Bakıda neft nasosları, arxiv şəkli

Azərbaycan neft hasilatını azaltmağa başlayıb

17
(Yenilənib 11:30 01.05.2020)
May-iyun aylarında "OPEC plus" üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 mln barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur.

BAKI, 1 may — Sputnik. Azərbaycan bu gündən etibarən "OPEC plus" razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb.

Bu barədə Sputnik Azərbaycan-a Energetika Nazirliyindən məlumat verilib.

May-iyun aylarında "OPEC plus" üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 9,7 mln barel, Azərbaycan üçün isə 164 min barel azaldılmasını nəzərdə tutur. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında bu göstəricidən 18% olmaqla 131 min barel, 2021-ci il və 2022-ci ilin apreli ərzində isə 14% olmaqla 98 min barel müəyyənləşib.

Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional qaydada bölüşdürülüb. 2018-ci ilin oktyabr ayında gündəlik neft hasilatının AÇG üzrə 567 min barel, "Azneft" İB üzrə 125 min barel, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə isə 26 min barel təşkil etdiyini nəzərə alaraq, hasilatın bu səviyyələrdən cari ilin may-iyun aylarında 23%, iyul-dekabr aylarında 18%, 2021-ci ilin yanvar-2022-ci ilin apreli dövründə isə 14% azaldılması nəzərdə tutulur. Eyni zamanda qeyd edilməlidir ki, bu rəqəmlər yuvarlaqlaşdırılıb, müxtəlif hasilat quyularından çıxan neftin ton/barel çevirmə əmsalları fərqlənir və kondensat həcmlərinin azaldılması öhdəliklərə daxil deyil.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, "Azəri-Çıraq-Dərinsulu Günəşli" yataqlarında, "Azneft" İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması tədbirləri Azərbaycanın öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək: "Bu gündən dünya neft sənayesi tarixində hasilat həcmlərinə və müddətinə görə ilk ən böyük razılaşmanın icrasına başlanılır. İkinci rübdə dünyada neftə gündəlik tələbatın 15-25 mln. barel, 2020-ci ildə isə 10,3 mln. barel həcmində azalması gözlənilir. Belə bir vəziyyətdə "OPEC plus" ölkələri, o cümlədən Azərbaycan üzrə öhdəliklərin yerinə yetirilməsi neft bazarına ilk dəstəyi təmin edəcək. Neft bazarının sabitləşdirilməsi üçün milli və qlobal səviyyədə nümayiş etdirilən həmrəyliyin nəticələri tədricən neftin qiymətində də öz əksini tapacaq."

Nazir onu da əlavə edib ki, Azərbaycanda hasilatın azaldılması ilə bağlı bu tədbirlərdə məqsəd həm də SOCAR və ölkəmizdə fəaliyyət göstərən digər neft istehsalçılarının, nəticədə dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır.

Qeyd edək ki, öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barel, iyul-dekabr aylarında 587 min barel, 2021-2022-ci ilin aprelində 620 min barel həcmində saxlamalıdır.

17
Bakıda neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşır

5
(Yenilənib 11:29 20.10.2020)
"Brent" markalı neftin qiyməti 0,14 dollar geriləyərək 42,48 dollar, "Light" markalı neftin qiyməti isə 0,26 dollar ucuzlaşaraq 40,57 dollar olub

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 42,44 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,14 dollar geriləyərək 42,48 dollar, "Light" markalı neftin qiyməti isə 0,26 dollar ucuzlaşaraq 40,57 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

5
Teqlər:
ucuzlaşma, qiymət, neft, Azərbaycan
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
BVF

BVF dünyanı xilas etməyin yolunu tapıb: Rusiyanı yoxsulluqla təhdid edir

78
(Yenilənib 23:48 19.10.2020)
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyinin bəyanatlarından belə məlum olur ki, bu nəhəng beynəlxalq maliyyə təşkilatı 1944-cü ilə qayıtmaq niyyətindədir, ya da ən azı COVID-19 pandemiyasını bəhanə gətirərək 1944-cü ili təkrarlamaq istəyir

BAKI, 19 oktyabr — Sputnik. İvan Danilov. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyinin bəyanatlarından belə məlum olur ki, bu nəhəng beynəlxalq maliyyə təşkilatı 1944-cü ilə qayıtmaq niyyətindədir, ya da ən azı COVID-19 pandemiyasını bəhanə gətirərək 1944-cü ili təkrarlamaq istəyir. BVF rəhbərlərinin sözlərindən belə çıxır ki, təşkilat epidemiyanın iqtisadi və humanitar sahədəki nəticələrinin aradan qaldırılması üçün dünyaya yardım etməyə çalışır. Əslində isə onların bu sözlərinin arxasında tamamilə başqa məqsədlər dayanır. İnkişaf etməkdə olan ölkələrdə nüfuzu xeyli aşağı düşmüş bu iri maliyyə təşkilatının liderləri öz insanpərvər niyyətlərinə yalnız dünyadan xəbərsiz sadəlövh adamları inandıra bilərlər. Çünki bu Vaşinqton mərkəzli quruma borclu olan dövlətlərdə sosial proqramların dayandırıldığı və "iqtisadi dirçəlişdə BVF-nin tələblərini yerinə yetirmək" adı altında dövlət təşkilatlarının qəpik-quruşa satışa çıxarıldığı artıq çoxlarına sirr deyil.

Amerikalı rəqiblərimizin haqqını yeməməliyik: G7-nin elit-neomüstəmləkə klubu xaricindəki ölkələrin BVF-də nəzarəti ələ keçirmək cəhdləri qərar qəbuletmə prosesində Çinin (və ya hətta Rusiyanın) təsirinin artırılması istiqamətində müəyyən irəliləyiş olmasına baxmayaraq, hələlik uğurla nəticələnməyib.

Ümulikdə isə inkişaf etməkdə olan ölkələrin baş kreditoru (əslində isə "Planetin baş Şeyloku") hələ də qətiyyən ədalətli olmayan "qloballaşma" versiyasının təbliğinə yönəlib.

Əgər COVID-19 pandemiyası başladığı vaxt Qərb mediası və mütəxəssisləri qloballaşmanın bu versiyasının gələcək taleyi üçün narahat olurdularsa, indi "qlobal Şeylok" daha bir Bretton Vuds konfransına (BVF – məhz 1944-cü ildə keçirilən bu konfransda təsis edilib) ehtiyac olduğunu bildirir. Başqa sözlə, mövcud qloballaşma sxemi epidemiyanın əsas qurbanına çevrilib və necə deyərlər, hələ onun meyiti soyumamış iri maliyyə qurumları başqa bır qloballaşma metoduna ehtiyac olduğunu dünyaya car çəkir.

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva Andorranın Fonda üzv olması ilə üst-üstə düşən rəsmi müraciətində tarixi anın gəlib çatdığını bildirir:

"Andorranı 190-cı üzvümüz kimi qarşılayacağımız anı səbirsizliklə gözlədiyimiz vaxt BVF-nin gördüyü iş bəşəriyyətin qardaşlıq və bərabərlik prinsipləri üzərində qurulan əməkdaşlıq və həmrəylik dəyərlərinin bir sübutudur. Bu gün biz yeni bir "Bretton Vuds anı" ilə qarşı-qarşıya qalmışıq. Pandemiya artıq bir milyondan çox insanın həyatına son qoyub. Bu il dünya iqtisadiyyatının 4,4 faiz geriləməsinə səbəb olan iqtisadi fəlakət gələn il bütün dünyada istehsalın 11 trilyon dollar azalması ilə nəticələnəcək. Və yenə bizim qarşımızda iki böyük məsələ dayanır: bu günün böhranı ilə mübarizə apararaq daha yaxşı gələcək qurmaq".

Baxın görün indi BVF nə təklif edir:

"Biz daha çox borc şəffaflığına və kreditorların koordinasiyasının yaxşılaşdırılmasına nail olmalıyıq. G20 ölkələrinin "Suveren Borcların Həlli üçün Ümumi Çərçivə" mövzusundakı müzakirələri və özəl sektor da daxil olmaqla suveren borc idarəçiliyi üçün daha yaxşı quruluş çağırışları bizi ruhlandırır. Üzv ölkələrimizlə birlikdə biz onların siyasətini dəstəkləyirik".

Buradakı "borc şəffaflığı" ifadəsinin əslində Çinə aid olduğunu başa düşmək çətin deyil. Bu ilin fevral ayında Yaponiyanın "Quarts" iqtisadiyyat jurnalı BVF-nin və Dünya Bankının (DB) Çinin inkişaf etmiş ölkələrə təsirinin artmasından narahat olduqlarını yazmışdı.

Co Bayden, arxiv şəkli
© REUTERS / Kevin Lamarque / File Photo

"BVF və DB Çinin təsir gücünün artmasından narahatdır. Çin böyük kreditor olmasa da, zəif iqtisadi parametrlərinə görə seçim imkanı məhdud olan Afrika ölkələrində son dərəcə təsirli kapital mənbəyinə çevrilib. Çin qitə daxilində çox ehtiyac duyulan infrastruktur layihələri üçün dövlət müəssisələri vasitəsi ilə əlverişli maliyyə paketi təqdim edir. Dünya Bankının Prezidenti Devid Malpassanın sözlərinə görə, bu zaman ortaya çıxan əsas problemlərdən biri şəffaflığın olmamasıdır: "Onlar (Çin – müəllifin qeydi.) kreditin həcmini artırıblar və bu yaxşı halıdır. Biz inkişaf etməkdə olan ölkələrə daha çox kredit verməyin tərəfdarıyıq. Ancaq çox vaxt onların müqaviləsində xüsusi maddə olur ki, bu da Dünya Bankına və ya özəl sektora kredit sazişinin şərtlərini görməyi qadağan edir".

Böyük ehtimalla BVF Çinin kimə nə qədər kredit verməsinə bu ölkənin özünün deyil, Qərb dövlətlərinin və fondun nümayəndələrinin iştirakı ilə keçirilən çoxtərəfli format çərçivəsində qərar verilməsini istəyir. Bu isə yeni bir qlobal maliyyə qardaşlığı qurmaq cəhdi kimi deyil, inkişaf etməkdə olan ölkələr üçün mövcud və əslində neomüstəmləkə kreditləşmə sxemini nəyin bahasına olursa olsun qorumaq istəyi kimi görünür ki, Pekin də buna mane olur.

BVF-nin parlaq qlobal gələcək qurmaq üçün əsaslandığı digər təməl prinsip də Rusiyanın iqtisadi təhlükəsizliyi və büdcəsi üçün birbaşa təhdiddir:

"Pandemiya artıq sağlamlıq tədbirlərinə laqeyd qalmayacağımızı göstərdiyi kimi, iqlim dəyişikliyini də görməzlikdən gələ bilmərik - bu bizim üçüncü imperativimizdir. Makro iqtisadi səviyyədə mühüm əhəmiyyət kəsb etdiyindən, inkişaf və rifah üçün böyük təhdidlər yaratdığından iqlim dəyişikliyinə də xüsusi diqqət yetiririk. Bu insanlar və planet üçün çox vacibdir. Araşdırmalarımız göstərir ki, aparılan düzgün maliyyə siyasəti və karbon qiymətlərinin bahalaşması nəticəsində 2050-ci ilədək atmosferə atılan tullantıları sıfıra endirmək və milyonlarla yeni iş yerinin açılmasına kömək etmək mümkündür. Yaşıl bir dünya qurmaq, eyni zamanda insanların rifah halını yaxşılaşdırmaq üçün tarixi fürsətimiz var – aşağı faiz dərəcələri ilə bu günün doğru investisiyaları sabah bizə dörd qat divident qazandıra bilər: gələcək itkilərin qarşısını almaq, iqtisadi qazancları stimullaşdırmaq, həyatları xilas etmək və hamı üçün sosial və ekoloji fayda əldə etmək".

Əslində bütün bunlar aşağıdakı mənaya gəlir: "150 ildir karbohidrogenlərin kütləvi istifadəsi ilə ən yüksək texniki tərəqqinin nəticələrindən zövq alan Qərb ölkələri yenə firavan həyat sürməyə davam edəcəklər, dünyanın qalan hissəsi isə "iqlim mühafizəsi" adı altında əbədi yoxsulluğun alçaldıcı məhrumiyyətlərinə məruz qalacaq.

Yaşıl enerjinin yaratdığı iş yerləri isə eko-aktivistlər, Avropa və Amerikada yaşıl enerji şirkətlərinin səhmdarları üçün iş yerlərindən başqa bir şey olmayacaq.

BVF direktorunun haqqında söz açdığı "karbon qiymətlərinin bahalaşması" Avropa Şurasının Rusiyaya qarşı tətbiq etmək istədiyi "karbon tarifləri"nin "müjdəçi"si sayıla bilər. Avropa Şurası davamlı şəkildə Rusiyanı ucuz neft və qaza görə bu tariflərlə təhdid edir.

Rusiyaya qarşı karbon tariflərinin tətbiqi vəziyyətində ixracatçılarımız (və sosial proqramlar ilə birlikdə Rusiya büdcəsi) ildə on milyard dollar itirəcək, əvəzində Qreta Tunberqin pərəstişkarları və yaşıl iqtisadiyyat tərəfdarları xoşbəxt olacaqlar. BVF-nin canlandırdığı parlaq gələcək Oruel qələminə layiq Ezop dili ilə yazılmış antiutopiyadan başqa bir şey deyil: ekologiya – yoxsulluq, şəffaflıq – Vaşinqtona və BVF-yə boyun əymək kimi başa düşülməlidir.

Doğrudan da biz tarixi anla qarşı-qarşıya qalmışıq. Ancaq bu, ikinci Bretton Vuds hadisəsinin yaşanması üçün deyil, 1944-cü ildə ABŞ-da ortaya çıxan qloballaşma bədheybətinin axırına çıxmaq üçün həlledici məqamdır.

78
Zəngilan rayonu, arxiv şəkli

İyirmi yeddi ildən sonra gələn azadlığın adı - Zəngilan

0
(Yenilənib 16:59 20.10.2020)
Şahidlərin sözlərinə görə, Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar.

BAKI, 20 oktyabr — Sputnik. Bu gün işğaldan azad edildiyi elan olunan Zəngilan rayonu 1993-cü ildə oktyabrın 28-dən 29-na keçən gecə işğalçı ermənilər tərəfindən zəbt edilmişdi.

Şahidlərin sözlərinə görə, Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşublar.

İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Ermənilərin Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Sakinlər cəld tərpənərək özlərini Araz çayına atmaqla İran ərazisinə keçiblər və bununla da gözlənilən növbəti soyqırımdan xilas olublar.

Ərazisi 730 kvadrat kilometr olan Zəngilan rayonu işğal olunanda əhalisi 35,6 min nəfər olub.

Zəngilan rayonu eyni adlı şəhərdən, Mincivan qəsəbəsindən və 83 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cild kitab saxlanılan 70 kitabxana olub. Zəngilanın iqtisadiyyatının əsasını kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.

Zəngilan 20 oktyabr 2020-ci il tarixində işğaldan azad edilib!

0
Əlaqədar
MN: Qubadlı-Zəngilan istiqamətində döyüşlər davam edir
Ali Baş Komandan: Zəngilan bizimdir!
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO