı və bunun nəticəsi olaraq da payız aylarında problemli kreditlərin həcmində ciddi artımların olma ehtimalı var. Bu zaman da bank sektorunda müəyyən dalğaların, problemlərin yaşanması ehtimalı yarana bilər", - deyə N.Cəfərli əlavə edib.

Ekspert bildirib ki, indiki vəziyyətdə müəyyən qabaqlayıcı tədbirlə görülsə, payız aylarında vəziyyət dəyişə bilər. Onun sözlərinə görə, başqa ölkələrdə faiz dərəcələrinin dondurulması üçün müxtəlif təcrübələr olub: "Bəzi ölkələr özəl sektorun kredit faizlərinin dondurulması ilə bağlı qərar verib. Azərbaycanda da buna bənzər qərarın verilməsi mümkündür. 

Biz bununla bağlı təklif də irəli sürmüşük. Yəni, bu ilin sonunadək özəl sektora faizlərin hesablanması dondurula bilərdi. Əslində belə bir qərarın verilməsi hələ də gec deyil".

"Banklarla dəymiş ziyanın qarşısını almaq üçün xüsusi bir proqram hazırlana bilərdi. Təbii ki, banklar belə olan halda ciddi ziyan görəcəklər. Bu ziyanı qarşılamaq üçün dövlət bütün banklardan vergi ödənişlərini dondura bilər. Yəni bütün vergilərin bağışlanmasına gedilər. Bununla yanaşı, bank sektoruna  Mərkəzi Bank tərəfindən 0 faizlə 1 illik kredit xətti açıla bilərdi. 1  illik kredit xətti 0 faiz olduğundan, gələn ilin əvvəlindən 0 faizlə olan kreditləri istehlakçılara və biznesə daha yüksək - 14, 15, 16% ilə verməklə banklar itkilərini artıqlaması ilə geri ala bilərdilər. Lakin təəssüflər olsun ki, təklifimiz hələ dəyərləndirilməyib Amma hələ də gec deyil", - deyə ekspert əlavə edib.

997
Yaşlı insanlar, arxiv şəkli

Pensiya yaşı artırılacaq? Rəsmi açıqlama

27
(Yenilənib 19:22 21.09.2020)
"Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq".

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

A.Məcidov qeyd edib ki, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır: "Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq pensiyaya çıxma imkanı əldə edə biləcəklər. Qadınlar üçün isə 62 yaş 30 iyun 2021-ci il tarixinə kimi qüvvədə qalacaq. Ondan sonra isə pensiya üçün yaş həddi 6 ay artırılacaq".

O deyib ki, son 2 ildə pensiya sahəsində ciddi islahatlar aparılıb, pensiyaçıların pensiyaya çıxma imkanlarının mülayimləşdirilməsi prosesi baş verib.

Fond rəsmisi deyib ki, 2019-cu il 1 yanvar tarixindən pensiya yaşına çatan şəxslərin 25 illik stajının tanınması əksər insanların pensiyaya çıxma imkanlarını artırdı:

"1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək şəxsin minimum staja malik olması əsas şərtlərdən idi. Şəxsin 1 ay belə stajı var idisə, onun 2006-cı il tarixədək stajı tanındı. 25 il də pensiyaya çıxmaq üçün tələb olunan norma olduğu üçün minlərlə vətəndaş pensiyaya çıxmaq imkanı əldə etdi".

27
Teqlər:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Əmək pensiyaları haqqında" qanun, pensiya təminatı, əmək pensiyaları, əmək pensiyası, pensiya yaşı, pensiya
Əlaqədar
Pensiya almaq istəyənlərə şad xəbər - stajları bir neçə il artacaq
Yaşa görə orta aylıq pensiya artıb
Pensiya və yardım kartı itənlərə xəbərdarlıq
Kişilər və qadınlar üçün yeni pensiya yaşı müəyyənləşdi
Təbii qaz

2020-ci il olduğu kimi: qaz qiymətlərini qasırğalar ekstremist qruplar təyin edir

13
(Yenilənib 19:07 21.09.2020)
Təbii qaz və xüsusilə də MTQ çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda tələbat yalnız kifayət qədər aşağı qiymətlər sayəsində artacaq.

BAKI, 21 sentyabr — Sputnik, Aleksandr Sobko. Qaz bazarı tədricən bərpa olunur: Avropada və Asiya-Sakit Okean Regionunda qazın birja qiymətləri min kubmetrə görə müvafiq olaraq 130 və 150 dollar təşkil edir.

Qiymət artımının səbəbləri həm tələb, həm də təkliflə bağlıdır. Cari ilin səkkiz ayı ərzində maye təbii qazın (MTQ) ümumi idxalı cəmi 1,3 faiz olsa da, bir il əvvəlki dövrlə müqayisədə daha yüksək olub. Hindistan və Çin iyulda və avqustda MTQ idxalının kəskin artırıb.

Sadə hesablama etsək, hazırda maye təbii qaza olan qlobal tələbat ötən ilin səviyyəsindədir, boru kəməri qazına olan tələbat isə aşağıdır. Bu, Rusiyanın Avropaya ixracından da görünür. Çin də Orta Asiyadan qaz idxalını aşağı salıb. Bu arada MTQ bazarında istehsal artıb, çünki, tikilməkdə olan zavodlar artıq işə salınıb (əsasən, ABŞ-da).

Əsasən təkliflə bağlı problemlər qiymətləri sabitləşdirməyə kömək edir: Avstraliyadakı "Prelude" üzən maye təbii qaz platforması hələ də işləmir (texniki problemlərə görə). Elə Avstraliyanın özündə "Gorgon LNG" layihəsinin xətlərindən biri dayandırılıb.

Kotirovkaların bərpası hələ ki sabit görünmür, amma bəzi proqnozlara görə, istilik mövsümündə Asiyada spot qiymətləri min kubmetrə görə hətta 200 dollardan artıq ola bilər. Bu rəqəmlər bütün istehsalçılar üçün uzunmüddətli münasib qiymətlərə uyğundur. Doğrudur, bir əmma var: belə bir qiymət səviyyəsi yalnız qış üçün deyil, orta illik olmalıdır.

Amma il mürəkkəbdir, atipikdir, ona görə də uzunmüddətli perspektivlər çıxarmaq olmaz. Hamını perspektivlər maraqlandırır. Ən maraqlısı isə bundan ibarətdir ki, iyirmi il ərzində ilk dəfə olaraq yeni MTQ zavodlarının tikintisi ilə bağlı heç bir yeni sərmayə qoyuluşu qərarı qəbul edilməyib. Bu ilin yekununa dair proqnozlara görə, maksimum iki sərmayə qərarı qəbul ediləcək. Xatırladaq ki, ötən il rekord sayda sərmayə qərarı qəbul edilib – bu isə öz növbəsində üçillik sakitlikdən sonra baş verib.

Bu, niyə belə olur? Cavab sadə və aydındır: bütün neft-qaz şirkətlərinin gəlirlərində çox itkilər olub, ona görə də öz sərmayə proqramlarını ixtisar edirlər. Cavabın bir hissəsi də MTQ bazarının son illərdə paradoksal şəkildə inkişaf etməsindədir. Bir tərəfdən biz qazın cari dövrdə həddən artıq çox olduğunu, eləcə də gələcəkdə kəskin rəqabəti (Qətər, ABŞ, Rusiya, Şərqi Afrika arasında) görürük. Bunların heç biri qiymətləri artırmır və yeni layihələrə sərmayə qoymaq üçün bazara kifayət qədər siqnal göndərmir. Eyni zamanda, bazar perspektivli hesab olunur (qaza tələbat həmişə, hətta "yaşıl senarilərdə" belə artacaq).

Bazarın inkişaf lokomotivlərindən biri də neftdən uzaqlaşıb perspektivli maye təbii qaza keçməyə başlamış transmilli neft-qaz şirkətlərinin iştirakı olub. Neftin bahalı olduğu vaxtlarda neft-qaz şirkətləri ümumi gəlir zənbilindən perspektivli maye qaza yatırımlar edə bilirdilər. Neft kotirovkalarının düşməsindən sonra isə bu, transmilli neft-qaz şirkətlərini maraqlandırmır. Üstəlik, onlardan bəziləri əsəbiləşir və investisiya planlarının kəskin "yaşıllaşmasını" elan edirlər. Öz növbəsində, neftə sadiq qalmaq istəyən neft nəhənglərinin də vəziyyəti ağırdır. Bu, çətin maddi vəziyyətdə olan "ExxonMobil" şirkətinin timsalında da görünür.

Bu şirkətin planlarında iki əsas MTQ layihəsi – ABŞ-da "Golden Pass LNG" ("Qatar Petroleum" ilə birlikdə) və Mozambikdə "Rovuma LNG" var idi. Hər ikisi indi təxirə salınıb – Amerikadakı zavod ən azı bir il, Mozambikdəki zavod isə 2023-cü ilə qədər. Papua-Yeni Qvineyada fəaliyyət göstərən MTQ zavodunu genişləndirmək planlarını da ən yaxşı vaxtlara saxlayıblar.

Amerikanın digər zavodları da, təbii ki, yeni qərarlar qəbul etməyə tələsmir. Şərqi Afrikada isə bütövlükdə durğunluq əmələ gəlib. Xatırladaq ki, bu bölgənin (Mozambik, Tanzaniya) şelfi yeni perspektivli mədən mərkəzlərindən biri kimi qəbul edilir. "ExxonMobil" layihəsinin təxirə salındığı haqqında artıq məlumat verilib. "Mozambique LNG" ("Total" şirkətinin nəzarəti altında) zavoduna isə regionda fəaliyyət göstərən ekstremist qruplar mütəmadi olaraq maneə yaradır ki, bu da onun vaxtında tikintisi məsələsini sual altına qoyur. Tanzaniyada zavod planları haqqında isə son zamanlar ümumiyyətlə xatırlamırlar.

Bütün bunlardan belə bir nəticə çıxarmaq olar: ortamüddətli perspektivdə təklifin azalmasını görəcəyik. Belə olardı – Qətərin bir neçə yeni zavod üzrə planları olmasaydı. Sərmayə qoyuluşu barədə hələ ki rəsmi qərar yoxdur, lakin ilkin işlər fəal şəkildə aparılır.

Nəhayət, qeyri-müəyyənliklər yaradan daha bir amil: qiymətləndirmə mexanizmləri. Spot bazarının inkişafına baxmayaraq, son vaxtlara qədər MTQ qiymətinin neftin qiymətinə bağlılığı MTQ istehsalçılarına xərcləri qarşılamaq imkanını verirdi. Bununla yanaşı, neftin bahalığı və MTQ bazarında artan rəqabət fonunda son illər yeni müqavilələrdə bu bağlılıq əmsalı tədricən aşağı düşüb. İndi neft ucuzlaşıb, alıcıların isə köhnə, yüksək əmsallara qayıtmaq istəyəcəkləri inandırıcı deyil. Alıcıları spot qiymətləri ilə qaz daha çox maraqlandırır, üstəlik, Qətərin uzunmüddətli müqavilələrinin tədricən bitməsi ilə bu ölkənin maye qazı birjaya daxil olacaq.

Onu da xatırladaq ki, inkişaf etməkdə olan Asiya-Sakit Okean Regionu ölkələri qazın böyük həcmlərini "həzm etməyə" qadirdirlər – lakin yalnız aşağı qiymətlərdə, min kubmetrə maksimum 200 dollar səviyyəsində olan qazı.

Bütün bu amillər bazarda qeyri-müəyyənliyə və bəzi paradoksal inkişafa gətirib çıxarır. Ümumiyyətlə təbii qaz və xüsusilə də MTQ çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda tələbat yalnız kifayət qədər aşağı qiymətlər sayəsində artacaq.

13
 Hotel, arxiv şəkli

Pandemiya dövründə mehmanxana restoranlar: problemləri necə həll etməli

0
(Yenilənib 00:16 22.09.2020)
Koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil

BAKI, 22 sentyabr — Sputnik. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən sərt tədbirlər iqtisadiyyatın bir çox sahələri kimi, restoran və mehmanxana biznesinə də ciddi zərər vurub. Bildirilir ki, sərt karantin tədbirlərindən ən çox onlar əziyyət çəkib.

Ancaq  sentyabrdan karantin rejimi, xüsusilə bu sahə ilə bağlı xeyli yumşaldılıb. Eyni zamanda koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil. 

Otel və restoranların fəaliyyətlərinin hansı istiqamətdə dəyişdiyi, dövlətin onlara hansı dəstəyi göstərməsi, müştəri bazasının nə dərəcədə azalması və s. barədə suallara sentyabrın 24-ü saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi aydınlıq gətirəcək.

Spikerə suallarınızı əvvəlcədən ivelizade@gmail.com elektron poçtuna göndərərək ünvanlaya bilərsiniz.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq. 

Əlaqə:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

0