Azərbaycan və Türkiyə bayraqları, arxiv şəkli

Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar

24
(Yenilənib 22:14 22.05.2020)
2019-cu ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur. Keçən dövr ərzində Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 33 faiz artaraq, 4.5 milyard dollara çatıb.

BAKI, 22 may — Sputnik. Mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, komitə sədri Tahir Mirkişili bildirib ki, iclasda Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.

T.Mirkişili çıxışında söyləyib ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi Azərbaycanla Türkiyə arasında imzalanmış ən mühüm sənədlərdən biridir: "2019-cu ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur. Keçən dövr ərzində Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 33 faiz artaraq, 4.5 milyard dollara çatıb. Azərbaycanın ixracında da Türkiyə çox mühüm yer tutur. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracı 36 faiz artaraq 2.9 milyard dollar təşkil edib. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1.2 milyard dollara çatıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 8.5 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb".

Qeyd olunub ki, Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.

Sonra İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.

Sənədə əsasən, tərəflərin nümayəndələrindən ibarət Birgə Komitə təsis edilib. Bu komitə əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüş keçirəcək. Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.

Deputatlar Əli Məsimli, Vüqar Bayramov Preferensial Saziş barədə öz fikirlərini açıqlayıb, sənədin iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətindən danışıblar.

Bakı limanında yük konteynerləri, arxiv şəkli
© Azerbaijan Railways CJSC.

Növbəti məsələ ilə bağlı bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə" Protokol 2020-ci il martın 11-də Bakı şəhərində imzalanıb. Bu Protokol Sazişin ayrılmaz hissəsidir və tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Protokol Sazişlə eyni vaxtda qüvvədən düşür.

Sonra "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verilib. Bildirilib ki, sənəd "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, "Balıqçılıq haqqında", "Yeyinti məhsulları haqqında", "Taxıl haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" və "Çayçılıq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli qanunun icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Həmin qanunla xüsusi ad verilən şərabçılıq məhsulunun dövlət reyestrində qeydiyyatı və dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarının attestasiyası sistemi ləğv edildiyindən "Dövlət rüsumu haqqında" qanunun 18.62.2-ci və 18.62.3-cü maddələrinin ləğvi təklif olunur. Bununla da şərabçılıq məhsullarına adların verilməsi dövlət rüsumu tutulmaqla "Üzümçülük və şərabçılıq haqqında" qanunla müəyyən edilmiş qaydada yalnız ekspertiza yolu ilə tənzimlənəcək.

Deputatlar hər üç qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

24
Əlaqədar
İqtisadiyyatın rəqəmsallaşdırılması nə ilə nəticələnə bilər - professor şərhi
Pandemiyadan itirdiyimiz pullar bunların yanında nədir ki...
Birinci rübdə qazanılan pul bəlli oldu
Nəyə və nə qədər xərcləmişik – Rəqəmlər açıqlandı
Taxıl yığımı, arxiv şəkli

İndiyədək fermerlərə qədər güzəştli mikrokredit verilib?

5
(Yenilənib 13:57 03.06.2020)
Aqrar mikrokreditlər 15 min manatadək məbləğdə, illik 12% olmaq şərtilə, təminatsız və 3 ilədək müddətdə verilir.

BAKI, 3 iyun — Sputnik. İyunun 1-dək 512 fermerə 5.2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verilib. Bu vəsaitin 4.5 milyon manatı hevvandarlıq, 335 min manatı əkinçilik, 208 min manatı bağçılıq, 102 min manatı isə arıçılıq və digər ailə kəndli-fermer təsərrüfatlarının qurulmasına və inkişafına ayrılıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Mikrokreditlərin verilməsinə bu il may ayının 23-dən başlanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 8 aprel 2020-ci il tarixli fərmanları ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Əsasnaməsində və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nda dəyişikliklərin edilməsi, daha sonra isə ölkə başçısının "Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında" imzaladığı Sərəncamla AKİA-ya 30 milyon manat vəsaitin ayrılması aqrar mikrokreditlərin verilməsi üçün hüquqi baza yaradıb və portfel formalaşdırıb. Bu portfelə ölkənin ən böyük holdinqlərindən olan "Paşa Holding" MMC 5 milyon manat vəsait əlavə edib.

"Ötən ay yarım ərzində 512 fermerə 5.2 milyon manat mikrokreditin verilməsi, orta çekin 10 min manat ətrafında olması bizə bir ildən də az zaman ərzində mövcud portfelimizdən 3500-dən çox fermerin faydalanacağını söyləməyə əsas verir. Mikrokreditləri çıxmaq şərtilə 2018-ci ildən bu il iyunun 1-dək cəmi 885 kənd təsərrüfatı məhsulu istehsalçısına güzəştli nağd pul krediti verilib. Bu göstərici mikrokredit mexanizminin daha geniş istehsalçı kütləsini əhatə etməklə kənd təsərrüfatının inkişafında xidmət edəcəyini və daha çox kəndli fermer ailəsinin bu dövlət dəstəyindən faydalanacağını təsdiqləyir", - deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev vurğulayıb.

Qeyd edək ki, aqrar mikrokreditlər 15 min manatadək məbləğdə, illik 12% olmaq şərtilə, təminatsız və 3 ilədək müddətdə verilir.

5
Neft buruğu, arxiv şəkli

Neftin qiyməti 40 dolları aşdı

4
(Yenilənib 21:25 03.06.2020)
Martın 6-da OPEC+ ölkələri hasilatın azaldılması haqqında razılığa gələ bilməyiblər. Bundan sonra neft qiymətləri düşməyə başlayıb.

BAKI, 3 iyun — Sputnik. Martın 6-dan etibarən ilk dəfə olaraq "Brent" markalı neftin qiyməti 40 dollardan yuxarı qalxıb.

Sputnik Azərbaycan "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:58-də "Brent" neftinin avqust fyuçerslərinin qiyməti bir barelə görə 40,36 dollara yüksəlib.

Saat 10:58-də "WTI" neftinin iyul fyuçerslərinin bir barelə görə qiyməti 37,83 dollar təşkil edib.

İnvestorlar qarşıdakı OPEC+ iclasını dəyərləndirməyə davam edirlər. Medianın məlumatına görə, təşkilat hasilatın ixtisarını bir-üç ay müddətinə uzadılması imkanını nəzərdən keçirir.

Martın 6-da OPEC+ ölkələri nə hasilatın azaldılması haqqında Sazişin parametrlərinin dəyişdirilməsi, nə də onun uzadılması barədə razılığa gələ biliblər. Bundan sonra neft kotirovkaları düşməyə başlayıb. Nəticədə aprelin 1-dən etibarən alyans ölkələrində neft hasilatına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Mart ayı ərzində neft iki dəfədən çox ucuzlaşıb.

Apreldə təşkilat istehsal həcminin may-iyun aylarında 9,7 milyon barel, ikinci yarımillikdə 7,7 milyon barel və 2022-ci il aprelin sonuna qədər 5,8 milyon barel azaldılmasına dair razılığa gəlib.

4
 Meyitxana, arxiv şəkli

Parlamentin sabiq spikeri öldü

0
(Yenilənib 23:55 03.06.2020)
Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

BAKI, 3 iyun — Sputnik. Ermənistan Parlamentinin sabiq sədri Armen Xaçatryan vəfat edib. Sputnik Ermənistan xəbər verir ki, 63 yaşlı sabiq spiker davam edən ağır xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Xaçatryan 1999-2003-cü illərdə Ermənistan Parlamentinin spikeri olub. Daha sonra o, 2010-cu ilə qədər Ermənistanın Ukraynadakı, 2017-ci ilə qədər isə Belarusdakı səfiri olub.

0