Bakıda bina tikintisi, arxiv şəkli

Tikinti sektorunda “qara bazar” Qanunlar hələ onlar üçün işləmir, amma az qalıb

175
(Yenilənib 09:53 30.06.2020)
Şirkətlər böyük həcmdə inşaat malları alır, bu zaman bir çox xərcləri qaranlıq qalır, vergidən yayınma halları baş verirdi.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı məlumat forması hər bina üzrə ayrılıqda doldurularaq vergi orqanına təqdim ediləcək.

Bu barədə İqtisadiyyat Nazirliyinin Kollegiyasının təsdiq etdiyi "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın formasının tərtib edilməsi Qaydası"nda əksini tapıb.

Belə ki, bundan sonra bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə verilməli məlumatın forması hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək vergi orqanına təqdim edilməlidir.

Bəs tikinti şirkətləri bu qaydalara əməl edirmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2019-cu ildə Vergilər Məcəlləsinə edilən yeni düzəlişlərə əsasən tikinti şirkətləri 18 faiz ƏDV ödəməlidir. Onun sözlərinə görə, tikinti şirkətləri bu vergini ödəməkdə maraqlı idi: "Belə ki, tikinti şirkətləri bütün inşaat prosesi boyunca – torpağın alınmasından tutmuş, bütün inşaat quraşdırma işləri başa çatana kimi rəsmi bəyannamə verməklə binanın maya dəyərini müəyyən edərək təqdim etməlidir. Rəsmi satış aparıldıqdan sonra yerdən qalan mənfəətin 18 faizini vergi kimi ödəməli idilər. Əvvəllər vergilər ərazi üzrə tətbiq edilirdi. Burada isə ikili vergi – həm ərazi üzrə sadələşdirilmiş, həm 18 faiz ƏDV olmaqla tətbiq edilməli idi. Buna görə də tikinti şirkətləri maraqlı idi ki, mövcud qara bazar qanuniləşdirilsin. Çünki şirkətlər böyük həcmdə inşaat malları alır, bu zaman bir çox xərcləri qaranlıq qalır, vergidən yayınma halları baş verirdi. Hökumət belə bir vergi formasını tətbiq etdi ki, şirkətlər bütün xərcləri göstərib, qalan mənfəətdən cəmi 18 faiz ƏDV versin".

E.Azadovun sözlərinə görə, hazırda bunu elektron hökumətə daxil ediblər ki, hər hansı bir obyekt tikilərkən, qeydiyyatdan keçirilərkən bu formadan istifadə edilsin.

Mütəxəssis qeyd edib ki, 2018-ci ilin iyul ayının 1-dən Mülki Məcəllədə aparılan dəyişikliklərə əsasən bütün alqı-satqı prosesləri notarial qaydada aparılmalıdır. Yəni heç bir tikinti şirkəti əldən-ələ pul ala bilməz. Və bütün müqavilələr notarial qaydada imzalanmalıdır ki, pulun köçürülməsi də notarial qaydada olsun: "Pul notariusun hesabına köçürülür. Alqı-satqıdan sonra notarius həmin pulu şirkətin hesabına köçürür".

E.Azadov tikinti şirkətləri ilə bağlı daha bir maraqlı məqama toxunub.  Onun sözlərinə görə, alqı-satqı zamanı binanın yalnız tikinti aparılmış hissəsinə görə ödəniş aparıla bilər.

"Bina tam tikilsə də, yaşayış olsa da, bu o demək deyil ki, satan tərəf bunun pulunu tam tələb edə bilər. Bina əgər istismara qəbuldan keçməyibsə, tikinti şirkəti pulu tam almaq hüququna malik deyil. Buna baxmayaraq bəzi tikinti şirkətləri bünövrədən pulun hamısını alır və bunu edərkən notarial qaydada etmirlər. Yenə ofis daxilində pul əldən-ələ alınır və sadəcə müqavilə sənədi verilir. Bütün bunlar qanuna ziddir", – deyə o vurğulayıb.

175
Pulun sayması, arxiv şəkli

Nazirlər Kabineti bəzi sahibkarların kredit portfelləri ilə bağlı qərar verdi

7
(Yenilənib 23:07 09.07.2020)
Kreditlər üzrə faizlərin subsidiyalaşdırılması Azərbaycan Respublikasının dövlət büdcəsindən Nazirlər Kabinetinə ayrılmış vəsait və Fondun vəsaiti hesabına həyata keçirilir

BAKI, 9 iyul — Sputnik. “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” muəyyənləşib.

Sputnik Azərbaycan bildirir ki, bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarında əksini tapıb.

Qayda Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından, o cümlədən ləğv prosesində olan kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsi hallarını və qaydasını müəyyən edir. Kreditlər üzrə faizlərin subsidiyalaşdırılması Azərbaycan Respublikasının dövlət büdcəsindən Nazirlər Kabinetinə ayrılmış vəsait və Fondun vəsaiti hesabına həyata keçirilir.

Faiz subsidiyası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlıq subyektlərinin kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaitidir.  Faiz subsidiyası fəaliyyət növü 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə manatla aldıqları kreditlərə (o cümlədən, restrukturizasiya edilmiş kreditlərə) verilir. Ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq, bu Qaydanın tələbləri nəzərə alınmadan zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 6  ay üçün hesablanan faizlərə subsidiya verilir. Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir. Faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində verilir. Faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir.Kredit öhdəliyinin qalan müddəti 12 aydan az olarsa, faiz subsidiyası kredit öhdəliyinin icra müddətinin sonuna qədər verilir. Faiz subsidiyası 2020-ci il 10 mart tarixinə qalıq məbləği 5 milyon manat və ondan az olan kreditlərə verilir.

Faiz subsidiyası aşağıdakı hallarda verilmir:

- 2020-ci il 10 mart tarixindən sonra kredit müqaviləsi bağlanıldıqda;

- sahibkarlıq subyektinin kredit hesabatına əsasən, 2020- ci il 10 mart tarixinə subsidiya üçün müraciət etdiyi kredit müqaviləsi üzrə 60  gündən artıq gecikməsi olduqda;

- sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda.

Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilmir.

Sahibkarlıq subyektləri faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı sahibkarlıq subyekti üzrə bu Qaydadakı şərtlər nəzərə alınmaqla kredit təhlili aparır və həmin şərtlərə uyğun olan sahibkarlıq subyektlərinin aşağıdakı sənədlərini 10 iş günü ərzində Fonda təqdim edir:

- sahibkarlıq subyektinin müraciət sənədi, o cümlədən məlumatların Fonda ötürülməsinə razılığı;

- sahibkarlıq subyektinin fəaliyyətinin zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olduğunu təsdiq edən və İnternet Vergi İdarəsinin məlumat bazasından əldə edilmiş bildiriş;

- sahibkarlıq subyektinin təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;

-  sahibkarlıq subyektinin kredit hesabından çıxarış;

- kredit müqaviləsi və ödəniş qrafikinin surəti;

- kredit hesabatı;

- sahibkarlıq subyektinin rekvizitləri, alınmış kredit və tələb olunan subsidiya məbləğinə dair formasını Fondun müəyyən etdiyi qısa məlumat.

Fond bu Qaydada göstərilən sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda, həmin sənədlərin təqdim edilməsi sahibkarlıq subyektinin razılığı ilə kredit təşkilatlarından tələb olunur və ya sahibkarlıq subyekti tərəfindən təmin edilir. Fond 3 iş günü ərzində sahibkarlıq subyektinə faiz subsidiyasının verilməsi və ya ondan imtina edilməsi barədə müvafiq qərar qəbul edir və kredit təşkilatına təqdim edir. Kredit təşkilatı faiz subsidiyasının verilməsi barədə Fondun qərarını 2 iş günü ərzində sahibkarlıq subyektinə bildirir.

Kredit təşkilatı hər ay üzrə hesablanmış faizlərə dair hesabatı və faiz subsidiyasının ödənilməsi barədə müraciəti növbəti ayın ilk 3 iş günü ərzində Fonda təqdim edir. Hesabatın formasını Fond müəyyənləşdirir. Fond bu Qaydala nəzərdə tutulmuş müraciət daxil olduqdan sonra 3 iş günü müddətində faiz subsidiyasını kredit təşkilatının hesabına köçürür. Bu Qaydada nəzərdə tutulmuş hesabatın kredit təşkilatı tərəfindən təhrif olunmuş şəkildə təqdim olunması aşkar olunduqda, artıq ödənilmiş faiz subsidiyası kredit təşkilatı tərəfindən Fonda geri qaytarılır. Faiz subsidiyası yalnız bu Qaydada nəzərdə tutulmuş sənəddə göstərilən faiz dərəcəsinə uyğun (dəbbə pulu nəzərə alınmadan) ödənilir. Kreditin restrukturizasiyası nəticəsində faiz dərəcələri artarsa, faiz subsidiyası 2020-ci il 10 mart tarixinədək qüvvədə olan ödəniş cədvəlinə, faiz dərəcələri azalarsa, yeni ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Kredit xətti üzrə faiz subsidiyası yalnız həmin kredit xəttinin 2020-ci il 10 mart tarixinə istifadə olunan məbləğinədək hissəsinə görə ödənilir.

Faiz subsidiyasının ödənilməsinə dair kredit təşkilatının Fonda müraciət tarixinə 1 iş günü qalanadək sahibkarlıq subyektinin bankda olan hesabı üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda, həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək) faiz subsidiyasının ödənilməsi dayandırılır (dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olan fərdi sahibkarlar istisna olmaqla). Nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qayda ilə müəyyən edilmiş qaydada kredit təşkilatının hesabına köçürülür. Sahibkarlıq subyekti tərəfindən alınmış kredit üzrə öhdəliyin yerinə yetirilməsindən asılı olmayaraq faiz subsidiyası dayandırılmır.

Aşağıdakı hallarda borcalana faiz subsidiyasının ödənilməsi ləğv edilir:

- sahibkarlıq subyektinin tələbi əsasında kredit təşkilatının Fonda müraciəti olduqda;

- iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda.

Bu Qaydanın nəzərdə tutulmuş hallar barədə kredit təşkilatına məlumat daxil olduğu gündən 3 iş günü müddətində həmin təşkilat Fonda məlumat verir.

Subsidiyanın hesablanması və silinməsi ilə bağlı sənədlərin və məlumatların üzləşdirilməsi məqsədilə Fond kredit təşkilatlarından müvafiq sənədləri tələb edə bilər.

İqtisadiyyat Nazirliyi Qaydaya uyğun olaraq faiz subsidiyalarının maliyyələşdirilməsini Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı ilə ayrılan vəsait və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin etməlidir.

7
Dövlət Neft Fondunun binası, arxiv şəkli

ARDNF-dən həyəcan təbili: Qeyri-sabit qiymətlər aktivlərə mənfi təsir göstərə bilər

3
(Yenilənib 22:07 09.07.2020)
"Pandemiyanın uzun müddət davam edəcəyi halda, Fondun əməliyyatlarına təsir göstərib-göstərməməsi hazırda məlum deyil. Fond maliyyə resurslarının pandemiya dövründə yetərli olacağını hesab edir"

BAKI, 9 iyul — Sputnik. 2019-cu ilin sonlarından Çində başlayan yeni növ koronavirus xəstəliyi hökumət tərəfindən karantin rejiminin tətbiq edilməsi, bəzi layihələrin dayandırılması və bizneslərin bağlanması ilə nəticələnib. Dünya bazarlarında hökm sürən iqtisadi şərait Fondun fəaliyyətində bir sıra çətinliklər yaradıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarında qeyd edilib.

Bildirilib ki, hazırda xam neftin qiymətlərinə olan cari tələb dəyişkənliyi Fondun biznes məqsədlərini həyata keçirmək qabiliyyətinə təsir göstərir.

"Bu təsirlər COVID-19 pandemiyasının təsir etdiyi belə bazarlarda və xam neftin qiymətlərində ciddi qeyri-sabitlik fonunda özünü daha aydın biruzə verir. Xam neftin qiymətlərinin qeyri-sabit olması cari və növbəti maliyyə dövrlərində Fondun aktivlərinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilər. Fondun üzləşdiyi başqa bir məsələ digər suveren fondlar kimi, Fondun birjada kotirovka olunan səhmlərdən ibarət olan investisiya portfelinin qısamüddətli qiymət dəyişkənliyindən yaranan müvəqqəti zərərə məruz qala bilməsidir. Fondun investisiya siyasətində yuxarıda qeyd olunan risklərin azaldılması üçün nəzərdə tutulan bir neçə vacib mexanizmlər mövcuddur.

Belə ki, Fondun investisiya portfelinin 70%-ə qədərini yüksək likvidli investisiyalar, o cümlədən borc öhdəlikləri və pul bazarları alətləri təşkil edir. Bundan əlavə, investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, ümumiyyətlə, bu aktivlər bazar dəyişkənliyi və qeyri-müəyyənlik dövründə daha etibarlı alətlər hesab olunurlar.

Fond bazarın vəziyyətini yaxından izləyir və bazar vəziyyəti ilə bağlı öz mövqeyini qiymətləndirməkdə davam edir. Sürətlə dəyişən bazar vəziyyətinə qarşı tək yumşaltma tədbiri kifayət etməyəcəyi halda, Fond diqqətlə hazırlanmış və ölçülmüş yanaşmasını davam etdirmək niyyətindədir. Pandemiyanın uzun müddət davam edəcəyi halda, Fondun əməliyyatlarına təsir göstərib-göstərməməsi hazırda məlum deyil. Fond maliyyə resurslarının pandemiya dövründə yetərli olacağını hesab edir", - hesabatda qeyd edilib.

3
Dərslərini etdən məktəbli, arxiv şəkli

Sizin əlinizdədir! Uşaqların riyazi bacarıqları valideynlərin davranışından asılıdır

0
(Yenilənib 00:35 10.07.2020)
Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu infomasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıb.

BAKI, 9 iyul — Sputnik. Böyük Britaniyanın Uels universitetinin nümayəndələri uşaqların elmə, eyni zamanda riyazi elmlər üzrə bacarıqlarını artırma yollarını müəyyən edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya 1991-ci il aprelin 1-dən 1992-ci il dekabrın 21-nə qədər doğulan uşaqlar cəlb edilib.

Müəyyən edilib ki, öyrənmə bacarığına ailə vəziyyəti birbaşa təsir edir.

Alimlər uşaqların hansı şəraitdə yaşadığını və valideynləri ilə münasibətlərinin necə olduğunu araşdırıb və bu informasiyaları riyazi testlərin nəticələri ilə uyğunlaşdırıblar.

Araşdırma müəllifləri müəyyən ediblər ki, uşaqları ilə harmoniya ilə işləməyi bacaran valideynlərin uşaqları böyük nailiyyətlər əldə edə bilirlər. Buna validyenlərin təhsil səviyyəsi də təsir edir.

Daha əvvəl isə alimlər ətirli çubuqların daha effektiv təhsil almağa təsir etdiyini açıqlamışdı. Müəyyən edilmişdi ki, məşğələ zamanı məkanın qızılgül ətirli olması uşaqlara daha çox motivasiya verir.

0