Pambıq yığımı

Biri ölməsə, o biri dirilməz - "Ağ qızıl" bizi günə çıxaracaqmı?

615
(Yenilənib 09:03 30.04.2020)
Aprelin 12-də səpilən toxum cari ayın 20- də bitiş verməyə başlayıb. Pambığın bitməsi 10-12 gün arasında baş tuturdusa, yeni səpilən toxum 8-9 gün ərzində torpağın üzünə çıxıb.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. Son illər ölkəmizdə dövlət pambığ istehsalına göstərdiyi qayğı kənd təsərrüfatı işçilərinin bu sahəyə marağını xeyli artırıb. İndi fermerlər kənd təsərrüfatının bu sahəsinə daha çox üstünlük verməyə başlayıblar. Odur ki, ildən-ilə pambıq əkilən ərazilər genişlənməkdədir.

İndi pambıq istehsalçıları üçün ən məsuliyyətli bir dövrdür. Bu gün təməli qoyulan işlərin sonunda bol məhsul götürmək ən əsas məqsəddir. Belə ki, fermerlər pambıq səpininə başlayıblar. Sputnik Azərbaycanda səpin sahəsinə baş çəkərək pambıq istehsalçıları ilə həmsöhbət olub.

Bərdə fermerləri pambıq əkinində yeni üsuldan istifadə edirlər
© Sputnik / Musa Muradli
Bərdə fermerləri pambıq əkinində yeni üsuldan istifadə edirlər

Bərdə rayonunda pambıq səpinində qeydə alınan ənənəvi üsuldan fərqli yeniliyin tətbiqi isə yerli istehsalçıların uğuru kimi qəbul oluna bilər. Bu günlərdə Bərdə rayonunda 300 hektar ərazinin yeni üsulla səpini aparılıb və müsbət nəticə əldə olunub. Yeni toxum pambıq liflərindən təmizlənib, tüksüzləşdirilib. Eyni zamanda çiyid suvarılıb, arat edilmiş sahəyə deyil, əkindən sonra mala çəkilmiş quru torpağa səpılib. Bu da öz növbəsində səpilmiş çiyidin əlavə üstünlüyünü ortaya qoyub və Azərbaycan istehsalı olan yerli toxumun quraqlıq şəraitdə belə bitiş əldə etməyin mümkünlüyünü göstərib. 

Azərbaycan Pambıq İstehsalçıları Assosasiyasının sədri İbrahim Məmmədov Sputnik Azərbaycan-a yeni yaradılmış toxumun üstünlüyündən və sərfəliliyindən danışıb. ”10 hektar ərazidə tüksüz toxum əkilib. Aprelin 12-də səpilən toxum cari ayın 20- də bitiş verməyə başlayıb. Pambığın bitməsi 10-12 gün arasında baş tuturdusa, yeni səpilən toxum 8-9 gün ərzində torpağın üzünə çıxıb. Önəmli məsələ ondan ibarətdir ki, toxum Ucar rayonunda zavod şəraitinə uyğun olaraq tüksüz hala gətirilib. Hər hektar sahəyə 20-22 kq qədərində səpilir. Yerli toxumun istehsalı xaricdən asılığı azaltmış olacaq“, - deyə İbrahim Məmmədov bildirib.

Səpin apaırılan zaman tükdən təmizlənmiş toxuma ənənəvi çiyidlə müqayisədə yarıbayarı qənaət də etmək mümkündür.

"Əvvəlki toxum hər hektara 60-65 kiloqram səpilirdisə, indi bu rəqəmi 20-25 kq-la əvəz etmək mümkündür. İndiki qaydada aparılan səpin çəkilən xərclərin maya dəyərini də aşağı salır. Fermer az vəsait xərcləmiş olur” - deyən assosasiya sədri fermerlərin qənaət etdiyi məbləği də açıqlayıb.

Onun sözlərinə görə, xaricdən gələn toxumu fermer 5-5,2 manata alırdısa, yerli məhsul 2 manata təklif edilir: "Gələcəkdə bu qiymətin  daha da ucuz olacağı, emalının artacağından 1,5 manata, hətta ondan da ucuz olacağı, 1 manata əldə olunması gözlənilir".

Bərdəli fermerlərə yeni üsulun üstünlükləri izah olunur
© Sputnik / Musa Muradli
Bərdəli fermerlərə yeni üsulun üstünlükləri izah olunur

Məmmədov qeyd edib ki, tükü təmizlənmiş çiyidlə Bərdə rayonunda 300 hektar əraziyə pambıq toxumu səpilib. Əkilən 300 hektar ərazinin 110 hektarını P-AQRO şirkəti toxum istehsalı məqsədilə becərəcək.

Ölkəmizdə pambığın becərilməsi ilə bağlı ikinci yenilik çiyidin tirəyə əkin üsulu ilə səpilməsidir. Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində çiyidin tirəyə əkin üsulu ilə səpininə başlanılıb. Mərkəzin direktoru Bəhruz Nəzərov bildirib ki, ağır, qaysaq bağlayan torpaqlarda bu üsulla səpin aparılması daha çox məhsul əldə etməyə imkan verir. Belə ki, tirəyə əkin üsulu zamanı torpaqda su-qida-hava rejimi, torpağın münbitliyi qorunub saxlanılır. Kök çürümə xəstəliyinin qarşısı alınır. Optimal müddətdə cücərmə alınır, vegetasiya müddəti adi səpindən 10-15 gün qısalaraq 130 günə başa gəlir. Məhsuldarlıq 30-35 faiz yüksəlir, bar orqanlarının tökülmə faizi azalır. Cərgə aralarının becərilməsi asanlaşır.

Adi səpinlə müqayisədə tirəyə səpin toxum üçün də əlverişlidir. Bu üsulla becərmə zamanı bitkinin Günəş şüasından istifadəsi yüksəlir, cücərmə tez alınır, normal böyümə və inkişaf olur, məhsuldarlıq hər hektara 8 sentner artır.

9 İqlimi, münbit torpaqları olan Azərbaycanda pambıqçılığın inkişafında yeniliklər gələcəkdə bol məhsul əldə etmək üçün geniş imkanlar yaradır. Tüksüz və tirə üzərində becərmə üsullarının tətbiqində isə ən əsas amil alimlərimizin uğuru olmaqla bol məhsul əldə etməkdə yeni üfüqlər açır.

615
Laçın şəhərinə mənzərə, arxiv şəkli

İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərimizi bərpa etməkdə maraqlıdırlar

10
(Yenilənib 21:48 25.11.2020)
İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib.

 

BAKI, 25 noyabr — Sputnik. Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari ilə görüşüb.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə bu ilin fevral ayında Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış sənədlərin və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının protokolunun icrasının gedişi müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov

Səfir dinc əhalinin həlak olması ilə bağlı Azərbaycan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığını çatdırıb, üçtərəfli bəyanatı alqışladığını vurğulayıb.

İtaliyanın infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasına marağını ifadə edib.

Energetika naziri başsağlığına və İtaliyanın imzalanmış bəyanata dəstəyinə görə təşəkkür edib.

Görüşdə Azərbaycan və İtaliya arasında münasibətlərin iqtisadiyyatın bir çox sahələrində uğurla inkişaf etdiyi, uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib. Bu əməkdaşlığın mühüm elementi sayılan "Trans-Adriatik" boru kəməri (TAP) layihəsinin İtaliya və digər Avropa istehlakçıları üçün əhəmiyyətindən bəhs edilib, layihənin kommersiya fəaliyyəti üçün hazır olduğu, cari ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanmasının nəzərdə tutulduğu vurğulanıb.

İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, enerji sektorunda investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb, İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib. Həmçinin Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri, iki ölkənin müxtəlif qurumları arasında imzalanmış əməkdaşlıq sənədlərindən irəli gələn məsələlər nəzərdən keçirilib.

10
Neft konteynerləri, arxiv şəkli

Azərbaycan neftinin qiyməti qalxdı

18
(Yenilənib 14:00 25.11.2020)
Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

BAKI, 25 noyabr - Sputnik. Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,79 ABŞ dolları və ya 3,87% artaraq 48,07 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

18
Teqlər:
barel, neft

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0