Yanacaqdoldurma məntəqəsi, arxiv şəkli

Ucuz olanın da dəyəri olarmış: İki dəfə az pul xərcləyib, daha rahat olmaq olar

352
(Yenilənib 13:50 26.06.2020)
SOCAR rəsmisi: "CNG qiymət baxımından benzindən və dizeldən daha sərfəlidir. CNG-nin bir kubmetrinin qiyməti 45 qəpik təşkil edir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 iyun — Sputnik. Rusiyanın Baş naziri avtomobillərin benzindən qaza keçməsi ilə bağlı mühüm qərar verib. 

Spuntik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Baş nazir Mixail Mişustin əhalinin benzindən qaza keçməsi ilə bağlı yaranan xərclərinin 60 faizinin hökumət tərəfindən ödənilməsi ilə bağlı qərar imzalayıb. Hökumət subsidiyaları ikiqat artıraraq 60% ödəyəcək. 5 il ərzində Rusiyada 1300-dək qaz yanacaq doldurma məntəqəsi tikilməlidir.

Bu gün bir çox ölkələr avtomobil yanacağında alternativ variantlara keçməyə başlayıb. Qonşu İranda artıq uzun illərdir ki, qazla işləyən avtomobillər buraxılır. Digər ölkələr də, daha ucuz olan qazla işləyən avtomobillərdən yararlanırlar.

Bəs, Azərbaycanda bu sahədə vəziyyət necədir, ölkə sıxılmış təbii qaza (CNG) keçə biləcəkmi? CNG daha sərfəlidirmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyib ki, Rusiyada CNG çoxdan var və iri şirkətlər bunun satışı ilə məşğuldur: "Rusiyada buna bənzər müsbət təcrübə olub. Belə ki, 2000-ci illərdə köhnə avtomobili gətirməklə yerli istehsal olan yeni avtomobili güzəştlə almaq mümkün idi".

Ekspert bildirib ki, Azərbaycanda 2022-ci ilədək ictimai nəqliyyatın tam şəkildə CNG-dən istifadəyə keçməsi qərarlaşdırılıb: "Amma bunun icrası ilə bağlı heç nə yoxdur. CNG-dən istifadə daha sərfəlidir, benzinlə müqayisədə iki dəfə ucuzdur, 45 qəpikdir. Heç olmasa dövlət qurumlarının balansında olan avtomobillər CNG-yə keçməlidir, dövlət bunu edə bilər. Sürücülərin bir çoxu maye qazla (LPG) sıxılmış təbii qazı (CNG) səhv salırlar. CNG maye qaz deyil, təbii qazın sıxılmış formasıdır. Bu gün bütün Avropa, ABŞ sıxılmış təbii qazdan – CNG istifadə edir. CNG ekoloji baxımdan "Avro-6" standartındadır və daha təhlükəsizdir".

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda sıxılmış təbii qaz (CNG) yanacaq növü nisbətən yenidir: "Ölkəmizdə hazırda məhz "SOCAR Petroleum" şirkəti CNG-nin ən geniş şəbəkə üzrə satışını həyata keçirir, yəni 9 məntəqədə CNG-nin satışı mövcuddur. Digər bızi şirkətlər 1 məntəqədə bu yanacaq növünün satışını həyata keçirir. Hədəfimiz CNG-nin satışı üzrə şəbəkəni genişləndirməkdir".

O bildirib ki, CNG-nin üstünlükləri barədə ictimaiyyətə dəfələrlə məlumat verilib: "Bunun əsas üstünlüyü birincisi qiymətidir və CNG qiymət baxımından benzindən və dizeldən daha sərfəlidir. CNG-nin bir kubmetrinin qiyməti 45 qəpik təşkil edir. Bu, sadəcə təbii qazdır və hər məntəqədə xüsusi cihaz vasitəsilə sıxılır və maşına vurulur. 

Azərbaycanda daha çox ictimai nəqliyyatda bundan istifadə edilir. Məsələn, "Bakubus" bundan istifadə edir. Ümumiyyətlə, hökumətin məqsədi budur ki, 2022-ci ilin sonunadək ictimai nəqliyyat məhz sıxılmış təbii qaz və yaxud elektrik enerjisi ilə işləyən vasitələrə keçməlidir. Çünki sıxılmış təbii qazın ətraf mühitə ziyanı azdır".

SOCAR rəsmisi qeyd edib ki, əhalinin böyük hissəsi sıxılmış təbii qazdan istifadə etsə, ətraf mühitin yaxşılaşması üçün münbit şərait yaranacaq: "CNG həm istehlakçı, həm də istehsalçı üçün daha sərfəlidir. Bunun benzinlə müqayisədə gəlirliliyi daha yüksəkdir. CNG avtomobilin mühərrikini daha az zədələyir və mühərrikin davamlılığı artır. Demək olar ki, bütün avtomobillərdə CNG-dən istifadə etmək olar, sadəcə əlavə bir çən quraşdırılmalıdır. Bu çənin quraşdırılması üçün qiymətlər 1000 manatdan yuxarıdır və müvafiq şirkətlər bunu quraşdırırlar. Çən quraşdırılandan sonra bu, yol polisi tərəfindən təsdiqlənməlidir. Bu baxımdan müvafiq qurumların gələcəkdə bu məsələyə töhfəsi ola bilər.  Yəni prosedurların sadələşdirilməsi baxımından kömək edə bilərlər. Azərbaycanda CNG-dən istifadənin genişlənməsi müsbətdir və SOCAR bu sahəyə investisiya qoymağı davam etdirir".

"Hazırda bu, daha çox ictimai nəqliyyatda istifadə olunur. Dövlət qurumlarının balansında olan avtomobillərdə də CNG-dən istifadə mümkündür. Azərbaycanda bütün yanacaq satan şirkətlər bu yanacaq növünü satmaq hüququna malikdir. Amma ola bilər hələlik tələbat nisbətən aşağı olduğuna görə yanacaq satan şirkətlər bunu geniş yaymayıb" – deyə o əlavə edib.

352

Vüqar Hüseynov azad edilmiş ərazilərin kənd təsərrüfatının inkişafına təsirini açıqlayır

22
(Yenilənib 09:17 31.10.2020)
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyir ki, kənd təsərrüfatının inkişafı mərhələli şəkildə həyata keçiriləcək
Vüqar Hüseynov: “Kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılması nəzərdə tutulur”

“İşğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılması nəzərdə tutulur”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

“Planlaşdırma, ilk növbədə, azad edilmiş rayonlarda işğaldan əvvəlki dövrdə populyar olan kənd təsərrüfatı sahələrinin inkişafına hesablanıb. Dağlıq Qarabağ və ətrafdakı rayonlarda hələ sovetlər dövründə üzümçülük, taxılçılıq, pambıqçılıq, tütünçülük, heyvandarlıq çox inkişaf edib. Təkcə dağlıq ərazilərdə yerləşən Kəlbəcər, Laçın, Qubadlı rayonlarında heyvandarlığın yenidən inkişaf etdirilməsi üçün kifayət qədər böyük potensial var. Eyni qaydada üzümçülük ənənələri geniş olan digər rayonlarımızda aqrar sahənin bu istiqamətinin inkişaf etdirilməsi mümkündür. Azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı təbii ki, mərhələli şəkildə həyata keçiriləcək. Əsas odur ki, bunun üçün ciddi potensial və dövlət dəstəyi var” – deyə o bildirib.

Vüqar Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

22
Pul kisəsi, arxiv şəkli

Saxla samanı... Kartda olan pulları necə artırmalı?

87
(Yenilənib 09:16 31.10.2020)
Deputat: "Faizlərin tətbiqi təşviq edəcək ki, vətəndaş vəsaiti kartda saxlasın, qısa zamanda vəsaiti nağdlaşdırmasın. Bu, bir tərəfdən vətəndaşın gəlir əldə etməsinə, digər tərəfdən isə nağdsız ödənişlərin stimullaşdırılmasına imkan yaradacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 sentyabr — Sputnik. Kartlarda saxlanılan maaş və pensiyaların üzərinə faiz gələ bilər. Vəsaitin kart hesabında saxlanılması vətəndaşın gəlir əldə etməsinə imkan yaradacaq.

Banklar tərəfindən cari hesab qalıqlarına faiz dərəcələrinin tətbiqi təcrübəsindən istifadənin genişləndirilməsi, bunun əməkhaqqı və pensiya kart hesablarına da şamil edilməsi ödəniş kartı sahiblərində bank hesablarında vəsait saxlamağa stimul yaradacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda öz əksini tapıb.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, burada əsas məqsəd nağdsız hesablaşmaları stimullaşdırmaqdır:

"Aparılan monitorinqlər göstərir ki, əməkhaqqı və digər ödənişlər plastik kartlara köçürüldükdən sonra qısa zamanda vətəndaşların bir qismi həmin vəsaiti nağdlaşdırırlar. Nəticədə nağd şəkildə ödəniş edirlər. Bu da nağdsız hesablaşmaların dairəsinin genişləndirilməsinə imkan vermir. Nağdlaşdırma ilə bağlı limitlər var. Sadələşdirilmiş vergi subyektləri ay ərzində 15 min manat, ƏDV ödəyiciləri ay ərzində 30 manatı nağdlaşdıra bilərlər. Amma bununla belə vətəndaşlarımızın da plastik kartlardan istifadə etməsi məqbuldur, tövsiyə olunandır. Nəticədə bu addım kart hesabında vəsait saxlamaqla vətəndaşın gəlir əldə etməsinə imkan yarada bilər".

Deputat bildirib ki, bununla bağlı qaydaların müəyyən edilərək tətbiq olunmasına ehtiyac var: "Bu qaydalar tətbiq edilərsə, həm plastik kartlarda, həm də digər təqaüd kartlarında olan vəsaitlərdə faizin hesablanması mümkündür. Çünki burada praktiki olaraq hesabda olan vəsaitə faizin hesablanmasından söhbət gedəcək. Faizlərin tətbiqi təşviq edəcək ki, vətəndaş vəsaiti kartda saxlasın, qısa zamanda vəsaiti nağdlaşdırmasın. Bu, bir tərəfdən vətəndaşın gəlir əldə etməsinə, digər tərəfdən isə nağdsız ödənişlərin stimullaşdırılmasına imkan yaradacaq".

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, kart sahiblərinə stimullaşdırıcı təkliflərin edilməsi işgüzar fəallığın stimullaşdırılmasına və bank kreditlərinin canlandırılmasına şərait yarada bilər: "Ölkədə bu təcrübənin tətbiqi işgüzar mühitə müsbət təsir göstərə bilər. Burada ən mühüm məqam bu vəsaitlərin xərclənməsinin hansı istiqamətlərə yönəlməsidir. Söhbət biznes kreditləşməsinin artımından gedirsə, bu, işgüzar fəallığın artması baxımından müsbət nəticələr verə bilər. Yenə də burada çox şey kredit vəsaitlərinin təyinatından asılı olacaq. Hüquqi-normativ aktların milli iqtisadiyyatımızın inkişafına yönəlik formalaşdırılmasına nail olmalıyıq. Maliyyə möhtəkirliyinə yol verilməməlidir. Hüquqi-normativ aktlarda banklar tərəfindən resursların təyinatı barədə də müddəalar öz əksini tapmalıdır".

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, kartlarda saxlanılan maaş və pensiyaların üzərinə faizlərin tətbiqi üçün müəyyən vaxt lazımdır: "Məsələn, ƏDV-nin geri qaytarılmasının tətbiqi 1 il gecikdi, çünki burada texniki məsələlər var idi. Bu gün maliyyə sistemində islahatlar aparılır. Maliyyə vəsaitlərinin birbaşa iqtisadiyyata yönəlməsində problemlər var. İndi uçot dərəcəsini yavaş-yavaş aşağı salırlar. Yaxın illərdə institusional dəyişikliklər edilməklə kartlarda saxlanılan maaş və pensiyaların üzərinə faiz dərəcələri tətbiq ediləcək. Lakin bununla bağlı müəyyən normativ-hüquqi aktlar olmalıdır. Və banklar üçün stimullaşdırıcı addımlar atılmalıdır ki, banklar bu məsələdə maraqlı olsunlar".

"Məqsəd odur ki, vətəndaşlar bank hesablarında pulu saxlasınlar və nə qədər çox saxlasalar, onun üzərinə faiz gələcək. Bu addım nağdsız ödənişlərin genişlənməsinə stimul verəcək, şəffaflığa, ağ mühasibatlığa gətirib çıxardacaq. İlk dövrdə faiz dərəcələri elə də yüksək olmaya bilər, amma sonra faizlər arta bilər. Banklara görə faizlər dəyişə bilər. Dövlət də maraqlıdır ki, nağdsız ödənişlər daha da artsın", - deyə o əlavə edib.

Qeyd edək ki, sözügedən Dövlət Proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir.

87
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstanda mandat yarışı: "Gürcü arzusu" liderdir, Saakaşvili isə qalib "VMH"-dir deyir

0
Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

BAKI, 31 oktyabr - Sputnik. Gürcüstanda parlament seçkiləri yekunlaşıb. İlkin məlumatlara əsasən, bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

Sputnik Gürcüstan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze səsverməyə 1 970 540 seçicinin qatıldığını deyib. 

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Mtavari" telekanalına müsahibəsində "Gürcü arzusu"nun parlament seçkilərini uduzduğunu deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər.

"Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək", deyə Saakaşvili bildirib.

VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

0