Bir dəstə azərbaycan manatı, arxiv şəkli

Növbədədirlər: İki banka əmanətlər üzrə kompensasiyanın verilməsinə başlanacaq

30
(Yenilənib 16:57 13.06.2020)
Azərbaycan Beynəlxalq Bankı" ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq

BAKI, 13 iyun — Sputnik. Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə "AG Bank" ASC və "NBC Bank" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib. "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq "AG Bank" ASC və "NBC Bank" ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, "AG Bank" ASC və "NBC Bank" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində "Azərbaycan Beynəlxalq Bankı" ASC seçilib. Bu barədə Fonddan Sputnik Azərbaycan-a məlumat verilib.

"AG Bank" ASC və "NBC Bank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada ödəniləcək. Əmanətlər "Əmanətlərin tam sığortalanması haqqında" qanuna uyğun olaraq kompensasiya olunacaq.

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

16 iyun 2020-ci il tarixindən başlayaraq "AG Bank" ASC və "NBC Bank" ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.

Əmanətçilərdən kompensasiyaların alınması üçün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını, əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan çıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.

Qorunan əmanətçilər hesabdan çıxarışları ləğv prosesində olan "AG Bank" ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Cəlil Məmmədquluzadə küç., 102A ünvanında yerləşən baş ofisi, digər şəhər və rayon filialları üzrə isə bankın müvafiq filiallarından, ləğv prosesində olan "NBC Bank" ASC-nin Bakı şəhərində yerləşən filialları üzrə Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054 ünvanında yerləşən baş ofisindən, digər şəhər və rayon filialları üzrə isə bankın müvafiq filiallarından əldə edə bilərlər.

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər ərizə formalarını 16 iyun 2020-ci il tarixindən etibarən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin müvafiq filiallarından və ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilərlər.

Əlavə olunan cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan "AG Bank" ASC və "NBC Bank" ASC-də əmanətləri olduğu filialın qarşısında qeyd edilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin filialına müraciət edərək yuxarıda qeyd edilən sənədlər əsasında kompensasiyalarını əldə edə bilərlər. 

30
Şimal axını-2 layihəsinin tikintisi

Amerika qazı Rusiya qazını əvəz edə biləcəkmi

44
(Yenilənib 20:53 29.09.2020)
ABŞ Avropaya öz maye qazını sataraq ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir

BAKI, 29 sentyabr — Sputnik, Aleksandr Sobko. Son zamanlar "Şimal Axını 2" layihəsinin tikintisinin tamamlanması ilə bağlı problemlərin fonunda kütləvi informasiya vasitələrində tez-tez belə bir fikir səslənir: "Rusiyadan tədarük olmasa, Avropa Amerikanın bahalı maye qazı üçün həddindən çox pul ödəyəcək". Bu tezisin tənqidçiləri gülərək iddia edirlər: “Baxın, Amerikanın həmin maye qazı Avropanın qaz birjasında digər ölkələrin qazı ilə eyni qiymətdə (indi isə, ümumiyyətlə, çox aşağı qiymətlərlə) satılır”.

Kim haqlıdır? Həyat, həmişə olduğu kimi sadə sxemlərdən ibarət deyil. Gəlin hər şeyi aydınlaşdıraq.

Əvvəla xatırladaq ki, "Şimal Axını 2" ümumiyyətlə Ukrayna tranzitinin çox hissəsini əvəz etmək üçün tikilir və gələcəkdə Rusiya qazının ixracında əhəmiyyətli artım gözləmək lazım deyil. Ukraynadan tranzit üçün dörd il müddətinə (ildə 40 milyard kubmetr) ödəniş edilib. "Şimal Axını 2" isə 55 milyard kubmetr gücə malik olacaq. Yəni, bu mərhələdə "Şimal Axını 2"nin tikintisinin həmişəlik və ya qeyri-müəyyən müddətə dayandırılması yalnız "Qazprom"un maliyyə itkilərinə gətirib çıxaracaq.

ABŞ tərəfinin "Şimal Axını 2" üçün çətinliklər yaradaraq öz maye qazına yeni bazar əldə etməyi planlaşdırdığına dair tezis o deməkdir ki, bloklanmış "Şimal Axını 2"nin ardınca Ukrayna tranzitinin özü də dayanmalıdır.

Mülahizə aparmağa davam edək. Bu, Amerikanın maye qazına kömək edəcəkmi?

Birincisi, istənilən halda qaz (və maye qaz) bahalaşacaq – bazardan çıxarılacaq 50 milyard kubmetr qaz dünya ticarəti üçün kifayət qədər əhəmiyyətli həcmdir. Daha yüksək birja qiymətləri isə qaçılmaz olaraq Amerika maye qazının satışında rentabelliyin artmasına gətirib çıxaracaq.

İkincisi və ən əsası. Burada xatırlatmaq lazımdır ki, ABŞ cari maye qaz ixracı çərçivəsində istənilən halda mayeləşdirmə üçün zəmanət haqqını alır. Treyderlər aşağı qlobal kotirovkalardan əziyyət çəkir. Yəni, Birləşmiş Ştatların artıq tikilmiş zavodlardan maye qazın satışını hansısa şəkildə stimullaşdırmağa ehtiyacı yoxdur.

Daha vacibi isə yeni layihələrdən gələn maye qaz üzrə müqavilə bağlamaqdır. İdxalçıların Amerikadan maye qazı almadıqları, lakin mayeləşdirmə üçün məcburi rüsum ödədikləri bir vəziyyətdə kimisə müqavilə bağlamağa razı salmaq çətin olacaq. Reallaşmayan layihələr isə hələ çoxdur. Avropa bazarı burada faydalı olardı.

Əslində haqqında danışdığımız ziddiyyət elə bundan yaranır. Bəli, hazırda Amerika maye qazı istənilən digər ölkələrdən göndərilən qaz həcmləri kimi Avropada həqiqətən də aşağı qiymətlərlə satılır. Bazarda böhran var, məhsulları isə haradasa satmaq lazımdır, zavodlar artıq tikilib və treyderlər "mayeləşdir, ya da ödə" şərti ilə satınalma müqavilələri bağlayıblar.

Digər tərəfdən də Avropa başa düşməlidir ki, ucuz Amerika qazı artıqdır və başqa bir şəraitdə bu qaz adətən daha gəlirli olan Asiya bazarlarına gedəcək. Zəmanətli qaz tədarükü istəyirsiniz? Onda uzunmüddətli müqavilə bağlayın və daha çox ödəyin.

Digər tədarüklə müqayisədə Amerika maye qazı nə qədər baha olacaq?

Burada qeyd etmək lazımdır ki, hazırda qaz qiymətinin üç əsas formalaşma variantı mövcuddur: (1) spot qiyməti, (2) neftə bağlı qiymət və (3) Amerika maye qazı üçün ABŞ daxilində qazın qiymətinə əsaslanan və mayeləşmə haqqı əlavə olunmaqla təyin olunan qiymət.

Hesab edilir ki, bazar normaya qayıtsa, qazın birja qiyməti min kubmetrə təxminən 200 dollar təşkil edəcək. Neftin bir barelinin 50 dollar olacağı halda neftə bağlı qaz qiyməti də təxminən belə olacaq.

Bəs Amerika maye qazı hansı qiymətə göndəriləcək?

Onun qiyməti ABŞ daxilində qazın (dəyişkən) qiymətindən, mayeləşmə xərclərindən və Avropaya çatdırılma qiymətindən asılıdır.

Əgər 2013-cü ilin əvvəlində Amerika maye qazı digər ölkələrin qaz tədarükdən daha ucuz görünürdüsə, indiki şəraitdə indi o baha başa gəlir (o vaxt neft və spot bazarında maye qaz daha bahalı idi).

Daha bir sual. Avropa niyə məhz Amerikanın maye qazını almalıdır? Niyə Qətərdən və ya Rusiyadan yox? Üstəlik yaxın zamanlarda Qətər qazının bir hissəsi birja qiymətləri ilə satıla bilər. Ümumiyyətlə, Avropa mümkün defisiti istənilən qazla əvəz edə bilər.

Yekunlaşdıraq.

Birincisi. Rusiya qazının Amerika maye qazı ilə əvəzlənməsi yalnız iki şərtin eyni vaxtda yerinə yetirilməsi halında mümkündür: "Şimal Axını 2" layihəsinin bağlanması və Ukrayna tranzitinin dayandırılması. Bu halda Rusiya ixracının məhdudlaşdırılması bütün qaz bazarında qiymətləri artıracaq.

İkincisi. İstənilən halda, Amerika maye qazı bazarda digər qazlardan 10-30 faiz baha və hətta bəlkə də eyni qiymətə olacaq — hər şey Amerikanın daxili qaz qiymətlərindən asılıdır. Lakin ABŞ-dan maye qaz tədarükü üzrə uzunmüddətli müqavilələr bağlamaqla Avropa ABŞ-ın daxili qaz qiymətləri ilə bağlı bütün riskləri öz üzərinə götürür.

Öz növbəsində indi Avropada gördüyümüz ucuz Amerika (və digər ölkələrin) maye qazı bazarda qazın artıqlığının nəticəsidir: treyderlər onu sataraq Amerikadan maye qaz satınalmaları üzrə müqavilələrdən dəyən zərəri ən azı qismən kompensasiya etməyə çalışırlar.

Və sonuncusu. Avropaya öz maye qazını sataraq, ABŞ ilk növbədə cari deyil, perspektivli tədarüklər haqqında düşünür. Söhbət yeni mayeləşdirmə zavodlarından və onların zəmanətli müqavilələrlə təmin olunmasından gedir. Zavodların tikintisi təxminən dörd il çəkir və Ukrayna ilə qüvvədə olan tranzit müqaviləsi məhz bu vaxt bitəcək.

44
Kassir dollarları sayır, arxiv şəkli

Daha heç kimi dollar maraqlandırmır?

110
24 sentyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 70,7 mln. ABŞ dolları təşkil edib

BAKI, 29 sentyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hərracda tələb 62,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 12% və ya 8,5 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, 24 sentyabr 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 70,7 mln. ABŞ dolları təşkil edib.

110
BMT iclası

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağa görə toplandı

0
(Yenilənib 02:52 30.09.2020)
Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər

BAKI, 30 sentyabr — Sputnik. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bağlı qapılar arxasında keçən iclasda Şuranın 15  daimi və qeyri-daimi üzvü iştirak edib.

Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını ifadə ediblər. Üzvlər güc tətbiq edilməsini kəskin şəkildə qınayaraq, mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərni bəyan ediblər.

Təhlükəsizlik Şurası üzvləri, BMT Baş Katibinin tərəflərin döyüşü dərhal dayandırmaq, gərginliyi azaltmaq və gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər. 

Təhlükəsizlik Şurasının üzvləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar.

0
Teqlər:
açıqlama, fövqəladə iclas, BMT Təhlükəsizlik Şurası, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Ermənistan ordusunun son günlərdə öldürdüyü azərbaycanlıların sayı açıqlandı
İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib